Azərbaycan Prezidenti Heydər Əliyevin Avropa Boks Federasiyasının nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 3 avqust 1999-cu il

Heydər Əliyev: Şadam ki, siz Azərbaycandasiniz və bu gün sizinlə görüşmək imkanına malikəm.

Boks idmanın maraqlı növüdür, onu çoxları sevir. Boks yarışları həmişə çox böyük maraq doğurur. Bu, dünyada yayılmış idman növüdür. Şəxsən mən bundan məmnunluq duyuram ki, boksun Azərbaycanda da öz zəngin ənənələri və tarixi var, prinsipcə fiziki inkişaf etmiş olan Azərbaycan xalqı idmanın digər növləri ilə yanaşı, boksla da məşğul olur.

Bu gün mən çox şadam ki, yeniyetmələr arasında IV Avropa boks çempionatı Azərbaycanda keçirilir. Mənə dedilər ki, çempionatda 27 ölkənin idmançıları iştirak edirlər. Bu, çox xoşdur və onu göstərir ki, müstəqil dövlət olaraq Azərbaycan Dünya Birliyində - siyasi mənada da, iqtisadi mənada da, ictimai mənada da, o cümlədən idmanda da öz layiqli yerini tutmuşdur. Bu onu göstərir ki, Azərbaycan idmanı da dünyada tanınmışdır. Bütün bunlar, görünür, onun nəticəsidir ki, yeniyetmələr arasında IV Avropa boks çempionatı Azərbaycanda keçirilir.

Mən sizin çempioanatınıza təbrik məktubu göndərdim. Sizi bir daha salamlayıram. Ümidvaram ki, burada IV Avropa çempioanatı əvvəlkindən daha uğurla keçəcək və yeniyetmələr arasında Avropa çempioanatı daha yüksək pilləyə qalxacaqdır. Sizin hamınıza Azərbaycanda vaxtınızı xoş keçirməyi arzulayıram.

Emil Jeçev: Hörmətli cənab Prezident, qonaqpərvərliyə görə, IV Avropa çempioanatını Bakıda keçirməyə hazırlığa görə həmkarlarım - vitse-prezidentlər adından, Avropa Boks Federasiyası adından, Avropa boksçuları adından Sizə təşəkkür edirəm. Bir çox Avropa ölkələri bu çempioanatı özlərində keçirmək hüququ uğrunda mübarizə aparmışlar. Lakin ölkənizin məşhurluğu və müvəffəqiyyəti sayəsində, Azərbaycan Boks Federasiyasının prezidenti tanınmış və hörmət bəslədiyiniz professor Əbiyevin sayəsində, - o, bizi inandıra bildi ki, Bakıda Avropa çempioanatı keçirilməsi üçün hər cür şərait var, - müzakirə nəticəsində Sizin ölkəniz seçildi.

Elə ilk gündən mənim bütün əməkdaşlarım və köməkçilərim yekdilliklə etiraf etdilər ki, Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Boks Federasiyasının dediklərinin hamısı reallıq olmuşdur. Sizdə çempioanatm keçirilməsi üçün gözəl şərait, səriştəli mütəxəssislər var. Biz heyranıq. Mən bunu televiziya ilə çıxışımda dedim, bu barədə Avropa mətbuatında da yazıldı. Biz xüsusi Avropa konfransında bu barədə, biz valeh etmiş qonaqpərvərliyiniz barədə danışacağıq. Sizin istedadlı xalqınız, boksçularınız bizi xüsusilə valeh etdi. Mən hər bir ölkədə boksun inkişafına dair məlumatı nəzərdə tuturam. O ki, qaldı Azərbaycana, bilirdim ki, burada əla hazırlığa malik boksçular var. Amma gördüklərim mənim üçün gözlənilməz oldu. Elə ilk görüşlər göstərdi ki, bizi burada böyük sürpris gözləyir. Əminəm ki, idmançılarınız layiqincə çıxış edəcək və onlardan azı üç nəfər Avropa çempionu olacaqdır.

Qonaqpərvərliyə görə və idmana münasibətinizə görə səmimi qəlbdən çox sağ olun deyirəm.

Heydər Əliyev: Bizim qonaqpərvərliyimiz həqiqətən yüksəkdir. Təəssüfləndiyim yeganə bir şey varsa, o da budur ki, yaxşı hava olmasını təmin edə bilmədik. Çox istidir. Bilmirəm, siz bu istiyə necə dözürsünüz. Yarışların keçirildiyi stadion yaxşıdır, onun tikintisinə mənim bilavasitə münasibətim olub. Lakin belə istidə orada yarışmaq daha böyük hünər, idmana sədaqət tələb edir. Mən bir çox onillərdir Bakıda yaşayıram, amma belə isti görməmişəm. Çox istidir.

Təkcə burada isti deyildir. Hər yerdə istidir. Xəbər verdilər ki, Amerika Birləşmiş Ştatlarında istidən 93 adam həlak olmuşdur. Avropada istidir, Rusiyada istidən meşələr od tutub yanır və buna görə orada indiyədək böyük çətinliklər var. Nə etmək olar. Əgər boksçular belə isti şəraitdə mübarizə aparır və yüksək göstəricilərə nail olurlarsa, bu bir daha göstərir ki, onlar güclü və layiqlidirlər.

