Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə nitqi - Respublika Sarayı, 8 noyabr 1996-cı il

Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar, dostlar!

Sizi dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi, xalqımızın el bayramı münasibətilə ürəkdən təbrik edirəm!

Məhəmməd Füzulinin 500 illik yubileyinə, yubiley mərasimlərində iştirak etmək üçün respublikamıza gəlmiş bir çox ölkələrdən olan nümayəndə heyətlərinə, dövlət xadimlərinə, ictimai xadimlərə, elm, mədəniyyət xadimlərinə, bütün qonaqlarımıza Füzuli yaradıcılığına, Azərbaycan Respublikasına göstərdikləri hörmət və diqqətə görə təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Məhəmməd Füzulinin 500 illik yubileyi üç ildir ki, Azərbaycanın hər bir guşəsini fəth edibdir və dünyanı dolaşır. Bu üç il müddətində Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasında, onun hər bir yerində - şəhərində, qəsəbəsində, hər bir guşəsində böyük təntənəli mərasimlər keçirilib, bu dahi şairin yaradıcılığına hörmət və ehtiram bildirilibdir.

Məhəmməd Füzulinin yubileyi təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində təntənəli surətdə keçirilibdir. Türkiyədə - Ankarada, Rusiyada - Moskvada, İraqda - Bağdadda, Kərbəlada, Kərkükdə, İranda - Tehranda, Gürcüstanda, Qazaxıstanda, Özbəkistanda, Dağıstanda, Dərbənddə, Mahaçqalada, Parisdə, YUNESKO-nun baş qərargahında Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar təntənəli mərasimlər keçirilib. Məhəmməd Füzulinin yaradıcılığı, onun irsi geniş təbliğ olunub və bütün dünyaya çatdırılıbdır.

Məhəmməd Füzulinin 500 illik yubileyinin dünya miqyasında keçirilməsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının YUNESKO təşkilatı tərəfindən qəbul olunmuş qərar xalqımıza, mədəniyyətimizə, Məhəmməd Füzuliyə verilmiş böyük qiymət, hörmət və ehtiramdır. Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə Birləşmiş Millətlər Təşkilatının YUNESKO təşkilatının baş direktoru hörmətli cənab Federiko Mayor Azərbaycana gəlib, bu gün bizimlə bərabərdir, bu yubileyi bizimlə bir yerdə qeyd edir.

Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar Azərbaycanda son üç ildə böyük tədbirlər keçirilmişdir. Türk dünyası yazıçılarının III qurultayında Məhəmməd Füzulinin yaradıcılığı və onun 500 illik yubileyi diqqət mərkəzində olmuşdur. Türkdilli ölkələrin beynəlxalq TÜRKSOY təşkilatının VIII toplantısında Məhəmməd Füzulinin yaradıcılığı, onun irsi diqqət mərkəzində olmuşdur. Bakıda beynəlxalq simpozium keçirilmişdir. Məhəmməd Füzulinin yaradıcılığı bu günlər bir daha həm Azərbaycanın ictimaiyyəti qarşısında yüksəlmiş, həm də dünyaya nümayiş etdirilmişdir.

Məhəmməd Füzuli Azərbaycan xalqının böyük şairi, alimi, filosofu olaraq, eyni zamanda bütün türkdilli, türksoylu xalqlara, bütün türk, İslam dünyasına mənsubdur.

Məhəmməd Füzulinin yaradıcılığı, əsərləri, onun irsi dünya mədəniyyətinə böyük töhfələr vermişdir, dünya mədəniyyətini zənginləşdirmişdir. Məhəmməd Füzuli 40 illik yaradıcılıq dövründə 500 il daim yaşayan böyük əsərlər yaratmışdır. O, Azərbaycan şerinin, Şərq şerinin ən yüksək zirvəsinə çatmış və onun yaratdığı şerlər, onun poeziyası, poemaları, qəzəlləri, qəsidələri, rübailəri 500 ildir insanlara böyük mənəvi ruh verir.

Məhəmməd Füzulinin yaradıcılığında elmin, fəlsəfənin bir çox sahələri geniş təhlil olunmuş və onun əsərlərində öz əksini tapmışdır. Onun bütün əsərləri şer, poeziya, ədəbiyyat nümunələri olmaqla bərabər, eyni zamanda böyük fəlsəfi ideyalar, elmi fikirlər daşıyır. Məhəmməd Füzuli öz yaşadığı dövrdən əvvəlki dövrü geniş təhlil etmiş və həm Şərqin ona qədər yaratdıqlarını, həm də qədim yunan, rum antik ədəbiyyatının, qədim hind ədəbiyyatının nümunələrini öz əsərlərində cəmləyərək, yaradıcılığında Şərqin və Qərbin sintezinin nəticəsi olaraq şerin, elmin, fəlsəfənin ən yüksək zirvələrinə çatmışdır.

