Hörmətli simpozium iştirakçıları!
Sizi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində ürəkdən salamlayır, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Qafqaz öz füsunkar təbiəti, qədim və zəngin tarixi, etnik-milli rəngarəngliyi, maddi və mədəni sərvətləri ilə dünyanın nadir regionlarından biridir. Bu qədim diyarın ən qiymətli tarixi sərvəti isə onun məğrur insanları, burada minilliklər boyu vahid ailə kimi yaşayan çoxsaylı xalqlarıdır. Zaman-zaman Qafqazın irili-xırdalı bütün xalqları etnik mənşəyindən və dini etiqadından asılı olmayaraq, vahid Ümumqafqaz mədəniyyətinin formalaşmasında iştirak etmiş, bu bənzərsiz regionun etno-mədəni dəyərlər xəzinəsini zənginləşdirmişlər. Qafqaz bu xalqların ümumi evidir və onlar haqlı olaraq bununla fəxr edirlər.
Bu gün milli-mənəvi dəyərlərinin işığına yığışdığınız dağ yəhudiləri də bölgəmizin tarixi-mədəni həyatında mühüm rol oynayan xalqlardan biridir. Qədim və keşməkeşli tarixi keçmişə malik dağ yəhudiləri yüz illərdir ki, Azərbaycanın digər xalqları ilə birgə çiyin-çiyinə, dostluq, mehribanlıq və əmin-amanlıq şəraitində yaşayırlar. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, yüksək tolerantlıq, milli dözümlülük və humanizm ilə səciyyələnən azərbaycanlı mentalitetinə yad olan irqi, milli, dini ayrı-seçkilik, o cümlədən antisemitizm halları tarixən Azərbaycanda mövcud olmamış, burada məskunlaşan hər bir xalq etnik özünəməxsusluğunu, milli adət-ənənələrini qoruyub saxlamışdır.
İndi Azərbaycanın dağ yəhudiləri müstəqil respublikamızın tam və bərabərhüquqlu vətəndaşlarıdır. Onların şəxsiyyət azadlığı, milli və insan hüquqları Azərbaycan Respublikasının Konstitusiyası və dövlət qanunları ilə qorunur. Ölkəmizdə yaşayan bütün milli azlıqların, o cümlədən dağ yəhudilərinin dil və mədəniyyətinin inkişafı, etnik-dini adət-ənənələrinin qorunub saxlanılması üçün hərtərəfli hüquqi-siyasi şərait təmin edilmişdir. Dağ yəhudiləri Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında, müstəqil dövlət quruculuğu prosesində yaxından iştirak edir, vətən qarşısında layiqli övladlıq borcunu yerinə yetirirlər.
Əziz dostlar!
Qafqaz fenomeninin nadir xüsusiyyəti onun etnik baxımdan rəngarəngliyi ilə yanaşı, həm də pozulmaz bütövlüyündədir. Buna görə də bölgədə yaşayan xalqların tarixi, mədəniyyəti, dili, etnik özünəməxsusluğu, adət-ənənələri Ümumqafqaz dəyərlərinin tərkib hissəsi kimi öyrənilməli və bu sahədə atılan hər bir addım Ümumqafqaz evinin qorunub saxlanılmasına, regionda sülhə, xalqlar arasında əmin-amanlığa xidmət etməlidir. Bu baxımdan Bakıda dağ yəhudilərinə həsr olunmuş beynəlxalq elmi toplantını Qafqazın, eləcə də Azərbaycanın elmi-ictimai həyatında mühüm hadisə kimi qiymətləndirirəm. Əminəm ki, keçirəcəyiniz elmi müzakirə və diskusiyalar xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə layiqli töhfəsini verəcək və belə xoşməramlı tədbirlər bir ənənə halını alacaqdır.
Bu yolda sizə cansağlığı, xoşbəxtlik, gərəkli fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.