Dübəndi terminalının açılışı mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi. 4 yanvar 1998-ci il

-Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar, dostlar!

Son illər bizim gördüyümüz böyük işlərin nəticəsində Azərbaycan dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir. Bununla yanaşı, Azərbaycan Avropa ilə Asiyanın qovuşduğu bir yerdə yerləşdiyinə, öz coğrafi və geopolitik vəziyyətinə görə Avropa-Asiya iqtisadi, nəqliyyat əlaqələrinin də yaranmasında və inkişaf etməsində xüsusi rol oynayır. Son vaxtlar bu sahədə də xeyli işlər görülmüşdür. Xəzər hövzəsində qonşu ölkələrlə birlikdə bizimlə müştərək iş görən və Mərkəzi Asiya, Qazaxıstan ərazisində fəaliyyət göstərən xarici ölkələrin şirkətləri ilə aparılan birgə işlərin nəticəsində Transqafqaz magistralı, Avropa-Asiya nəqliyyat dəhlizi yaranmışdır. Bu nəqliyyat dəhlizi artıq fəaliyyət göstərir, öz səmərəli nəticələrini verir. O, Mərkəzi Asiya, Qazaxıstan ölkələri, Azərbaycan, Gürcüstan respublikaları üçün və bölgəmizdə fəaliyyət göstərən başqa ölkələrin şirkətləri üçün çox fayda gətirir.

Bunlar hamısı bizim siyasi və iqtisadi strategiyamızın nə qədər düzgün, məqsədəuyğun və Azərbaycan xalqının milli mənafelərini təmin edən olduğunu bir daha sübut edir. Biz bütün bunları Xəzər dənizi hövzəsindəki neft yataqlarında xarici ölkələrin neft şirkətləri ilə bərabər, müştərək işlərimizin nəticəsində görürük. Biz bütün bu işlərin əməli nəticəsini Transqafqaz magistralının, Avropa-Asiya nəqliyyat dəhlizinin artıq əməli fəaliyyətində görürük. Bunlar hamısı bizim respublikamızın, ölkəmizin həyatında yeni, çox ümidverici hadisələrdir. Bunlar hamısı bizim iqtisadiyyat sahəsində apardığımız işlərin əməli nəticəsidir. Bunlar hamısı bizim iqtisadiyyatımızın dünya ölkələri ilə daha da sıx inteqrasiya olunduğunu nümayiş etdirir.

Amerika Birləşmiş Ştatlarının \"Şevron-Tengiz\", \"Mobil\", Fransanın \"Total\" şirkətlərinin Qazaxıstandakı və Türkmənistandakı yataqlardan hasil etdiyi neftin dünya bazarlarına ixracı üçün Azərbaycanın imkanlarından istifadə olunması ilə əlaqədar təşəbbüslər irəli sürülmüşdür. Belə bir təşəbbüs xüsusən \"Kaspian Trans Ko İNK\" özəl şirkəti tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin qarşısında irəli sürülmüşdür. Biz onu dəstəkləmişdik, buna imkan yaratmışdıq. Görülən bu müştərək işlərin nəticəsində Qazaxıstandakı \"Tengiz\" neft yataqlarından və ümumiyyətlə Qazaxıstan ərazisindən çıxarılan neftin, \"Mobil\" və \"Total\" şirkətlərinin Türkmənistanda hasil etdikləri neftin Xəzər dənizi ilə respublikamıza gətirilməsi və buradan məhz Azərbaycanın nəqliyyat imkanlarından - bizim Xəzər dəniz donanmasının, dəmir yolunun və ölkəmizin ərazisində olan neft kəmərlərinin imkanlarından istifadə olunaraq Gürcüstan dəmir yolu vasitəsilə Batumi limanına çatdırılması proqramı müəyyən edilmişdir.

Bu proqram 1997-ci ildə müvəffəqiyyətlə həyata keçirilmişdir. Biz bunların ilk nəticəsini qeyd etmək üçün buraya toplaşmışıq və gələcək işlərin də həyata keçirilməsi məsələlərini müzakirə edirik. Bu iş başlayarkən Azərbaycanın bəzi dairələrində bunun əhəmiyyəti bəlkə də o qədər dərk olunmamışdı. Ancaq özəl \"Kaspian Trans KO İNK.\" şirkəti bu işdə çox təşəbbüskarlıq etmişdir. Ədalət naminə bunu qeyd etmək lazımdır. Dediyim kimi, sonra aparılan işlərin nəticəsində bu proqram 1997-ci ildə müvəffəqiyyətlə həyata keçirilmişdir. Ancaq bu, asan bir iş olmamışdır. Çünki onları həyata keçirmək üçün bizim toplaşdığımız bu yerdə gərək dəmir yolu vasitələri, boru kəmərləri təmir ediləydi, bərpa olunaydı, onlar bir-biri ilə uzlaşdırılaydı, bağlanaydı. Bu, böyük bir proses olmuşdur. Bu prosesdə \"Kaspian Trans KO İNK.\" şirkəti ilə bərabər, Azərbaycan Dövlət Neft Şirkəti, Dövlət Dəmir Yolu İdarəsi, Xəzər-Dəniz Gəmiçiliyi, inşaat təşkilatları - hamısı birləşib bu işləri görmüşlər.

