Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Londondan Bakıya qayıdarkən Binə Hava Limanında çoxsaylı jurnalistlərin suallarına cavabı - 29 sentyabr 2000-ci il

Sual: Cənab Prezident, biz Sizi Azərbaycanda görməkdən çox şadıq. Sizin yolunuzu çox böyük həsrətlə gözləyirdik. Yayılan yalan şayiələrdən, qərəzli xəbərlərdən Azərbaycan xalqı böyük həyəcan içində idi. Sizə \"Həmişə ayaq üstə\" deyirik. Sizcə bu şayiələrin yayılması düşünülmüş təxribat idi, yoxsa təsadüfi xarakter daşıyırdı?

Cavab: Əlbəttə, bu, təsadüfi xarakter daşımır. Yəqin ki, bunu araşdırmaq lazımdır və biz araşdıracağıq.

Bunlar ilk dəfə hansı mənbədən çıxıb, onu tapacağıq. Londonda oteldə axşam gəlib mənimlə görüşmək istədilər. Amma gec idi. Mən səhər çıxanda beş-altı nəfər, o cümlədən ORT-dən nümayəndələr var idi, çəkirdilər. Onlar da soruşurlar ki, bu nə məsələdir, nədir? Mən də dedim - gülə-gülə - bilirsiniz nə var: iş bundadır ki, doğrudan mən orada olanda dedim, \"Bir gedim o dünyanı görüm, nə var, nə yox. Getdim, iki gün gəzdim, onlarla tanış oldum. Azərbaycandakı vəziyyət haqqında söhbət etdik. Dedilər ki, narahat olmayın, biz buradan baxırıq. Azərbaycanda hər şey yaxşıdır və biz sənə deyirik ki, sənin işlərin həmişə yaxşı gedəcəkdir. Ancaq dedilər - oradakılar cəhənnəmlə cənnətin başçıları idilər - o bədxahlar, filanlar ki, var, biz qərar qəbul etmişik, onlar mütləq buraya gələcəklər. Gələndə onları cəhənnəmdə xüsusi bir kameraya yerləşdirəcəyik ki, bir dəqiqənin içində yox olsunlar\".

Sual: Cənab Prezident, indi özünüzü necə hiss edirsiniz?

Cavab: Yaxşı hiss edirəm. Rusiyanın müxbirləri mənə cürbəcür suallar verdilər ki, - Bəlkə indi siz vermirsiniz - bəs bu nədir, niyə belədir? Birincisi bildirir ki, deyirlər bunu Heydər Əliyev özü qəsdən edibdir. Görsün ki, orada nə var, nə yox. İkincisi deyir ki, Heydər Əliyev istəyibdir respublikada sabitliyi yoxlasın və s. Mən dedim ki, sabitlik Azərbaycanda sabitdir. Ona görə bunu yoxlamağa ehtiyac yox idi. Ancaq onlar dedilər, bizim Azərbaycanda da deyirlər: şər deməsən, xeyir gəlməz. Bu atalar sözü ondan ibarətdir ki, kiminsə sağlığında ölüm xəbəri çıxırsa, o adamın ömrü uzun olur. Mənim Amerikaya getməyimi, səfərimin proqramını siz bilirsiniz. Bir də təkrar etmək istəyirəm, ümumiyyətlə, mən Amerikaya gedəndə fikrim var idi ki, geriyə dönəndə üç-dörd saatlıq Klivlendə gedim. Mən fevralda da oraya getmişdim. Çünki onlar da dedilər, mən də deyirdim, yaxşı olar ki, birinci müddət yoxlayaq, baxaq, görək nə var, nə yox. Amma mən ayın 6-da axşam, BMT-nin iclasının birinci günü özümdə üşütmə hiss etdim. Ancaq əvvəllər də dəfələrlə belə olubdur, mən belə hallara heç fikir verməmişəm.

