Əziz həmvətənlər!
Sizi dünya yəhudilərinin tövbə və mənəvi saflıq günü olan Ros-Ha-Sana - təzə il münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram.
Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir. Hüquq və azadlıqlarının, etnik özünəməxsusluğunun qorunması, dil və mədəniyyətlərinin inkişaf etdirilməsi üçün tam təminat və hər cür şərait yaradılmış digər xalqlar kimi, yəhudi icması da Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunda, erməni qəsbkarlarına qarşı ədalətli mübarizədə, elm-mədəniyyət sahəsində fəal iştirak edir.
İnanıram ki, siz dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, azad vətəndaş cəmiyyəti quruculuğunda, Dünya Birliyi ilə qarşılıqlı əlaqələrimizin genişləndirilməsində bundan sonra da imkanlarınızdan tam istifadə edəcəksiniz. Qoy Ros-Ha-Sana hər birinizın ocağına ruzi, xeyir-bərəkət gətirsin, evlərinizdən sevinc əskik olmasın.
Heydər Əliyev
Azərbaycan Respublikasinin Prezidenti