Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Mən sizi - Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarını ürəkdən salamlayıram və konfransınıza işində müvəffəqiyyətlər arzulayıram.
Asiya Müsəlmanları Komitəsinin, Beynəlxalq İslam \"Nicat\" Təşkilatının təşəbbüsü ilə Azərbaycanda keçirilən bu konfrans respublikamız, xalqımız üçün böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, dünyada qaçqınların və məcburi köçkünlərin problemləri ən mühüm, vacib və Dünya Birliyini, beynəlxalq təşkilatları, sülhsevər insanları maraqlandıran və narahat edən problemlərdən biridir. Asiya Müsəlmanları Komitəsinin, Beynəlxalq İslam \"Nicat\" Təşkilatının bu problemə mühüm maraq göstərməsi və xüsusən, bu problemin Azərbaycanda çox kəskin vəziyyətdə olmasına qayğı göstərməsi və bununla əlaqədar xüsusi konfransın keçirilməsi yüksək təqdirə və qiymətə layiqdir, çox əhəmiyyətlidir.
Mən xüsusi qeyd etmək istəyirəm ki, bu konfransın keçirilməsi, Azərbaycan Respublikasının yaşadığı indiki ağır keçid dövründə onun həyatını gərginləşdirən bu problemlərlə tanışlıq və onların həllinə yardım məhz İslam təşkilatının, birliklərinin təşəbbüsü ilə olubdur. Asiya Müsəlmanları Komitəsi və Beynəlxalq İslam \"Nicat\" Təşkilatı bir çox müsəlman ölkələrinin nümayəndələrini də bu konfransa dəvət ediblər. Beləliklə, bu konfrans öz sosial-iqtisadi xarakteri ilə yanaşı, eyni zamanda çox böyük mənəvi xarakter daşıyır. Bu, İslam dininə, İslam prinsiplərinə uyğun olan ənənələrin həyata keçirilməsinin və davam etdirilməsinin təzahürüdür.
İnsanpərvərlik, sülhsevərlik, məzlumlara, ağır vəziyyətdə yaşayanlara qayğı, yardım etmək, həyatda çətinliklərlə üzləşənlərə, nicat yolu axtaranlara yol göstərmək prinsiplərini İslam özünün əsas prinsipləri edibdir. İslam dini, mənəviyyatı, ənənələri məhz belə ümumi, bəşəri dəyərlər üzərində qurulub, yaranıb, əsrlərdən-əsrlərə inkişaf edib və bu gün də öz humanistliyini, sülhsevərliyini, insanpərvərliyini bütün dünyaya nümayiş etdirir.
Azərbaycan xalqı bunların hamısını yaxşı dərk edir. 70 ildən çox müddətdə öz mənəvi dəyərlərindən, tarixi ənənələrindən, dinindən təcrid olan Azərbaycan xalqı heç vaxt özünün islamiyyətə mənsub olduğunu unutmayıbdır, bu mənəvi dəyərlərdən heç vaxt ayrılmayıbdır, daim bu mənəvi dəyərlərə, islamiyyətə tamamilə qovuşmaq, qoşulmaq arzuları ilə yaşayıbdır. Azərbaycan xalqı öz milli azadlığına nail olandan, dövlət müstəqilliyini bərpa edəndən sonra ölkəmizdə insanların bu müqəddəs hissiyyatlarını, arzularını həyata keçirmək üçün bütün imkanlar yaranıbdır. Bu hissiyyatlar o qədər güclü, yaşamağa qadir olubdur ki, onlar on illərlə məhrumiyyətdə qaldığı bir dövrdə ölməyib, öz gücünü itirməyibdir, yaranmış şəraitdən dərhal istifadə edərək özünü çox sürətlə büruzə veribdir. Bunların hamısı müstəqil Azərbaycan Respublikasının bugünkü gerçəkliyidir. Bunlar Azərbaycan xalqının öz milli, dini, mənəvi dəyərlərinə sadiqliyinin təzahürüdür. Bu isə bizi daha da birləşdirir, Azərbaycan xalqı ilə İslam dininə mənsub olan digər xalqlar arasında əlaqə yaradır, onu genişləndirir və inkişaf etdirir.