Ayın 7-də səhər BMT-də mənim çıxışım var idi. Yəqin ki, onu veriblər, eşitmisiniz. Çıxış etdim, ondan sonra bir neçə görüşlərim var idi. Axşama qədər biz məşğul olduq. Axşam isə Amerikanın prezidenti cənab Klinton ziyafət verirdi. Qızımla oraya getmişdim. Ayın 8-də səhər həkim mənə baxdı, dedi ki, çox ciddi qrip var və bir də üşütmə var. Ola bilər, bunun pis nəticəsi olsun. Gəlin proqramı dayandıraq. Ancaq mənim Vaşinqtonda proqramım var idi. Orada bizim Ticarət Palatasının beş illiyi qeyd olunurdu, konfrans keçiriləcəkdi. Oraya adamlar, çox böyük şirkətlərin nümayəndələrini çağırmışdılar. Dedim ki, onlar hamısı mənimlə görüşməyə, məni dinləməyə gəlirlər. Mən oraya getməsəm, düzgün olmaz. Dedim ki, gedirik.

Mən Amerikaya keçən dəfə, 1997-ci ildə gedəndə ABŞ-ın keçmiş prezidenti Corc Buş məktub göndərdi ki, əgər imkanınız olsa, mənim yaşadığım yerə gəlin, qonağım olun. O vaxt bunu edə bilmədim və məktub yazdım, üzr istədim. Vaxt olmadı. Amma indi yenə gördüm ki, bu məsələ qalxıbdır. O, Portlenddə olur, Vaşinqtondan daha da şimaldadır. Okeanın kənarında özünəməxsus bir malikanəsi var. Amma mən sizə deyim ki, bizim bu Maştağada, Bilgəhdə və s. tikilən malikanələrin yanında o, elə bil ki, birotaqlı panel evdir. Bilirsiniz, insanlar belədir. Onlar zəngin adamlardır. Zəngin adamlar yüksək mədəniyyətə malik olurlar. Buş özü kasıb adam deyil, uzun illər böyük işlərdə işləyibdir. Ancaq onlar hesab etmirlər ki, bəzənmək, geyinmək, filan, feşməkan - bunlar həyatın mənasıdır. Həyatın mənası deyildir. Həyatın mənası - mənəviyyatdır. Mən otelə gəldim. Bir saat sonra xəbər verdilər ki, Buş məni aparmağa gələcəkdir. Bir saatdan sonra dedilər, gəlibdir, ancaq otelin yaxınlığında qayıqdadır. İstəyir ki, sizi okeanda qayıqda gəzdirsin. Qayığı da özü sürür, heç kəs yoxdur. Gəldim, balaca bir qayıqdır. Orada bir o, bir mən, bir də iki-üç nəfər bizim uşaqlar idik. Sürdü, oraları göstərdi, izahat verdi. Bəzi hallarda da çox yüksək sürət verirdi ki, mən görüm, hansı sürətlə gedir.

Sonra onun evinə gəldik. Orada beş saat çox ətraflı söhbət elədik. Amerikanın bir neçə böyük siyasi xadimləri də var idi. Söhbət etdik. Ondan sonra mən otelə gəldim. Həkim mənə dedi ki, sizin vəziyyətiniz çətinləşir, üşütmə, ola bilər, daha da pis nəticə versin. Qrip də var, hərarətiniz də var. Gəlin Vaşinqtona getməyək, elə buradan uçaq. Dedim, yox. Mən həyatım boyu öz sağlamlığımı, başqa şəxsi işlərimi ümumi işə qurban vermişəm. Mən bunu edə bilmərəm.

