Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan şairi və dramaturqu, böyük ədib Hüseyn Cavidin məqbərəsinin təntənəli açılışı mərasimində nitqi - Naxçıvan, 29 oktyabr 1996-cı il

Əziz bacılar, qardaşlar!

Əziz həmvətənlər, naxçıvanlılar!

Hörmətli qonaqlar, dostlar!

Mən sizin hamınızı respublikamızın, xalqımızın həyatında olan bu əlamətdar hadisə münasibətilə - Azərbaycan xalqının böyük şairi, yazıçısı, dramaturqu, filosofu, alimi Hüseyn Cavidin xatirəsinə həsr edilmiş bu məqbərənin açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Əziz naxçıvanlılar, əziz bacılarım, qardaşlarım!

Mən sizi ürəkdən salamlayıram. Sızə öz hörmət və ehtiramımı, sevgi və məhəbbətimi bildirirəm. 

Üç il yarımdır ki, mən sizdən ayrı duşmüşəm, Naxçıvan torpağını tərk edib Bakıya getmək məcburiyyətində olmuşam. Üç il yarım ərzində mənim Bakıda, Azərbaycan Respublikasının rəhbərliyində gördüyüm işləri siz bilirsiniz. Ancaq bilin, inanın, mən həmişə sizinlə bir yerdə olmaq arzusunda olmuşam, sizin həsrətinizi çəkmişəm, həmişə yenidən Naxçıvana qayıdıb bu doğma torpaqda yaşamaq istəmişəm.

Bu gün siz - Naxçıvan Muxtar Respublikasının vətəndaşları, sakinləri, əziz bacılarım, qardaşlarım məni böyük məhəbbət hissi ilə qarşılayırsınız. Küçələrdə, meydanlarda hamınızın xoş sifətini, hissiyyatlarınızı və sevincinizi görürəm. İnanın ki, mənim sevincim, daxildə keçirdiyim hissiyyatlar sizin hamınızınkından üstündür. Çünki sizinlə məni bağlayan təkcə bu tor­paqda doğulmağım, böyüyüb həyata atılmağım deyil. Sizinlə məni bağlayan Azərbaycan Respublikası, o cümlədən muxtar respublika üçün çox ağır bir dövrdə - 1990-cı ildən sizinlə bir yerdə yaşamağım, Naxçıvanı sizinlə birgə qorumağımdır. Ona görə də mən bu gün buraya gəlməyimdən çox məmnunam, sevinirəm. Buraya çox böyük sevinclə gəlmişəm. Sizinlə görüş mənim üçün böyük bayramdır, sevincdır. Bu gün mən bu görüşə, həm də bir yerdə keçirdiyimiz ağır, ancaq şərəfli günlərə görə sizə təşəkkürümü bildirirəm.

1990-cı ilin qanlı yanvar hadisəsini xatırlayıram. Azərbaycan xalqına qarşı böyük cinayət, təcavüz edilmişdi. Azərbaycan xalqı ayağa qalxdı. Xalqımız öz milli azadlığı, müstəqilliyi uğrunda mübarizəyə qalxdı. Naxçıvanlılar ön sırada idilər.

Mən Moskvada olarkən Azərbaycana qarşı edilən bu cinayətə etiraz səsimi qaldırdım, xalqımla, millətimlə həmrəy olduğumu bildirdim və orada olan imkanlarla Azərbaycan xalqının müdafiəsinə çalışdım. Orada eşitdim ki, naxçıvanlılar bu dəhşətli faciə ilə əlaqədar ayağa qalxıblar, hətta o vaxt cəsarətli bir qərar qəbul ediblər: Azərbaycana qarşı edilən cinayətə, təcavüzə görə Naxçıvan Muxtar Respublikasının Sovetlər İttifaqının tərkibindən çıxması haqqında qərar qəbul ediblər.