Bizim dövlət siyasətimizdə və xalqımızın istək-arzularında bu hissiyyatlar indi özünə layiq yer tutubdur. Azərbaycan bir müstəqil dövlət kimi dünyanın bütün ölkələri, dövlətləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurur, öz dövlət müstəqilliyini günü-gündən möhkəmləndirir. Azərbaycan artıq bütün beynəlxalq təşkilatların üzvüdür, beynəlxalq aləmdə özünə layiq yer tutubdur. Azərbaycan eyni zamanda İslam Konfransı Təşkilatının üzvüdür. Azərbaycan İslam Konfransı Təşkilatına daxil olan ölkələrin hamısı ilə bu çərçivədə daha sıx əlaqələr yaratmaq, inkişaf etdirmək əzmindədir. Biz bu siyasətimizi bundan sonra da davam etdirəcəyik.
Bizim azərbaycanlılar, Azərbaycan müsəlmanları dinimiz üçün müqəddəs olan ziyarətgahları çox böyük arzu və istəklə ziyarət edirlər. Səudiyyə Ərəbistanının məliki, iki müqəddəs şəhərin xadiminin dəvəti ilə mən 1994-cü ildə bu ölkəyə rəsmi səfərə getmişdim. Biz müsəlmanlar üçün ən müqəddəs yerlər olan Məkkəni, Mədinəni, Kəbəni ziyarət etməyimi həyatımın ən xoşbəxt səhifələrindən biri hesab edirəm.
Hesab edirəm ki, bu hissiyyatlar bizə bütün çətinliklərdən çıxmaqda kömək edib və bundan sonra da kömək edəcəkdir.
Bu baxımdan Azərbaycan Respublikasının həyatında və onun ətrafında gedən proseslər bütün İslam ölkələrini, dövlətlərini daha çox maraqlandırmalıdır, onların diqqətini, qayğısını cəlb etməlidir. Dünyaya məlumdur, bizim hörmətli qonaqlarımız da bilirlər ki, Azərbaycan Respublikasının ərazisinə, dövlətçiliyimizə 8 il bundan əvvəl qonşu Ermənistan tərəfindən hərbi təcavüz nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20 faizi işğal olunmuş və həmin ərazilərdən 1 milyondan çox azərbaycanlı, müsəlman yerindən-yurdundan didərgin düşübdür, qaçqın, köçkün olubdur. Onlar bir neçə ildir ki, çox ağır vəziyyətdə yaşayırlar, Azərbaycanın 58 rayonunda, şəhərində, məntəqələrində məskunlaşıblar. Əksəriyyəti çadırlarda yaşayır. İndi çadırda yaşamaq çox çətindir.
Keçmişdə, min illər bundan əvvəl ulu babalarımız çadırlarda yaşayıblar. Ərəbistanın səhralarında da, Azərbaycanda da çadırlar çox olubdur. Ancaq dünya da, ölkələrimiz də inkişaf edib, insanlar özlərinə yaşayış evləri, binaları tikiblər, müasir tələblərə uyğun olan şəraitdə, evlərində yaşayırlar və yaşamalıdırlar. Ancaq təsəvvür edin, yerini-yurdunu, varını-yoxunu itirmiş azərbaycanlılar, müsəlmanlar üç-dörd ildir ki, çadırlarda yaşayırlar. Yayda qızmar isti, ağır hava şəraiti, çadırların ərazisində insan üçün zərərli olan cürbəcür həşəratlar, qışda isə qar, çovğun, soyuq, yağış. Təsəvvür edin, azərbaycanlılar nə qədər dözümlü insanlardır! Şübhəsiz ki, bunlar da bizim müsəlmanlara, mənəvi dəyərlərimizə xas olan xüsusiyyətlərdir. Ancaq nə biz, nə də dünya ictimaiyyəti, İslam aləmi, İslam təşkilatları heç vəchlə belə vəziyyətlə razılaşa bilməzlər. Bu, xalqımıza qarşı olan, hərbi təcavüz, ədalətsizlikdi, xalqımızın əsarətdə saxlanılması üçün edilən cəhdlərdir.
