Əziz veteranlar!
1941-1945-ci illər müharibəsinin veteranları, bizim hörmətli, dəyərli dostlarımız!
Müharibənin başa çatmasından 50 il keçir. Mayın 9-da 1941-1945-ci illər müharibəsində əldə edilmiş qələbənin 50-ci ildönümü qeyd olunacaqdır. Bu yubileyi bütün dünya, xüsusən qələbənin çalınmasında iştirak etmiş dövlətlər yüksək səviyyədə bayram edəcəklər. Biz də bunu qeyd etmək fikrindəyik. Bilirsiniz ki, bu məqsədlə lazımi hazırlıq işləri görülür.
Bu qələbənin 50 illiyinin layiqincə qeyd olunması üçün Azərbaycanda dövlət komissiyası yaradılıb. Dövlət komissiyasına baş nazirin vəzifəsini icra edən Fuad Quliyev başçılıq edir, yüksək vəzifəli bir sıra şəxslər, müharibə veteranları bu komissiyanın tərkibindədirlər. Qələbənin 50 illiyinin qeyd olunmasına, əlamətdar günə az vaxt - bir ay qalır. Mən arzu etdim ki, sizinlə görüşüb söhbət edək, məsləhətləşək.
Şübhəsiz ki, dövlət komissiyası sizin fikirlərinizi öyrənir, onları nəzərə alır. Ancaq güman edirəm, komissiya veteranları bu cür geniş tərkibdə dəvət etməyib. Mən istədim ki, şəxsən görüşüb söhbət edək. Əvvəla, mən sizi ürəkdən salamlayıram. Sizə və sizin, şəxsinizdə 1941-1945-ci illərin Böyük Vətən müharibəsində, İkinci dünya müharibəsində iştirak edənlərin hamısına hörmət və ehtiramımı bildirirəm.
Əminəm ki, Azərbaycan xalqı, ictimaiyyət bu 50 ildə sizi yüksək qiymətləndirdiyi kimi, sizin fəaliyyətinizi, əməyinizi, xidmətlərinizi, rəşadətinizi bu gün də qiymətləndirir və bundan sonra da qiymətləndirəcəkdir. Müharibədə sizin xidmətləriniz, rəşadətiniz, qəhrəmanlığınız bu müharibənin, Azərbaycan xalqının tarixində əks olunub. Siz xoşbəxt adamlarsınız ki, 50 il bundan əvvəl qələbənin əldə olunmasına və bu 50 ildə xalqınıza, ölkənizə, millətinizə xidmət etmisiniz, indi sizə qələbənin 50 illik yubileyində iştirak etmək nəsib olub.
Mən sizi qələbə münasibətilə təbrik edirəm. O qələbədən keçən 50 ilin hər biri xalqımız üçün böyük bir mərhələ olub. Xalqımız bu 50 il içərisində böyük bir tarix yaşayıb və nəhayət, milli azadlığına nail olub. Azərbaycan xalqı öz müstəqil dövlətini yaradıb. İndi Azərbaycan müstəqil dövlətdir və nə qədər çətin olsa da, xalqımız müstəqillik şəraitində özü öz taleyinin sahibidir.
Sizin xoşbəxtliyiniz bir də ondan ibarətdir ki, 50 il bundan əvvəl Azərbaycanın bugünkü gələcəyi üçün döyüşmüsünüz, vuruşmusunuz, qan tökmüsünüz, rəşadət göstərmisiniz. 50 ildən sonra bu gün Azərbaycanı müstəqil bir dövlət kimi görürsünüz. Bu, böyük xoşbəxtlikdir, səadətdir və bu da sizə nəsib olubdur. Bax, bunların hamısı münasibətilə mən sizi ürəkdən təbrik edirəm, hamınıza cansağlığı, xoşbəxtlik arzu edirəm. Sizin simanızda 1941- 1945-ci illər müharibəsində iştirak edənlərin, o qələbənin çalınmasında xidmət göstərənlərin hamısını ürəkdən təbrik edirəm, hörmət və ehtiramımı bildirirəm.
Mən istərdim ki, bu gün bizim sərbəst söhbətimiz olsun. Bir neçə məsələ ətrafında, şübhəsiz ki, əsasən qələbənin 50 illik yubileyinin hazırlanması, keçirilməsi ətrafında söhbət edək. Bu sizin yubileyinizdir. Ona görə də bu yubileyin necə, hansı şəkildə keçirilməsi üçün sizin fikriniz əsasdır. Sizin nə arzunuz olsa, şübhəsiz ki, biz hamısını nəzərə almalıyıq və onların əsasında öz tədbirlərimizi qurmalıyıq.
