Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakı Binə Hava limanında tarixi Böyük İpək yolunun bərpası üzrə beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gələn dövlət başçılarının və nümayəndə heyətlərinin qarşılanmasından əvvəl ölkəmizin və xarici ölkələrin kütləvi informasiya vasitələri müxbirlərinin suallarına cavabı - 7 sentyabr 1998-ci il

Sual: Cənab prezident, Böyük İpək Yolu Ukrayna ərazisindən keçməyəcəkdir. Sizin bu layihənizin Ukrayna dövləti üçün nə kimi faydası ola bilər?

Cavab: Nə üçün deyirsiniz ki, keçməyəcək?

Müxbir: Mən xəritədə baxmışam.

Heydər Əliyev: Xəritəni istənilən kimi çəkmək olar. Əvvəla, Ukrayna TRASEKA proqramına qoşulmuşdur. Tarixi İpək Yolunu isə məhz 1993-cü ildə qəbul olunmuş TRASEKA proqramı əsasında bərpa etmək planlaşdırılır. Ukrayna bu proqrama fəal qoşulub və zənnimcə, çox istəyir ki, Böyük İpək yolunun iştirakçısı olsun. Bunun üçün bütün imkanlar var.

Sual: Azərbaycan və TRASEKA-nın iştirakçısı olan digər ölkələr bugünkü konfransdan nə kimi siyasi, iqtisadi mənfəət götürəcəklər?

Cavab: Bilirsiniz, beş ildən bəri həyata keçirilən TRASEKA proqramı öz faydasını verir. Kommunikasiya xətləri, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi, magistralı yaradılmışdır. Bunun özü iqtisadi fayda gətirir. O ki qaldı siyasi mənfəətə, biz bir-birimizlə nə qədər çox əməkdaşlıq etsək, əlaqə saxlasaq, o qədər çox tərəfdaş olacağıq və bu, bir o qədər də siyasi fayda gətirəcəkdir. Ən başlıca siyasi fayda isə sülhü, sabitliyi, dövlətlər arasında qarşılıqlı anlaşmanı təmin etməkdən ibarətdir. Bütün bunlar hamısı birlikdə həm iqtisadi, həm də siyasi faydaları təşkil edir.

Sual: Cənab prezident, bildiyiniz kimi, Ermənistanın Baş naziri də bu tədbirə qoşulacaqdır. Mümkünsə, deyin, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə bunun bir köməyi ola bilərmi?

Cavab: Birincisi, Ermənistan TRASEKA proqramının qəbulunda iştirak etmiş ölkələrdən biridir. 1993-cü ildə Brüsseldə Qafqaz və Mərkəzi Asiya ölkələri TRASEKA proqramını tərtib ediblər. Ona görə də Ermənistanın bu konfransda iştirak etməyə hüququ var.

İkincisi, biz Ermənistanla Azərbaycan arasında olan münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Bunun üçün də iki ölkə arasında düşmənçilik əhval-ruhiyyəsindən qarşılıqlı inam əhval-ruhiyyəsinə keçmək lazımdır. Qarşılıqlı inam olmasa, bu məsələnin sülh yolu ilə həlli də çətin ola bilər. Doğrudur, ötən on ildə biz böyük yaralar almışıq, bizə çox böyük zərbələr dəyibdir. Qurbanlar vermişik, qan tökülüb, torpaqlarımız işğal olunubdur.

İşğal edilmiş torpaqlar viran olunub, bərbad vəziyyətdədir.

Bunlar hamısı məlumdur. Ancaq irəliyə baxmaq lazımdır. İrəliyə baxmaq üçün də düşünmək lazımdır ki, iki qonşu ölkə bir-biri ilə daim düşmənçilik münasibətlərində yaşaya bilməz. Dünyanın bütün ölkələrini, Avropa ölkələrini götürün. Fransa ilə Almaniya yüz il müharibə etdilər, indi dost ölkələrdir. Yaxud, Rusiya, Avropanın bir çox ölkələri Almaniya ilə müharibə etdilər, nə qədər qurbanlar verildi, insanlar həlak oldu, şəhərlər dağıldı. İkinci dünya müharibəsində Sovetlər İttifaqından 27 milyon adam həlak oldu. Təkcə Azərbaycandan cəbhəyə 600 min adam səfərbər edilmişdi, onlardan 300 mini qayıtmadı. Amma görürsünüz, indi Almaniya ilə Rusiya, keçmiş Sovetlər İttifaqına mənsub olmuş digər ölkələr arasında əməkdaşlıq, dostluq əlaqələri var. Bu həyatdır, ona görə irəliyə baxmaq lazımdır.

Sual: Cənab prezident, Sizin ikitərəfli görüşlərinizdə Azərbaycan neftinin dünya bazarlarına nəqlinin marşrutları müzakirə ediləcəkmi?

Cavab: Bilirsiniz, bu elə mövzudur ki, biz onu daim müzakirə edirik. Bu, tükənən mövzu deyildir.

