Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"Merxav\" şirkətinin prezidenti İosif Mayman başda olmaqla İsrail nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 16 fevral 1999-cu il

Heydər Əliyev: Mən sizinlə görüşümü xatırlayıram, siz onda kənd təsərrüfatı işləri ilə məşğul olurdunuz. Biz sizinlə əməkdaşlıq etmək istəyirdik. Ancaq sonra nədənsə bu, davam etmədi.  

İosif Mayman: Mən prezidentlə həmin görüşümü unutmamışam. Sizinlə görüşmək mənim üçün o zaman da böyük şərəf idi, indi də böyük şərəfdir. Biz regiona başqa layihə ilə gəlmişdik, sonra isə neftayırma zavodları ilə məşğul olmağa başladıq. Lakin hesab edirik ki, prezidentlə, ümumiyyətlə bu ölkə ilə əməkdaşlığımız daha da artmalıdır. Əgər prezident izn versəydi, mən deyərdim ki, Bakı beş il əvvəlkindən daha gözəldir.

Cənab prezident, icazə verin Sizə İsrail rəsmi şəxslərinin salamlarını yetirim. Bu salamlar həm hökumət, həm də müxalifət adındandır. Həm cənab Peres, həm də cənab Netanyahu Sizə salam göndərirlər və Sizin haqqınızda çox yüksək fikirdədirlər. Onların hər ikisi bizim şirkətin burada olmasından xəbərdardır. İsrail ilə Azərbaycan arasında tarixi əlaqələr var, Azərbaycanda yəhudilərə münasibət çox gözəldir. Bu əlaqələr yalnız tarixlə bağlı deyil, eyni zamanda Azərbaycanın strateji əhəmiyyətini İsraildə anlamaqdan irəli gəlir. Ötən illər ərzində Sizin ölkədə prezidentin nail olduğu nəticələrə İsraildə böyük hörmət var. Yeri gəlmişkən, biz eyni sözləri, fikirləri Vaşinqtonda da eşidirik, Vaşinqtonda da Azərbaycanı regional, əsas qüvvə kimi görürlər. Əlbəttə ki, Birləşmiş Ştatların Şərq-Qərb dəhlizi siyasəti üçün bu, müstəsna əhəmiyyətə malikdir.

Məlumdur ki, Azərbaycan neft ixrac edən ölkədir, gələcəkdə həm də böyük qaz hasilatçısı olacağı nəzərdə tutulur. Bizim zənnimizə görə Azərbaycan gələcəkdə regionda nələr baş verəcəyini özü həll edəcəkdir.

Əgər prezident icazə versəydi, mən bir şirkət kimi fəaliyyətimiz haqqında söhbət açardım. Biz kənd təsərrüfatı layihələri ilə işə başlayaraq, sonra enerji sahəsində fəaliyyətimizi genişləndirmişik. Həm Misir hökuməti, həm də İsrail hökuməti bizə inanaraq ilk birgə müəssisə yaratmağımıza yardım göstərmişlər. Bu, 1,2 milyard dollarlıq layihədir və müəssisə Misirin İsgəndəriyyə şəhərində tikiləcəkdir. Biz bu sahədə Misir hökuməti ilə əməkdaşlıq edirik və zavodun 20 faizi bizə məxsusdur. Əlbəttə, bu yalnız iqtisadi sərmayə deyil, eyni zamanda İsrail ilə Misir arasında strateji əlaqələr baxımından böyük əhəmiyyət daşıyır və hər iki ölkə üçün sərfəlidir.

İşimizin ikinci mərhələsində Misirdən İsrailə qaz kəməri çəkəcəyik, eyni zamanda Misirin elektrik stansiyalarından İsrailə enerji veriləcəkdir. Bu layihə Misirdə prezident səviyyəsində təsdiqlənib, onun dəyəri 1,5 milyard ABŞ dollarıdır. Qarşıdakı üç-altı ay müddətində qalan formal cəhətləri həll edəcəyik ki, layihəni həyata keçirməyə başlayaq. Layihəyə bir sıra ölkələrdən şirkətlər qoşulublar. Çox əlverişli maliyyələşdirmə şərtləri irəli sürülür. Bizə on üç il müddətinə vəsait verirlər və qaytarılma müddəti yalnız üç ildən sonra başlayır.