Azərbaycanın işğal edilmiş ərazilərində ölkəmizin, xalqımızın, millətimizin varidatı viran olunubdur. Minlərlə, on minlərlə yaşayış binaları, istehsal müəssisələri, məktəblər, xəstəxanalar, mədəniyyət sarayları, məscidlər, məbədlər, tarixi abidələr, İslamın müqəddəs abidələri viran olunubdur. Şübhəsiz ki, bunlar hamısı insaniyyətdən kənar keyfiyyətlərdir, vəhşilikdir. Ancaq təəssüflər olsun ki, XX əsrin sonunda, dünya yüksək mədəni səviyyəyə çatdığı bir zamanda biz burada, Qafqazda, Azərbaycan ərazisində, müsəlman diyarında, torpağında belə vəhşiliklərlə rastlaşırıq.
Azərbaycan xalıq sülhsevər xalqdır. Müstəqil Azərbaycan Respublikası, dövləti sülhsevər siyasət aparır. Biz yaranmış bu hərbi münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq. Azərbaycan Respublikasının ərazisinin böyük bir qisminin işğal altında olmasına baxmayaraq, xalqımıza, millətimizə, ölkəmizə vurulan bu maddi, mənəvi zərbələrə, böyük insan itkilərinə, tökülən qanlara, verilən qurbanlara baxmayaraq, onların ruhuna sadiq qalaraq biz məsələni sülh yolu ilə həll etmək istəyirik.
Bu münasibətlə, bu siyasət əsasında biz 1994-cü ilin may ayında döyüşləri dayandırmaq üçün Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş imzalamışıq. Artıq iki il yarımdır ki, Ermənistanla Azərbaycan arasında döyüşlər yoxdur, qan tökülmür, insanlar müəyyən qədər əmin-amanlıq şəraitində yaşayırlar. Ancaq eyni zamanda, böyük sülh də yoxdur. Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, məsələni sülh yolu ilə həll edək. Biz müharibənin yenidən başlanmasının, yenidən qan tökülməsinin tərəfdarı deyilik. Ancaq eyni zamanda, biz torpaqlarımızın uzun müddət işğal altında qalması ilə də razı ola bilmərik. 1 milyona qədər azərbaycanlının bundan sonra uzun müddət ağır vəziyyətdə, köçkün vəziyyətində, yerindən-yurdundan təcrid olunmuş vəziyyətdə yaşamasına da dözə bilmərik. Ona görə də biz işğal olunmuş torpaqlarımızın azad edilməsinə cəhd göstəririk, çalışırıq. Yerindən-yurdundan didərgin düşmüşlərin öz evinə, elinə, obasına qayıtmasını tələb edirik. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasını tələb edirik. Bölgəmizdə, Qafqazda, Ermənistanla Azərbaycan arasında daimi sülhün yaranmasını istəyirik və bu istiqamətdə ardıcıl surətdə çalışırıq.
Şübhəsiz ki, bu məsələlərin həll olunması bundan sonra da böyük səylər tələb edəcəkdir, bu məsələlərin haqq-ədalət prinsipləri əsasında həll olunmasına beynəlxalq təşkilatların hamısının səy göstərməsini tələb edəcəkdir və tələb edir. O cümlədən, İslam Konfransı Təşkilatının, İslam ölkələrinin - bizim üçün ən yaxın, qardaş olan ölkələrin bu sahədə bundan sonra səylərinə də bizim çox böyük ehtiyacımız var. Mən bu gün bu fürsətdən istifadə edərək ümidvar olduğumu bildirmək istəyirəm ki, biz bu sülhsevər siyasətimizi həyata keçirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyün təmin etmək, işğal olunmuş torpaqlarımızı azad etmək üçün, vətəndaşlarımızı öz yerlərinə-yurdlarına qaytarmaq üçün bütün ölkələrdən, o cümlədən İslam ölkələrindən təsirli yardımlar alacağıq və beynəlxalq İslam təşkilatlarından daim dəstək, yardım alacağıq.