Getdik Vaşinqtona. Orada həftənin birinci günü, sentyabrın 11-də səhər tezdən Ticarət Palatasının konfransı idi. 400-ə qədər adam toplaşmışdı. Gəldim, orada nitq söylədim. Yəqin ki, televiziya ilə onu da veriblər. Gördünüz və hiss etdiniz ki, orada çox cəsarətli sözlər dedim. Ticarət Palatası orada yeni bir bina götürübdür. Onun açılışı olmalı idi. Gəldilər ki, bəs, gərək onu Siz açasınız. Mən oraya getdim. Axşam da mənim şərəfimə böyük bir ziyafət verdilər. Təxminən 350-yə yaxın adam var idi. Mənə orada həkim də dedi, başqaları da dedilər ki, bilirsiniz, iki çıxış olacaqdır. Birini Bjezinski, birini də Siz edəcəksiniz. Siz danışandan sonra gedə bilərsiniz. Dedim, yaxşı. Hörmətli Bjezinski danışdı, ondan sonra mən danışdım. Yəqin siz onu da eşitmisiniz. Bjezinskinin iki tezisi ilə mən həm sabitlik, həm də demokratiya haqqında Azərbaycana aid olan fikirlərimi söylədim. Oturandan sonra çox dedilər ki, gedin. Ancaq bilin, mənim xasiyyətim budur: fikirləşdim ki, buraya 350 adam gəlibdir, yemək yeyirlər, söhbət edirlər. Mən isə gəldim, nitq söylədim və çıxıb getdim. Bu, hörmətsizlik olacaqdır. Axıra qədər oturdum. Təxminən üç saat oturduq.

Axşam gəldik, gördüm ki, vəziyyətim yenə də ağırlaşır. Yəni hərarətim çox qalxdı. Səhər oradan Klivlendə gəldik. Əvvəl mən nəzərdə tuturdum ki, Klivlendə gəlib müayinə olunacağam. Ancaq Klivlenddə baxan kimi dedilər ki, yox, müayinə lazım deyil, əvvəlcə Sizi müalicə etmək lazımdır. Siz çox şiddətli qrip tutmusunuz, soyuqlamısınız və pnevmoniya başlayıbdır. Pnevmoniya elə xəstəlikdir ki, gərək onu bir ay müalicə edəsən. Ancaq orada çox yüksək səviyyəli mütəxəssislər var. Onlar intensiv müalicə apardılar. Əvvəlcə hərarətimi endirdilər. Sonra onlar təhqiqatlar apardılar, hamısını etdilər və hərarətim enəndən sonra başqa tədqiqatları da mənim ürəyimlə əlaqədar apardılar.Bütün hamısını etdilər. Dedilər ki, bir-iki gün də burada qalın, istirahət edin, sonra gedərsiniz.

Bir şeyi də deyə bilərəm ki, mənim müayinəmlə əlaqədar oraya çox böyük kardioloqlar toplaşmışdılar.

Onlar həm mən cərrahiyyə əməliyyatından çıxandan sonrakı göstəricilərin, həm də fevral ayında müayinəm zamanı olan göstəricilərin hamısını görmüşdülər. Hamısı bir ağızdan dedi ki, indi sizin ürəyinizin vəziyyəti fevral ayındakından xeyli yaxşıdır.

Ondan sonra siz məlumat verdiniz ki, Heydər Əliyev \"vəfat edibdir\". Məni narahat edən o idi ki, bizim xalqımız burada narahatdır. Mən tez telefon etdim. Bakı vaxtı ilə gecə saat dörd idi. Ramiz Mehdiyevə telefon etdim və dedim, belə bir şey var. Bu şayiə bizə gəlibdir, bəlkə hələ sizə gəlməyibdir. Ancaq siz orada baxın, tədbirlər görün. Sonra yəqin ki, hər şey aydın oldu.