Bir daha qeyd edirəm ki, dövlət komissiyası bu işlə məşğul olur. Ancaq mən bu məsələyə xüsusi münasibət göstərdiyimə, fikir verdiyimə görə istərdim ki, sizinlə şəxsən görüşəm. Bu qələbə haqqında son illərdə cürbəcür söhbətlər gedir. Hətta xatirimdədir ki, deyəsən, ya 1991-ci, ya da 1992-ci ildə bu bayramı Azərbaycanda heç qeyd etməmişdilər. Hər halda dəqiq xatirimdədir ki, demişdilər belə bir qələbə yoxdur. Ancaq mən o vaxt Naxçıvanda yaşayırdım və biz bu qələbəni orada qeyd edirdik. Sovet İttifaqı Qəhrəmanı, hörmətli Ziya Bünyadov da gördü ki, burada qeyd etmirlər, Naxçıvana gəldi ki, bayramı heç olmasa orada keçirsin. Yəni belə yaramaz fikirlər də meydana çıxmışdı.
Fuad Quliyev indi mənim yanıma gəlib məsləhət almaq istəyir ki, bu qələbənin adını necə yazmaq lazımdır. Çünki komissiyada cürbəcür fikirlər söylənilir. Rusiyada 1941-1945-ci illərin Böyük Vətən müharibəsində qələbə yazılır. Kimsə hesab edir ki, bu, Böyük Vətən müharibəsi olmayıb. Yaxşı, bəs nə müharibəsi olub? Ona görə də komissiya üzvləri çaşbaş qalıblar ki, bunu nə cür yazaq.
Bu, nədən əmələ gəlir? Son illərdə tariximizi təhrif etməyə cəhdlər çox olub. Ancaq bu da yeni bir şey deyil. Təəssüf ki, elə XX əsrin əvvəllərindən, daha dəqiq desək, ola bilər, 1920-ci ildən tariximizi təhrif edə-edə gəlmişik. Tariximizi müəyyən dövrdə bir qüvvələr təhrif edirdi, son illərdə, xüsusən 1991, 1992, 1993-cü illərdə isə başqa cür təhrif etməyə başladılar. Yenə də deyirəm, 1992-ci ildə eşitdik ki, bu qələbə bayramını Azərbaycanda heç yerdə qeyd etmirlər. Mən təəccübləndim. Naxçıvanda biz veteranlarla görüşdük, danışdıq, hazırlıq gördük və bayramı qeyd etdik.
Sonra mən araşdırmağa başladım ki, bəs bunu niyə qeyd etmirlər? Bildirdilər ki, o vaxt hakimiyyətdə olan adamlar deyirdilər ki, bu, Vətən müharibəsi, qələbə deyil. O vaxt mən də ordan-burdan eşidirdim, bəziləri deyirdilər ki, faşistlər gəlib Azərbaycanı tutsaydı, yaxşı olardı. Belə sözlər də danışanlar var idi. Yəni belə ideoloqlar meydana çıxmışdılar və tarixi təhrif edirdilər. Axı bundan da böyük cinayət ola bilməz.
Özü də biz gərək tarixi təcrübədən dərs götürək. Əgər 1920-ci ildən sonra - kommunist, sosialist rejimi vaxtında keçmiş tariximiz təhrif olunmuşdursa, marksizm-leninizm ideologiyasına uyğunlaşdırılmışdısa, uyğun gəlməyənlər tarix kitablarımızdan çıxarılmışdırsa və biz indi bunu etiraf ediriksə, demək, bundan sonra təhrifə yol vermək olmaz.
Tariximiz o vaxt bir cür təhrif olunub, indi isə meydana yeni ideoloqlar çıxıb. Hansılar ki, dünyanı görməyiblər, əgər bizim veteranların sözü ilə desək, barıt qoxusu iyləməmiş, oddan keçməmiş adamlar gəlib başlayıblar ki, yox, müharibə də olmayıb, müharibədə qələbə də olmayıb, heç bu, Vətən müharibəsi də deyildir və sairə. Fuad Quliyev gəlib mənə deyəndə, doğrusu, təəccübləndim. Axı bundan niyə narahat olursunuz? Bu qələbəni indi bütün dünya qeyd edir. Onu da bilməlisiniz ki, bu qələbəni Rusiya, MDB-yə daxil olan dövlətlərin hamısı qeyd edir. Biz dekabrın 10-da Almatıda MDB ölkələri dövlət başçılarının görüşündə qərar qəbul etdik ki, qələbənin 50 illiyi geniş qeyd olunsun.
Bu, bizim birgə qərarımızdır. Doğrudur, orada söhbət düşdü ki Rusiya MDB-nin bütün ölkələrinin dövlət başçılarının mayın 9-da toplaşmasını istəyir. Bir az mübahisə getdi, sonra razılıq əldə olundu. Axı dövlət başçıları öz ölkələrində də bu bayramda iştirak etməlidirlər. Söhbət ondan gedirdi ki, bəs bu necə olsun?