İndi Sovetlər İttifaqı dağılıb. O vaxtdan çox illər keçib, çox şeylər unudulub. Sovetlər İttifaqına mənsub olmuş ölkələr öz müstəqilliyini əldə ediblər. Ancaq naxçıvanlıların bu cəsarətli addımı o vaxt Sovet İttifaqında yeganə bir addım idi. Bu xəbər bütün dünyaya yayıldı ki, Naxçıvan Muxtar Respublikası Sovetlər İttifaqından çıxmaq barədə qərar qəbul edibdir. Bu, naxçıvanlıların nə qədər cəsarətli, qeyrətli, nə qədər azadlıqsevər və müstəqilliyə nə qədər bağlı olduqlarını dünyaya sübut etdi, nümayiş etdirdi.

O il Azərbaycan xalqı üçün ağır il idi. Ona görə də mən xalqımla, millətimlə, ölkəmlə bir yerdə olmaq üçün iyun ayında Azərbaycana qayıtmağı qərara aldım. Azərbaycana, Bakıya gəldim. Ancaq o vaxtkı mürtəce qüvvələr, Azərbaycan xalqının milli mənafeyinə zidd olan qüvvələr mənə Bakıda yaşamağa imkan vermədilər. Mən Naxçıvana gəldim.

Naxçıvan məni qucaqladı, bağrına basdı. Xatirimdədir, Naxçıvan Muxtar Respublikası əhalisinin əksər hissəsi o axşam buradan, Cavidin məzarından Azadlıq meydanınadək olan ərazidə toplaşmışdı. Dünya ölkələrinin mətbuatı o vaxt xəbər verirdi ki, Azadlıq meydanına 80-90 min adam toplaşmışdır. Naxçıvanlılar mənimlə görüşə gəlmişdilər. Mən isə Naxçıvana demək olar ki, gizli gəldim. Heç kəsə xəbər vermədim. Gizli olaraq gəlib öz bacımın evində yertəşdim. Ancaq bir saatdan sonra naxçıvanlılar bunu bildilər, mənimlə görüşə gəldilər və nəhayət, Azadlıq meydanına toplaşıb məni buraya dəvət etdilər. Mən isə dedim ki, ilk addımımı Hüseyn Cavidin məzarının üzərinə doğru atacağam. Belə də oldu. Buraya gəldim, Hüseyn Cavidin qəbrini ziyarət etdim. Ancaq pərişan oldum. Çünki mən 1982-ci ilin sonunda Moskvaya gedərkən qərar vermişdim ki, Hüseyn Cavidin qəbri üzərində məqbərə tikilməli, yaradılmalıdır.

Qəbri çox bərbad vəziyyətdə gördüm, ürəyim sıxıldı. Onsuz da böyük sıxıntılar içərisində yaşayırdım. Ancaq buraya - Azadlıq meydanına, Hüseyn Cavidin məzarının ətrafına toplaşmış naxçıvanlıların əhval-ruhiyyəsi, mənə olan sevgisi, məhəbbəti - onlar hamısı məni bu vəziyyətdən çıxartdı.

O gündən 1993-cü il iyunun 9-dək biz sizinlə burada bir yerdə yaşadıq. Bəlkə də tale belə etməli idi ki, mən Naxçıvana gəlməli idim. Bildiyiniz kimi, o illər Naxçıvanda bizim həyatımız çox ağır, çətin idi. Naxçıvan blokadada idi. Ermənistan ərazisi vasitəsilə respublikamızdan ayrı düşən Naxçivanın Azərbaycanın mərkəzi hissəsi ilə bütün əlaqələri kəsilmişdi. Burada insanların yaşayışı çox ağır, çətin idi. Mən də sizinlə bir yerdə eyni şəraitdə, vəziyyətdə yaşamağa başladım. Bir yerdə yaşadıq. Ağır günlərimiz oldu. Naxçıvanda qışda şaxta 40 dərəcəyə qabardı. Ağır illər, çətin dövr idi. Su, elektrik enerjisi çatışmırdı, qaz, istilik yox idi, yemək yox idi, ərzaq sarıdan çətinlik çəkirdik. Xatirinizdədir, mən sizə dəfələrlə dedim, - bərabər yaşayacağıq, bu vəziyyətdən bərabər çıxacağıq. Əgər burada şaxtadan donsaq, bir yerdə donacağıq. Əgər ac qalsaq da, hamımız bir yerdə ac qalacağıq. Ancaq nə qədər çətin olsa da donmadıq, ac da qalmadıq. Şaxta olsa da yaşadıq, bu çətin dövrdən çıxdıq.

