Azərbaycan Prezidenti Heydər Əliyevin AFR Bundestaqının Almaniya-Qafqaz parlament qrupu ilə görüşü - 2 iyul 1996-cı il

İyulun 2-də Azərbaycan prezidenti Heydər Əliyev AFR-də rəsmi səfərdə olarkən Bundestaqın Almaniya-Qafqaz parlament qrupunun sədri Villi Vimmer və həmin qrupun digər üzvləri ilə görüşmüşdür.

Görkəmli siyasi xadim prezident Heydər Əliyev ilə görüşdən böyük şərəf duyduqlarını bildirən cənab Vimmer Almaniya - Qafqaz parlament qrupunun üzvlərini dövlətimizin başçısına təqdim edərək dedi: Biz ən ciddi şəkildə və ürəkdən istəyirik ki, Azərbaycan ərazisinin toxunulmazlığı və bütövlüyü tezliklə bərpa edilsin. Yaşadığımız qitə təcavüzə hec cür dözə bilməz. Buna görə də biz Azərbaycan ərazisində olan yadelli qoşunların sizin torpaqları tezliklə tərk etməsini alqışlardıq. Bu, nəinki parlamentimizin Qafqazla əlaqə qrupunun, həm də parlamentdə təmsil olunmuş siyasi partiyaların nümayəndələrinin, ümumiyyətlə, bütün Bundestaqın fikridir. Hörmətli prezident, siz bizim parlamentin ən əziz qonağısınız.

Cənab Vimmer Almaniyanın Azərbaycan ilə əlaqələrə xüsusi diqqət yetirdiyini də nəzərə çarpdırdı, öz ölkəsinin respublikamızda siyasi-iqtisadi sahədə həyata keçirilən demokratik islahatları diqqətlə izlədiyini və bunu dəstəklədiyini bildirdi.

Səmimi sözlərə görə cənab Vimmerə və Almaniya - Qafqaz parlament qrupunun üzvlərinə təşəkkür edən prezident Heydər Əliyev Bundestaqda olmasından məmnun qaldığını bildirərək dedi: Mən Almaniyada rəsmi səfərdəyəm. Almaniyanın prezidenti cənab Roman Hersoqla, federal kansler cənab Helmut Kol ilə bu gün mənim çox əhəmiyyətli, məzmunlu görüşlərim və danışıqlarım oldu. Biz ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsi, genişlənməsi, inkişaf etməsi ilə bağlı problemləri müzakirə etmişik. Mən çox məmnuniyyətlə qeyd edə bilərəm ki, bu məsələlər haqqında həm Almaniya tərəfi, həm də Azərbaycan tərəfi - yəni cənab Hersoq, cənab Kol və mən eyni fikirdəyik.

Respublikamızın rəhbəri dedi: Bu günlər biz burada daha bir neçə görüş keçirəcəyik. Bunlar hamısı Almaniya ilə Azərbaycan arasında dövlətlərarası bütün əlaqələrin, xüsusən iqtisadi əməkdaşlığın genişləndirilməsinə və inkişaf etdirilməsinə yönəldilibdir. Biz bu sahədə bir çox konkret tədbirlər görmək ərəfəsindəyik.

Prezident Heydər Əliyev daha sonra dedi: Azərbaycanın dövlət başçısı kimi mən Almaniyaya rəsmi səfərə gələrək eyni zamanda özümlə bərabər buraya respublikamızın parlamentinin bir qrup üzvünü də gətirmişəm. Burada mənim sağımda və solumda oturanlar Azərbaycan parlamentinin deputatlarıdır. Onlar sayca sizdən çoxdurlar. Bu, Azərbaycanda dövlət başçısı ilə parlament arasında olan sıx əlaqəni çox əyani surətdə nümayiş etdirir.

Cənab Vimmer, mən çox məmnunam ki, siz sözünüzün əvvəlində bizim üçün çox vacib, əhəmiyyətli olan bir məsələ haqqında öz fikrinizi bildirdiniz: dediniz ki, siz istəyirsiniz Azərbaycanın ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı tezliklə bərpa olunsun. Bildirdiniz ki, sizin bu sözləriniz həm Almaniya Bundestaqının, həm də Bundestaqın ATƏT təşkilatı ilə əlaqələr qrupunun mövqeyidir. Bu, məni çox məmnun edir. Bu gün biz cənab Roman Hersoq və cənab Helmut Kol ilə görüşlərimizdə bu məsələ haqqında eyni fikirdə olduq ki, ölkələrin əraziləri və onların sərhədləri zorakılıqla, zorla, güclə dəyişdirilə bilməz və bütün dövlətlər belə halların əleyhinə çıxmalıdırlar.

Dövlətimizin başçısı sözünə davam edərək dedi: Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, beynəlxalq hüquq normalarının əsas prinsipinə söykənən, indi sizin tərəfinizdən bəyan edilən bu fikirlər bundan sonra da sizin daimi mövqeyiniz olacaqdır. Mən əminəm ki, Almaniya və ATƏT-in üzvü olan digər Avropa ölkələri belə mövqe ilə Ermənistanla Azərbaycan arasındakı hərbi münaqişənin sülh yolu ilə həll edilməsinə bundan sonra da güclü səylər göstərəcəklər və biz bu problemi ümumi səylərimizlə həll edəcəyik.

Ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən bəhs edən prezident Heydər Əliyevin fikrincə, bu, beynəlxalq hüquq normalarına görə dözülməzdir və buna son qoyulmalıdır. Dövlət başçımız əmin olduğunu bildirdi ki, ölkələrimiz, parlamentlərimiz və dövlət, hökumət başçılarımız arasında olan əməkdaşlıq bu problemin tezliklə həll edilməsində mühüm rol oynayacaqdır.

AFR-ə rəsmi səfərinin uğurlu keçdiyindən məmnunluqla bəhs edən respublikamızın rəhbəri Almaniya-Qafqaz qrupunun ölkəmizə mehriban münasibətini xüsusi razılıqla qarşıladı və bu obyektiv, sağlam, xoş münasibətə, mövqeyə görə təşəkkürünü bildirdi.

AzərTAc

\"Azərbaycan\" qəzeti, 3 iyul 1996