Qələbənin 50 illiyi, məsələn, İngiltərədə də qeyd olunur. Bizim ölkəmizə, şəxsən mənə rəsmi dəvət gəlibdir. Bu bayram mayın 6-7-də Böyük Britaniyada, Londonda, mayın 8-də Fransada, habelə Amerika Birləşmiş Ştatlarında qeyd olunacaqdır. Avropa Şurasına daxil olan 52 dövlətin başçılarının hamısı İngiltərəyə, Fransaya dəvət edilib. O cümlədən Azərbaycan dövlətinin başçısı da dəvət olunub.
Televiziyadan, mətbuatdan aldığınız məlumatlardan sizə məlumdur ki, mayın 9-da keçmiş koalisiya dövlətləri başçılarının hamısı Moskvaya gedəcək, Qələbə günü orada qeyd ediləcəkdir. Qələbənin bir neçə böyük mərkəzlərdə qeyd olunması barədə Almatıda söhbət getdi. Bəs nə cür olsun ki, hərə öz ölkəsində də bunu qeyd edə bilsin? Bu, başqa məsələ. Hər halda bunu müzakirə və həll etmək olar. Ancaq qələbəni şübhə altına almaq, yaxud adının dəyişdirilməsinə cəhd etmək tamamilə yaramaz bir şeydir.
Ona görə də mən istədim ki, bu barədə öz fikirlərimi sizə deyəm və sizin də fikirlərinizi bilək, komissiya da bu barədə öz prinsipial mövqeyini tutsun, öz işini aparsın. Şübhəsiz ki, qələbənin 50 illik yubileyi münasibətilə veteranlara müəyyən güzəştlər, mükafatlar, yardımlar da olmalıdır. Komissiya bu barədə öz təkliflərini hazırlayıbdır. Yəqin ki, bunları da indi müəyyən qədər nəzərdən keçirmək olar. Sonra komissiya bu təklifləri tamamilə hazırlayıb təqdim edər və bütün bunlar mənim fərmanımda öz əksini tapa bilər.
Kimin ürəyində başqa nə söz varsa, deyə bilər. Şübhəsiz ki, sizin də, bizim də o qədər vaxtımız yoxdur. Ona görə də çox vaxt sərf etmədən bu gün ancaq yığcam fikir mübadiləsi aparıb, söhbət edib qarşıdakı bir ay müddətində görüləcək hazırlıq işlərini gücləndirmək məqsədi ilə mən bu gün sizi buraya dəvət etmişəm.
Müharibənin bitməsindən 50 il keçib. Azərbaycan xalqı bu müharibədə iştirak edib, qurbanlar verib. 1941-1945-ci illər müharibəsində həlak olmuş soydaşlarımızın, vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi rica edirəm.
Allah bütün həlak olanlara rəhmət eləsin!
Yekun sözü
Bilirəm ki, burada söz demək istəyən çoxdur. Hamının ürəyində səmimi sözlər var, ancaq əsas təkliflər olundu. Mən hiss edirəm ki, bu təkliflər əsasında işləmək olar. Gələcəkdə öz işlərimiz olacaq, yenə də görüşəcək, danışacağıq. Bu gün kim danışa bilmədisə, gələcək görüşlərimizdə danışa bilər. Etiraz etmirsinizsə, bu görüşü sona çatdıraq.
Mən bir daha məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu görüş bizə nəsib oldu, biz Azərbaycan xalqının çox dəyərli insanları ilə görüşdük. Şəxsən mənim üçün bu, böyük bir hadisədir. Burada hamımızın eyni bir fikri hasil oldu ki, 1941-45-ci illər müharibəsi Azərbaycan üçün də Böyük Vətən müharibəsidir. Bu, İkinci dünya müharibəsidir. Dünya tarixində, bəşəriyyət tarixində bu, ən dəhşətli, ən ağır, ən genişmiqyaslı müharibə olubdur. Burada nə qədər insanlar tələf olubdur. O vaxt biz hamımız Sovet İttifaqına daxil idik. Son tədqiqatlar göstərir ki, Sovet İttifaqının ərazisindən 27 milyon adam bu müharibədə həlak olubdur. Şübhəsiz ki, Avropa ölkələrindən də, digər ölkələrdən də çox adamlar həlak olublar.