Bizi bir növ opera müğənnisinə də bənzətmək olar, ancaq hələ ki, \"La skala\" teatrında oxuyan müğənni deyilik. Biz öz işimizi, layihəmizi Azərbaycana gətirməyincə, burada işləməyə başlamayınca, hələ bu \"opera\"nın pərdələri açılmayıbdır. Cənab prezident, ümid edirik ki, Azərbaycandakı layihələrdə iştirak edə biləcək və Sizin etimadınızı doğruldacağıq.

Heydər Əliyev: Baş nazir cənab Netanyahudan və keçmiş baş nazir cənab Şimon Peresdən gətirdiyiniz salamları böyük məmnuniyyətlə qəbul edirəm. Mənim salamlarımı və xoş arzularımı onlara çatdırın.

Sizi çox məmnuniyyətlə dinlədim. Şadam ki, Azərbaycanın bugünkü çox mühüm strateji vəziyyəti və eyni zamanda Azərbaycanda görülən işlər İsraildə və Amerika Birləşmiş Ştatlarında, Vaşinqtonda diqqət və maraq doğurur.

Öz şirkətiniz haqqında verdiyiniz məlumatlar da mənim üçün çox maraqlıdır. Beş il öncə mən sizinlə ilk dəfə görüşəndə həqiqətən kənd təsərrüfatı ilə məşğul idiniz. İndi isə neftayırma, qaz kəməri, elektrik stansiyaları kimi çox mühüm işlərlə məşğulsunuz. Bu işlərdə sizə uğurlar arzulayıram.

Azərbaycana göstərdiyiniz maraq da mənim üçün əhəmiyyətlidir. Bilirsiniz ki, beş ilə yaxın müddətdir ki, dünyanın çox böyük neft şirkətləri və başqa şirkətləri Azərbaycana gəliblər və bizimlə əməkdaşlıq edirlər. Artıq biz bu əməkdaşlığın çox gözəl bəhrələrini görürük. Sizin də Azərbaycanda işləmək arzunuzu mən tam müsbət qəbul edirəm. Bu barədə konkret fikirlərinizi də dinləməyə hazıram.

İosif Mayman: Yuxarı səviyyədə olan güclü əməkdaşlığı aşağı səviyyələrdə də qarşılıqlı surətdə genişləndirmək həm ölkələrimizin, həm də Amerikanın, Türkiyənin maraqlarına uyğundur. Gələcəkdə yalnız Azərbaycanın məhsullarını deyil, eyni zamanda Qazaxıstanın, Türkmənistanın və Orta Asiyadakı digər ölkələrin də məhsullarını Avropa bazarlarına çıxarmaq məsələsi qarşıda durur.

Biz Türkmənistanda bir neçə layihəni uğurla bitirdikdən sonra bizdən xahiş olundu ki, Transxəzər haqqında da düşünək. Azərbaycanda gedən işlərdən kifayət qədər xəbərdarıq və xüsusilə də prezidentin sayəsində Azərbaycana cəlb olunan xarici investisiyalar münasibətilə Sizi təbrik etmək istəyirəm. Vaşinqtonda olarkən bütün səviyyələrdə daim hiss edirdik ki, Azərbaycanın adı böyük rəğbətlə qarşılanır və Azərbaycan Vaşinqtonda müxtəlif dairələrdə daha çox dəstək almağa başlayır.

Prezident Niyazov bizdən həmin layihənin nə dərəcədə real olmasını öyrənməyi xahiş etdi. Biz də həmin layihənin yerinə yetirilməsinə kifayət qədər əmin olmayınca buraya gəlmək fikrində deyildik. Bu gün artıq qəti fikirdəyik ki, burada bir sıra ideyaları prezidentin qarşısına çıxara bilərik, çünki onlar kifayət qədər real layihələrdir. Əlbəttə, Sizin razılığınızı almamış biz heç nə həll etməmişik. Cənab prezident, ona görə də qərara aldıq ki, Sizinlə görüşək, bütün alternativ variantları müzakirə edək. Sizə məlum olduğu kimi, müxtəlif layihələr, marşrutlar üstündə çoxlu rəqabət vardır. Ona görə də Transxəzər qaz layihəsində iştirak etməkdən ötrü prezidentin icazəsini istəyirik. Elə bilirik ki, bu vasitə ilə Türkmənistan qazını və gələcəkdə gözlənilən Azərbaycan qazını Türkiyəyə, oradan da Avropa bazarlarına çıxarmaq mümkün olacaqdır. Biz tam inanırıq ki, ABŞ hökumətinin bu layihəyə bütün səviyyələrdə xeyir-duası vardır. Eyni zamanda Türkiyə rəsmiləri də bu işə xeyir-dua veriblər. Mən elə bilirəm ki, bununla biz gələcəkdə nəzərdə tutulan Bakı-Ceyhan xəttini iqtisadi cəhətdən indidən cəlbedici edirik.

