Novruz bayramı münasibətilə ümumxalq şənliyində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 21 mart 2001-ci il

Əziz həmvətənlər!

Bacılar, qardaşlar!

Azərbaycan Respublikasının vətəndaşları!

Mən sizi, Azərbaycanın bütün vətəndaşlarını xalqımızın bu əziz və müqəddəs Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm və hamınıza, hər bir insana, hər bir ailəyə səadət, xoşbəxtlik və gözəl gələcək arzulayıram.

Novruz bayramı qədimlərdən, ulu əcdadlarımızdan bizə yadigar qalmış bir bayramdır. Bu bayram əsrlər, minilliklər boyu yaşayıb və xalqımıza həmişə xoş əhval-ruhiyyə, ruh yüksəkliyi, səadət gətirmiş, həmişə iradə vermişdir. Bu bayram bütün bayramlardan ona görə seçilir ki, o, xalqın içindən gələn bayramdır. Hər bir insanın qəlbindən gələn, hər bir azərbaycanlının qəlbini sevindirən bayramdır. Ona görə təsadüfi deyil ki, bu bayram ərəfəsində insanlar Novruza hazırlıq görür, onu yaxşı keçirmək üçün lazımi işlər görürlər. Nəhayət, bayram günü bütün bu işlərin zirvəsinə çevrilir.

Bu bayram bizim xalqımızın ən gözəl milli dəyərlərindən, ənənələrindən, adətlərindən biridir. Dünyada hər xalqın özünəməxsus adət-ənənələri, milli dəyərləri var. Bizim xalqımızın da saysız-hesabsız milli-mənəvi dəyərləri var və biz bunlarla tarix boyu fəxr etmişik. Amma bütün bu adət-ənənələrin içərisində, bütün bu milli-mənəvi dəyərlərin içərisində ən yüksəkdə, zirvədə duranı Novruz bayramıdır.

Novruz bayramı haqqında keçmişdə də, indi də çox böyük əsərlər yazılıb, onun mənşəyi, insanlara gətirdiyi səadət, insanların həyatına verdiyi mənəvi saflıq bütün bu əsərlərdə əks olunubdur. Ancaq biz nə qədər çox yaşayırıqsa, Novruz bayramının Azərbaycan xalqı üçün, hər bir azərbaycanlı üçün nə qədər gərəkli və nə qədər sevimli olduğunu bir o qədər də hiss edirik.

Bir müddət xalqımız bu bayramı kütləvi sürətdə, ümumxalq bayramı kimi keçirməkdən məhrum olubdur. Ancaq bu, insanları heç vaxt həmin bayramdan ayıra bilməyibdir. Əgər belə kütləvi bayram tədbirləri olmayıbsa da, hər kəsin evində səməni olub, hər kəsin evində paxlava, şirni, lap belə imkansız adamın evində də bayram axşamı bizim əziz xörəyimiz olub - plov olubdur. Yəni insanlar bu bayramdan heç vaxt ayrılmayıblar. Bu gün, Azərbaycan müstəqil bir dövlət olduğu halda və bizim müstəqilliyimizin böyük gələcəyini duyaraq tam əminliklə demək olar ki, bu bayram bu gün də, gələcəkdə də bütün Azərbaycan xalqının nəsillərinin əziz və istəkli bayramı olacaqdır.

Bu gün keçirdiyimiz bayramın xüsusiyyəti bir də ondan ibarətdir ki, bu, XXI əsrin, üçüncü minilliyin birinci Novruz bayramıdır.

Bu il Azərbaycanın dövlət müstəqilliyinin onuncu ilini yaşayırıq. İlin sonunda Azərbaycanın dövlət müstəqilliyinin, istiqlaliyyətinin onuncu ildönümü böyük təntənə ilə, böyük bayram kimi qeyd edəcəyik. Bu barədə mən fərman imzalamışam. O, xalqa elan olunubdur. İndi artıq xalqımız, bütün ölkəmiz Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildönümü üçün hazırlaşmağa başlayıbdır. 1991-ci ili sonunda Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsi tarixi hadisə olmuşdur. Ancaq Azərbaycan xalqının müstəqil dövlət içərisində yaşaması, Azərbaycanın müstəqil dövlət kimi dünyada öz yerini tutması ən böyük tarixi hadisədir. Bəlkə də Azərbaycan dövlət müstəqilliyini əldə edəndə bizim on il müstəqillik şəraitində yaşamağımızı təsəvvür etməyənlər, buna inanmayanlar da vardır. Bu da əsassız deyildi. Çünki ağır bir dövr yaşayırdıq. Ancaq Azərbaycan xalqı bütün bəşəriyyət qarşısında, dünya qarşısında sübut etdi ki, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq müstəqil yaşaya bilər, öz taleyinin sahibidir. Bu gün tam əsasla demək olar ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir.