Bu müharibə Hitler faşizminə qarşı müharibə idi. Bu qələbə Hitler faşizmi üzərində qələbə idi. Bu, böyük qələbədir. Tarixdən bunu heç kəs silə bilməz və silməyə haqqı da yoxdur. Bu gün söhbətimizə başlayarkən mən dedim ki, tarixi təhrif edənlər keçmiş tariximizdən özlərinə dərs götürməlidirlər. Tarixi heç kəs təhrif etməməlidir. Heç kəs tarixi dəyişdirməyə çalışmamalıdır. Tarix necə varsa, elə də var. Həyatda nə olubsa, olubdur. Tarixin o parlaq səhifələrini bu gün kimsə utana-utana, çəkinə-çəkinə xatırlamamalıdır, əksinə, biz bu bayramı qürur hissi ilə qeyd etməliyik. Elə olmamalıdır ki, qələbə, müharibə haqqında söhbət gedəndə kimsə hansı sözü necə demək haqqında fikirləşsin. Dürrə xanım burada çıxışında söylədi: ona deyiblər ki, bu medallarını ayaqlarının altına sal, tapdala. Bilirsiniz, belə insanlar sadəcə olaraq ya həyatı başa düşməyən adamlardır, ya da xalqına, millətinə xəyanət edənlərdir. Nə cür ola bilər ki, insanların canı, qanı bahasına aldığı mükafatlar, ordenlər bu gün gözdən düşsün?
Bilirsiniz, hər dövlətin öz medalı, öz ordeni var. Yenə də tarixə qayıdaq. 1917-ci il oktyabr inqilabından, Azərbaycanda da sovet hakimiyyəti qurulduqdan sonra çar dövlətinin bütün ordenlərin, medalları, mükafatları qadağan, yasaq olundu. Bunlar kimdə var idisə, yazıq qorxusundan gizlədirdi, aşkara çıxarmırdı. Qohumu-əqrəbası olanlar onun adını çəkməyə də qorxurdular. Məgər bu düz idimi? Xeyr. Bu da ədalətsizlik idi Bəs sonra nə oldu? Birinci dünya müharibəsində rus ordusunda, çar Rusiyası ordusunda qəhrəmanlıq göstərən adamlar sonra həmin bu Böyük Vətən müharibəsi vaxtında, İkinci dünya müharibəsində də qəhrəmanlıq göstərdilər və onların çar Rusiyası ordusunda aldığı orden və medallar böyük hörmətlə qaldı.
Doğrudur, bütün bu təhriflərin çoxu oktyabr inqilabından, sovet hakimiyyəti qurulandan, bolşevizmin qələbəsindən sonra oldu. Amma eyni zamanda bilirsiniz ki, Kremldə böyük-böyük salonlar var. Onlardan biri də Georgiyevsk salonudur. Məsələn, Georgiyevsk salonunda olanlar bilirlər, - hansı hərbi hissənin hansı döyüşdə iştirak etdiyi, hansı ordeni, medalı, nişanı aldığı orada həkk olunub və heç kəs də bunu pozmur.
Tarix tarixdir və 1941-1945-ci illər Azərbaycan xalqının tarixində də çox görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifələridir. Biz bunları böyük hörmət və ehtiramla xatırlamalıyıq. Bu dövrün insanlarını - həm həmin dövrdə döyüşən, həlak olanları, cəbhədə yaralananları, həm də rəşadət göstərib bu gün yaşayanları həmişə xatırlamalı, onlara böyük hörmət və ehtiramımızı bildirməliyik.
Burada tamamilə doğru deyildi ki, 1941-1945-ci illər müharibəsində Azərbaycan xalqının iştirakı təkcə cəbhədə döyüşməkdən ibarət olmayıb. Bəli, Azərbaycanın nefti həmin müharibədə qələbənin əldə olunmasının əsasını təşkil edən amillərdəndir. Təsadüfi deyildir ki, Hitler və Hitler ordusu gəlib Bakını işğal etməyə, zəbt etməyə can atırdı. Hitler ordusu Bakını işğal edə bilsəydi, vəziyyət bəlkə də bambaşqa ola bilərdi. Tamamilə doğru deyildi ki, o vaxt Sovet İttifaqında hasil olunan neftin 75 faizini Azərbaycan verirdi. Bizim Azərbaycan neftçiləri bu nefti nə qədər əzab-əziyyətlə çıxarırdılar.
Bilirsiniz ki, Qafqaza yol bağlanmışdı, Hitler ordusu gəlib Mozdokda durmuşdu. Burada dəmir yolu yox idi. Ancaq Xəzər dənizi, Orta Asiya vasitəsilə o dövrdə - o dövrü indiki dövrlə müqayisə etmək olmaz, çünki çətinliklər daha da çox idi - bütün çətinliklərin öhdəsindən gələrək neft də çıxarılırdı, cəbhəyə də göndərilirdi. Təkcə neft deyildi. O vaxt Azərbaycanın maşınqayırma zavodlarında silah istehsal olunurdu. Bu, Azərbaycan xalqının tarixidir.
