Heydər Əliyev: Hörmətli cənab prezident, mən sizi Azərbaycanda salamlayıram və Azərbaycana göstərdiyiniz diqqət və qayğıya görə təşəkkür edirəm. Sizin təşkilatınız dünyada çox məşhur bir təşkilatdır, bir çox ölkələrdə çox xeyirxah işlər görürsünüz. Ona görə də dünyada məşhurlaşmısınız. İndi Azərbaycana da bu barədə diqqət göstərməyinizi, başqa ölkələrdə gördüyünüz işlərdən Azərbaycanda da görmək haqqında məramınızı böyük məmnuniyyətlə qəbul edirəm.
Ümumiyyətlə, sizin dünyada gördüyünüz işlər haqqında mənə müəyyən məlumatlar veriblər. Azərbaycandakı təşəbbüsünüz haqqında da məlumatım var. Ancaq şübhəsiz ki, mən sizi dinləmək istəyirəm.
Helmut Kutin: Biz çox məmnunuq ki, Azərbaycan Respublikasının prezidenti tərəfindən qəbul edilirik, Azərbaycan prezidenti bu işə, bizim fəaliyyətimizə şəxsən maraq göstərir, dəstək verir. Biz çox məmnunuq ki, Azərbaycan Respublikasının hökuməti - baş nazir, onun müavinləri, eləcə də səfir bu işə böyük maraq göstərirlər. Elə bunun nəticəsidir ki, biz Azərbaycanda da uşaq şəhərciyinin tikilməsi haqqında qərara gəlmişik. Bu, Azərbaycanda tikiləcək ilk uşaq şəhərciyidir və biz Sizin xeyir-duanızla, dəstəyinizlə bu işə başlayırıq. Çox istərdik ki, bu işə dünən başlayaq, bir halda ki, mümkün olmadı, sabahdan başlayarıq.
Bu il biz təşkilatımızın 50 illiyini qeyd edirik. O, 50 il bundan əvvəl cənab Mayner tərəfindən yaradılmışdır. Azərbaycanda da uşaq şəhərciyinin tikilməsi məhz təşkilatın 50 illiyinə həsr olunmuşdur. Hazırda bizim bütün dünyada 6 milyon dostumuz, 31 ölkədə ofisimiz var.
Təşkilatın Almaniyadakı dostları Azərbaycanda uşaq şəhərciyi tikilməsinə kömək etməyə böyük məmnuniyyətlə razılıq vermişlər. Lakin Azərbaycan tərəfindən də bu işə yardım lazım olacaqdır - yəni uşaqlara baxanlar, onların qayğısına qalanlar lazım olacaqdır.
Bizim ilk prezidentimiz cənab Mayner bu işi təşkil edərkən nəzərdə tutmuşdu ki, hər bir uşağa ana, bacı-qardaş, ev bəxş etsin və onlar bir şəhərcikdə yaşasınlar, digər uşaqlar kimi eyni hüquqlara malik olsunlar, ətrafdakılar tərəfindən eyni dərəcədə sevilsinlər.
Zati-aliləri, çox məmnunuq ki, Sizin qızınız bizim buradakı təşkilatın başçısı olmağa böyük məmnuniyyətlə razılığını vermişdir. Biz ümid edirik ki, bir gün gəlsin, şəhərciyin tikintisini tamamlayaq və Siz şəxsən oranı ziyarət edəsiniz, uşaqlar Sizinlə görüşsünlər, söhbət eləsinlər və əsl atalıq qayğısını hiss etsinlər. Biz istəyirik ki, Sizinlə birgə çalışaraq \"Ümid, sülh və qarşılıqlı anlaşma şəhərciyi\" yaradaq. Cənab prezident, təşkilatımız adından Sizə minnətdarlığımı bildirmək istəyirəm ki, Siz onun nümayəndələrini qəbul edirsiniz. Əslində, mən uşaqların nümayəndəsi, uşaqların prezidentiyəm. Doğrudur, bəzən protokola tam əməl etməsəm də, yüz faiz uşaqların tərəfindəyəm.
Heydər Əliyev: Cənab prezident, dəyərli fikirlərinizə, təkliflərinizə görə və Azərbaycanda görüləcək işlər barədə planlarınıza görə təşəkkür edirəm.
