Vokalçıların Bülbül adına I Beynəlxalq Müsabiqəsinə - Bakı şəhəri, 17 noyabr l997-ci il

Vokalçıların Bülbül adına birinci beynəlxalq müsabiqəsinin iştirakçılarını salamlayır və bu əlamətdar hadisə münasibətilə bütün musiqisevərləri ürəkdən təbrik edirəm.

Bülbül sənəti Azərbaycanın musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. O, Azərbaycanın professional vokal sənətinin banisidir. Onun çoxşaxəli zəngin yaradıcılığı milli muğam ifaçılığının ən yaxşı ənənələrini və dünya vokal məktəbinin nailiyyətlərini ahəngdar şəkildə özündə birləşdirir. Bülbülün böyük fitri istedadı, pedaqoq, musiqişünas alim və ictimai xadimə xas yüksək keyfiyyətləri ona Azərbaycan xalqının əbədi məhəbbətini qazandırmışdır.

Bu gün müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakı şəhərində Azərbaycanın dahi müğənnisinin 100 illik yubileyi şərəfinə belə mötəbər bir müsabiqənin keçirilməsi böyük məmnunluq hissi doğurur. Müsabiqənin münsiflər heyətinin tərkibində dünyanın adlı-sanlı musiqi xadimlərinin olması, xarici ölkələrin gənc ifaçılarının iştirakı təkcə böyük ustadın yaradıcılığına deyil, eləcə də bütövlükdə Azərbaycanın zəngin musiqi mədəniyyətinə dünyada dərin maraq olduğunu nümayiş etdirir.

Ümid edirəm ki, vokalçıların Bülbül adına birinci beynəlxalq müsabiqəsi yeni istedadlar üzə çıxaracaq, gözəl ənənəyə çevrilərək dünya xalqları mədəniyyətlərinin qarşılıqlı zənginləşməsi işinə öz töhfəsini verəcəkdir.

Müsabiqəni təşkil edənlərə, onun iştirakçılarına, Bülbül yaradıcılığının bütün pərəstişkarlarına cansağlığı, xoşbəxtlik arzulayram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.