Azərbaycanın tarixində ən çox neft 1941-1945-ci illərdə çıxarılmışdır. Burada bizim insanlar - fəhlələr, mühəndislər, texniklər çalışıblar, bunları unutmaq olarmı? Həzi Aslanovu, Azərbaycan xalqının o cür qəhrəmanlıq göstərmiş nümayəndəsini biz unuda bilərikmi? Bu gün deyə bilərikmi ki, Həzi Aslanov canını elə-belə veribdir? Yox, o, canını Vətən yolunda veribdir.
Siz Stalinqradda, Mamay təpəsindəki muzeydə yəqin ki, olmusunuz. Məsələn, mən həmin muzeyi ziyarət edərkən Həzi Aslanovun familiyasını başqa Sovet İttifaqı qəhrəmanları ilə bir yerdə görəndə çox böyük fəxr etdim ki, burada bizim azərbaycanlının da adı var. Yaxud Mehdi Hüseynzadəni götürün: o vaxtlar döyüşdü, döyüşdü, əsir düşdü, əsirlikdən qaçıb Yuqosloviyada, İtaliyada böyük igidliklər göstərdi və qəhrəmancasına da həlak oldu. Biz onu unuda bilərikmi?
Amma təkcə bunlar deyil. Vaxt alıb hamısının adını çəkmək istəmirəm. Güman edirəm ki, bu bayram ərəfəsində, yubiley günlərində Böyük Vətən müharibəsinin qəhrəmanları mütləq təbliğ olunmalı, yada salınmalıdır. Onlar haqqında televiziyada, radioda verilişlər təşkil edilməli, qəzetlərdə yazılar verilməlidir. Yenə də deyirəm, bunlar tariximizin ən parlaq, ən gözəl səhifələridir. Biz onları heç vaxt unuda bilmərik.
Yaxud neftçilər, ümumiyyətlə, arxa cəbhədə çalışanlar unudulmamalıdır. Məsələn, yadınızdadır ki, o vaxtlar böyük alimlərimiz Yusif Məmmədəliyev, Əli Quliyev yüksək keyfiyyətli benzin ixtira etdikləri üçün Dövlət mükafatı almışdılar. Biz bunu unuda bilərikmi? Unuda bilmərik. Mənim xatirimdədir ki, böyük neftçi, çox təcrübəli insan Süleyman Vəzirov, Rüstəm İsmayılov müharibə vaxtı məhz neft hasilatı və cəbhəni neftlə təmin etmək sahəsindəki xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adı almışdılar.
Bilmirəm, Əliş Ləmbəranski buradadır, ya yox? Mən onu buraya dəvət etmişdim (yerdən səs: xəstədir). Xahiş edirəm, mənim salamımı ona çatdırasınız. Məsələn, Əliş Ləmbəranski o vaxtlar cəbhədə olmuşdu. Bakıya qayıtdıqdan sonra neft sənayesində çox böyük fəaliyyət göstərmişdir. İndi də yaşayır. Çoxlarının adlarını çəkmək olar.
Bəs necə demək olar \"bu qələbə bizim qələbə deyil\" ki, böyük bəstəkarımız Üzeyir Hacıbəyov o vaxt öz şəxsi məvacibi, pulu ilə bir təyyarə alıb cəbhəyə göndərmişdi? Məgər Üzeyir Hacıbəyov bilmirdi ki, bunu nədən ötrü edir? Azərbaycandan müharibəyə tank alıb göndərənlər var idi. Respublikanın qabaqcıl əmək adamları, kəndlilər öz pulları ilə tank alırdılar, təyyarə alınmasına pul verirdilər, nə qədər vəsait toplanırdı. Bunların hamısını unutmaqmı olar? Bunlar bizim qardaşlarımız, atalarımız, babalarımız, vətəndaşlarımızdır, azərbaycanlılardır.
Burada dedilər ki, Böyük Vətən müharibəsində 400, 500, 600 min nəfər azərbaycanlı həlak olub. Onların xatirəsini unutmaqmı olar? Yenə də deyirəm, o vaxtlar arxa cəbhədə, Azərbaycanda ağır şəraitdə neft çıxarılırdı, sənaye işləyirdi, kənd təsərrüfatı məhsulları istehsal olunurdu. Şairlərimiz, bəstəkarlarımız Vətən müharibəsinin qəhrəmanlarına həsr olunan, xalqı döyüşə çağıran, xalqda vətənpərvərlik ruhu yaradan nə qədər gözəl mahnılar yazdılar, əsərlər yaratdılar. Bunlar hamısı bizim tariximizdir.
