Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dünya azərbaycanlılarının Vaşinqton şəhərində keçirilən II Konqresinin iştirakçılarına - Bakı şəhəri, 27 may 1998-ci il

Əziz soydaşlarım!

Hörmətli Konqres iştirakçıları!

Sizi - dünya azərbaycanlılarının Vaşinqton şəhərində keçirilən II Konqresinin iştirakçılarını ürəkdən salamlayır, Azərbaycan milləti və dövləti naminə xeyirxah fəaliyyətinizdə hamınıza uğurlar arzulayıram.

Azərbaycan xalqı zaman-zaman tarixin amansız sınaqları ilə üz-üzə gələrək yabançı rejimlər, ağır repressiyalar şəraitində yaşamalı olsa da öz müqəddəs varlığını, milli-mənəvi bütövlüyünü, ana dilini, dinini qoruyub saxlamış, azad və müstəqil yaşamaq haqqına malik olduğunu sarsılmaz inam və qətiyyətlə bütün dünyaya sübut etmişdir. Müstəqillik yolu bizim üçün hamar olmayıb və biz ağır sınaqlara məruz qalmışıq. Milli azadlıq uğrunda keşməkeşli mübarizə yollarında qurbanlarımız da az olmamış, müqəddəs torpaqlarımız şəhidlərimizin al qanları ilə suvarılmışdır. Artıq tarixi haqqına qovuşaraq öz taleyinin sahibi olan xalqımız müstəqilliyin şərəfli və məsuliyyətli dövrünü yaşayır. Müstəqil Azərbaycan dövlətinin qurulması bizim həyatımızda mühüm tarixi hadisədir. Bu gün ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu yolunda ardıcıl və inamlı addımlar atılır, Azərbaycan xalqının milli maraqlarının layiqli təmsilçisi kimi, suveren Azərbaycan dövlətinin dünya miqyasında nüfuzu günü-gündən artmaqdadır. Torpaqlarımızın düşmən tapdağından azad edilməsi, dövlət müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi naminə yeridilən müstəqil daxili və xarici siyasət xətti beynəlxalq aləmdə diqqət və rəğbətlə qarşılanır. İndi milli taleyimizlə bağlı bir həqiqəti bəyan etməkdən şərəf duyuram: Azərbaycanın dövlət müstəqilliyi əbədidir və heç bir qüvvə onu bu yoldan döndərə bilməyəcəkdir!

Əziz soydaşlarım!

Azərbaycan bütün Dünya azərbaycanlılarının tarixi vətəni, doğma ata-baba yurdudur. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, qürbətdə yaşayan, lakin qəlbi doğma Azərbaycan eşqi ilə döyünən soydaşlarımızın da xalqımızın milli azadlıq mübarizəsində, tərəqqisi və inkişafı yolunda diqqətəlayiq xidmətləri, zəhmətləri vardır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı müqəddəs vətən amalı və Azərbaycan dövlətçiliyi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirməli, ay-ulduzlu üçrəngli bayrağımız bütün soydaşlarımızın müqəddəs and yerinə çevrilməlidir. Bu, bizim hamımızın ümumtale işimiz, vətənə övladlıq borcumuzdur.

Əmin olduğumu bildirmək istəyirəm ki, xeyirxah və nəcib niyyətlərlə bir araya gəldiyiniz toplantı günlərində ümummilli problemlərimiz müzakirə ediləcək, xaricdəki çoxmilyonlu Azərbaycan diasporunun təşkilatlanması, tarixi vətənlə daimi və davamlı əlaqələrin zəruriliyi barədə geniş, ciddi fikir mübadilələri aparılacaqdır.

Azərbaycan hazırda çətin problemlər qarşısındadır. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, erməni qəsbkarlarının torpaqlarımızın 20 faizini işğal etməsi bir milyondan artıq həmvətənimizi doğma yurd-yuvasından didərgin salaraq qaçqın və köçkünə çevirmişdir. Müstəqil dövlətçiliyimizə mane olmağa çalışan daxili və xarici qüvvələrin təxribatları, keçmiş iqtisadi əlaqələrin pozulması, keçid dövrünün sosial-iqtisadi çətinlikləri və sairə problemlər də bizim müstəqillik yolumuzu xeyli çətinləşdirmişdir. Lakin bütün bunlar xalqımızın öz müstəqil dövlətçiliyinə inamını, mübarizə əzmini və qətiyyətini sarsıda bilməmişdir. Azərbaycan dövləti hazırda bütün siyasi-diplomatik fəaliyyətini bu ağır problemlərin xalqımızın milli mənafeyinə uyğun ədalətli həlli üçün səfərbər etmişdir.

Əmin ola bilərsiniz ki, haqq işimizin qələbəsi və Azərbaycan xalqının layiq olduğu xoşbəxt sabaha, firavan həyata qovuşacağı gün uzaqda deyildir.

Əziz azərbaycanlılar!

Əsrlərdən bəri arzusunda olduğumuz müstəqillik və azadlıq ideallarının həyata keçdiyi bu tarixi sınaq anlarında dünyanın müxtəlif ölkələrində yaşayan yurddaşlarımızın vətən təəssübkeşliyinə və onların ana dilimizi, tarixi-mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi bundan sonra da göz bəbəyi kimi qoruyacağına dərin inamımı ifadə edərək, hamınızı müstəqil, qüdrətli, demokratik Azərbaycan dövləti naminə səfərbər olmağa və milli həmrəyliyə çağırıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.