Xalq şairi Balaş Azəroğluna - Bakı şəhəri, 17 mart 1997-ci il

Hörmətli Balaş Azəroğlu!

Sizi - müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsini anadan olmağınızın 75 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz xalqımızın əhval-ruhiyyəsini, fikir və düşüncələrini, azadlıq ideallarını öz yaradıcılığında daim əks etdirən xoşbəxt sənətkarlardansınız. Zəngin qədim ədəbi ənənələrə, xəlqiliyə, humanizmə əsaslanan əsərləriniz hər bir azərbaycanlının mənəviyyat aləminə daxil olmuşdur.

Şair olmaqla yanaşı, Siz Azərbaycan ədəbiyyatının nüfuzlu tədqiqatçısı kimi də respublikada yaxşı tanınırsınız. Keçdiyiniz şərəfli sənət yolunun ayrılmaz bir hissəsini təşkil edən çoxşaxəli ictimai fəaliyyətiniz də mübariz həyat mövqeyinizi özündə əks etdirir.

İnanıram ki, əsl vətənpərvərlik duyğuları tərənnüm edən sənətiniz azadlıq və istiqlaliyyət məfkurəsi ətrafında bütün azərbaycanlıların daha sıx birləşməsi işinə bundan sonra da xidmət edəcəkdir.

Sizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.