Sual: Ekspertlər bildirirlər ki, Azərbaycan neftinin ixracından hiss ediləcək gəlir yeddi ildən sonra götürüləcəkdir. Sizin fikriniz, proqnozunuz necədir, - Azərbaycanın bugünkü tarixi tədbirdə iştirakının faydasını sadə vətəndaşlar nə vaxt hiss edəcəklər?

Cavab: Bilirsiniz, sadə Azərbaycan vətəndaşı buna çox açıq gözlə, obyektiv baxmalıdır. Sadə Azərbaycan vətəndaşı tədricən fayda götürür. Belə təsəvvür etmək olmaz ki, elə bir gün yetişəcək, sadə Azərbaycan vətəndaşına göydən, yaxud kimdənsə içərisində, nə bilim, nə qədərsə pul, yağ və digər şeylər olan bağlama gələcəkdir. Bilirsiniz, indi biz nə ediriksə, hər ay sadə Azərbaycan vətəndaşına praktiki olaraq xeyir gətirir. Bu reallıqdır. Siz ətrafa nəzər salın, görün beş il, üç il əvvəl necə idi. Rusiyada rublun vəziyyətinə baxın. Bir dollar 6 rubl idi, indi təxminən 20 rubla qalxmışdır. Azərbaycanda vəziyyət necədir? Manat sabitdir. 1994-cü ildə inflyasiya 1600 faiz idi, indi isə inflyasiya yoxdur. Rusiyada baş verənlər bizi çox narahat edir - bu, Azərbaycana da mənfi təsir göstərə bilərdi. Biz tədbirlər gördük, bunun qarşısını aldıq, yol vermədik. Bax, bu, Azərbaycan vətəndaşının götürdüyü konkret, praktiki faydadır.

İslahatlar keçirilir, iqtisadiyyat inkişaf edir. Ötən illərdə sənaye və kənd təsərrüfatı istehsalı hər il 10, 15, 20, 25 faiz aşağı düşürdü. İndi isə təkcə son səkkiz ayda sənayedə artım 0,9 faiz olmuşdur. Bu, az olsa da, hər halda artımdır, azalma deyildir. Yaxud, ümumi daxili məhsul 9 faiz artıbdır. Dünən mən Almaniya nümayəndə heyətini qəbul etmişəm. Onlar srağagün Nauman fondu çərçivəsində seminar keçirmişlər. Yeri gəlmişkən, orada müxtəlif xüsusi, qeyri-dövlət strukturlarının, habelə bir çox partiyaların, o cümlədən müxalifət partiyalarının nümayəndələri, mənim müşavirim, professor Axundov da iştirak etmişdir. Orada konkret rəqəmlər gətirilmişdir. Almaniya nümayəndə heyətinin başçısı mənə dedi ki, Azərbaycanda gedən müsbət dəyişiklikləri məmnunluqla qarşılayırıq. Bu, hər gün, yavaş-yavaş baş verir, - iqtisadiyyatda sıçrayışlar ola bilməz.

O ki qaldı neftə, hərə öz bildiyi kimi hesablayır. Bizim isə öz hesablamalarımız var. Hər bir ekspert özü düşündüyü kimi danışır. Bizim konkret planlarımız, proqnozlarımız var. Neft və qaz yataqlarının işlənilməsinə dair proqramı ardıcıl həyata keçirərək iqtisadiyyatın və xalqın rifah halının yüksəlişini təmin edəcəyik. Bir neçə gün bundan əvvəl, \"İstiqlal\" adı verdiyimiz üzən qazma qurğusunun işə salınması münasibətilə təntənəli mərasim keçirilmişdir. Siz orada iştirak etmiş, televiziya ilə görmüsünüz. 17 ay ərzində bu qurğunun bərpasına, yenidən qurulmasına, modernləşdirilməsinə 200 milyon dollar xərclənmişdir. Həmin 200 milyon dolların xeyli hissəsi müxtəlif işlərdə iştirak edən Azərbaycan vətəndaşlarına, sakinlərinə çatmışdır. Digər tərəfdən də Azərbaycana 200 milyon dollar vəsait qoyulmuşdur. Həmin qurğu \"Şahdəniz\" yatağında quyu qazmağa aparılmışdır. Biz hər bir quyudan neft alacağıq. Bütün bunlar bir-biri ilə bağlı olan prosesdir.

Yaxud, bizim neft şirkətinin gəmi təmiri zavodunu götürək. Bərbad vəziyyətə düşmüşdü, onu bərpa etməyə imkanımız yox idi. Həmin gəmi təmiri zavodunu bərpa etmək üçün 13 milyon dollar xərclədilər. Bərpa etdilər, indi digər qurğular da bərpa olunacaq, gəmilər təmir ediləcəkdir.

Əgər televiziya ilə baxmısınızsa, yaxud orada olmusunuzsa, bilərsiniz - zavodda üç böyük kran var. Onlar işləmirdi. Həmin kranları bərpa etdilər, qaydaya saldılar.