Mən bunda da mənfi heç bir şey görmürəm. Mənim üçün çox əhəmiyyətli o idi ki, ölkəmizin vətəndaşları Heydər Əliyevi nə cür qiymətləndirir və münasibəti nədən ibarətdir. Mənə verilən məlumatlara görə vətəndaşlarımızın tam əksəriyyəti böyük çaşqınlıq, böyük təlaş içində idilər. Sevinənlər də var idi. Onların bəziləri məlumdur, bəziləri məlum deyil. Elə bu fakt əsas verir ki, məlum olmayanları araşdırıb tapaq. Bunu mənim barəmdə xalqın fikrinin bir daha yoxlanması hesab edirəm və müsbət nəticəsi təbiidir ki, təkcə mənə yox, bütün millətimizə, dövlətimizə, bizim xalqımıza lazımdır. Ona görə də bu bir macəra olubdur və ola bilər, indiyə qədər analoqu olmayan macəra olubdur. Amma mən elə adamam ki, başıma çox macəralar gəlibdir. Yəqin, bu da olmalı idi.

Sual: Cənab Prezident, ömrü insana Allah verir. Biz də Sizə Allahdan uzun ömür, cansağlığı arzulayırıq. Sizin ABŞ-a səfəriniz Qərb mətbuatının, Rusiya mətbuatının diqqət mərkəzində oldu. Xüsusən də Corc Buşla görüşləriniz Rusiya mətbuatında böyük maraq doğurdu. Hətta bunu kiçik Corc Buşun prezidentliyə namizədliyə ilə də əlaqələndirirlər. Yəni Azərbaycanın xeyrinə. Bunu necə qiymətləndirirsiniz?

Cavab: Bilirsiniz, mən orada seçkiyə təsir edən deyiləm, yaxud da gözləyəm ki, indi gənc Corc Buş seçiləndən sonra Azərbaycana nə münasibət göstərəcəkdir. Heç mənim ağlıma da gəlmirdi. Sadəcə, gənc Corc Buşun atası ilə mən keçmiş zamandan tanışam. Ona görə də yenə də deyirəm, o ikinci dəfə müraciət edəndə ki, gəl, mən oraya getdim.

Sual: Cənab Prezident, yayılmış şayiəni Siz daxili, yoxsa xarici qüvvələrin cəhdi kimi qiymətləndirirsiniz?

Cavab: Bilirsiniz, indi mən qəti bir fikir deyə bilmərəm. Təbiidir ki, burada həm xarici qüvvələrin… bilirsiniz də, prezident iddiası ilə xarici ölkələrdə yaşayan bir nəfər Amerikada oturubdur, o birisi Moskvada oturubdur. Mən orada qəzetlərə baxırdım. Son zamanlar onlar daha da fəallaşıblar. Bu, onlar - imanımı itirə bilmərəm - bəlkə başqa kiminsə tərəfindən olubdur. Hər halda bu, xüsusi məqsəd üçün edilmişdir. Məqsədi də dedim, öz \"müsbət\" nəticələrini verdi.

Sual: Cənab Prezident, Sizinlə Robert Köçəryanın Amerikadakı görüşündən sonra Köçəryan Rusiyanın ORT televiziyası ilə belə bir çıxış etdi ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll oluna bilər. Amma bir şərtlə ki, Dağlıq Qarabağ danışıqlarda tərəf kimi iştirak etsin. Azərbaycan bu şərtlə razılaşacaqmı?

Cavab: Bilirsiniz ki, bu şərt birinci dəfə deyil, bunu 5-6 ildir qoyurlar ki, Dağlıq Qarabağ tərəf kimi çıxış etsin. Hətta mənə məlumat verdilər ki, Mütəllibov - Azərbaycanı dağıdıb gedib - orada otura-otura, deyir ki, bəli, Dağlıq Qarabağ tərəf kimi iştirak etməlidir. Əgər tərəf kimi iştirak etməlidirsə, bəs onda sən bunu niyə tərəf kimi qəbul etmirdin? Onlar torpaqları işğal edirdilər. Sən də, sənin adamların da Bakını dağıdırdınız. Görürəm, indi müxalifət qəzetləri çox böyük yazılar verirlər, onun portretlərini verirlər ki, o, Azərbaycana gələcək, nə bilim, milyon imza toplanıbdır. Mən tapşıracağam, deyəcəyəm ki, milyon yox, heç olmasa 50 min imzanı gətirin baxaq, görək, haradandır. Bunlar hamısı uydurmalardır, yalanlardır.