Ancaq bizim çətinliyimiz təkcə həyat şəraiti ilə bağlı deyildi. Ermənistan ilə Azərbaycan arasında gedən müharibədə Ermənistan silahlı qüvvələri Naxçıvan ərazisinə daim hücum etməyə çalışırdılar. Bir neçə belə hücum oldu. Sədərəyə, Şadaya, Buzqova, Gərməçatağa, Ordubadın bir neçə kəndinə hücumlar oldu. Naxçıvanlılar şəhidlər verdilər, qəhrəmancasına döyüşdülər. Sədərək bölgəsində 40 gündən artıq döyüş getdi. Biz çoxlu şəhidlər, itkilər verdik. Amma naxçıvanlılar sınmadılar, onların iradəsi möhkəm oldu. Torpağımızı, Azərbaycan ərazisini birgə qoruyub saxladıq və bu gün də qoruyub saxlayırıq.

O illər mənim üçün əziz, çox şərəfli illər olubdur. Mən bu illəri sizinlə bir yerdə keçirmişəm. Ona görə də mən buraya, bu torpağa daha da bağlı olmuşam. 1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi baş verərkən, respublikamız böyük təhlükə qarşısında olarkən, məni dəfələrlə Bakıya dəvət edərkən bundan imtina edirdim. Onda mən Naxçıvandan getmək istəmirdim. Mən Naxçıvanda yaşayıb naxçıvanlılarla bir yerdə Naxçıvanı daha da inkişaf etdirməyə çalışırdım. Ancaq Azərbaycanın vəziyyəti və mənə olan bir çox müraciətlər məni getməyə məcbur etdi.

Mən gedərkən təsəvvür etmirdim ki, qayıtmayacağam. Xatirinizdədir, mən sizə dedim ki, bir neçə gündən sonra geriyə dönəcəyəm. Bu, həqiqət idi, mən belə fikirlə getdim. Ancaq o vaxt Bakı, Azərbaycan elə bir ağır vəziyyətdə oldu ki, mən orada daimi qalmalı oldum. Üç il yarımdır ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, respublikamızı Ermənistan təcavüzündən qurtarmaq üçün əlimdən gələni əsirgəmirəm və bu yolda gecə-gündüz çalışıram.

Respublikamız bu illərdə müstəqillik yolunda çox nailiyyətlər əldə edibdir. Ən böyük nailiyyət odur ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi möhkəmlənib, müstəqil Azərbaycan Respublikası bütün dünyada tanınır, dünya birliyində özünə layiq yerini tutubdur. Ermənistan - Azərbaycan münaqişəsinin qarşısını almaq üçün 1994-cü ilin may ayında atəşkəs haqqında saziş əldə olunubdur. İki il yarımdır ki, döyüşlər yoxdur, qan tökülmür. Ancaq eyni zamanda, hələ böyük sülh də yoxdur. Bu müddətdə biz məsələnin sülh yolu ilə həll olunması üçün bütün tədbirləri görürük. Demək olar, elə bir gün yox­dur ki, biz bu məsələ ilə məşğul olmayaq. O gün yoxdur ki, bu barədə yeni bir addım atmayaq, yeni bir tədbir görməyək.