Məhəmməd Füzuli öz əsərləri, yaradıcılığı ilə özünə yenilməz bir heykəl, abidə yaratmışdır. Bu abidə 500 ildir ki, insanların qəlbindədir. O, Azərbaycan Respublikasının hər bir vətəndaşının qəlbindədir. Bu, mənəvi abidədir. Bu abidə bütün fırtınalardan, küləklərdən, zəlzələlərdən, bütün müharibələrdən, döyüşlərdən, vuruşlardan keçərək yaşayır, gün-gündən yüksələrək zirvələri fəth edir. Biz bu gün, bu el bayramı günü Məhəmməd Füzulinin Azərbaycanın paytaxtı Bakıda, Füzuli meydanında ucaldılmış heykəlinin önünə getdik, onun heykəlinin qarşısına güllər qoyduq. Ancaq Füzulinin özünün yaratdığı mənəvi heykəl bizim hər birimizin qəlbindədir. O, əbədi yaşayacaq, gələcək nəsillərin qəlbində də yaşayacaqdır.

Məhəmməd Füzuli xalqların keçdiyi tarixi yolu təhlil edərək çox yüksək fəlsəfi ümumi bəşəri fikirləri, dəyərləri öz əsərlərində əks etdirmişdir. O, yaşadığı dövrdə gedən ictimai-siyasi prosesləri, insan cəmiyyətini, insan həyatını təhlil edərək insanlar, cəmiyyət üçün ölməz fikirlər söyləmiş, ölməz tövsiyələr vermişdir. Onun əsərlərinin hamısı insan cəmiyyəti, insanların bir-birinə münasibətini, insanlarda bütün müsbət keyfiyyətləri tərənnüm etməkdən, insanlarda, cəmiyyətdə olan mənfi hallara öz etirazını, nifrətini bildirməkdən ibarət olmuşdur.

Məhəmməd Füzulinin əsərlərində insanların sevgisi, məhəbbəti, eşqi, insanın insana münasibəti, sədaqəti, etibarlığı vəsf, tərənnüm edilmişdir. Məhəmməd Füzuli bütün əsərlərində insanları sədaqətə, etibarlılığa, ataya-anaya, Vətənə, torpağa, eşqə, məhəbbətə, öz ülvi duyğularına sədaqətə dəvət etmişdir - bunların hamısı 500 il bundan əvvəl olduğu kimi, bu gün də insanlar üçün ən vacib, lazım olan yüksək mənəvi keyfiyyətlərdir.

Məhəmməd Füzuli öz dövrünün həyatını əks etdirərək, öz mühitindən qida alaraq yaratdığı əsərləri uzaq gələcəyə istiqamətləndirmişdir. Ona görə də Füzulinin əsərləri 500 ildir ki, yaşayır və bundan sonra da yüz illərlə, min illərlə yaşayacaqdır.

Məhəmməd Füzuli o dövrdə hakim olan ərəb və fars dillərində yazmışdır. Ancaq bizim üçün ən əhəmiyyətli cəhət bundan ibarətdir ki, Məhəmməd Füzuli əsərlərinin çox hissəsini türk dilində, bugünkü Azərbaycan dilində yazmışdır. Bu, Məhəmməd Füzulini ondan əvvəl və sonra yaşamış, yaratmış və xalqımıza məxsus olan bir sıra şairlərdən, alimlərdən fərqləndirən amildir. Biz Füzulinin \"Leyli və Məcnun\" poemasını, onun türk dilində yazdığı divanını bu gün də dilimizdə rahat oxuyuruq, anlayırıq. Beləliklə, Məhəmməd Füzulinin ən böyük xidmətlərindən biri də öz dövrünün və ondan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayaraq, türk dilini, ana dilini yaşatmasından, onu yüksəklərə qaldırmasından ibarətdir.