Sual: Cənab Prezident, bəs Putinin sözlərinə münasibətiniz necədir? O belə bir ifadə işlədib ki, bu problemin həllini Rusiyadan gözləyirlər, yəni Rusiyadan çox şey asılıdır, lakin Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan asılı heç nə yoxdur.

Cavab: Asılı heç nə yoxdur deməyibdir. Bu, təbii cavabdır. Çünki heç bir ölkə istəmir ki, desinlər, o hansısa bir ölkənin daxili işinə qarışır. Bu cavab tamamilə normal cavabdır və bundan narahat olmağa dəyməz. Mən təyyarədə qəzetlərə baxırdım. Elə bu fikri o yana, bu yana fırladırlar. Məsələn, mən xəstələnib Klivlenddə olduğum ikinci gün idi ki, Putin mənə telefon etdi. Narahatlığını bildirdi ki, nə olubdur. Çünki biz onunla Nyu-Yorkda bir neçə dəfə görüşmüşdük. Mən ona izah etdim. Sonra bir-iki başqa məsələ də var idi. Mən onu Azərbaycana dəvət etmişəm. O da söz vermişdi ki, noyabr ayında gələcəkdir. İndi bəlkə ürəyinə gəlib ki, bir halda, Heydər Əliyev xəstədir, bəlkə noyabr ayında gəlmək mümkün deyildir. Dedim, yox, noyabr ayında biz Sizi gözləyirik. O, Azərbaycana gələcəkdir.

Ümumiyyətlə, mənə çox zənglər olurdu, teleqramlar gəlirdi. Məsələn, Eduard Şevardnadze zəng elədi, dedi ki, bu xəbəri eşidəndə şok vəziyyətinə düşmüşdüm. Süleyman Dəmirəl tez-tez zəng edirdi. Türkiyənin prezidenti Əhməd Necdət Sezər, çox adamlar zəng edirdi. Bilirsiniz, adam xəstəxanada olanda bu şeyləri heç o qədər də qəbul etmir, yəni bunlara o qədər fikir vermir.

Sual: Cənab Prezident, əgər Amerika Birləşmiş Ştatlarının Konqresi \"erməni soyqırımı\"nın tanınması barədə qərar qəbul etsə, Azərbaycan Amerika ilə münasibətlərində nəsə bir dəyişiklik etmək fikrində olacaqmı?

Cavab: Təbiidir ki, bu bir az narahatedici məsələdir. Narahatedici məsələdir ona görə ki, son 10-15 ilə qədər Ermənistan heç vaxt - ola bilər öz aralarında, qəzetlərində olub - belə şeyləri qaldırmamışdır. Türkiyə onlara qarşı soyqırımı edibdir, və s. Amma son vaxtlar bu məsələni qaldırıblar. Konqresdə bir komitə var. O komitənin bir kiçik hissəsi, bir də böyük hissəsi var. Onun da başında duran konqresmen Smitdir. O, Azərbaycanın, Türkiyənin bir nömrəli düşmənidir və 907-ci maddənin qəbul olunmasında əsas rol oynamış adamdır.

Məsələn, bilirsiniz ki, senator Braunbək İpək yolu ilə əlaqədar Nyu-Yorkda böyük bir konfrans keçirdi. Mən keçən dəfə, 1999-cu ilin aprel ayında orada olanda da Senatın binasında belə bir böyük konfrans keçirilmişdi. Görürsünüz, İpək yolunun bərpa olunmasında təşəbbüskarlardan biri bizik. Senator Braunbəkin qanun layihəsi müzakirəyə gələndə həmin Smit və başqaları canfəşanlıq ediblər və oradan Azərbaycanın adını çıxarıblar. Hətta mənə dedilər ki, Pop Doul var, bilirsiniz, keçən dəfə Klinton ilə bərabər öz namizədliyini vermişdi. İndi o, heç konqresmen də deyil, heç bir şey deyildir. Amma həmişə orada olan konqresmenlərin, vəzifədə olan ermənipərəst adamların başında durubdur. Hətta o öz tərəfdaşlarını daha da gücləndirmək üçün həmin müzakirəyə gəlib ki, siz mütləq bunu etməlisiniz.