İndi mövcud olmuş, küçədən gəlib hakimiyyəti müvəqqəti olaraq əlinə keçirmiş iki-üç nəfər gəlib onu da, bunu da qaralayır. Azərbaycanın tarixində heç nə qalmır. Özü də Azərbaycan xalqı üçün bir qəpiklik iş görməyib. Əgər bir qəpiklik iş görmüş olsaydı, deyərdim ki, bəli, o da bu işi görüb, ona görə də onun nəyisə qaralamağa haqqı var. Hakimiyyətdə müvəqqəti olan bu adamlar tariximizə zərbə vurmaq istədilər, öz hərəkətləri ilə Azərbaycan xalqı qarşısında böyük cinayətlər etdilər. Eyni zamanda gedib o dövrdə faşizmin yuvası olan Berlində Hitlerlə, Göbbelslə görüşüb söhbət edən adamları təbliğ etməyə başladılar. Axı bu yaramaz! Tarix tarixdir. O da olub, bu da olub. Ancaq azərbaycanlı kimi biz burada özümüzü qorumuşuq, öz Vətənimizi qorumuşuq. Bizim o vaxt da bir vətənimiz var idi. Bəli, 1922-ci ildə Azərbaycan başqa respublikalarla birlikdə Sovetlər İttifaqına daxil olmuşdu. O vaxt Azərbaycana rəhbərlik edən adamlar bunu münasib bildilər, bu da oldu və o dövrdə Azərbaycan böyük nailiyyətlər əldə etdi. Bunu nə unutmaq olar, nə də qaralamaq, pozmaq olar.
Ona görə də güman edirəm ki, bu cür hallar tamamilə aradan qaldırılacaqdır. Cəmiyyətimizdə belə hallara yol vermək olmaz. Heç də mübahisə aparmaq lazım deyildir ki, medalın üzərində nə yazılsın. Necə var, elə də yazılsın: 1941-1945-ci illərin Böyük Vətən müharibəsində qələbə. Ancaq olanı geriyə qaytarmaq mümkün deyil. O vaxt nə cür olub, olub. Adı da nə cür olub, onu dəyişdirmək mümkün deyil. Orada kim necə vuruşub, onu da dəyişdirmək mümkün deyil. Kimin hansı ordeni, medalı, nişanı var, onu böyük iftixar hissi ilə daşıya bilər. Heç kəs nə utansın, nə çəkinsin. O qədər böyük bir ölkənin, savaşın, vuruşun, böyük bir müharibənin qəhrəmanı olub fərqlənəsən, orden, medal alasan, 50 ildən sonra fikirləşəsən ki, mən bunu bu gün saxlamalıyam və ya saxlamamalıyam? Əksinə, onları siz də daşımalısınız, sizdən sonra nəvələriniz də böyük yadigar kimi saxlamalı və nəsillərdən-nəsillərə çatdırmalıdırlar.
Bizim tariximiz elə belə olub. Götürək çar Rusiyası ordusunu, orada bizim nə qədər generallarımız olmuşdur. Sovet İttifaqı vaxtında bunların hamısının üstündən qələm çəkildi. Sonradan-sonraya, o da Böyük Vətən müharibəsindən sonra iki general - Mehmandarov və Şıxlinski yada düşdü. O vaxta qədər onların adı heç yerdə çəkilmirdi. Onlar xalq düşməni kimi idilər. Böyük Vətən müharibəsindən, 1941-1945-ci illər müharibəsindən sonra ab-hava bir az dəyişildi, onlar yada düşdü və onların haqqında yazmağa başladılar. Amma bizim generallarımız tək bunlar idimi? Xeyr. Hüseyn xan Naxçıvanski, Kəlbəli xan Naxçıvanski, Talışınski - çar Rusiyasında bizim nə qədər generallarımız olub. Şıxlinski Port-Arturda olmuşdurmu? İndi gəlin, Əliağa Şıxlinskini günahlandıraq ki, Port-Artur müharibəsində iştirak edib, çar Rusiyasını müdafiə edib. Biz onu günahlandırmalıyıqmı?
Rus ordusunda Əliağa Şıxlinskiyə \"Artilleriya allahı\" deyirdilər. O bizim fəxrimizdir. Eləcə də 1941-1945-ci illər müharibəsində iştirak edən qəhrəmanlar - generallar da, zabitlər, adi döyüşçülər də - burada kimsə mənə Gəncədən Məhərrəm Ocaqverdiyevi təqdim etmək istədi, Məhərrəm Ocaqverdiyev də, - hamısı fəxrimizdir.
