Azərbaycan Prezidenti Heydər Əliyevin Qərbi Avropa ölkələrinə səfərdən qayıtdıqdan sonra respublika milli televiziyasına müsahibəsi - 27 aprel 1996-cı il

Heydər Əliyev: Bu səfər çox vaxt alsa da, hesab edirəm ki, səfər zamanı görülən işlər həqiqətən çox dəyərlidir. Bilirsiniz ki, aprelin 21-dən, yəni Bakıdan yola düşəndən bəri bu səfər zamanı çox gərgin iş olub. Bu da birinci növbədə hər bir imkandan istifadə edib Azərbaycanın mənafelərini təmin etmək üçün lazımi tədbirlər görməklə əlaqədar idi. Bu səfərin birinci hissəsi Azərbaycan Respublikasının Avropa Birliyi ilə əməkdaşlıq və tərəfdaşlıq haqqında sazişi imzalaması ilə bağlı idi. Biz bu sazişi imzaladıq. İmzalanma mərasimi çox böyük hadisə idi.

Bilirsiniz ki, Avropa Birliyinə daxil olan dövlətlərin xarici işlər nazirləri orada idi. Bu həm də məhz Azərbaycanın və digər Zaqafqaziya respublikaları - Gürcüstanın, Ermənistanın Avropa Birliyi ilə saziş imzalaması mərasimi ilə əlaqədar idi. Bir daha deyirəm, bu, tarixi hadisədir. Hesab edirəm ki, bu sazişin imzalanması müstəqil dövlət kimi Azərbaycanın mövqelərini daha da möhkəmləndirir, eyni zamanda respublikamızın daxili, ictimai-siyasi həyatında, iqtisadiyyatında və başqa sahələrdə Avropa demokratiyasına uyğun tədbirlərin həyata keçirilməsinin təzahürüdür. Xatirinizdədir ki, orada olan çıxışlarda Avropa Birliyinin nümayəndələri, üzvləri də bunu qeyd edirdilər. Mən bunu çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, Azərbaycanın həyatında böyük hadisədir, Avropa Birliyi ilə əməkdaşlıq etməyimiz üçün çox dəyərli bir addımdır. Şübhəsiz ki, bunun müsbət nəticələri olacaqdır.

Bununla yanaşı, biz Lüksemburqda bir neçə başqa görüş də keçirdik. Əməkdaşlığımızın bugünkü vəziyyəti və gələcək perspektivləri haqqında Brüsseldə Avropa Birliyinin iqtisadi komissiyasının sədri Jak Santerlə, ali komissar Van-Den Brukla danışıqlar apardıq. Bunlar da çox əhəmiyyətlidir. Çünki bunların hamısı Avropa Birliyi ilə çoxsahəli əməkdaşlıq aparmaq üçün lazım olan tədbirlərdir. Xüsusən Jak Santerlə və Den Brukla apardığımız danışıqlarda iqtisadi əməkdaşlığımız, yəni Avropa Birliyinin TASİS Traseka Proqramı, Humanitar yardım proqramı ilə nəzərdə tutulan tədbirlər və onların həyata keçirilməsi məsələsi müzakirə olundu. Bu da çox əhəmiyyətlidir. Hesab edirəm ki, bunlar hamısı bir yerdə, kompleks halda Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlığın irəli getməsini nümayiş etdirir.

Mən Brüsseldə NATO-nun baş qərargahında oldum, NATO-nun Baş katibi ilə görüşdüm. Mən 1994-cü ilin may ayında orada olmuşdum və NATO-nun \"Sülh naminə tərəfdaşlıq\" proqramını imzalamışdım. Ancaq biz bundan sonra da əməkdaşlığımızı davam etdirmişdik. Bu əməkdaşlığı daha da təsdiq etmək üçün həmin proqram çərçivəsində respublikamızın prezentasiya sənədini mən onlara təqdim etdim.