Siz bunları bilirsiniz. Mən sizi əmin edirəm ki, Azərbaycan Respublikasını bu vəziyyətdən çıxarmaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün, işğal olunmuş torpaqları azad etmək, işğal olunmuş torpaqlarımızdan didərgin düşmüş vətəndaşlarımızı öz yerlərinə-yurdlarına qaytarmaq üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Ümidvaram ki, biz buna nail olacağıq, Azərbaycan bu vəziyyətdən çıxacaq, Azərbaycanın ərazi bütövlüyü tə'min olunacaq, qaçqınlar öz yerlərinə-yurdlarına qayıdacaqlar. Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, inkişaf edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz bir hissəsi kimi milli azadlıq uğrunda, dövlət müstəqilliyimiz uğrunda gedən mübarizələrdə həmişə ön sırada olmuş, təşəbbüskar olmuşdur. Azərbaycan dövlət müstəqilliyi, milli azadlıq yolunda gedən mübarizənin dayağı olmuşdur və bu gün də dayağıdır, gələcəkdə də belə olacaqdır. Ona görə də Naxçıvana, Naxçıvan Muxtar Respublikasına Azərbaycanın hər yerində böyük hörmət və ehtiram hissi var.

Bu gün biz buraya böyük yazıçı, şair, dramaturq Hüseyn Cavidin xatirəsi ilə əlaqədar toplaşmışıq. Burada çıxış edən şəxslər Hüseyn Cavidin yaradıcılığı haqqında, Azərbaycan xalqı qarşısında onun xidmətləri haqqında ətraflı danışdılar.

Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridır. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır.

Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur.

Hüseyn Cavid Azərbaycan xalqının tarixində görkəmli yer tutub. Məhz bunlara görə də biz 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyi haqqında böyük bir qərar qəbul etdik. Bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, mən bu qərarın həm təşəbbüskarıyam, həm də onun müəllifiyəm. Bu gün mən xoşbəxtəm ki, həmin o vaxt nəzərdə tutduğum arzularım, istəklərim 15 ildən sonra yerinə yetirilir.

Burada deyildi, 1982-ci ildə Hüseyn Cavidin cənazəsini Uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Bu, böyük iradə, cəsarət tələb edirdi. Ancaq xalqımıza, millətimizə, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza, mənəviyyatımıza olan sədaqət mənə belə bir cəsarət göstərməyə imkan verdi. Mən bunu etdim. O vaxt Hüseyn Cavidin cənazəsini Azərbaycana gətirərkən onu Bakıda, yaxud doğulduğu yerdə torpağa vermək barədə müxtəlif  fikirlər var idi. Bu məsələ müzakirə olundu. Yazıçılarımız, alimlərimiz, ziyalılarımız böyük fikir mübadiləsi apardılar. Onlar qərar qəbul etdilər. Bu, mənim də qərarım idi ki, cənazə Naxçıvana gətirilsin. Naxçıvan böyük şəxsiyyətlər yetişdirmiş bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Ona görə də Hüseyn Cavidin cənazəsinin Naxçıvanda torpağa verilməsi həm Hüseyn Cavidin ruhuna olan hörmət idi, həm də Azərbaycanın ayrılmaz hissəsi, müqəddəs guşəsi olan Naxçıvana hörmət və ehtiramın əlaməti idi.

O vaxt biz bu işi etdik. Mən bu işi edərkən ziyalılarımıza, yazıçılarımıza, alimlərimizə bildirdik ki, Hüseyn Cavidin cənazəsi adi qəbiristanda yox, Naxçıvan şəhərinin mərkəzində, onun doğulduğu evin yanında, görkəmli bir yerdə torpağa veriləcək. O məqsədlə ki, bu, adi qəbir olmayacaq. Qəbirin üzərində böyük məqbərə tikiləcək və bu, böyük bir abidəyə, ibadətgaha çevriləcəkdir.