Mən bu Smit haqqında niyə deyirəm, dərd, bax bundadır: o, Azərbaycanın düşmənidir, Azərbaycandan gedən müxalifət nümayəndələri də birinci onunla görüşürlər. Başqaları görüşmək istəmir. Amma o görüşür. Ona görə görüşmür ki, Azərbaycana məhəbbəti var. Yaxud görüşür ona görə yox ki, Azərbaycanda həqiqətən onların anlayışı ilə tam demokratiya yaratmaq lazımdır. Sadəcə, ona belə bir fürsət lazımdır.

Məsələn, bilirsiniz ki, bir neçə ay bundan qabaq oraya getmişdilər. Mərhum Əbülfəz Elçibəy də, Rəsul Quliyev də, İsa Qəmbərov da, Nazim İmanov da gedib o adamın qabağında oturmuşdular ki, azərbaycanlıların başını kəsmək lazımdır. Orada hər biri yarışa girib \"sübut\" edirlər ki, Azərbaycanda demokratiya yoxdur, diktaturadır. İndi gəlin açıq danışaq. Elə hər şeyi demokratiya həll edir? Azərbaycanda demokratiya var və artıq dərəcədə var. Mən bunu Vaşinqtondakı çıxışımda dedim. Amma indi siz hansı demokratiyanı istəyirsiniz? Bu, birincisi. İkincisi, yeddi ildir ki, bu sabitliyi yaratmışıq. Yeddi ildir ki, ölkəmiz, xalqımız rahat yaşayır. Məsələn, indi mən təyyarə ilə gələndə illüminatordan baxırdım. Bizim şəhərimiz nə qədər gözəl görünür!

Mənim ürəyim dağa döndü. İndi görün, bu adamlar gedib orada Dağlıq Qarabağın işğal olunması haqqında mübarizə aparsaydılar, ona 907-ci maddə ilə bağlı sözlər desəydilər - çünki bu maddənin təşəbbüskarı odur... Amma bunlar gedib onun qabağında uşaq kimi oturublar, hər biri də yazdıqları mətni oxuyublar. Biri istəyib ki, ingilis dilində oxusun. Amma deyiblər, biz başa düşmədik, bu, çin dilindədir, ya ingilis dilindədir. O birisi özü oxumayıb, kiməsə veribdir.

İndi həyatımız belədir. Bunun eybəcərliyi ondan ibarətdir ki, bizim ən böyük problemlərimiz kənarda qalıbdır. Məsələn, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması. Siz görürsünüz, 1999-cu ilin aprel ayından indiyə qədər mən səkkiz dəfə, bilmirəm, neçə dəfə Köçəryan ilə görüşmüşəm. Amma təkcə Köçəryan deyil axı. Mən Putin ilə də bu barədə çox geniş söhbət aparmışam. Klinton ilə də keçən il noyabr ayında İstanbulda zirvə görüşündə çox geniş söhbətlər aparmışam. Başqalarını demirəm.

Yəqin bilirsiniz, burada televiziyada veriblər. Xanım Olbrayt ilə görüş oldu. Mən orada Azərbaycanın mənafeyinə çox açıq-aydın sözlər dedim. Dedim, neçə ildir siz deyirsiniz ki, 907-ci maddə ləğv olunacaq, ləğv olunmur. Biz ümid edirdik ki, siz Minsk qrupunun həmsədri olandan sonra həqiqətən bu işdə daha da fəal olacaqsınız, amma fəallığınızı görmürəm.

