Azərbaycan Prezidenti Heydər Əliyev ilə Fransa prezidenti Jak Şirakla görüşmüşdür - 24 yanvar 2001-ci il

Yanvarın 24-də Parisdə, Yelisey sarayında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev ilə Fransa Respublikasının prezidenti Jak Şirakın görüşü olmuşdur.

Dövlətimizin başçısını səmimiyyətlə, mehribanlıqla salamlayan, onun dəvətini qəbul edərək Fransaya rəsmi səfərə gəldiyinə görə əziz dostu Heydər Əliyevə minnətdarlığını bildirən prezident Jak Şirak Azərbaycan rəhbəri ilə hər bir görüşündən çox məmnun qaldığını vurğuladı.

Azərbaycan ilə Fransa arasında möhkəm təməl üzərində qurulmuş əməkdaşlığın gündən-günə inkişaf etməsini yüksək dəyərləndirən cənab Jak Şirak əmin olduğunu söylədi ki, prezident Heydər Əliyevin Fransaya bu rəsmi səfəri ölkələrimizin qarşılıqlı surətdə faydalı əlaqələrinin daha da möhkəmləndirilməsinə yeni güclü təkan verəcəkdir.

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması münasibətilə respublikamızın rəhbərini və xalqımızı səmimi qəlbdən təbrik edən Fransa prezidenti Azərbaycanın Avropa ölkələri ailəsində özünəlayiq yer tutmasını böyük təcrübəyə malik, görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin gözəl bəhrəsi kimi dəyərləndirərək dedi ki, Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, bu ölkədə insan haqlarının qorunması, demokratiyanın möhkəmlənməsi, daimi inkişafda olması məhz bu siyasətin nəticəsidir.

Səmimi sözlərə və rəsmi dəvətə görə Fransa dövlətinin rəhbərinə təşəkkürünü bildirən prezident Heydər Əliyev ölkələrimiz arasında yaranmış sıx əməkdaşlığın və prezident Jak Şirak ilə dostluq münasibətlərinin respublikamız üçün çox böyük əhəmiyyət daşıdığını bildirdi.

Dövlət müstəqilliyini qazandıqdan sonra Azərbaycanın Avropaya, onun humanist dəyərlərinə inteqrasiya və sivil cəmiyyət quruculuğu yolunda həmişə inamla irəlilədiyini vurğulayan prezident Heydər Əliyev ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsini respublikamız üçün böyük tarixi hadisə olduğunu nəzərə çarpdırdı və bu sahədəki daimi dəstəyinə görə Fransa dövlətinə və onun başçısına - Azərbaycana daim xoş münasibət bəsləyən və bütün dünyada sülhsevər, nüfuzlu siyasi xadim, görkəmli dövlət xadimi kimi hörmət qazanmış Jak Şiraka dərin minnətdarlığını və təşəkkürünü bildirdi.

Ölkəmizin Avropa Şurasına qəbul olunması münasibətilə yanvarın 25-də Strasburqda müstəqil Azərbaycan Respublikasının dövlət bayrağının dalğalanacağı anın xalqımız üçün tarixi əhəmiyyət daşıdığını bildirən prezident Heydər Əliyev dedi ki, həm respublikamız, həm də Avropa üçün çox mühüm olan bu hadisə Avropanın yalnız tarixi və mədəni baxımdan deyil, eyni zamanda siyasi baxımdan da tamlaşdığı, bütövləşdiyi əlamətdar gün olacaqdır.

Qabaqcıl Avropa təcrübəsinə əsaslanan Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində aparılan islahatların uğurlu nəticələrindən geniş bəhs edən respublikamızın rəhbəri ölkəmizdə insan haqlarının bərqərar olunduğunu, söz və mətbuat azadlığının təmin edildiyini, çoxpartiyalı siyasi sistem yaradıldığını vurğuladı, demokratik islahatların bundan sonra da müvəffəqiyyətlə həyata keçiriləcəyini bildirdi.

Müstəqil Azərbaycan Respublikası üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan dövlətimizin başçısı Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində yerindən-yurdundan zorla qovulmuş bir milyondan çox soydaşımızın əksəriyyətinin uzun illərdən bəri çadırlarda ağır şəraitdə yaşadığını xatırlatdı.

Bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin fəaliyyətindən ətraflı söhbət açan prezident Heydər Əliyev problemin tezliklə həlli sahəsində Fransa dövlətinin və Prezident Jak Şirakın səylərini yüksək qiymətləndirdi.

Ermənistan prezidenti Robert Koçaryan ilə birbaşa danışıqlarından bəhs edən respublikamızın rəhbəri, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında Minsk qrupuna həmsədrlik edən ölkələrin - ABŞ-ın, Rusiyanın, Fransanın səylərinin daha da artırılmasına ehtiyac duyulduğunu nəzərə çarpdırdı.

Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsinin Cənubi Qafqaz bölgəsində sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olunmasında, region dövlətlərində demokratiyanın daha sürətli inkişafında, onların arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində böyük rol oynayacağını vurğulayan cənab Jak Şirak prezident Heydər Əliyev ilə prezident Robert Koçaryanın müntəzəm görüşlərinin münaqişəyə son qoyulmasının kompromis yollarının axtarılıb tapılması üçün xüsusi əhəmiyyəti olduğunu söylədi. Cənab Şirak əmin olduğunu bildirdi ki, Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 26-da Parisdə keçiriləcək görüşü bu münaqişənin dinc yolla həlli prosesinin sürətləndirilməsinə lazımi təkan verəcəkdir.

Coğrafi mövqeyinə, dünya miqyaslı coğrafi-strateji əhəmiyyətə malik təbii ehtiyatlarına görə dünyada özünəməxsus yer tutmuş müstəqil Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələrin daha da sıxlaşdırılmasına Fransanın daim xüsusi maraq göstərdiyini söyləyən cənab Jak Şirak Azərbaycanda onun ölkəsinin iş adamlarına əlverişli şərait yaradıldığına görə prezident Heydər Əliyevə təşəkkür etdi.

Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının birgə işlənilməsində Fransanın \"Total\" və \"Elf Akiten\" şirkətlərinə geniş yer ayrılmasından məmnun qaldığını söyləyən cənab Jak Şirak qeyri-neft sektorlarında da ölkələrimizin qarşılıqlı surətdə faydalı əməkdaşlığının uğurlu inkişafından, Azərbaycanda fəaliyyətə başlamış \"Kastel-Bakı\" zavodunun açılış mərasimində prezident Heydər Əliyevin iştirak etməsindən razılıqla söhbət açdı. O, ticarət, kənd təsərrüfatı, şəhər təsərrüfatı və digər sahələrdə də əlaqələrin genişləndirilməsi üçün yaradılmış imkanın hər iki ölkə üçün faydalı olacağını söylədi.

Bazar münasibətləri yolunu seçmiş Azərbaycanın dünyanın bütün ölkələri ilə, o cümlədən Avropanın çox nüfuzlu dövləti olan Fransa ilə bütün sahələrdə əlaqələrin daim inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini nəzərə çarpdıran prezident Heydər Əliyev Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi üçün bağlanmış müqavilələrin həyata keçirilməsində, hasil edilən neftin dünya bazarlarına nəqli sahəsində görülən işlərdən ətraflı söhbət açdı.

Prezident Heydər Əliyev öz iqtisadiyyatının dünya iqtisadiyyatı ilə daha sıx bağlanmasına böyük əhəmiyyət verən Azərbaycanda xarici investorların işləməsi üçün möhkəm hüquqi baza yaradıldığını xatırlatdı, xarici sərmayələrin ölkəmizə axınının daha da gücləndirilməsinin müstəqil respublikamız üçün çox faydalı olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Fransanın beynəlxalq təşkilatlarda əməkdaşlığının daha da yaxşılaşdırılması məsələsinə də toxunuldu. Cənab Jak Şirak dövlətimizin başçısını əmin etdi ki, Fransa bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcək və ona yaxından kömək göstərəcəkdir.

Cənab Jak Şirak vurğuladı ki, Azərbaycanın bəxti onda gətiribdir ki, bu ölkəyə prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir.

Görüşdə beynəlxalq aləmdə, regionda vəziyyət və bir sıra digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparıldı. Prezident Heydər Əliyev Fransa parlamentində \"erməni soyqırımı\" barədə qəbul edilmiş sənədlərə mənfi münasibətini bildirdi, bu barədə öz tənqidi fikirlərini söylədi.

Cənab Jak Şirak prezident Heydər Əliyevin bu barədə fikirlərinə böyük diqqət göstərdi, həmin sənədlər haqqında deyilən tənqidi nəzərə aldığını bildirdi.

Səmimilik və dostluq şəraitində keçən görüşdə xalqımızın Jak Şiraka böyük rəğbət bəslədiyini vurğulayan dövlətimizin başçısı Heydər Əliyev Fransa prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi.

Dəvəti məmnunluqla qəbul edən cənab Jak Şirak Azərbaycana mütləq rəsmi səfərə gələcəyini bildirdi.

Görüşdə respublikamızın xarici işlər naziri Vilayət Quliyev, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı İlham Əliyev iştirak edirdilər.

AzərTAc

\"Azərbaycan\" qəzeti, 25 yanvar 2001.