Məhəmməd Füzulinin yaşadığı dövr çox mürəkkəb, böyük müharibələr dövrü olmuşdur. O, bu müharibələrin şahidi olmuş və müharibənin, düşmənçiliyin, cürbəcür münaqişələrin insana, cəmiyyətə nə qədər zərbələr vurduğunu öz gözləri ilə görmüşdür. Ona görə də Füzulinin əsərlərinin əsas motivlərindən biri də zorakılığa, zülmə, müharibəyə etirazdır. O, insanları barışığa, sülhə, dostluğa, mehribanlığa dəvət etmişdir, insanlardakı, cəmiyyətdəki bu keyfiyyətləri öz əsərlərində tərənnüm etmişdir.

Füzuli onun bugünkü nəvə-nəticələri kimi sülhsevər, xeyirxah insan olmuş, xeyirxahlığı, sülhsevərliyi öz əsərlərində daim təbliğ etmişdir.

Məhəmməd Füzuli öz əsərləri ilə ondan sonrakı nəsillərin hamısına böyük təsir göstərmişdir. Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə şairlər, yazıçılar, alimlər çox şerlər yazmış, yaratmışlar. Bir çoxları onu təkrar etməyə çalışmışlar. Bu da Məhəmməd Füzuli yaradıcılığının bəşəriyyətə, xalqlarımıza göstərdiyi böyük xidmətlərindən biridir.

Məhəmməd Füzulinin əsərlərindən irəli gələn ideyalar xalqımızın, digər türkdilli xalqların, İslam dünyasına mənsub xalqların mədəniyyətində, ədəbiyyatında yeni-yeni böyük əsərlərin yaranmasına səbəb olmuşdur. Bu gün böyük iftixar hissi ilə demək istəyirəm ki. Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvi ilk dəfə qədim Şərqin məşhur əfsanəsi əsasında özünün ölməz \"Leyli və Məcnun\" poemasını yaratmışdır. Bu, XII əsrdə olmuşdur. XI əsrdə Məhəmməd Füzuli həmin əfsanənin əsasında öz \"Leyli və Məcnun\" poemasını yaratmışdır. Leyli ilə Məcnuna həsr olunmuş əbədi əsərlər dünyada çoxdur. Orta əsrlərdə yüzlərlə belə əsər yaradılmışdır. Ancaq biz belə hesab edirik ki, Məhəmməd Füzulinin \"Leyli və Məcnun\" poeması o əfsanənin fəlsəfi mənasını ən yüksək zirvələrə qaldırmışdır.

XX əsrin əvvəlində böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov Məhəmməd Füzulinin poeması əsasında müsəlman Şərqində ilk opera əsəri - \"Leyli və Məcnun\" operasını yaratmışdır. Bu da çox səciyyəvidir ki, XII əsrdə Nizami Gəncəvi bu mövzuda ilk poemanı yaratmış, XVI əsrdə Məhəmməd Füzuli \"Leyli və Məcnun\" poemasını yüksək səviyyələrə qaldırmış, XX əsrin əvvəllərində Üzeyir Hacıbəyov bu poemanın əsasında Azərbaycanın ilk opera əsərini yaratmışdır. 90 ildir ki, \"Leyli və Məcnun\" operası Azərbaycanın opera səhnəsindən düşmür. Bu opera 90 il müddətində bütün dünyanı dolaşıb. Füzuli yaradıcılığını, Üzeyir Hacıbəyov yaradıcılığını bütün dünyaya nümayiş etdirib, Azərbaycan xalqının şerini, musiqisini yüksək zirvələrə qaldırıbdır.

Bizim əsrimizdə Azərbaycan yazıçıları, şairləri, bəstəkarları, rəssamları, heykəltəraşları Məhəmməd Füzulinin əsərlərinə həsr olunmuş, onun əsərlərindən irəli gələn ideyalardan istifadə edərək gözəl əsərlər yaratmışlar. Qara Qarayevin \"Leyli və Məcnun\" simfoniyası, Cahangir Cahangirovun \"Füzuli\" kantatası və digər əsərlər buna misal ola bilər.

Beləliklə, Məhəmməd Füzuli öz yaradıcılığı ilə, öz əsərləri ilə indiyədək yaşamış, indi də yaşayan və bizim hamımıza ilham verən, mənəvi qida və ruh verən əsərləri ilə sonrakı nəsillərin şair, yazıçı, bəstəkar, rəssam və heykəltəraşlarının yaradıcılığı üçün gözəl mövzular, ideyalar vermiş, onlara ilham vermiş, onların öz sənətlərinin yüksək zirvələrinə qalxmasına kömək etmişdir. Bütün bunlar Məhəmməd Füzulinin yaradıcılığının və onun sonrakı nəsillərə qoyduğu irsin məzmunu və mənasıdır, onların yüksək qiymətidir.