Hesab edirəm ki, NATO-nun baş katibi ilə danışığımız da çox məzmunlu, əhəmiyyətli oldu. Azərbaycanın müstəqilliyinin qorunub saxlanması üçün fikirlərimi mən ona bildirdim. Biz geniş fikir mübadiləsi apardıq. Bu da bizim üçün çox əhəmiyyətlidir.

Müxbir: Cənab prezident, NATO ilə respublikamızın münasibətləri bəzən çoxlarında belə təsəvvür yaradır ki, - bu, müəyyən istəkdən də irəli gəlir - NATO ilə Azərbaycan arasında sıx əməkdaşlıq yaranıb. Amma yəqin ki, əslində bunlar ilk təmaslardır, əməkdaşlığın bünövrəsi qoyulur.

Heydər Əliyev: Bəli, əməkdaşlığın bünövrəsi qoyulur. Çünki NATO-nun 1994-cü ildə elan etdiyi \"Sülh naminə tərəfdaşlığ\"a çağırış, sülh naminə çağırışdır. NATO-nun Baş katibi ilə danışıqlarımızın da məzmunu, mənası ondan ibarətdir ki, Azərbaycanın NATO -nun bu proqramına qoşulması və əməkdaşlıq etməsi Avropada, o cümlədən, bizim regionda sülhün daha da möhkəmləndirilməsinə nail olmaq məqsədi daşıyır. Bunlar sülh məramlı danışıqlardır. Mən hesab edirəm, bunu belə də qəbul etmək lazımdır. Şübhəsiz ki, əməkdaşlığımızı bu istiqamətdə bundan sonra da davam etdirəcəyik.

Lüksemburqda, Brüsseldə mənim ikitərəfli görüşlərim də oldu. Almaniyanın xarici işlər naziri cənab Kinkel ilə danışıqlarımız çox əhəmiyyətli, maraqlı oldu. Ermənistan prezidenti Levon Ter-Petrosyan ilə mənim Lüksemburqdakı görüşüm çox lazımlı bir görüş idi. Bu görüş hər iki tərəfin - həm Ermənistanın, həm də Azərbaycanın təşəbbüsü ilə oldu. Bu görüş və danışıqlar - münaqişədə olan iki ölkənin prezidentləri arasında birbaşa danışıqlar nəticəsində biz ilk dəfə olaraq birgə bəyanat elan etdik. Bu bəyanat çox əhəmiyyətlidir. Ona görə əhəmiyyətlidir ki, birincisi, biz bəyan etdik ki, hər iki tərəf atəşkəs rejiminin qorunub saxlanmasını bundan sonra da təmin edəcəkdir. Bilirsiniz ki, mayın 12-də bu sazişin imzalanmasının iki ili tamam olur. Bu çox vacibdir ki, biz atəşkəsin qorunub saxlanmasını bir daha bəyan edək və biz də arxayın olaq ki, Ermənistan da buna riayət edəcəkdir. Şübhəsiz, Ermənistan da narahatdır və onlar da istəyirlər bilsinlər ki, biz bu atəşkəsə riayət edəcəyik, yoxsa yox.

İkincisi, biz bəyan etdik ki, ikitərəfli danışıqlar davam edəcəkdir və bu məsələnin həll edilməsi yalnız sülh yolu ilə ola bilər. Bu da çox əhəmiyyətlidir. Biz bəyan etdik ki, bunun üçün danışıqları həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də birbaşa davam etdirəcəyik. Bilirsiniz ki, Ermənistan ilə Azərbaycan arasında birbaşa danışıqlar da var və bu da davam edəcəkdir.

Sonra biz qərara gəldik ki, əsirlər iki tərəfdən də - onlarda da, bizdə də olanlar azad olunmalıdır. Əsirlər sayına görə yox, kimdə nə qədər var - \"Hamını hamıya\" prinsipi ilə verilməlidir. Bu da çox əhəmiyyətlidir. Mən hesab edirəm ki, bu görüş və bu birgə bəyanat indiki mərhələdə bizim üçün lazımdır. Bu, dünyaya bir daha nümayiş etdirir ki, ağır zərbələr almasına baxmayaraq, Azərbaycan yenə də sülhsevər siyasət aparır, sülh yolu ilə gedir, məsələni sülh yolu ilə həll etmək istəyir.