Belə bir ağır vəziyyətdə respublikamızda qaçqınların, köçkünlərin ən adi, minimum həyat tərzini təmin etmək üçün yardıma ehtiyacımız vardır. Azərbaycana bu yardım beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər Departamenti tərəfindən, ayrı-ayrı ölkələrin humanitar yardım təşkilatları tərəfindən göstərilir. Biz bir çox ölkələrdən humanitar yardımlar alırıq. Azərbaycana, respublikamızda yaşayan qaçqınlara, köçkünlərə, ağır maddi vəziyyətdə olan insanlara kömək edən bütün ölkələrə, beynəlxalq təşkilatlara bu yardımlara görə mən bu gün təşəkkürümü bildirirəm. O cümlədən, Asiya Müsəlmanları Komitəsi, Beynəlxalq İslam \"Nicat\" Təşkilatı da Azərbaycana humanitar yardım göstərir və bu yardımı davam etdirir.
Bu gün bu konfransın keçirilməsi və bir çox İslam ölkələrinin nümayəndələrinin bu tədbirə təşrif gətirmələri, onun işində iştirak etmələri, hesab edirəm ki, bu ölkələrin, bu təşkilatların bundan sonra Azərbaycana daha da güclü yardım göstərmələri üçün yeni bir mərhələ açır. Mən bu konfransı məhz belə bir əhəmiyyət kəsb edən tədbir kimi qiymətləndirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, konfransın iştirakçıları, hörmətli qonaqlarımız Azərbaycanın bugünkü reallığı, respublikamızda yerindən-yurdundan didərgin düşmüş qaçqınların, köçkünlərin vəziyyəti ilə tanış olaraq, çadırları ziyarət edərək, orada yaşayan insanlarla bilavasitə görüşüb onların vəziyyəti haqqında məlumat alaraq öz təşkilatlarında və öz ölkələrində, ümumiyyətlə, bütün İslam ölkələrində Azərbaycan barədə müsbət münasibəti daha da gücləndirəcəklər. Azərbaycanla əlaqələri daha da genişləndirəcəklər, respublikamıza humanitar yardımı daha da artıracaqlar.
Bir ölkə prezidenti kimi, mən humanitar yardımlar haqqında danışarkən istərdim biləsiniz ki, bunlar hamısı ölkəmizin düşdüyü ağır vəziyyətlə əlaqədardır. Ancaq ölkəmizdə gedən böyük ictimai-siyasi proseslər, sosial-iqtisadi sahədə aparılan islahatlar, həyata keçirilən tədbirlər yaxın gələcəkdə Azərbaycanın iqtisadiyyatını böyük inkişaf yoluna çıxaracaqdır. Ola bilər ki, onda bizim heç bir humanitar yardıma ehtiyacımız olmayacaq. Ancaq hələ ki, ölkəmiz hərbi təcavüz altında olduğuna, respublikamız blokada şəraitinə düşdüyünə, Azərbaycana xaricdən cürbəcür təzyiqlər göstərildiyinə görə, ölkəmizdə 1 milyondan artıq qaçqın, məcburi köçkün olduğuna görə bizim bu ehtiyaclarımız vardır. Bu ehtiyaclarımızın ödənilməsi üçün də beynəlxalq humanitar təşkilatlar, o cümlədən Asiya Müsəlmanları Komitəsi, Beynəlxalq İslam \"Nicat\" Təşkilatı və İslam ölkələri, hesab edirəm ki, Azərbaycana humanitar yardımı gücləndirəcəklər və artıracaqlar.
Mən bu gün bu konfransda bir çox ölkələrin nümayəndələrinin iştirak etməsini həmin ölkələrlə respublikamız arasındakı əlaqələrin daha da inkişaf etməsi üçün mühüm amil hesab edirəm. Ümidvaram ki, hörmətli qonaqlarımız öz ölkələrində respublikamız haqqında geniş məlumatlar verəcəklər, Azərbaycana yardım edilməsi, öz ölkələrinin respublikamıza daha yaxın olması üçün görüləcək işlərin təşkilatçıları olacaqlar.
Mən sizi bir daha salamlayıram. Sizə cansağlığı, səadət arzulayıram. Konfransın işinə uğurlar diləyirəm. Sağ olun.