Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa Prezidenti Jak Şirakla görüşdən sonra bəyanatı - 24 yanvar 2001-ci il

Sağ olun, cənab prezident. Mən, ilk növbədə, Fransaya rəsmi səfərə gəlmək dəvətinə görə Fransanın prezidenti cənab Jak Şiraka təşəkkür etmək istəyirəm.

Bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin fəaliyyətindən ətraflı söhbət açan prezident Heydər Əliyev problemin tezliklə həlli sahəsində Fransa dövlətinin və prezident Jak Şirakın səylərini yüksək qiymətləndirdi.

Ermənistan prezidenti Robert Koçaryan ilə birbaşa danışıqlarından bəhs edən respublikamızın rəhbəri, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında Minsk qrupuna həmsədrlik edən ölkələrin - ABŞ-ın, Rusiyanın, Fransanın səylərinin daha da artırılmasına ehtiyac duyulduğunu nəzərə çarpdırdı.

Ermənistan - Azərbaycan münaqişəsinin tezliklə həll edilməsinin Cənubi Qafqaz bölgəsində sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olunmasında, region dövlətlərində demokratiyanın daha sürətli inkişafında, onların arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində böyük rol oynayacağını vurğulayan cənab Jak Şirak prezident Heydər Əliyev ilə prezident Robert Koçaryanın müntəzəm görüşlərinin münaqişəyə son qoyulmasının kompromis yollarının axtarılıb tapılması üçün xüsusi əhəmiyyəti olduğunu söylədi. Cənab Şirak əmin olduğunu bildirdi ki, Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 26-da Parisdə keçiriləcək görüşü bu münaqişənin dinc yolla həlli prosesinin sürətləndirilməsinə lazımi təkan verəcəkdir. Böyük əhəmiyyətə malikdir ki, o, Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması üzrə Minsk qrupunun Rusiya və Amerika Birləşmiş Ştatları ilə birlikdə həmsədridir.

Mən deməliyəm ki, Fransa və şəxsən prezident cənab Şirak bu işdə çox fəal iştirak уdir və yeni-yeni səylər göstərirlər. Bu gün biz bu məsələni də ətraflı müzakirə etdik. Mən söhbətimizin nəticələrindən və Fransanın tutduğu mövqedən razıyam. İnanıram ki, prezident cənab Jak Şirakın səyləri ilə, Minsk qrupunun digər həmsədrləri ilə birlikdə biz bu münaqişəni sülh yolu ilə həll edə biləcəyik. Mən cənab Jak Şirakı Azərbaycana rəsmi səfərə dəvət etdim.

Jak Şirak:  Mən bu dəvəti böyük məmnuniyyətlə qəbul etdim.

Heydər Əliyev:  Bu səfər 1998-ci ildə planlaşdırılmışdı, lakin bəzi səbəblərə görə baş tutmadı. Ümidvaram ki, bu dəfə baş tutacaqdır. Bizim görüşlərimiz, danışıqlarımız hələ davam etdiriləcəkdir. Mənim burada Ermənistan prezidenti Koçaryanla görüşüm üçün şərait yaratmaq niyyətinə görə prezident cənab Jak Şiraka təşəkkür edirəm.

Cənab prezident, qonaqpərvərliyə görə, bizə səmimi münasibət göstərildiyinə görə, bizim sizinlə dostluğumuza görə mən sizə təşəkkür edirəm.

Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

Sual: Siz parlamentin \"soyqırım\" haqqında qəbul etdiyi qərara toxundunuzmu?

Jak Şirak: Prezident Əliyev bu qərar barədə özünün dərin təəssüf hisslərini mənə bildirdi və dedi ki, Azərbaycan xalqı parlamentin bu qərarına ciddi tənqidlə yanaşmışdır. Mən bu tənqidi gözəl başa düşürəm və onu nəzərə aldım. Lakin bu, Azərbaycanla Fransa arasında mövcud olan dostluğa və qarşılıqlı münasibətlərə əsla xələl gətirməyəcəkdir.

Sual: Siz Qarabağ məsələsi barədə hər hansı bir razılığa gəldinizmi?

Heydər Əliyev: Biz müxtəlif variantları müzakirə etdik, lakin bu əlaqələri, bu söhbətləri davam etdirəcəyik. Ümidvaram ki, biz bu məsələnin həllinə gəlib çıxacağıq.

Jak Şirak: Sağ olun.