Bilirsiniz, deyirlər burda bunun hüququ tapdalanıb, onun hüququ pozulubdur. Ola bilər, beş-on adamın hüququ pozulsun. Mən onlara deyirdim, bəs bir milyon adamın hüquqları pozulub, onlar səkkiz ildir çadırlarda yaşayırlar. Əgər doğrudan da siz həqiqətən hüquq tərəfdarısınızsa, insan hüquqları tərəfdarısınızsa, bu məsələni həll edin. Müxalifətdən kiminsə nəsə bir balaca xoşuna gəlmədi, tezcə o Smitdir, nə bilim, kimdir, ona xəbər verir. Onlar da deyirlər ki, Azərbaycanda insan hüquqları pozulur. Mən orada dedim - nə düşmüsünüz? Azərbaycanda insan hüquqları pozulmur. Azərbaycanda demokratiya inkişaf edir və Azərbaycanın xüsusiyyətinə görə, milli ənənələrinə görə bu inkişaf prosesi davam edəcəkdir.

Məsələn, Bjezinski dedi ki, 30 il bundan əvvəl Amerikada əhalinin bir hissəsi səsvermə hüququndan məhrum idi. Orada təkcə qaralar deyil, qadınlar da səsvermə hüququndan məhrum idilər. Dedim, görün Amerika - ən inkişaf etmiş dövlət və demokratiya sahəsində ən yüksəkdə duran dövlət 30 il bundan qabaq nə işlər görübdür. İndi siz istəyirsiniz ki, biz 7-8-9 ildə elə edək ki, buradakı demokratiya Amerika demokratiyasından yüksəkdə dursun. Amerikanın özündə də demokratiya o qədər yoxdur. Bilirsinizmi? Ona görə mənim dərdim, mənim bütün məqsədim, gördüyüm işlər və bundan sonra görəcəyim işlər yalnız və yalnız Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək, o insanları öz yerlərinə qaytarmaqdır. Ondan sonra gəlsinlər, kimin hüququ pozulubdur, biz ona cavabdeh olacağıq.

Sual: Cənab Prezident, Sizin tənqidi çıxışlarınızdan biri də Vaşinqtonda olubdur. ABƏŞ-ə daxil olan bəzi şirkətləri tənqid etmisiniz ki, Bakı-Ceyhan layihəsi ilə bağlı işləri ləngidirlər. \"Eksson Mobil\"dən sonra \"LUKoyl\" şirkəti də Bakı-Ceyhandan imtina edir. Sizcə, bu, Bakı-Ceyhanın tikintisini ləngidə bilərmi?

Cavab: Mən \"LUKoyl\" haqqında heç bir şey bilmirəm. Mən orada \"Eksson\"un adını çəkdim. \"Eksson\"un prezidenti orada idi. O hətta Amerika-Azərbaycan Ticarət Palatasının həmsədridir. Orada elədir ki, bir müddətdən sonra sədr dəyişir. Ona orada bir mükafat da verdilər. Mən dedim ki, sizin şirkətlər, xüsusən \"Eksson\" şirkəti Bakı-Ceyhanın tezliklə başlanmasını əngəlləyirlər. Amma \"LUKoyl\" haqqında eşitməmişəm. İnanmıram ki, belə şey eləsin.

Jurnalist: Cənab Prezident, bədxahlarınız Sizin haqqınızda nə qədər şayiələr yaysalar da, əmin ola bilərsiniz ki, Azərbaycan xalqı bunların heç birinə inanmırdı. Çünki Azərbaycan televiziyası bu yaxınlarda Sizin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəriniz barədə silsilə verilişlər verdi. Bu verilişlərdə Siz cəsarətlə, əzmlə çıxış edirdiniz. Bu gün də sübut etdiniz ki, bəli, Sizin cəsarətiniz yerindədir, Siz həmişə əzmkarsınız.

Heydər Əliyev: Sağ ol. Çox sağ ol. Mən də belə düşünürəm.