Mənim Brüsseldə Gürcüstan prezidenti Eduard Şevardnadze ilə də görüşüm oldu. Bu görüş Gürcüstan ilə Azərbaycan arasında olan dostluq əlaqələrinin yeni bir təzahürüdür. Mən mart ayında Gürcüstanda səfərdə olmuşdum, biz çox əhəmiyyətli danışıqlar aparmışdıq və dəyərli sazişlər imzalamışdıq. Biz bunları bir daha nəzərdən keçirdik. Görüşdə təkcə Gürcüstan-Azərbaycan əlaqələri yox, bütün regionda olan vəziyyət, o cümlədən dünyanın və Müstəqil Dövlətlər Birliyinin problemləri ilə əlaqədar geniş danışıqlar apardıq. Mən bunu da çox əhəmiyyətli hesab edirəm.

Şübhəsiz ki, Brüsseldə başqa görüşlər də olub. Bilirsiniz ki, mən Brüsseldə ticarət mərkəzinə, o cümlədən ABŞ-ın oradakı ticarət mərkəzinə getdim. Digər görüşlərim də oldu. Mən bunların hamısını çox əhəmiyyətli hesab edirəm. Ancaq bir neçə məqam üzərində dayandım.

Norveçə isə rəsmi səfərə getmişdim. Bu səfər Norveçin baş naziri xanım Brundtlandın dəvəti ilə idi. Mən bu dəvəti çoxdan almışdım, onun vaxtını elə müəyyənləşdirdim ki, Avropa Birliyinə səfərimlə eyni zamanda olsun ki, vaxta qənaət edə bilim. Mən hesab edirəm ki, bu səfər də çox uğurludur.

Bizim Norveç ilə əməkdaşlığımız çox səmərəlidir. Deyə bilərəm ki, Norveçdə olarkən apardığım danışıqlar, keçirdiyim görüşlər nəticəsində belə qənaətə gəldim ki, bu əməkdaşlıq, ola bilər, Azərbaycanda hələ təsəvvür edilməyən qədər səmərəlidir. Ola bilər ki, bu əməkdaşlığın bu gün və gələcək üçün nə qədər əhəmiyyətli olduğunu ictimaiyyətimiz hələ o qədər də bilmir. Yəqin ki, siz bu görüşlər, danışıqlar haqqında məlumat verdikdən sonra ictimaiyyətimiz bunu biləcək və hesab edirəm, bunun nə qədər əhəmiyyətli olduğunu dərk edəcəkdir. Mən bunu xüsusi qeyd etmək istəyirəm.

İki dəfədir ki, Norveçlə Azərbaycan arasında birbaşa sazişlər imzalanıb. Biz baş nazir xanım Brundtland ilə Norveç və Azərbaycan arasında əməkdaşlıq haqqında bəyanat imzaladıq. Bu, çox mühüm bir bəyanatdır. Başqa sazişlər də imzalandı. Yəni Norveç ilə Azərbaycan arasında əlaqələr indiyədək sadəcə iqtisadi əlaqələr səviyyəsində idisə, indi isə dövlətlər arasındakı əlaqələr səviyyəsinə qaldırıldı. Əgər indiyədək bizim əməkdaşlığımız iki ölkənin ayrı-ayrı şirkətləri ilə əlaqələr səviyyəsində idisə, indi bu, dövlətlərarası səviyyəyə qalxdı. Bu, çox əhəmiyyətlidir.