\"İstiqlal\" qazma qurğusu nədir? O, ən yüksək dünya səviyyəli qurğudur. Mən Norveçdə səfərdə olarkən vertolyotla Stavangerdən təxminən 260 kilometr aralıda - Şimal dənizində yerləşən \"Sleypner\" platformasına getmişdik. Orada ildə 6 milyard kubmetr qaz çıxarılır və mənə dedilər ki, birbaşa Avropaya - Fransaya göndərilir. Biz həmin platformanı görəndə heyran qaldıq. İndi bizim ona bənzər \"Çıraq-1\" platformamız var. Təsəvvür edirsinizmi, suyun 700 metr dərinliyində quyu qaza bilən \"İstiqlal\" üzən qazma qurğumuz var. Suyun 700 metr dərinliyində quyu qazmağın mümkünlüyünü təsəvvürə gətirmək belə çətin idi. O, nəhəng bir qurğudur. Bax, bu, praktiki faydadır.

Mən qurğuda azərbaycanlılarla - mütəxəssislərlə, sadə fəhlələrlə söhbət etdim. Soruşdum ki, nə qədər maaş alırsan. Dedi ki, 2 milyon 600 min manat. Dollara çevirin, görün nə qədər olur. 2 milyon 600 min manat da sanballı səslənir. Adi işçi bu qədər alır. Buyur, bu da bizim iqtisadi faydamız və hər bir Azərbaycan vətəndaşı üçün konkret xeyir. Ona görə də siz başa düşün, - bu, elə prosesdir ki, hər gün faydasını verir.

Biz 15 müqavilə imzalamışıq. Bunların hamısı işləyir. Hər bir müqavilə üzrə investisiyalar gəlir. Təkrar edirəm, \"Şahdəniz\" yatağına dair müqaviləni 1996-cı il iyunun 4-də imzalamışıq. İki ildən sonra isə orada \"Dədə Qorqud\" qurğu-su quyu qazır. Bir neçə gün bundan əvvəl isə yeni qazma qurğusunu istifadəyə verdik və o, orada quyu qazacaqdır. Həmin qurğu təkcə orada quyu qazmayacaq, Xəzər dənizində əsas qurğu olacaqdır. Xəzərdə öz yataqlarından istifadə etmək istəyən digər sahilyanı dövlətlərin belə imkanları yoxdur, onlar bizə müraciət edəcəklər. Hazırda geofiziki, seysmik tədqiqatları bizə, Azərbaycana məxsus olan gəmi aparır. Onu \"LUKoyl\" neft şirkəti modernləşdirib müasir səviyyəyə çatdırmışdır. O həm Qazaxıstan, həm İran, həm Türkmənistan, həm də Rusiya üçün geofiziki işlər görür. Onda 600 nəfər işləyir və çox yüksək əmək haqqı alırlar. Bax, bu da konkret fayda. Kifayətdirmi?

Sual: Böyük İpək yolunun bərpasında Çinin rolu haqqında nə deyə bilərdiniz?

Cavab: Böyük İpək yolu Çindən başlayıb, elədirmi? Nə üçün İpək yolu adlandırıblar? Ona görə ki, Çində hələ qədimdən, eramızdan əvvəl ipək istehsal edir və Avropaya aparırdılar. Həmin Böyük İpək yolu ilə aparırdılar. Əlbəttə, indi Çinin bir çox başqa nəqliyyat kommunikasiyaları var. Amma mən hesab edirəm ki, bərpa olunacaq bu yol da Çinə fayda gətirəcəkdir.

Sual: Cənab prezident, sabah konfransın yekunlarına dair saziş imzalanacaqdır. Onun əhəmiyyətini şərh edərdinizmi?

Cavab: Əhəmiyyəti çox böyükdür, çünki belə saziş ilk dəfə imzalanacaqdır. Bunun özü onu göstərir ki, sazişin məzmunu nəqliyyat xəttinin gələcək inkişafı və Böyük İpək yolunun bərpası üçün yaxşı şərait yaradır.

Sual: Saziş yüklərin təhlükəsiz daşınmasına təminatı nəzərdə tuturmu?

Cavab: Şübhəsiz, orada hər şey nəzərdə tutulur.

Sual: Heydər Əliyeviç, TRASEKA Rusiyanı faktiki olaraq kənarda qoyur. Bu, münasibətləri kəskinləşdirməzmi?

Cavab: Nə üçün kənarda qoyur? Biz Rusiyanı dəvət etmişik və Rusiya konfransda iştirak edir.

Müxbir: Müşahidəçi kimi iştirak edir.

Heydər Əliyev: Bilirsiniz, kimin müşahidəçi, kimin qeyri-müşahidəçi olması barədə status yoxdur. Hamı konfransın iştirakçılarıdır. Biz Rusiya ilə münasibətlərin kəskinləşməsinə heç vaxt yol vermərik.

Sual: Ermənistanın Baş naziri ilə görüşdə münaqişənin həlli yolları müzakirə olunacaqmı?

Cavab: Baxaq görək, imkan dairəsində danışıqlar aparılacaqdır.

\"Azərbaycan\" qəzeti, 8 sentyabr 1998-ci il.