O dövrdən 500 il keçibdir. Bu əsrlər, bu illər ərzində Məhəmməd Füzuli daim yaşayıbdır. Təsadüfi deyildir ki, onun əsərlərinin böyük əksəriyyəti bu günədək gəlib çatıbdır. Ancaq Məhəmməd Füzuli elmi cəhətdən, nəzəri cəhətdən indiki kimi öyrənilməyib, təhlil və tədqiq olunmayıb, təbliğ edilməyibdir.

Bu 500 il ərzində ilk dəfədir ki, Məhəmməd Füzulinin yubileyi, onun xatirəsi belə yüksək səviyyədə, belə geniş miqyasda keçirilir, yad olunur. Bu, bizim müasir Azərbaycanın, indiki nəslin, Azərbaycan Respublikasının, Azərbaycan xalqının öz mədəniyyətinə, öz tarixinə, öz dahi şəxsiyyətlərinə göstərdiyi hörmət və ehtiramdır. Lakin bu, Məhəmməd Füzuli yaradıcılığının tədqiq və təbliğ olunmasının başlanğıcıdır. Hesab edirəm ki, Məhəmməd Füzuli yaradıcılığı, onun irsi elə bir dəryadır ki, onun dərinliklərinə nüfuz etmək üçün, o dərin qatlardakı fikirləri, tövsiyələri mənimsəmək üçün, öyrənmək üçün hələ çox işlər görülməlidir. Güman edirəm ki, 500 illik yubiley tədbirləri Məhəmməd Füzuli yaradıcılığının elmi-nəzəri cəhətdən gələcəkdə də tədqiq, təbliğ olunması üçün böyük yollar açır.

Əmin olduğumu bildirmək istəyirəm ki, gələcək nəsillər Füzulinin 500 illik yubiley mərasimlərini unutmayacaq və bu təşəbbüsü daha da yüksəklərə qaldıracaqlar.

Məhəmməd Füzulinin yaradıcılığına, onun əsərlərinə xalqımızda hörmət və minnətdarlıq hissi həmişə olmuşdur. Ancaq Məhəmməd Füzulinin əsərlərini və yaradıcılığını biz keçmişdə heç vaxt indiki kimi dərk edə bilməmişdik. Bunlar da Azərbaycan xalqının artıq milli azadlığa, dövlət müstəqilliyinə nail olması ilə əlaqədardır. Biz indi öz müstəqil dövlətimizdə, müstəqil ölkəmizdə öz tariximizi, öz milli-mənəvi dəyərlərimizi, ənənələrimizi sərbəst, daha doğru, daha düzgün qiymətləndirə bilirik və onları heç nədən çəkinmədən, qorxmadan təbliğ edə bilirik.

Biz Məhəmməd Füzuli yubileyini xalqımızın, respublikamızın həyatında ağır bir mərhələdə keçiririk. Bildiyiniz kimi, səkkiz il bundan öncə Azərbaycan xalqına qarşı, Azərbaycan Respublikasına qarşı Ermənistan tərəfindən hərbi təcavüz edilmişdir. Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazisinin bir qismi, 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur, zəbt edilmiş torpaqlardan bir milyondan artıq soydaşımız didərgin düşmüş, qaçqın düşmüş, qaçqın vəziyyətində çadırlarda yaşayır. Azərbaycanın ərazi bütövlüyü pozulmuş, onun milli dövlətçiliyinə, ərazi bütövlüyünə böyük zərbələr vurulmuşdur.

Bununla yanaşı, Azərbaycan öz dövlət müstəqilliyini əldə etmək ərəfəsində və dövlət müstəqilliyinə nail olduqdan sonra böyük ictimai-siyasi, sosial-iqtisadi proseslər dövrünü yaşayır. Bu dövrdə Azərbaycanın həyatında çox təhlükəli, Azərbaycanın dövlətçiliyi üçün, milli mədəniyyəti üçün çox qorxulu hadisələr də baş vermişdir. Bütün bunlar Azərbaycanın ictimai-siyasi və mədəni həyatını zəhərləmiş, pozmuş, böyük çətinliklər yaratmışdır. Bunlarla yanaşı, Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra ölkədə demokratik, hüquqi, dünyəvi dövlət qurmuşdur. Respublikamızda demokratik proseslər inkişaf edir, iqtisadi islahatlar həyata keçirilir. Biz yeni dövlət qururuq, yeni demokratik cəmiyyət formalaşdırırıq, yeni iqtisadiyyat formaları yaradırıq. Bunların hamısı çox mürəkkəb, eyni zamanda çətin proseslərdir.