Onu da demək istəyirəm ki, biz Birləşmiş Ştatlar Hökumətinin iqtisadi dəstəyini də almışıq. ABŞ-ın Eksimbankı ümumi dəyəri 3 milyard dollar olan layihənin 1 milyard dollarını maliyyələşdirməyə hazır olduğunu bildiribdir. Eyni zamanda ABŞ-ın OPEK kreditləmə şirkəti də, digər böyük maliyyə qurumları da bu layihəni dəstəkləmişlər.

Biz ilkin araşdırmaları da bitirmişik. İlkin mərhələdə Türkmənistandan Türkiyəyə satılacaq qazın həcmi haqqında razılıq əldə olunmuşdur. Elə bilirəm ki, prezidentə məruzə etməyin vaxtı gəlib çatmışdır. Biz gələcəkdə iş strategiyamız haqqında prezidentə məruzə edəcəyik, eyni zamanda Azərbaycanın da bu çoxmilli layihədə iştirakı barədə ona məlumat verəcəyik.

Heydər Əliyev: Sizin planlaşdırdığınız bu iş çox mühüm bir işdir. Biz Xəzər dənizinin neft və qaz yataqlarının xarici şirkətlərlə müştərək işlənilməsi və gələcəkdə hasil olunacaq neftin və qazın dünya bazarlarına çıxarılması ilə əlaqədar geniş proqram tutmuşuq və onu həyata keçiririk. Hesab edirəm ki, son illərdə Azərbaycanın gördüyü ən böyük işlərdən biri Xəzər dənizinin neft-qaz yataqlarını dünyaya tanıtmaq və dünya ölkələrinin şirkətlərini Xəzərə cəlb etməkdən ibarət olmuşdur. 1994-cü ilin sentyabr ayında biz ilk böyük müqaviləni imzaladıq, ona \"Əsrin müqaviləsi\" adı verilibdir. Bu müqavilənin həyata keçirilməsi nəticəsində 1997-ci ilin noyabr ayında biz Xəzərin Azərbaycan sektorunda \"Çıraq\" yatağından neft hasil etməyə başladıq. Onun ixracı üçün biz bir neft kəməri çəkmişik. Bu, Bakı-Novorossiysk kəməridir. \"Çıraq\" yatağından hasil olunan nefti bu kəmər vasitəsilə dünya bazarına çıxarırıq. İkinci neft kəmərini Bakı-Supsa marşrutu ilə tikirik. Bu neft kəməri də artıq tikilib və aprel ayında biz onu istismara verəcəyik.

Bununla yanaşı, 1994-cü ildə imzalanmış müqavilədə nəzərdə tutulmuşdur ki, neftin dünya bazarlarına ixracı üçün əsas, böyük neft kəməri tikilməlidir. Biz bu neft kəmərini Bakı-Ceyhan marşrutu əsasında çəkməyə hazırlaşırıq. Keçən il oktyabr ayının 29-da biz - Türkiyə, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Gürcüstan Ankarada böyük bir bəyannamə, Bakı-Ceyhan neft kəmərinin tikilməsi haqqında bəyannamə imzaladıq. Türkmənistan da bu bəyannaməni imzalamalı idi, amma hələ ki, bundan vaz keçdi, imzalamadı. Ancaq eyni zamanda həmin gün Ankarada Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Türkiyəyə ixrac olunması haqqında Türkiyə ilə Türkmənistan arasında bir saziş imzalandı. Bunların imzalanmasında Amerika Birləşmiş Ştatları da fəal iştirak etmişdir. Amerika Birləşmiş Ştatlarının enerji naziri cənab Riçardson bizim bəyannaməyə öz imzasını qoymuşdur. Amerika Birləşmiş Ştatları həm Bakı-Ceyhan boru xəttinin tikilməsini, həm də Türkmənistan-Türkiyə qaz kəmərinin çəkilməsini dəstəkləmişdir.

