Bakıda Baş Kafedral kilsənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi (24 mart 2003-cü il) sənədinə tarixi arayış

Bakının dünya neft sənayesinin mərkəzinə çevrilməsi, Rusiyadan gələnlər hesabına rus pravoslav xristian icmasının böyüməsi və onların dini həyatlarının tənzimlənməsi ilə bağlı 1905-ci ildə Bakı arxiyerey kafedrası (yeparxiyası) təsis edilib. Yeparxiyanın tərkibinə Xəzər dənizinin qərb sahili boyu olan pravoslav təsisatları daxil idi.

Sovet dövründə Rus Pravoslav kilsəsi də kommunstlərin zülmü ilə üzləşib və ciddi itkilər verib. Bakıda mövcud olmuş on yeddi kilsədən yalnız üçü qalıb, qalanlarının fəaliyyəti qadağan edilib, keşişlər isə repressiya qurbanı olublar. 1934-cü ildə Bakı və Xəzəryanı Yeparxiyanın fəaliyyəti dayanıb.

1991-ci ildə Azərbaycan xalqının müstəqilliyini bərpa etməsi və dünyəvi, demokratik, hüquqi dövlət quruculuğuna qədəm qoyması ilə yerli pravoslavlar üçün geniş imkanlar və  perspektivlər açılıb. 1998-ci ildə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası fəaliyyətini bərpa edib. Azərbaycan və Dağıstanın ərazisində olan rus pravoslav təsisatları onun idarəçiliyinə verilib.

24 mart 2003-cü il tarixdə Bakışəhərində Rusiyada yaşayan azərbaycanlı iş adamı Aydın Qurbanovun vəsaiti ilə əsaslı təmirdən sonra Baş Kafedral Kilsənin açılış mərasimi olub. Açılış mərasimində iştirak edən Heydər Əliyev Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandrı Azərbaycanın ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edib.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.232