Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in hazırki sədri, Portuqaliyanın dövlət naziri və xarici işlər naziri Jaymi Qama başda olmaqla bu təşkilatın nümayəndə heyəti ilə görüşü - Prezident sarayı, 7 mart 2002-ci il

Azərbaycan Prezidenti Heydər Əliyev qonaqları səmimiyyətlə salamlayaraq, onların Azərbaycana səfərindən məmnun olduğunu bildirdi.

Prezident Heydər Əliyev dedi ki, biz cənab sədrlə təkbətək görüşdə əsas məsələni, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələsini çox ətraflı müzakirə etdik. Ancaq indi nümayəndə heyəti ilə birlikdə bu barədə bir daha fikir mübadiləsi apara bilərik.

Siz Xarici İşlər Nazirliyində ATƏT-lə Azərbaycanın əməkdaşlığına dair bir çox məsələlər barəsində, o cümlədən ATƏT-in Azərbaycandakı ofisi ilə ölkəmizin əməkdaşlığı haqqında geniş söhbətlər aparmısınız. Bizim Xarici İşlər Nazirliyində təklif olunubdur ki, ATƏT çərçivəsində köçkünlərlə, qaçqınlarla əlaqədar bir tədbir hazırlansın və keçirilsin.

Səmimi qəbul üçün təşəkkürünü bildirən cənab Jaymi Qama dedi ki, prezident Heydər Əliyevlə çox məhsuldar təkbətək görüşümüz oldu, ATƏT-lə Azərbaycan arasında çoxtərəfli münasibətləri müzakirə etdik, Dağlıq Qarabağ məsələsinin həlli haqqında fikir mübadiləsi apardıq. Mən bu görüş haqqında ATƏT-in Minsk qrupunun həmsədrlərinə məlumat verəcəyəm.

Cənab Jaymi Qama ATƏT-in Bakıdakı ofisi ilə Azərbaycan arasında çox gözəl münasibətlər yarandığını bildirdi, respublikamızın ATƏT-in fəal və konstruktiv mövqe tutan üzvlərindən biri olduğunu vurğuladı.

Azərbaycan Prezidenti Heydər Əliyev xatırlatdı ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT tərəfdən xüsusi yaradılmış Minsk qrupunun bu yaxınlarda 10 ili tamam olacaqdır. Bu müddətdə Minsk qrupu, Minsk qrupunun həmsədrləri Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında xeyli səylər qoyublar, ancaq təəssüf ki, məsələnin həllinə nail ola bilməmişik.

Biz ATƏT-i və xüsusən onun Minsk qrupunun həmsədrlərini son illər çox tənqid edirik və buna əsas da var. Çünki Azərbaycan xalqı ölkəmiz üçün bu ağır problemin həllində ATƏT-ə, onun Minsk qrupuna və xüsusən də həmsədrlərə böyük ümidlər bəsləyir. Biz məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq və hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu işdə bundan sonra da çox müsbət rol oynaya bilərlər.

Cənab sədr, mən xahiş edirəm ki, ATƏT-in sədri kimi, siz bütün imkanlarınızdan istifadə edəsiniz ki, biz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə nail ola bilək.