Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İran İslam Respublikasının Prezideni Əkbər Haşimi-Rəfsəncani Azərneftyağ zavodunda olmuşdur - 27 oktyabr 1993-cü il

İran İslam Respublikasının Prezidenti Əkbər Haşimi-Rəfsəncani və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev oktyabrın 27-də Azərneftyağ zavodunda olmuşlar. Respublikamızın neftayırma sənayesinin bu qədim müəssisəsində qonaqları hərarətlə, gül-çiçəklə qarşılamışlar. Prezidentlər və onları müşayiət edən şəxslər burada inşa edilən və hazırda son tamamlama işləri görülən ELOU-AVT-2 qurğusuna baxmışlar. Dövlət başçılarına məlumat verilmişdir ki, bu nəhəng qurğu ABŞ-ın \"Petrofak İnkorporeyşn\" firması tərəfindən layihələşdirilmişdir. Obyekti Azərbaycan Quraşdırma və Xüsusi Tikinti İşləri Səhmdar Şirkətinin inşaatçıları quraşdırırlar. İşin gedişinə əvvəldən axıradək firmanın mütəxəssisləri nəzarət edirlər.

Mütəxəssislərin fikrincə, obyektdə görülmüş işlər dünya standartları səviyyəsindədir. 25 milyon ABŞ dollarına başa gəlmiş bu qurğuda ən müasir texnologiya tətbiq ediləcək, istehsal prosesi əsasən avtomatlaşdırılacaq, kompüterlər vasitəsilə həyata keçiriləcəkdir. Bu qurğu demək olar ki, tamamilə itkisiz işləyəcək, ekologiyaya heç bir zərər vurmayacaqdır.

Qurğu ilə tanışlıqdan sonra Əkbər Haşimi-Rəfsəncani və Heydər Əliyev həyətə toplaşmış zavod əməkçiləri qarşısında çıxış etmişlər. Azərbaycan Prezidenti ali qonağı və onu müşayiət edən şəxsləri bir daha salamlamış və uzun ayrılıqdan sonra Azərneftyağ zavodunun əmək kollektivi ilə görüşündən məmnun olduğunu bildirmişdir. O demişdir: \"Bakıda 125 il bundan əvvəl işə başlayan bu müəssisə Azərbaycan neft sənayesinin inkişafında mühüm rol oynamışdır\". Heydər Əliyev 70-ci illəri xatırlayaraq qeyd etmişdir ki, o vaxt biz burada köhnəlmiş avadanlığı tamamilə yenisi ilə əvəz etdik və müasir texnologiyalı zavod inşa olundu. Burada çalışan adamlar onun bəhrəsini gördülər. Mən çox şadam ki, indi burada yeni bir neft emalı qurğusu yaradılmışdır. Azərbaycan rəhbəri bu münasibətlə neftayıranları təbrik etmiş və onlara uğurlar arzulamışdır.

Heydər Əliyev daha sonra bildirmişdir ki, İranla Azərbaycan arasında əlaqələr bundan sonra daha da inkişaf edib möhkəmlənəcəkdir. İran İslam Respublikası Prezidentinin Bakıya bu səfəri iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ olacaqdır.

Azərbaycan rəhbəri çıxışının axırında demişdir: \"Ümidvaram ki, həm Azərbaycan xalqı, həm də İran xalqı bu əlaqələrin inkişafından bəhrələnəcəklər. Mən bu qədim neftayırma müəssisəsində İran Prezidentinə və İran xalqına Azərbaycan xalqının hörmət və məhəbbətini çatdırır və ümidvar olduğumu bildirirəm ki, xalqlarımız arasındakı dostluq əlaqələri bundan sonra daha da möhkəmlənəcəkdir\".

Əkbər Haşimi-Rəfsəncani əməkçilər qarşısında çıxışında demişdir: \"Mən bu müəssisə ilə tanışlıqdan sonra bir daha gördüm ki, Azərbaycanda neft sahəsində çox təcrübəli mütəxəssislər və görkəmli alimlər vardır. Yeni inşa olunmuş qurğuda görülən işlər də bunu sübut edir\". İran Prezidenti ölkələrimiz arasında neft sahəsində əməkdaşlığın perspektivləri məsələsinə toxunaraq demişdir ki, hər iki tərəf bu imkanlardan istifadə olunmasına qarşılıqlı səy göstərməlidir.

Əkbər Haşimi-Rəfsəncani zavodda mehribanlıqla qarşılandığına görə əmək kollektivinə minnətdarlığını bildirmiş və demişdir ki, İran Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır və bu istiqamətdə mühüm addımlar atılacaqdır.

\"Azərbaycan 1993\" Anarxiyadan sabitliyə, Bakı, 2000, səh. 303.