Belə fikirlərlə, duyğularla, arzularla o vaxt biz bu qərarı qəbul etdik. Təəssüflər olsun ki, bunu sonrakı illərdə həyata keçirmək mümkün olmadı. Bilirsiniz ki, mən 1982-ci ilin sonunda Azərbaycandan Moskvaya işə keçdim. Doğrudur, orada işləyərkən də mən bu məsələyə maraq göstərirdim və müəyyən addımlar atırdım. Ancaq Moskvada çox böyük işlərlə məşğul olmağım, eyni zamanda, təəssüf ki, o vaxt Azərbaycana rəhbərlik edən şəxslərin bunun mahiyyətini, əhəmiyyətini dərk edə bilməməsi məsələnin belə uzanmasına gətirib çıxardı.

1990-cı ildə mən Naxçıvana gələndən bir neçə gün sonra sakit bir vaxtda təkcə, yenə də Hüseyn Cavidin qəbrinin yanına gəldim, düşündüm: Bəs o məqbərəni biz nə vaxt tikə biləcəyik? Bir neçə təşəbbüs etdim. Mənim əziz həmvətənlərim, ancaq siz də bilirsiniz ki, o vaxt mənim bu imkanlarım yox idi. Mən bu təklifi verə bilərdim, verirdim, həm burada, həm də Bakıda çoxlarına deyirdim. Ancaq bu işi həyata keçirməyə onları sövq etmək, yaxud məcbur etmək imkanım olmadı.

Görünür, Allah hər bir şeyi ədalətlə edir. Nəhayət, mən Azərbaycanın prezidenti seçiləndən sonra dərhal bu məsələ ilə məşğul oldum. Turan xanım bilir, onu bir neçə dəfə yanıma dəvət etdim. Layihələr hazırlamaq barədə memarlara sifarişlər verdim. Bir çox layihələr hazırlandı. O layihələrə mən Turan xanımla, bir çox memarlarla birlikdə bir neçə dəfə baxmışam. Nəhayət, memar Rasim Əliyevin təklif etdiyi layihə əsasən qəbul olundu. Ancaq əsasən. Onun üzərində çox işləmək lazım oldu. Düşünməyin ki, mən bu gün təvazökarsızlıq edirəm, ancaq bu həqiqətdir, onu demək istəyirəm ki, bu məqbərənin necə olması, hansı memarlıq üslubunda olması haqqında çox düşünmüşdüm. Ona görə də öz tövsiyələrimi, mülahizələrimi verdim, fikirlərimi söylədim. Memar Rasim Əliyev onları həyata keçirə bildi. Son layihə təsdiq olunandan sonra məqbərənin inşasına başladıq.

İnşaat işləri qısa müddətdə getdı. Böyük məmnuniyyət hissi ilə deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikasmın rəhbərliyi - Ali Məclisin sədri Vasif Talıbov, baş nazir Şəmsəddin Xanbabayev çox səylər göstəriblər. Respublika baş nazirinin müavini Abid Şərifovu mən bu işə təhkim etmişdim, onu dəfələrlə buraya göndərmişdim. Türkiyənin "Star" sirkəti bu inşaatla məşğul olub. Nəhayət, biz böyük bir abidənin önündə durmuşuq, bayram edirik. Bu gün böyük iftixar hissi ilə bu abidəni birlikdə açmağa gəlmişik. 

Mən çox məmnunam, sevinirəm ki, 15 il bundan əvvəl qəbul etdiyim qərar həyata keçir. Mənim arzularım həyata keçir. Mən sizi də, özümü də bu münasibətlə təbrik edirəm.