İndi mən görürəm ki, Türkmənistan-Türkiyə qaz kəmərinin tikilməsi ilə məşğulsunuz. Bu münasibətlə mən sizi təbrik edirəm. Prezident Niyazov mənə sizin haqqınızda bir məktub göndəribdir. O, sizi mənə təqdim edir və sizinlə görüşüb bu məsələni müzakirə etməyi xahiş edir. Bu barədə prezident Şevardnadze də mənə telefon etmişdir. Siz onunla da görüşmüsünüz. O da məndən xahiş etmişdir ki, sizinlə görüşüm. Mən prezident Niyazovun məktubunu da qəbul etmişəm və prezident Şevardnadzenin xahişini də çox diqqətlə qəbul etmişəm. Ancaq düşündüm ki, mən sizinlə çoxdan tanışam, o vaxt heç Niyazov da yox idi, Şevardnadze ilə də tanış deyildiniz. Amma indi siz axırda buraya gəlmisiniz. Mən başa düşdüm, siz məsələləri əvvəl orada həll etmək, sonra mənim yanıma gəlmək istəmisiniz.

İosif Mayman: Cənab prezident, biz istədik ayrı-ayrılıqda bütün məsələlər həll olunsun, sonra Sizin yanınıza gələk.

Heydər Əliyev: Düz eləmisiniz, çünki əsas onlarla həll etmək lazımdır.

İosif Mayman: Cənab prezident, bizə məlumdur ki, buraya çoxlu şirkətlər gəlir, müxtəlif adamlar müxtəlif ideyalarla gəlirlər. Təəssüf ki, o ideyaların hamısını gerçəkləşdirmək mümkün olmur. Ona görə də biz qərara aldıq ki, əvvəlcə ayrı-ayrılıqda bütün məsələləri həll edək, sonra isə Sizin yanınıza gələk.

Heydər Əliyev: Düz eləmisiniz, çünki Türkmənistan qazının sahibi Türkmənistandır, Türkmənistan prezidentidir. Əgər o, bu marşrutla Türkmənistan qazını Türkiyəyə çıxarmaq istəyirsə, şübhəsiz ki, biz bu məsələni müzakirə edə bilərik. Mən anladım ki, Türkmənistan prezidenti bu barədə qərar veribdir.

İosif Mayman: Türkmənistanda strateji qərar çıxarılıbdır. Onların da qərarı belədir ki, müxtəlif boru kəmərlərindən istifadə etsinlər. Əfqanıstan və Pakistandan keçməsi nəzərdə tutulan xətlə bağlı işlər onların gözlədiyindən bir qədər yavaş gedir. Ona görə biz alternativ xətt kimi Xəzər dənizinin dibindən keçən kəməri təklif etdik. Hazırda prezident Niyazovun Transxəzər layihəsi barədə fikri qətidir. Biz də o fikirdəyik ki, bu layihə qarşılıqlı surətdə əlverişli olduğu təqdirdə uğurlu ola bilər. Doğrudur, bizim Türkmənistan qazını Türkiyəyə ixrac etmək istəyimiz var. Lakin eyni zamanda biz Azərbaycana yalnız tranzit ölkə kimi baxmırıq. Gələcəkdə Azərbaycanın məhsulunu da Türkiyəyə və oradan dünya bazarlarına çıxarmaq fikrindəyik. Fikrimizcə, Azərbaycan bu layihənin çox fəal tərəfdaşı olacaq və qərar çıxarılmasında mühüm rol oynayacaqdır. Əlbəttə, bu layihə tam hazır olmayana qədər mən prezidentə heç bir şey deyə bilmərəm.

Heydər Əliyev:Əgər prezident Niyazov bu barədə qəti qərar qəbul edibsə, mən buna müsbət baxıram və sizə deyirəm ki, Türkmənistan-Türkiyə qaz kəmərinin Azərbaycan ərazisindən keçməsinə razıyam. Bu məsələni konkret müzakirə edə bilərik. Gələcəkdə Azərbaycan qazının da Türkmənistan-Türkiyə kəməri vasitəsilə dünya bazarına çıxarılması barədə təklifinizə da baxıb öz fikrimizi deyə bilərik. Bu gün Türkmənistanın qazı var, biz isə gələcəkdə böyük miqdarda qaz hasil edəcəyik. Ona görə də Azərbaycan qazının dünya bazarına çıxarılması vəzifəsi də bizim qarşımızda durur, bu barədə sizinlə əməkdaşlığımızı müzakirə edə bilərik.

\"Azərbaycan\" qəzeti, 17 fevral 1999-cu il.