On il tarixi nöqteyi-nəzərdən az bir zamandır. Xalqımızın tarixi əsrlərlə, minilliklərlə ölçülür. Ona nisbətən on il, əlbəttə ki, az bir zamandır. Ancaq bu on ildə Azərbaycanın müstəqil dövlət kimi yaşaması və müstəqilliyini qorumağa qadir olması, onu qoruması və müstəqil dövlət kimi qarşısında qoyulmuş vəzifələri yerinə yetirməsi və dünya birliyində müstəqil dövlət kimi yaşaması, təbiidir ki, böyük bir hadisədir.

Bütün keçmiş dövrlərə nisbətən bu hadisənin qiyməti ən yüksəkdədir.

Bu on ildə bizim keçdiyimiz yol ağır, ancaq şərəfli yol olubdur. Ağır yol olub, ona görə ki, biz müstəqilliyimizi əldə edərkən Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdıq və torpaqlarımızın bir qismi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ağır dövr idi. Ona görə ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndə ölkəmizin daxilində ictimai-siyasi sabitlik olmayıb və təəssüflər olsun ki, biz o ağır dövrü yaşamışıq. O illər Azərbaycanda Ermənistanın təcavüzünə cavab vermək, torpaqlarımızı qorumaq əvəzinə, respublikamızın daxilindəki hərc-mərclik, qarmaqarışıqlıq, ayrı-ayrı silahlı dəstələrə malik olan insanların hakimiyyət uğrunda mübarizəsi ölkəmizin daxili vəziyyətini həddindən çox gərginləşdirmişdi. Ona görə də məhz belə bir şəraitdə Azərbaycan xalqının öz müstəqilliyini saxlaması, yaşaması, müxtəlif silahlı dövlət çevrilişi cəhdlərinin, vətəndaş müharibəsinin qarşısını alması ölkəmizin parçalanmaqdan xilas edilməsi və nəhayət, 1995-ci ildən başlayaraq respublikamızda daxili-ictimai siyasi sabitliyin təmin olunması, bunların əsasında isə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və gündən-günə inkişaf etməsi Azərbaycan xalqının nəyə qadir olduğunu dünyaya bir daha sübut etdi.

Son beş ildir ki, Azərbaycanda daxili ictimai-siyasi sabitlik təmin olunubdur. İnsanlarımız rahat yaşayırlar. Cinayətkar dəstələr, qruplar zərərsizləşdiriliblər. İqtisadiyyat inkişaf edir. Xalqın güzəranı gündən-günə yaxşılaşır. Son illərin bu bayram əhval-ruhiyyəsi, təkcə əhval-ruhiyyə yox, burada toplaşan, təkcə burada yox, Azərbaycanın hər guşəsində toplaşan insanların üzündə olan sevinc, təbəssüm, onların xarici görünüşü həmin bu ötən illərdə ölkəmizin əldə etdiyi nailiyyətləri əyani olaraq, hər şeydən artıq sübut edir.

Biz inkişaf yolu ilə gedirik. Ölkəmiz gündən-günə inkişaf edir və inkişaf edəcəkdir. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti xalqımızı bundan sonra da müstəqillik yolu ilə aparacaq və Azərbaycan xalqının milli mənafelərini daim müdafiə edəcəkdir.

Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti apardığı iqtisadi-sosial siyasət nəticəsində xalqın rifah halını ilbəil yaxşılaşdıracaqdır. Bizim indiyə qədər gördüyümüz işlər, iqtisadiyyatda yaratdığımız əsaslar, Azərbaycanın zəngin təbii sərvətlərinin artıq əməli surətdə xalqın mənafeyi üçün istifadə edilməsi - bunların hamısı onu göstərir və deməyə əsas verir ki, Azərbaycan xalqının, müstəqil Azərbaycanın çox xoşbəxt gələcəyi var. Mən bu gələcəyə inanıram və bu inamla da sizin etimadınızı doğrultmağa çalışıram. Azərbaycan xalqının rifah halını yaxşılaşdırmağa çalışıram. İnanıram ki, bunların hamısına nail olacağıq.