Mən öz komandamıza görə sevinirəm. Yeniyetmə boksçularımız əvvəlki çempioanatlarda həm qızıl, həm gümüş, həm də bürünc medallar qazanmışlar. Ümidvaram ki, onlar bu medalları burada da qazanacaqlar.

Başlıcası budur ki, bunun ictimaiyyətimiz üçün, adamlarımız üçün, gənclər üçün, yeniyetmələr üçün, Azərbaycanda bütün boksçular üçün çox böyük əhəmiyyəti var. Yəni bu, gəncləri boks kimi idman növü ilə məşğul olmağa ruhlandırır. Bu, bizim Boks Federasiyasını, federasiyamızın prezidentini sevindirir. O, çox səylər göstərmişdir və göstərir. Bir sözlə, burada təkcə bu Avropa tədbirindən olduqca çox maraqlı nəticələr var. Sizi bir daha təbrik edirəm. Ümidvaram ki, çempioanatınızın son nəticələri münasibətilə də təbrik etməyə imkanım olacaqdır.

Canər Doğaneli: Cənab Prezident, icazə versəniz, ana dilimizdə, türkcə danışaram. Buradakı azərbaycanlı qardaşlarım da türkcə danışmaqdan məmnun olurlar.

Azərbaycanda, Bakıda bu çempioanatın keçirilməsi çox əhəmiyyətlidir. Türkün qonaqpərvərliyini, gücünü, belə tədbirləri keçirməyə qadir olduğunu hamıya göstərdi. Mən özüm də çox məmnunam. Bizi burada qəbul etdiyinizə görə də təkrar təşəkkür edirəm. Fəxri sədri olduğunuz "Mərmərə" Qrupu Strateji və Sosial Araşdırmalar Vakfının adından da Sizə salam gətirmişəm.

Heydər Əliyev: Siz "Mərmərə" qrupundansmız?

Canər Doğaneli: Bəli, mən bu qrupun üzvüyəm. Akkan bəy bizim Boks Federasiyasının vitse-prezidentidir. Hamıdan Sizə salam gətirmişəm.

Heydər Əliyev: Çox sağ olun. Onlar mənim dostlarımdır. Həm İstanbulda, həm də Bakıda, Azərbaycanda görüşlərim olubdur. Xahiş edirəm, məndən salamlar yetirəsiniz. Türkiyədə boksçular çoxmu?

Canər Doğaneli: Bəli, dünya çempioanatında medallar qazanmış uşaqlarımız var. Amma biz kişilər arasında keçirilən yarışlarda daha yaxşı çıxış edirik. Allahın qisməti ilə, avqustda Amerikada - Hyustonda dünya çempioanatında medal alarıq.

Heydər Əliyev: Çox yaxşı, uğurlar arzulayıram.

İqor Qaydamak: Biz Sizi müdrik siyasətçi və idmana böyük diqqət yetirən insan kimi tanıyırıq. Küçədə, şəhərdə Sizin haqqınızda elə səmimiyyətlə danışırlar və sevinirsən ki, böyük insan burada nə qədər yaxşı işlər görür. Buna görə də ümidvaram ki, Azərbaycan boksçuları burada uğurla çıxış edəcək, habelə Sidneydə olimpiya oyunlarında Azərbaycanı müvəffəqiyyətlə təmsil edəcəklər.

Heydər Əliyev: Ukrayna ilə bizim çox yaxşı, səmimi münasibətlərimiz var. İndi mən Ukrayna prezidentinin seçkiləri ilə maraqlanıram. Ukrayna Prezidenti Leonid Kuçma bizim, mənim böyük dostumuzdur, o, çox ləyaqətli insandır və Ukraynada cəmiyyətin demokratikləşməsi üçün, islahatların həyata keçirilməsi üçün çox işlər görmüşdür. Əlbəttə, Ukrayna çox geniş potensiala malik böyük ölkədir, mürəkkəb ölkədir. Ancaq kənardan bizə, xüsusən mənə göründüyü kimi, Leonid Daniloviç Kuçma layiqincə idarə edir. Buna görə də xahiş edirəm, mənim salamımı və ən xoş arzularımı Ukrayna xalqına yetirəsiniz, mən uğurlar diləyirəm ki, xalq keçid dövrünün çətinliklərini dəf edə bilsin. Bu çətinliklər hər yerdə var - sizdə də, bizdə də. Leonid Daniloviç Kuçmaya prezident seçkilərində uğurlar arzulayıram. Bilmirəm, siz kimə səs verəcəksiniz, amma mən onun tərəfindəyəm.

Hörmətli dostlar, sizinlə görüşməyə şadam. Sizə ən xoş arzularımı bildirirəm. Gəlin, sizinlə birlikdə xatirə şəkli çəkdirək.

"Azərbaycan" qəzeti, 4 avqust 1999-cu il