Azərbаycаn Respublikasının Prеzidеnti Hеydər Əliyеvin dünya vokal sənətinin məşhur ifаçılаrı, xalq artistləri Müslüm Maqomayev və Tamara Sinyavskaya ilə görüşü - Prеzidеnt sаrаyı, 21 dеkаbr 2002-ci il

Azərbaycan Prezidenti Heydər Əliyev dekabrın 21-də Prezident sarayında vokal sənətinin məşhur ustalarını – Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri, xalq artistləri Fidan və Xuraman Qasımovaların yaradıcılığının 25 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmək üçün Bakıya gəlmiş SSRİ və Azərbaycanın xalq artistləri Müslüm Maqomayevi və onun xanımı Tamara Sinyavskayanı qəbul etmişdir.

Səmimi qəbul üçün minnətdarlıq edən sənətçilər Azərbaycan Prezidenti Heydər Əliyevin təntənəli mərasimdəki parlaq və məzmunlu nitqindən aldıqları təəssüratlarını bölüşərək dedilər ki, həmin nitqdə prezidentin mədəniyyət və incəsənət xadimlərinə sonsuz diqqət və qayğısı bir daha öz ifadəsini tapmışdır.

Müslüm Maqomayev vurğuladı ki, çox yüksək səviyyədə olan təntənəli mərasimdə Azərbaycan opera sənətinin tarixi bir daha hamının gözü önündən keçdi.

Prezident Heydər Əliyev Azərbaycan opera sənətinin tarixini xatırlayaraq bildirdi ki, ölkəmizdə SSRİ Xalq artisti adına layiq görülmüş ilk azərbaycanlı opera müğənnisi Şövkət Məmmədova olmuşdur. O, 1938-ci ildə, Moskvada ilk dəfə Azərbaycan mədəniyyəti ongünlüyü keçirildikdən sonra bu adı almışdı. Həmin vaxt dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov və mədəniyyətimizin digər nümayəndələri də bu yüksək ada layiq görülmüşdülər. Dövlətimizin başçısı onu da vurğuladı ki, Üzeyir Hacıbəyovun «Koroğlu» operasında Nigarın partiyasını ifa edən ilk azərbaycanlı müğənni SSRİ Xalq artisti, bu yaxınlarda prezident təqaüdünə layiq görülmüş Firəngiz Əhmədova olmuşdur. Ondan sonra isə Nigar rolunda Fidan Qasımova çıxış etmişdir.

Görüşün sonunda qonaqlar Azərbaycan Prezidenti Heydər Əliyevlə xatirə şəkli çəkdirdilər. 

AzərTAc