Bizim daxili vəziyyətimiz yaxşıdır. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Ən önəmli cəhət ondan ibarətdir ki, dünyada, dünya birliyində bütün dövlətlərlə münasibətlərdə Azərbaycan müstəqil xarici siyasət aparır. Bu, müstəqil xarici siyasətin əsas ana xətti, əsas mənası Azərbaycanı yüksəltmək, ölkəmizi dünya miqyasında tanıtmaq və Azərbaycan xalqının, müstəqil Azərbaycanın mənafelərini dünya miqyasında daim qorumaqdan, müdafiə etməkdən ibarətdir.

Mən əminəm ki, Azərbaycan dövlətinin heç bir dövlətdən asılı olmayan, heç bir tərəfə əyilməyən müstəqil xarici siyasəti ölkəmizi bundan sonra da dünyada daim irəli aparacaqdır.

Bizim hamımızın ən böyük problemi və deyə bilərəm ki, Azərbaycanın böyük potensialının inkişaf etdirilməsində, istifadə olunmasında bizə böyük əngəl törədən, maneçilik edən Ermənistan-Azərbaycan münaqişəsidir, Ermənistanın Azərbaycan torpaqlarının beşdə bir hissəsini işğal etməsidir, işğal olunmuş torpaqlardan bizim soydaşlarımızın zorla çıxarılması və onların ağır şəraitdə yaşaması, böyük bir hissəsinin isə 7-8 ildir ki, çox ağır şəraitdə çadırlarda yaşamasıdır.

Görürsünüz, bilirsiniz ki, biz bu məsələn həll etməyə çalışırıq. Nə qədər səylər göstəririk - bunu siz, təbiidir ki, bilə bilməzsiniz. Çünki bizim apardığımız tədbirlərin tam əksəriyyəti məxfi xarakter daşıyır. Ona görə ki, o tədbirlərin nəticəsi əldə olunandan sonra bunu biz xalqa aça bilərik. Ancaq son zamanlar Azərbaycanın Milli Məclisində biz indiyə qədər gördüyümüz işlər haqqında hesabat verdik. Yaranmış vəziyyəti xalqımıza açdıq, bildirdik. Məsələnin nə qədər ağır, nə qədər çətin olduğunu insanlar artıq dərk edə bilirlər. Ancaq biz bu addımı ataraq, eyni zamanda münaqişəni sülh yolu ilə həll etmək üçün yeni cəhdlər göstərmək məqsədi daşıyırıq.

Bilirsiniz ki, son vaxtlar, qısa müddətdə mən Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar yaranmış Minsk qrupunun həmsədrlərindən biri olan Fransaya iki dəfə səfər etdim. Orada həm Fransa prezidenti cənab Jak Şirakla, həm də Ermənistan prezidenti ilə çox gərgin danışıqlar apardım. Ondan sonra Minsk qrupunun üzvü olan və Azərbaycan xalqının yaxın dostu, qardaşı olan Türkiyəyə səfər etdim. Orada bir həftə müddətində həm Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün müştərək işlər gördük, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması yollarını müzakirə və təhlil etdik.

Aprel ayının əvvəlində mən Amerika Birləşmiş Ştatlarına dəvət olunmuşam. Minsk qrupunun həmsədrlərindən biri kimi Amerika Birləşmiş Ştatlarının hökuməti təkcə özü yox, Minsk qrupunun başqa həmsədrləri ilə - yəni Rusiya, Fransa ilə birlikdə məsələnin həll olunması üçün yeni tədbirlər həyata keçirmək fikrindədir. Biz bunların hamısına ümidlə baxırıq. Amma bilin, bütün bu danışıqlarda, hansı beynəlxalq təşkilatda olursa-olsun, hansı böyük dövlətlə danışırıqsa, danışaq, biz heç vaxt Azərbaycanın milli mənafeyinə zərər gətirən bir şeyə yol verməmişik və bundan sonra da verməyəcəyik.

