Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Litva Respublikasının ədliyyə naziri Vitautas Markyaviçusun başçılığı ilə bu nazirliyin nümayəndə heyətini qəbul etmişdir - Prezident sarayı, 26 sentyabr 2002-ci il

Azərbaycan Prezidenti Heydər Əliyev sentyabrın 26-da Prezident sarayında Litva Respublikasının ədliyyə naziri Vitautas Markyaviçusun başçılığı ilə bu nazirliyin nümayəndə heyətini qəbul etmişdir.

Prezident Heydər Əliyev qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, Litva Ədliyyə Nazirliyi nümayəndə heyətinin Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin getdikcə inkişafı yolunda daha bir addımdır. Azərbaycan ilə Litva arasında diplomatik münasibətlər mövcuddur, bu yaxınlarda Litvanın xarici işlər naziri Bakıya gəlmişdi. Mən sizin prezidentinizi, o isə məni dəvət etsə də, təəssüf ki, bizim yüksək səviyyədə səfərlərimiz olmamışdır. Görünür, hələlik nə mənim, nə də onun bu səfəri həyata keçirməyə imkanımız yoxdur. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafını təmin etmək üçün Litvaya səfər etmək niyyətində olduğunu söylədi.

Azərbaycan prezidenti vurğuladı ki, hələ Sovetlər İttifaqının süqutundan əvvəl Litvada müstəqillik uğrunda fəal mübarizə gedirdi. Bu yolda həm Litvada da, Azərbaycanda da dinc əhali arasında qurbanlara səbəb olmuş faciəli hadisələr baş verdi. Baltikyanı respublikalar öz hərəkətləri ilə Sovetlər İttifaqını müəyyən qədər laxlatdılar. Hərçənd, həmin dövrdə dünyada baş verən ictimai-tarixi proseslər, Sovetlər İttifaqının süqutu ərəfəsində burada yaranmış vəziyyət İttifaqın daha yaşamayacağından xəbər verirdi.

Prezident Heydər Əliyev Sovetlər İttifaqının süqutu prosesini şərtləndirən hadisələrdən danışaraq dedi: 1990-cı ildə Moskvada məni təqib etməyə başlayanda buraya gəlməyə məcbur oldum və məni Azərbaycan parlamentinin deputatı, Naxçıvan Muxtar Respublikası parlamentinin sədri seçdilər. O zaman Sovetlər İttifaqı hələ mövcud idi. Mən, 13 ildən artıq Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi işləmiş insan burada çıxış edərək bəyan edirdim ki, Sovetlər İttifaqı dağılır, öz müstəqilliyimizə nail olmalıyıq. O zaman, 1991-ci ilin martında Sovetlər İttifaqının saxlanmasına dair referendum keçirilirdi.

"Mən Azərbaycanın bu referendumda iştirakına qarşı çıxış etdim və dedim ki, artıq öz müstəqilliyimiz haqqında düşünmək vaxtıdır. Lakin o illərdə parlamentdə mühafizəkar qüvvələr olduğundan Azərbaycanda referendum keçirildi, Naxçıvan Muxtar Respublikası isə referendumda iştirak etmədi".

Azərbaycan prezidenti Baltikyanı respublikaların öz müstəqillikləri uğrunda fəal mübarizəsindən, habelə Litvanın tanınmış siyasi xadimi Algirdas Brazauskasın bu prosesdəki rolundan danışaraq dedi ki, yadımdadır, Mərkəzi Komitənin plenumlarında onu çox danlayırdılar. Afərin, dediyindən dönmürdü. Beləliklə, qurbanlar versəniz də, müstəqilliyə nail oldunuz. Mən Vilnüsdə baş vermiş məlum hadisələri deyirəm. 1990-cı il yanvarın 20-də Azərbaycanda də eyni hadisə baş verdi. Odur ki, mən Litvaya xüsusi hörmət bəsləyirəm.

Dövlətimizin başçısı Litvada olduğu vaxtları xatırlayaraq bildirdi ki, respublika DTK-sının sədri işləyəndə litvalı həmkarlarım məni dəvət etmişdi. Mən ailəmlə getdim. Kommunist rejimi olmasına baxmayaraq, oradakı vəziyyət mənim xoşuma gəldi. Baltikyanı respublikalardakı vəziyyət SSRİ-nin digər respublikalarındakından fərqlənirdi. Ora daha çox Qərbə bənzəyirdi.

Prezident Heydər Əliyev vurğuladı ki, müstəqil dövlətlər olaraq Azərbaycan və Litvanın müstəqilliyi möhkəmlətmək və inkişaf etdirmək, dünya iqtisadiyyatına, Avropa və dünya birliyinə inteqrasiya etmək, demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, vətəndaş cəmiyyəti yaratmaq kimi oxşar məqsədləri var. Biz iqtisadiyyatda çoxlu islahatlar aparmışıq və onlar nəticə vermişdir, iqtisadiyyatımız inkişaf edir.

Cənab Vitautas Markyaviçus səmimi qəbula görə təşəkkürünü bildirərək dedi ki, nümayəndə heyətinin üzvləri prezident Heydər Əliyevin Litvaya hörmət ifadə edən sözlərini eşitməkdən çox şaddırlar.

Nazir bildirdi ki, Azərbaycan və Litva qonşu olmasalar da, ölkələrimizin müstəqillik tarixində oxşar cəhətlər çoxdur. Azərbaycanın bəxti gətirmişdir ki, siz 1969-cu ildə respublikaya rəhbərlik etməyə başlamısınız. Məhz buna görə Azərbaycanın qonşularına nisbətən daha az problemi var. Çünki siz xalqınızın özünəməxsusluğunu qoruyub saxlaya bilmisiniz. Azərbaycan müstəqilliyinin 11 ili ərzində təkcə hüquq islahatları sahəsində deyil, iqtisadiyyat sahəsində də müsbət nəticələr əldə etmişdir. Sizdəki kimi neft ehtiyatlarımızın olmamasına baxmayaraq, biz də öz xüsusiyyətlərimizi, iqtisadiyyatımızı qoruyub saxlamışıq.

Cənab Markyaviçus dedi ki, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun Litvaya ötən ilki səfəri zamanı imzalanmış sənədlər respublikalarımız arasında ilk dövlətlərarası müqavilələr olmuşdur. Onlar hər iki parlament tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minmişdir.

Qonaq Azərbaycan prezidentinə Litvaya səfər etmək barədə dəvəti təqdim etdi və vurğuladı ki, enerji müstəqilliyinə nail olmağa çalışan Litva üçün bu səfərin böyük əhəmiyyəti var. Nazir dövlətimizin başçısına cansağlığı, qarşıdakı prezident seçkilərində uğurlar arzuladı.

Prezident Heydər Əliyev nümayəndə heyətinin üzvlərinə ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verdi. O, demək olar ki. dünyanın bütün ölkələrində yayılan erməni təbliğatının yalan olduğunu bildirərək vurğuladı ki, vaxtilə Dağlıq Qarabağda iqtisadi inkişafın sürəti Azərbaycan Respublikası iqtisadiyyatının inkişaf sürətindən üç dəfə yüksək idi.

"Azərbaycan" qəzeti, 27 sentyabr 2002-ci il.