Belə bir zamanda, belə bir dövrdə Məhəmməd Füzuli yaradıcılığı bizə ruh verir, ilham verir. Məhəmməd Füzuli yaradıcılığı xalqımızda həmişə milli mənlik duyğularını, hisslərini tərbiyə etmiş və xalqımızı öz milli mənliyini dərk etmək, qorumaq ruhunda tərbiyə etmişdir. Məhəmməd Füzuli yaradıcılığı xalqımızın milli azadlıq uğrunda mübarizəsində, yeni dövlət quruculuğu prosesində, ölkəmizdə demokratik, hüquqi dövlət qurulması prosesində bizə kömək edən ən böyük amillərdən biridir. Biz fəxr edirik ki, xalqımız belə qədim, zəngin mədəniyyətə malikdir. Biz fəxr edirik ki, xalqımız öz böyük şəxsiyyətləri vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərlərini daim qoruyub saxlamış, zənginləşdirmiş və bu gün ümumbəşəri dəyərlərin bir hissəsinə çevirmişdir. Biz fəxr edirik ki, Məhəmməd Füzuli kimi dahi şairimiz var, böyük alimimiz var, böyük filosofumuz var.

Şübhə yoxdur ki, Məhəmməd Füzulinin 500 illik yubiley mərasimləri xalqımızın mənəvi həyatını daha da zənginləşdirir, xalqımıza daha böyük ruh verir, xalqımızı vətənpərvərlik, Vətənə sədaqət, torpağa sədaqət ruhunda tərbiyələndirir və Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək üçün, işğal olunmuş torpaqları azad etmək üçün, Azərbaycan Respublikasını yüksəklərə qaldırmaq üçün bizim hamımızı səfərbər edir. Biz bu gün də, gələcəkdə də öz həyatımızda, öz işimizdə Məhəmməd Füzulinin yaratdığı mənəvi dəyərlərdən istifadə edərək xalqımızı xoşbəxt gələcəyə aparacağıq.

Mən əminəm ki, bu yubiley şənlikləri, bu böyük bayram xalqımızı daha da birləşdirəcək, daha da yekdil edəcəkdir. Məhəmməd Füzuli insanları dostluğa, mehribanlığa dəvət edibdir. Eşqi, məhəbbəti, sevgini vəsf edərkən, insanlarda saf mənəviyyatı, ülvi duyğuları vəsf edərkən Məhəmməd Füzuli insanları birliyə, həmrəyliyə, dostluğa, mehribanlığa çağırıbdır. Bu gün Məhəmməd Füzulinin bu fikirləri bizim üçün hər şeydən vacibdir. Biz ölkəmizi bu ağır mərhələdən keçirmək üçün, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün, işğal olunmuş torpaqlarımızı azad etmək üçün, ölkəmizdə demokratik prosesləri inkişaf etdirmək üçün, ölkəmizin dünya birliyində özünə layiq yer tutması üçün, onu daha da irəliyə aparmaq üçün daxilimizdə olan birliyi, həmrəyliyi möhkəmlətməliyik.

Mən məmnuniyyət hissi ilə deyə bilərəm ki, son illər Azərbaycan dövlətinin qüdrətinin möhkəmlənməsi illəri olmuşdur. Son illər Azərbaycanın daxilində ictimai-siyasi vəziyyətin sabitləşməsi illəri olmuşdur. Son illər insanların bir-birinə münasibətlərinin daha da mehribanlaşması, daha da inkişaf etməsi illəri olmuşdur. Biz bunları öz nailiyyətlərimiz kimi qiymətləndiririk. Amma eyni zamanda respublikanın gələcəyi üçün bunları ilk addımlarımız hesab edirik və ümidvaram ki, Məhəmməd Füzuli yaradıcılığı, onun nəsihətləri, onun bizə bəxş etdiyi töhfələr və irs bizə bu yolda uğurla getməyə kömək edəcəkdir.

Eşq olsun şerə, eşq olsun Füzuliyə, eşq olsun Füzuli yaradıcılığına! Yaşasın elm, mədəniyyət, yaşasın şer!

Yaşasın müstəqil Azərbaycan Respublikası!