Biz Qələbə bayramına böyük iftixar hissi ilə hazırlaşmalıyıq, bu bayramı layiqincə keçirməliyik. Bu bayramın keçirilməsi, qələbənin təbliğ olunması Azərbaycan xalqının qəhrəmanlıq nümunələrinin gənc nəslə çatdırılmasına, müstəqil Azərbaycan Respublikasının Milli Ordusunun yaranmasına, inkişaf etməsinə çox böyük fayda verəcəkdir. Bəli, gənclərimiz bilməlidirlər ki, vaxtilə çar Rusiyası ordusunda da bizim çox görkəmli zabitlərimiz, generallarımız, çox böyük şücaət, qəhrəmanlıq göstərən insanlarımız, azərbaycanlılar var idi.
Gənclər bilməlidirlər ki, 1941-1945-ci illər müharibəsində, dünya, bəşəriyyət tarixində ən dəhşətli müharibədə Azərbaycan xalqının qəhrəmanlıq göstərən generalları, zabitləri, sıraviləri olub. Onlar öz qəhrəmanlıqları ilə xalqımızın hörmətini qaldırıblar, Azərbaycan xalqını tanıdıblar. Bunların hamısı gənc nəslimiz üçün örnəkdir və örnək olmalıdır. İndi yaratdığımız, qurduğumuz Milli Ordunun yaranmasında, qurulmasında bu təcrübədən istifadə edilməlidir.
Bunlar hamısı bir-birinə silsilə ilə bağlı tariximizdir və biz bu tariximizə həmişə böyük hörmətlə yanaşmalı, onu qiymətləndirməliyik.
Qələbənin 50 illiyi ilə əlaqədar mənim fərmanımla yaradılan, Fuad Quliyevin başçılıq etdiyi komissiya müharibə, əmək veteranlarına əlavə güzəştlər, qayğılar, maddi yardımlar göstərilməsi və başqa tədbirlər üzərində işləyir. Fuad Quliyev burada qısa məlumat verdi. Güman edirəm ki, yaxın günlərdə onlar sizinlə birlikdə (bu komissiyanın tərkibində veteranlar da var) bu təklifləri tamamlayacaq, təqdim edəcəklər və mən bu barədə xüsusi fərman verəcəyəm. Mən fikirləşirəm ki, müharibə, əmək veteranlarına indi maksimum imkanlarımız daxilində - siz bunu da bilməlisiniz - maddi yardım edək, onların həyat tərzini, yaşayışını yüngülləşdirmək, yaxşılaşdırmaq üçün lazımi tədbirlər görək. Bunu mütləq edəcəyik.
Burada muzey haqqında söhbət qaldırıldı. Bilirsiniz, Səlimov tamamilə doğru deyir, o muzeyin necə yaranmasının indi böyük əhəmiyyəti yoxdur. Həmin muzey 1974-cü ildə yarandı, adı da 18-ci ordunun Döyüş Şöhrəti muzeyi oldu. Bu muzey Fəvvarələr meydanının yanındakı döngədə xırda bir otaqda yarandı. Amma ilbəil muzeydən xahiş etdilər, biz də göstəriş verdik, əlavə yer ayrıldı, muzey genişləndi, əlavə ekspozisiyalar toplandı. Böyük Vətən müharibəsində Azərbaycan xalqının iştirakı burada çox yaxşı əks olunurdu.
Bilirsiniz, o muzeyi qurmaq üçün bir çox il lazım oldu. Amma onu dağıtmaq üçün böyük qəhrəmanlıq lazım deyildi. Bir-iki günün, bir ayın içərisində o muzeyi vurub dağıtdılar. Mən hesab edirəm ki, muzey yaranmalıdır. Onun adı necə olacaq - bunu özünüz müəyyən edərsiniz. Hər halda 1941-45-ci illər müharibəsində Azərbaycan xalqının həm ön cəbhədə, həm də arxa cəbhə tarixinə həsr olunmuş muzey yaranmalıdır, eksponatlar toplanmalıdır. Mənə elə gəlir ki, veteranların da bir çoxu bu işdə həvəskardırlar, həvəskar da olacaqlar və bu muzeyin işində yaxından iştirak edəcəklər.
Həmin muzeyin yeri münasib olsa - elə orada olsun, yaxud başqa təklif də olsa komissiya bunu müzakirə etsin. Biz lazımi tədbir görərik. Yadımdadır ki, vaxtilə Səlimov böyük həvəslə bu muzeyin yaradılması ilə məşğul olurdu. Hələ indi də deyəsən həvəsi var. Bizim aramızda Səlimov kimilər çoxdur, bu muzeyi yaradarlar, düzəldərlər.