Bilirsiniz ki, Norveç Avropanın həm iqtisadi cəhətdən inkişaf etmiş, həm də iqtisadiyyatın demokratiya prinsipləri əsasında qurulması sahəsində çox nailiyyətlər əldə etmiş bir ölkədir. Norveçin xüsusiyyətlərindən biri də budur ki, bu dövlətdə bazar iqtisadiyyatı prinsipi ölkənin əhalisinin sosial vəziyyətinin inkişafı ilə çox sıx bağlıdır. Bu, Avropanın başqa ölkələrindən fərqlidir. Burada sosial problemlərə çox böyük qayğı, diqqət göstərilir və nailiyyətlər çoxdur. Ona görə də indiki mərhələmizdə biz respublika əhalisinin sosial problemləri ilə ciddi məşğul olarkən mən bu təcrübənin çox əhəmiyyətli olduğunu qeyd etmək istəyirəm.

Şübhəsiz ki, Norveçdə neft-qaz sənayesi sahəsində əldə olunan nailiyyətlər çox maraqlıdır. Stavanger şəhərində, Stavangerdən 240 kilometr məsafədə dənizin ortasındakı platformada gördüklərimiz məni çox heyran etdi. Bu, çox əhəmiyyətlidir. Çünki 25-30 il ərzində neft və qaz istehsalı sahəsində, dənizin dərinliyindən neftin, qazın çıxarılması və ondan istifadə edilməsi sahəsində əldə olunmuş nailiyyətlər çox yüksək qiymətə layiqdir.

Müxbir: Cənab prezident, siz Norveçdə olarkən bu platformanı möcüzə adlandırdınız. Azərbaycan prezidenti, yəni neft sənayesi ilə çox bağlı olan bir adam bunu möcüzə adlandırır. Bunun möcüzəliyi nədən ibarətdir?

Heydər Əliyev: Bunun möcüzəliliyi ondadır ki, birincisi, bu, suyun dərinliyi çox olan sahədə yerləşən bir platformadır. İkincisi, bu platforma elə bir qurğudur ki, orada hər bir şey yaradılmışdır. Üçüncüsü, orada çox yüksək texnika, texnologiya tətbiq edilib, hər şey elektronika vasitəsilə idarə olunur. Məsələn, təsəvvür edin ki, ildə altı milyard kubmetr qaz istehsal olunan bir platformada onu idarə edən cəmisi 51 adam işləyir. Bilirsiniz, bu çox yüksək nailiyyətdir.

Müxbir: Deməli, həm də öyrənməyə çox şey var.

Heydər Əliyev: Bəli, öyrənməli çox gözəl şeylər var. İndi biz imzaladığımız müqavilələr əsasında quracağımız platformalar məhz belə platformalar olacaqdır. Ola bilər. Biz onu təkrar etməliyik, o cür qurmalıyıq. \"Statoyl\" şirkəti ilə yanaşı, o platformanı quran şirkətlərin hamısı məhz Norveçdə yerləşir. Mən onlarla da görüşdüm. Yəni bu platformanı təkcə neft istehsal edən şirkət qurmur. Bu platforma bir çox şirkətlərin birgə əməyinin nəticəsində yaranıb. Bu, kompleks inteqrasiyadır. Ona görə də bu, mənim üçün çox maraqlıdır, ona görə də, bu, möcüzədir.

Vaxtilə biz də möcüzələr yaratmışıq. Məsələn 20-30 il bundan əvvəl Neft Daşlarına dünyada möcüzə deyirdilər. Amma indi onlar Neft Daşlarında olan nailiyyətləri çoxdan ötüb keçiblər. Təkcə Neft Daşları deyil. Bizdə bu platformalar qurulubdur. Amma biz bu səviyyəyə hələ gəlib çatmamışıq. Mən belə platformaları 15 il bundan əvvəl Meksika körfəzində görmüşdüm. Ancaq bu, ondan da yüksəkdir, üstündür. Ona görə də möcüzədir.