Biz bu gün bu işlərin müsbət nəticələrini qeyd edirik. Ən əsas müsbət nəticə ondan ibarətdir ki, Xəzər dənizinin şərq sahilində, Qazaxıstan, Türkmənistan respublikalarının və orada işləyən başqa ölkələrin şirkətlərinin hasil etdiyi neftin Xəzər dənizindən Azərbaycana, buradan Gürcüstan ərazisindən keçməklə Qara dənizə çıxarılması problemi həll olunubdur. Ümumiyyətlə, bu, böyük bir problemdir. Gələcəkdə bu sahədə böyük işlər görüləcəkdir. İndi nəinki biz, dünyanın bir çox maliyyə mərkəzləri, Avropa Birliyi bu işlərlə ciddi məşğul olurlar.

Xəzər dənizi hövzəsində, Xəzəryanı ölkələrdə gələcəkdə hasil olunacaq neftin Avropaya və dünya bazarlarına çıxarılması indi ən böyük problemlərdən biridir. Bu problemi həll etmək üçün bir çox layihələr hazırlanıb, onlar beynəlxalq iqtisadi təşkilatlarda müzakirə edilir. Mən hesab edirəm ki, bunların hamısının çox uğurlu gələcəyi vardır. Bu problemlərin həll olunmasında Azərbaycan mərkəz yerini tutur. Bizim məhz indi qeyd etdiyimiz işlərin bu problemlərin həll edilməsinə hazırlığın bir mərhələsi kimi əhəmiyyəti də çox böyükdür.

Mən bunları bəyənirəm. Bu məsələ əvvəlcə qalxarkən və bu təşəbbüs irəli sürülərkən mən buna dəstək vermişdim. Mən inanırdım ki, bu, bizim iqtisadiyyatımız üçün nəinki xeyirli və əhəmiyyətlidir, ümumiyyətlə bu, bölgədə gələcəkdə böyük işlər görmək üçün yaxşı bir örnək olacaqdır. Ona görə də mən onu dəstəkləmişdim. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, artıq birinci mərhələ geridə qalıbdır, işlər görülübdür və bunlar öz nəticəsini veribdir. Biz də buraya bu əlamətdar hadisəni qeyd etmək üçün toplaşmışıq.

Burada verilən məlumatlardan aydın oldu ki, 1998-ci ildə daha da çox işlər görüləcəkdir. Bundan öncə mənə 1999-cu ildə bu sahədə görüləcək işlər barədə xəritə üzərində çox ətraflı məlumatlar verildi. Mən bütün bu məlumatları dəyərləndirirəm, onlara inanıram və onların həyata keçirilməsini dəstəkləyirəm. Hesab edirəm ki, bu işlər Azərbaycanın, Mərkəzi Asiya respublikalarının, Xəzəryanı ölkələrin iqtisadiyyatının gələcək inkişafı üçün, dünyanın bir çox ölkələrinin şirkətlərinin Xəzər dənizi hövzəsinə olan iqtisadi maraqlarının həyata keçirilməsi üçün çox əhəmiyyətlidir.

Görülən bu işlər eyni zamanda bizim dəmir yolunu canlandırıbdır, inşaatçılarımıza çox yeni işlər veribdir, həm dövlət dəmir yolu, Xəzər Dəniz Gəmiçiliyi İdarələrinə, Xəzər dəniz donanmasına, həm də Azərbaycan Dövlət Neft Şirkətinə gəlirlər gətiribdir. Orada yeni iş yerləri açılıbdır. Dəmir yolu xətlərinin, ümumiyyətlə yolların çəkilməsi, bərpa edilməsi, sisternlərin təmir olunması, işə salınması həm Azərbaycanda, həm Gürcüstanda, Bakı-Gürcüstan-Qara dəniz dəmir yolu xəttinin də canlanmasına gətirib çıxarmışdır.