Moskvada qələbənin bayram edilməsinə respublikamızdan 30 nəfərlik nümayəndə heyəti dəvət edilib, onlar müəyyən olunub. Londona mən və beş nəfər veteran dəvət olunmuşuq. Həmin beş nəfəri biz müəyyən edəcəyik. Oraya Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov, Məlik Məhərrəmov gedəcəklər, gərək Məzahir Abbasov da getsin. Üç nəfərin adını dedim, qalanlarını da deyəcəyəm.
Digər nümayəndə heyətlərinin tərkibi də yaxın günlərdə müəyyən olunar. Respublikada da bu tədbirləri keçirərik. Çalışarıq ki, başqa ölkələrdə də Azərbaycanı yaxşı təmsil edək. İndi burada qələbə münasibətilə respublikamızda keçiriləcək tədbirlər haqqında da, təntənəli yığıncaq haqqında da söhbət oldu. Bəziləri dedilər olsun, bəziləri dedilər olmasın. Moskvada qələbənin 50 illiyi münasibətilə parad olacaq, bizdə olmayacaq. Şübhəsiz ki, buna ehtiyac da yoxdur. Amma nəsə bir tədbir lazımdır.
Xatirinizdədir ki, bizdə adətən mayın 9-da Həzi Aslanovun qəbrini, Mehdi Hüseynzadənin abidəsini, bu müharibədə həlak olanların qəbirlərini ziyarət edirdik. Görünür, bizim proqramda bunlar da olmalıdır. Ancaq Moskvadakı kimi hərbi parad keçirməsək də, respublikamızda nəsə bir mərkəzi tədbir olmalıdır. Əgər veteranların hamısı belə bir arzudadırlarsa, onda respublikada təntənəli yığıncaq keçirmək mümkündür. Bu, çətin bir şey deyil. Biz veteranlar üçün belə bir tədbirin keçirilməsindən çəkinməməliyik.
Yerdən səslər: Veteranlar sizinlə görüşmək üçün belə bir tədbirin keçirilməsini istəyirlər.
Heydər Əliyev: Söhbət təkcə mənimlə görüşməkdən getmir, yəqin ki, həm də bir-birləri ilə görüşmək, gəlib orada qürur hissi ilə oturmaq istəyirlər. Bunu da etmək olar, fikirləşmək lazımdır. Hər halda bu tədbirləri ümumiləşdirib son qərar qəbul edəcəyik.
Yerdən səs: Hörmətli prezident, 9 May iş günü hesab olunacaqmı?
Heydər Əliyev: Yaxşı, bu məsələyə də baxarıq. Dövlət komissiyasının sədri Fuad Quliyev bu təklifi qeyd etsin, ona baxarıq.
Yerdən səs: Hörmətli prezident, bizim belə bir təklifimiz də var ki, 1941-45-ci illərdə arxa cəbhədə çalışanların da statusu qaldırılsın və onlara müharibə iştirakçısı statusu verilsin.
Heydər Əliyev: Yaxşı, qoy komissiya bu məsələyə də baxsın.
Yerdən səs: Hörmətli prezident, müharibə dövrünün orden və medallarının satın alınması barədə qəzetlərdə tez-tez elanlar verilir. Məncə, bu, düzgün məsələ deyildir.
Yerdən səs: Burada heç bir qanunsuzluq yoxdur. Kolleksiyaçılar və bu işlə məşğul olan təşkilatlar belə elanlar verirlər. Kim istəyir satsın, kim istəyir satmasın, bu işə müdaxilə etmək olmaz.
Yerdən səs: Hörmətli prezident, müharibə iştirakçıları üçün Jukov ordeni və medalı yüksək təltiflər hesab olunur. Görəsən biz müharibə iştirakçılarına da Jukov ordeni və medalı veriləcəkmi?
Heydər Əliyev: Dekabrın 10-da Almatıda MDB ölkələri dövlət başçılarının görüşündə bu məsələ qaldırıldı. Jukov ordenini və medalını Rusiya Federasiyası təsis edib. Yəqin ki, Sovet İttifaqı qəhrəmanları Jukov ordeni ilə təltif olunacaqlar.
Yerdən səs: Hörmətli prezident, respublikadakı müvafiq qanunvericilikdə vəfat etmiş müharibə veteranlarının dəfninin təşkili üçün müəyyən imtiyazlar nəzərdə tutulur. Lakin bəzən yerlərdə buna lazımınca əməl edilmir.
Heydər Əliyev: Əgər qanunun hansı hissəsisə yerinə yetirilmirsə, dövlət komissiyası bu məsələyə də baxsın. Yoxlasın görək, əlavə nə tədbir görmək lazımdır ki, qanun həyata keçirilsin. Yaxud o qanunu bir az da təkmilləşdirmək lazımdır.
Başqa sözünüz varmı? Gələcək bayram münasibətilə sizi bir daha təbrik edirəm. Hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram. Gələn görüşlərədək!