Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq şairi Xəlil Rza Ulutürklə vidalaşma mərasimində çıxışı - 24 iyun 1994-cü il

Ağır dövrdə yaşayan Azərbaycan bu gün böyük bir matəmə bürünmüşdür. XX əsrdə Azərbaycanın görkəmli simalarından biri - şair, yazıçı, filosof, alim, xalq azadlığı uğrunda fədakar mübariz, böyük vətəndaş Xəlil Rzanı itirmişik. Bu, böyük itkidir. Son illər xalqımız faciələr içərisində yaşayır. Lakin Xəlil Rza kimi şəxsiyyətlər, böyük insanlar xalqımızı daim ruhlandırmış, mübarizəyə dəvət etmiş, milli azadlıq uğrunda öz mübarizəsi ilə nümunə göstərmişlər.

Xəlil Rzanın Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Onlar heç vaxt unudulmayacaq. Xəlil Rza xalqımıza böyük ədəbi irs qoymuş, mədəniyyətimizi, ədəbiyyatımızı zənginləşdirmişdir.

Xəlil Rza Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin on cərgələrində getmiş, bu mübarizəyə qalxmış gənclərimizə həm alim, həm şair kimi, həm də hörmətli bir insan kimi örnək olmuşdur. O, daim Azərbaycanın müstəqilliyi duyğuları ilə yaşamış, həyatının şüurlu hissəsini buna nail olmağa sərf etmiş, böyük xidmətlər göstərmişdir. Allaha şükürlər olsun ki, o, Azərbaycanın müstəqilliyinin şahidi olmuş, bunu görmüşdür. Xəlil Rza bir vətəndaş, bir insan kimi bütün xüsusiyyətləri ilə həmişə sevilmişdir. Mən daim onun yaradıcılığına, insanlığına, vətəndaşlığına, ən çox da cəsurluğuna, əyilməzliyinə, öz ideyalarından dönməzliyinə hörmət etmişəm, onu yüksək qiymətləndirmişəm. Ona görə də bu itki bütün Azərbaycan xalqı kimi, mənim ucun də böyük bir itkidir. Güman edirəm ki, Xəlil Rzanın parlaq həyatı, onun böyük vətəndaşlığı, milli azadlıq uğrunda mübarizliyi bütün azərbaycanlılar ucun nümunə olacaqdır.

Əminəm ki, Xəlil Rza Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Mən bu gün Xəlil Rzanın cənazəsi qarşısında baş əyirəm. Allah ona rəhmət eləsin. Mən onun ailəsinə başsağlığı verirəm. Bu böyük itki münasibətilə bütün Azərbaycan xalqına başsağlığı verirəm. Başınız sağ olsun. Allah xalqımıza səbirlər versin. Allah Xəlil Rzaya rəhmət eləsin.