Bizim xalqımızın, millətimizin, Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Ermənistan silahlı qüvvələrini işğal etdikləri torpaqlardan çıxarmaq, yerindən-yurdundan didərgin düşmüş bir milyona qədər vətəndaşımızı, azərbaycanlıları öz yerinə, yurduna qaytarmaqdan ibarətdir.

Ancaq təəssüflər olsun ki, keçmiş zamanlarda buraxılmış səhvlər və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin bir qismini işğal etməsi bu məsələnin həllini çətinləşdiribdir. Nə qədər çətin olsa da, biz bu məsələni həll etməyə çalışırıq, çalışacağıq və inanıram ki, buna nail olacağıq.

Biz sülh yolu ilə gedirik. Yenidən müharibənin başlanmasını biz istəmirik. Ümid edirəm ki, məsələnin sülh yolu ilə həll edilməsinə nail olacağıq. Amma xalqımız bilir və xalqımızın əhval-ruhiyyəsi də mənə məlumdur, əgər Azərbaycanın işğal olunmuş torpaqları sülh yolu ilə azad olmasa, biz nəyin bahasına olursa olsun, Azərbaycan xalqının iradəsini, öz gücümüzü göstərəcəyik. İşğal olunmuş torpaqlarımızın hamısını öz gücümüzlə, öz ordumuzla azad edəcəyik.

Əziz dostlar, indi Azərbaycanın hər bir guşəsində Novruz bayramı böyük vüsət alıbdır. Bakıda, başqa şəhərlərdə, qəsəbələrdə, kəndlərdə böyük şənliklər keçirilir. Ancaq məni incidən, güman edirəm ki, sizi də ağrıdan odur ki, bizim bacı-qardaşlarımızın bir qismi bu bayramı çadırlarda ağır şəraitdə keçirirlər. Amma mən bilirəm, o şəraitdə də onlar sarsılmırlar, bu bayramı keçirir və inanırlar ki, qısa bir zamandan sonra bunu öz doğma torpaqlarında keçirəcəklər.

Bu gün sizin hamınızı təbrik edərək, qəlbimdən gələn ən səmimi təbrikləri çadır şəhərciklərində, ümumiyyətlə, ağır şəraitdə yaşayan, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımıza göndərirəm. Şəhid ailələrini bu bayram münasibətilə təbrik edirəm və onları əmin edirəm ki, Azərbaycan xalqı, dövləti bundan sonra da onlara daim qayğı göstərəcəkdir. Torpaqlarımızın müdafiəsi yolunda şikəst, əlil olmuş insanlar da bizim cəmiyyətimizin hörmətli vətəndaşlarıdır. Onlara qayğı, diqqət bundan sonra da daim artacaqdır.

Bu bayram bizim hamımızı bir daha birləşdirir, yekdil edir. Kimsə bu milli birlik, həmrəylik, həqiqi milli dostluq məqsədlərimizə mane olmaq istəyirsə, onlar buna nail olmayacaqlar. Bizim bu illərdə əldə etdiyimiz ən böyük nailiyyət ondan ibarətdir ki, Azərbaycan xalqı birləşib, ölkəmizdə milli birlik yaranıb, insanlarımız bir-birinə dayaqdır. Bu birlik, həmrəylik, Azərbaycan xalqının müstəqil Azərbaycan dövlətinə olan inamı, Azərbaycan dövlətinin isə xalqın, millətin mənafelərinə, dövlət müstəqilliyinə olan sədaqəti bizi bundan sonra da irəli aparacaq, bizi yüksəldəcək, xalqımız daha da firavan yaşayacaqdır. Hər adamın qarşısında duran vəzifəni yerinə yetirmək üçün şərait yaradılacaqdır. Amma ən əsası ondan ibarətdir ki, ölkəmizi qoruyub saxlayaq, müstəqilliyimizi qoruyaq saxlayaq, hər bir Azərbaycan vətəndaşı müstəqil Azərbaycanda azad, sərbəst yaşasın və öz arzularına çatsın.

Mən sizin hamınıza bu arzularınıza çatmaqda uğurlar diləyirəm. Novruz bayramı münasibətilə hər birinizi bir daha təbrik edirəm. Hər birinizə səadət, xoşbəxtlik arzulayıram. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 23 mart 2001-ci il.