Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"Lider\" yarımdalma üzən qazma qurğusunun istismara buraxılması mərasiminin iştirakçılarına müraciəti - 24 iyul 2003-cü il

Hörmətli mərasim iştirakçıları!

Əziz neftçilər!

Bu gün Azərbaycanın neft sənayesinin tarixində əlamətdar bir hadisə baş verir. Respublikamız tərəfindən dünyanın aparıcı neft şirkətləri ilə bağlanmış və uğurla həyata keçirilən sazişlər çərçivəsində Xəzər dənizinin sularının altında zəngin neft və qaz yataqlarının kəşfini və hasilatını təmin edəcək yeni yarımdalma üzən qazma qurğusu istismara verilir.

Bu əlamətdar hadisə münasibətilə qurğunun yaradılmasında iştirak etmiş neftçilərimizi, mühəndislərimizi, mütəxəssislərimizi, xarici şirkətlərin nümayəndələrini səmimi qəlbdən təbrik edirəm!

Mən bu qurgunun adını \"Lider\" qoydum. Həqiqətən, bu qazma qurğusu müasir elmin və texnologiyanın ən son standartlarına cavab verən nəhəng, əzəmətli istehsal müəssisəsidir. Xəzər dənizində ən böyük və güclü olan bu qurğunun istismara verilməsi bütün neft sənayesi infrastrukturunun inkişafında keyfiyyətcə yeni mərhələdir. Texniki göstəricilərinə görə \"Lider\" Xəzərin istənilən dərinliyini fəth etməyə qadirdir. Əminəm ki, bu qurğu daim irəlidə gedən əsl lider olacaq!

Tarix boyu Azərbaycan Xəzər dənizində karbohidrogen ehtiyatlarının işlənilməsində birinci olub. 1994-cü ildə müstəqil Azərbaycan öz yeni neft strategiyasını bəyan etdikdən sonra neftçilərimiz müxtəlif dərinliklərdə işləyə bilən \"Dədə Qorqud\", \"İstiqlal\" və \"Qurtuluş\" kimi müasir qazma qurğularını əldə ediblər. Fərəhləndirici haldır ki, bu qurğular indi də layiqincə öz vəzifələrini yerinə yetirirlər.

Dənizdə çalışan insanlar çox mətin, qoçaq, qəhrəman olurlar. Mən \"Lider\" qazma qurğusunda işləyənlərə möhkəm cansağlığı, Vətənimizin, xalqımızın naminə yeni-yeni nailiyyətlər arzulayıram!

Hörmətli mərasim iştirakçıları!

Bir daha hamınızı salamlayıram, sizə səmərəli iş, əmin-amanlıq və tərəqqi diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
 

\"Azərbaycan\" qəzeti, 25 iyul 2003-cü il