Bunlar hamısı gələcək üçün hazırlıqdır. Ancaq bu, təkcə neft ixrac etmək üçün yox, eyni zamanda Transqafqaz magistralının yaranması ilə əlaqədar 1997-ci ilin əvvəlində bizim imzaladığımız böyük sazişin həyata keçirilməsi üçün də çox lazımdır. İndi Avropadan Mərkəzi Asiyaya, Asiyadan Avropaya gedən yüklərin çox hissəsinin məhz bu magistral vasitəsilə daşınması böyük iqtisadi əhəmiyyət kəsb edir. Bunlar öz iqtisadi əhəmiyyəti ilə yanaşı, bizim ölkələrin müstəqilliyini, asılı olmamasını daha da gücləndirir. Bunlar çox əhəmiyyətlidir.

Mən bu gün burada verilən məlumatları çox məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri artıq aradan qaldırır və işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edə bilir. Bu, çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Biz Azərbaycanda dəmir yolunu on illərlə yaratmışıq, onun maddi-texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki, 1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm.

Bizim Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin donanması Azərbaycanın çox böyük sərvətidir. O, böyük işlər görür və gələcəkdə də görəcəkdir. Bu sahədə də işlərin müsbət istiqamətdə getməsi sevindirici haldır.

Nəhayət, Azərbaycan Dövlət Neft Şirkətinin son illər imzalanan böyük neft müqavilələrinin həyata keçirilməsi sahəsində apardığı tədbirlər Azərbaycanın təbii sərvətlərinin, xüsusən neft yataqlarının səmərəli istifadə olunması üçün və XXI əsrdə onların əməli nəticələrini görmək üçün çox yaxşı əsas yaradır.

Bunlar hamısı Azərbaycan dövlətinin, hökumətinin həyata keçirdiyi iqtisadi islahatların, apardığı doğru, düzgün siyasətin nəticəsidir. Biz 1997-ci ildə əldə etdiyimiz nailiyyətlərə əsaslanaraq 1998-ci ildə iqtisadi islahatları, özəlləşdirməni daha da geniş surətdə həyata keçirəcəyik. Əminəm ki, bunlar hamısı Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək və vətəndaşlarımızın rifah halını yaxşılaşdıracaqdır. Görülən hər bir belə iş bizim vətəndaşlarımızın bir hissəsinin işlə təmin olunmasına şərait yaradır, eyni zamanda onların iqtisadi vəziyyətini yaxşılaşdırır.

Burada verilən məlumatlar onu göstərir ki, bütün bu işlər əvvəldən axıradək kompleks surətdə yüzlərlə yeni iş yerinin açılmasını təmin edibdir. Demək, yüzlərlə adam yeni iş alıb və iqtisadi vəziyyətini yaxşılaşdırıbdır. Bunlar ardıcıl surətdə davam edəcəkdir.

Mən neftçiləri, dəmiryolçuları, gəmiçiləri bütün bu nailiyyətlər münasibətilə təbrik edirəm. \"Kaspian Trans KO İNK.\" özəl şirkətinin Azərbaycanda, təkcə respublikamızda yox, Xəzər dənizində, Qazaxıstanda, Türkmənistanda, Gürcüstanda gördüyü işi qiymətləndirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu yaxşı başlanğıc gələcək böyük işlərin təməlidir. Ümidvaram ki, bu gün burada verilən sözlərin hamısı yerinə yetiriləcəkdir, proqram həyata keçəcəkdir və bunlar yeni-yeni iş yerləri açacaq, vətəndaşlarımızın, insanların rifah halını yaxşılaşdıracaqdır.

Mən sizi ürəkdən təbrik edirəm. Dəmiryolçular, neftçilər, gəmiçilər bilməlidirlər ki, mən həmişə onların işlərini xüsusi qiymətləndirmişəm. Mən bu sahələrin inkişafı üçün keçmişdə də çox səylər qoymuşam. Məmnunam ki, indi də, respublikamızın müstəqil olduğu və çətin iqtisadi proseslər dövrü keçdiyimiz bir zamanda da bu sahələr öz xüsusi çəkisini saxlayıb, öz rolunu oynayır. Bu sahələr mənim daim diqqət və qayğım altında olub və bundan sonra da olacaqdır.

Mən bu nailiyyətlər münasibətilə sizi təbrik edirəm. Sizin hamınıza gələcək işlərinizdə uğurlar arzulayıram.

Yeni il, 1998-ci il çox sevindirici, əlamətdar hadisələrlə başlanır. Onlardan biri də bugünkü mərasimdir, toplantıdır. Mən sizi Yeni il münasibətilə ürəkdən təbrik edirəm və hər birinizə 1998-ci ildə cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 5 yanvar 1998-ci il