Ola bilər, gələcəkdə Xəzər dənizində biz bundan da möcüzəli bir şey yaradaq. Ancaq bu gün biz sadəcə olaraq bu təcrübədən istifadə etməliyik. Ona görə də Norveçdəki görüşlərimiz çox əhəmiyyətlidir. Həm baş nazir, həm parlament sədri, həm kral ilə, həm də nazirlərlə görüşlərim çox maraqlı, məzmunlu, əhəmiyyətli oldu. O cümlədən Oslo şəhəri ilə yanaşı Stavangerdə bir çox şirkətlərlə görüşlərim oldu. Mən dünən iş adamları ilə çox ətraflı söhbət etdim, onların qarşısında çıxış etdim. Azərbaycanın bugünkü iqtisadi imkanları haqqında geniş məlumat verdim, onları respublikamıza sərmayə qoymağa dəvət etdim. Mən onlarda Azərbaycana olan çox böyük marağı hiss etdim. Bu, onu göstərir ki, Azərbaycan ilə Norveç arasındakı əlaqələrin geniş imkanları və böyük perspektivləri var.

Ümumiyyətlə, bu ölkə mənim çox xoşuma gəldi. Ərazisi böyük, amma əhalisi az olan bir ölkədir. Eyni zamanda Avropada yerləşən, keçmişdə çox kasıb, bu gün isə çox zəngin olan bir ölkədir. Yəni qısa müddətdə kasıblıqdan zənginliyə keçmək, demokratiyanı inkişaf etdirmək, yüksək texnologiyanı mənimsəmək və ondan istifadə etmək çox maraqlıdır. Təsəvvür edin, burada 800-ə qədər su elektrik stansiyası var. Ölkədə istifadə edilən elektrik enerjisi bu stansiyalarda istehsal olunur. Şübhəsiz ki, bizdə bu qədər çaylar və bu qədər su elektrik stansiyası tikmək imkanı yoxdur. Biz Kür üzərində \"Yenikənd\" Su Elektrik Stansiyasını tikmək istəyirik. Bunun üçün Avropa Yenidənqurma və İnkişaf Bankından kredit almışıq. Norveçin şirkətləri platformanın tikilməsində bizə çox kömək edə bilərlər. Onlar hələ bir əməkdaşlığa maraq göstərirlər. Yəni demək istəyirəm ki, biz onlarla həm iqtisadi, həm ümumxalqlar, millətlər, dövlətlər arasında əməkdaşlıq edə bilərik və bu, bizim üçün çox əhəmiyyətli olar.

Bütün bu səfərimin, görüşlərimin müsbət nəticələrindən biri ondan ibarətdir ki, Avropanın inkişaf etmiş bu dövlətlərində - həm Lüksemburqda, həm Belçikada, həm də Norveçdə Azərbaycanın demokratiya sahəsində əldə etdiyi nailiyyətləri qiymətləndirirlər. Bütün çıxışlarda, məsələn, xanım Brundtlandın, yaxud Jak Santerin çıxışlarında və başqa çıxışlarda Azərbaycana olan münasibət, respublikamızda demokratik dövlətin qurulması və demokratiyanın inkişaf etdirilməsi qeyd olundu. Nailiyyətlərimiz, iqtisadiyyat sahəsindəki potensial imkanlarımız onları cəlb edir və onlar bu sahədə əldə etdiyimiz nailiyyətləri yüksək qiymətləndirirlər. Bu da həm Avropa Birliyi ilə, həm də Avropanın demokratik dövlətləri ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi üçün çox yaxşı əsasdır.

Ümumiyyətlə, mən bu səfərimdən və görüşlərimdən çox məmnunam. Hesab edirəm ki, Azərbaycanın dünya miqyasında, xüsusən Avropa qitəsində mövqelərinin möhkəmləndirilməsi, respublikamızın geniş miqyasda tanınması üçün lazımi qədər iş görülübdür və bunlar da hamısı dövlət müstəqilliyimizin möhkəmlənməsinə kömək edə bilər. Sağ olun.