Mən çox məmnunam ki, bu gün bu bayram mərasiminə qonşu Türkiyədən, İrandan da nümayəndələr, qonaqlarımız gəliblər. Bu təbiidir. Türkiyə və İran Azərbaycanın yaxın qonşularıdır, dostlarıdır. Ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələri var. Bu əlaqələr gündən-günə möhkəmlənir, inkişaf edır. Naxçıvan ağır vəziyyətdə, blokada şəraitində olduğu bir zaman muxtar respublikanın başçısı kimi o vaxt mən Türkiyəyə, İrana müraciət etdim. O ağır dövrdə onların dövlət, hökumət başçılarının yardımı ilə biz lazımı kömək alırdıq. Biz Türkiyə Cümhuriyyəti ilə birlikdə həsrət, ümid körpüsü deyilən körpünü tikdik. Naxçıvan Muxtar Respublikasının ərazisindən Türkiyə ilə Azərbaycanı bağlayan yol açılıbdır. Bu yol indi böyük dostluq, qardaşlıq yolu olubdur, ölkələrimizi bir-birinə bağlayan yol olubdur. O həm Türkiyə üçün, həm də Azərbaycan, Naxçıvan üçün çox böyük əhəmiyyət kəsb edir.

Bu gün Türkiyənin milli bayramıdır, Türkiyə Cumhuriyyəti yaranmasının 73-cü ildönümüdür. Türkiyə Cümhuriyyətindən millət vəkili, İqdır vilayətinin valisi və başqa nümayəndələr burada iştirak edirlər. Bu gün mən Türkiyə xalqını, dövlətini, qardaş Türkiyə Cümhuriyyətini bayram münasibətilə təbrik edirəm. Azərbaycan xalqının, dövlətimizin Türkiyə xalqına hörmət və ehtiramını bildirirəm.

İki gün bundan əvvəl Moskvada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə, ondan bir neçə gün əvvəl Daşkənddə türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə olarkən Türkiyənin prezidenti, əziz dostum, qardaşım Süleyman Dəmirəl ilə çox ətraflı söhbətlər apardıq. Türkiyə - Azərbaycan əlaqələrinin inkişaf etdirilməsı və Ermənistan - Azərbaycan münaqişəsinə son qoyulması haqqında dəyərli söhbətlərimiz olubdur.

İran prezidentinin birinci müavini, baş nazir, hörmətli cənab Həbibi dünən Azərbaycana rəsmi səfərə gəlmişdir. Dünən Bakıda bizim çox əhəmiyyətli danışıqlarımız, görüşlərimiz olubdur. O, bu gün də Azərbaycanda ziyarətdədir, sabah da Azərbaycanda olacaqdır. Oktyabrın 31-də cənab Həbibi Naxçıvana ziyarətə gələcəkdir.

Bunlar hamısı Azərbaycan Respublikasının qonşu dövlətlərlə, birinci növbədə Türkiyə və İran ilə dostluq, qardaşlıq əlaqələrinin rəmzidir, təzahürüdür. Mən çox məmnunam ki, bu bayram günündə biz hamımız bir yerdəyik, qonşu ölkələrin nümayəndələri burada iştirak edirlər. Mən buna görə təşəkkür edirəm və öz qardaş-bacılarımıza hörmət və ehtiramımı bildirirəm.

Hüseyn Cavidin məqbərəsi Naxçıvanın memarliq tarixinə yeni bir səhifədir. Naxçıvanda böyük memarlıq, milli, mədəni abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır. Ümidvaram ki, "Mömünə xatun" abidəsi kimi, bu abidə də əsrlər boyu yaşayacaqdır. Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqlar.

Bu abidəni yaradanlara, yə'ni onun inşası ilə məşğul olanlara təşəkkür edirəm. Memar Rasim Əliyevə, heykəltəraş Ömər Eldarova, "Star" şirkətinə təşəkkür edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, memarlarımız, rəssamlarımız, heykəltəraşlarımız, mədəniyyət xadimlərimiz Azərbaycan mədəniyyətini, memarlığını bundan sonra da inkişaf etdirəcəklər.

Mən sizin hamınızı bu bayram münasibətilə bir daha təbrik edirəm. Hüseyn Cavid məqbərəsini təntənəli surətdə açıq elan edirəm.