Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan İslam Respublikasına rəsmi səfəri (9-11 aprel 1996-cı il)

Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar. İki ölkə arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr çərçivəsində çox intensivdir. Tərəflər birgə təmsil olunduqları beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, Kəşmir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemlərinə eyni mövqedən yanaşır və onların beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardırlar.

1996-cı ilin aprelində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Fərrux Əhməd Xan Leqarinin dəvətilə bu ölkəyə rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında əvəzsiz rol oynayıb.

Heydər Əliyev iki ölkə arasında münasibətlkəri belə səciyyələndirib: «Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimiz üzərində qurulur. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyi haqqında bəyanat verdikdən sonra Pakistan ölkəmizin öz müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Sonrakı dövrdə, xüsusən axırıncı illərdə də Pakistanla Azərbaycan arasında çox yaxşı əlaqələr yaranıbdır».

Səfərin ilk günü aprelin 9-da Azərbaycan və Pakistan prezidentlərinin görüşü olub. Görüşdə tərəfləri maraqlandıran məsələlər və ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunub. Daha sonra Pakistan Prezidentinin adından Azərbaycan Prezidentinin şərəfinə ziyafət verilib.

Aprelin 10-da Azərbaycan Prezidenti Heydər Əliyev Pakistanın Baş naziri Benəzir Buhutto ilə görüşüb. Görüşdən sonra Azərbaycan – Pakistan sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə Azərbaycan və Pakistan arasında dostluq və əməkdaşlıq haqqında müqavlə, ticarət, vergi, səhiyyə, turizm sahəsində sazişlər imzalanıb.

Mərasimdən sonra baş tutan Azərbaycan Prezidentinin və Pakistan Baş nazirinin birgə mətbuat konfransında qeyd olunub ki, iki ölkə arasında imzalanmış 9 saziş Pakistan-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün çox böyük yollar açır və gözəl şərait yaradır.

Elə həmin gün Heydər Əliyevin şərəfinə xanım Benəzir Buhutto tərəfindən ziyafət verilib. Ziyafətdə çıxış edən Prezident Heydər Əliyev qeyd edib: «Apardığımız danışıqlar göstərir ki, Pakistan-Azərbaycan münasibətlərinin çox böyük perspektivi, gələcəyi var. İqtisadi əlaqələrin inkişaf etdirilməsində müştərək nailiyyətlər əldə edə bilərik. Müştərək işlər görülməsi üçün mən Pakistan nümayəndələrini Azərbaycana dəvət etmişəm və bu gün də dəvət edirəm. Əmin ola bilərsiniz ki, biz bu əməkdaşlığın inkişafı üçün səylərimizi əsirgəməyəcəyik».

Aprelin 11-də Azərbaycan Prezidenti Heydər Əliyev Pakistan televiziyasına müsahibə verərək səfərin nəticəsindən razı qaldığını vurğulayıb.

Azərbaycan Prezidenti səfər dövründə həm də Lahor şəhərinə səfər edib, şəhərin qədim memarlıq və dini abidələri ilə tanış olub. Həmin gün Lahordan Bakıya yola düşməzdən əvvəl aeroportda pakistanlı jurnalistlərin suallarını cavablandırıb.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan İslam Respublikasına bu səfəri ikitərəfli münasibətləri daha da intensivləşdirib.