İnsan cəmiyyətində uşaqlara qayğı hər bir vətəndaşın müqəddəs borcudur. Biz öz müstəqil ölkəmizdə bu prinsipi əsas tutaraq imkan dairəsində uşaqlara qayğını artırır, xüsusən kimsəsiz uşaqlar haqqında çox düşünürük və onların həm yaşayış, həm də təhsil şəraitini lazımi səviyyəyə çatdırmaq üçün tədbirlərimizi görürük. Sizin təşkilatınız isə cəmiyyətin bu problemi barəsində dünyada, demək olar, gözəl nümunələr göstərir. 50 il müddətində siz çox işlər görmüsünüz. Bu işlər - xeyirxah işlər, uşaqlara qayğı heç vaxt unudulmaz. Sizin təşkilatınız özünə elə bir böyük heykəl qoyubdur ki, o, əbədi yaşayacaqdır. Buna görə sizin təşkilatla yaxından tanış olmağı özüm üçün böyük xoşbəxtlik hesab edirəm. Sizin təşkilata bundan sonra da böyük-böyük uğurlar arzulayıram.
Azərbaycanda görüləcək işlər haqqında verdiyiniz məlumatdan məmnunluğumu bildirirəm. Bu, şəxsən mənim ürəyimdən xəbər verən fikir və təklifdir. Bəlkə də indiyə qədər bütün beynəlxalq təşkilatlardan aldığım təkliflərdən daha da çox sizin təklifinizi qiymətləndirirəm. Ona görə də burada sizin planlarınızın yerinə yetirilməsini mən şəxsən öz nəzarətimə götürəcəyəm. Siz dediniz ki, bu işə dünən başlamaq istəyirdiniz, olmadı, sabah başlayacaqsınız. Mən də bunu öz dəftərimə yazıram və hər gün nəzarət edəcəyəm ki, bu işlər necə başlandı və necə gedir. Sizin böyük təcrübəniz var, çox ölkələrdə olmusunuz, oradakı şəraiti görmüsünüz. Bizim ölkəmizdə bu məsələyə, sizin təşəbbüsünüzə və görəcəyiniz işə o qədər yüksək qayğı və münasibət göstəriləcək ki, bəlkə özünüz də düşünəcəksiniz ki, Azərbaycana niyə gec gəlmisiniz.
Siz gözəl sözlər dediniz ki, hər bir uşağa ata-ana, bacı-qardaş, ev vermək istəyirsiniz. Bundan gözəl nə ola bilər! Bizim buna olduqca çox ehtiyacımız var. Çünki bilirsiniz ki, Azərbaycan 1988-ci ildən qonşu Ermənistan Respublikası ilə hərbi münaqişə şəraitindədir. Müharibə gedib, döyüşlər olub, qan tökülübdür. Çox uşaqlar yetim - ata-anasız, kimsəsiz qalıblar. Hətta müharibə zamanı xəsarət alan, əlil olan uşaqlar da var. Ona görə, yenə də deyirəm, bizim ölkəmizin bu qayğıya daha çox ehtiyacı var.
Mənə dedilər və çox məmnunam ki, siz bizim nümayəndələrimizlə birlikdə uşaq şəhərciyinin yerini müəyyən etmisiniz. Əgər o yer sizə münasibdirsə, hesab edin ki, oranı sizə verdik və dayanmadan işə başlayın. Biz sizinlə həmişə bir yerdə olacağıq, bütün işlərdə bərabər olacağıq. Siz deyirsiniz ki, uşaqlara baxan tapmaq lazımdır. Nəinki o da olacaq, bütün başqa işləri də bir yerdə edəcəyik. Mən buna öz xeyir-duamı verirəm və məmnunam ki, mənim qızım bu təşkilatın burada yaratdığı fonda başçılıq edir. Hesab edirəm ki, bu amilin özü də burada işlərin müvəffəqiyyətlə getməsinə kömək edəcəkdir. Sizə bir daha təşəkkür edirəm.
Helmut Kutin: Çox sağ olun, cənab prezident! Uşaqların adından Sizə minnətdarlığımı bildirirəm. Çox xoşbəxtik ki, Sizinlə görüşdük, xeyir-duanızı aldıq. İndi özümüzü tam rahat hiss edirik. Bir halda ki, Sizdən \"irəli!\" komandası almışıq, bizə heç bir kağız, heç bir sənəd lazım deyildir. Dünya uşaqları adından Sizə minnətdarıq. Azərbaycana gec də gəlsək, - Siz bunu bizə irad tutdunuz, - icazənizlə, buna bir ingilis atalar sözü ilə cavab verim: heç gəlməməkdənsə, gec gəlmək daha yaxşıdır. Ona görə də elə bu gündən etibarən biz öz işimizi başlayırıq.
Heydər Əliyev: Çox gözəl, uğurlar olsun!
\"Azərbaycan\" qəzeti, 21 iyul 1999-cu il.