Azərbaycan Prezidenti Heydər Əliyevin Mərakeş Krallığının fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Şertinin etimadnaməsini qəbul edərkən söhbətindən- Prezident iqamətgahı, 19 fevral 1999-cu il

Məhəmməd Şerti: Zati-aliləri, əvvəlcə Mərakeş kralı İkinci Həsənin şəxsi salamlarını, dərin hörmət və ehtiramını, xoş arzularını Sizə çatdırmaq istəyirəm. Biz Azərbaycan xalqına Sizin müdrik rəhbərliyiniz altında daha böyük inkişaf və tərəqqi diləyirik. 1994-cü ilin dekabrında Mərakeş Krallığına səfəriniz, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Kasablankada keçirilən zirvə toplantısında iştirakınız xalqımızın ürəyində dərin iz buraxmışdır.

Zati-aliləri, Mərakeş Krallığına səfəriniz bir daha təsdiq etdi ki, ölkələrimiz və xalqlarımız arasında böyük ideallara xidmət etmək mövqelərimiz eynidir. Biz münaqişələrin yalnız sülh və danışıqlar yolu ilə aradan qaldırılmasını dəstəkləyirik.

Azərbaycanın və Mərakeşin dövlət başçıları arasındakı şəxsi dostluq münasibətləri ölkələrimizin qarşılıqlı surətdə faydalı əməkdaşlığının inkişaf etdirilməsində mühüm rol oynayır. Sizi əmin edirəm ki, respublikanızda fəaliyyət göstərdiyim dövrdə dövlətlərimizin bütün sahələrdə əlaqələrinin daha da möhkəmləndirilməsinə çalışaçağam.

Heydər Əliyev : Sizi Azərbaycan Respublikasında Mərakeş Krallığının fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edirəm, gələcək işlərinizdə böyük uğurlar arzulayıram. Mərakeş kralı əlahəzrət İkinci Həsənin mənə göndərdiyi salamı böyük qürur hissi ilə qəbul edirəm. Mənim salamımı və ən xoş arzularımı dostum, qardaşım Mərakeş kralı əlahəzrət İkinci Həsənə çatdırmağınızı rica edirəm.
Mərakeş Krallığı ilə Azərbaycan arasındakı əlaqələrin bugünkü vəziyyəti bizdə məmnuniyyət hissi doğurur. Eyni zamanda biz bu əlaqələri daha da inkişaf etdirmək, genişləndirmək istəyirik. Mərakeş və Azərbaycan xalqının qədim və çox zəngin tarixi vardır. Bu, müasir dövrdə əlaqələrimizi daha da inkişaf etdirmək, genişləndirmək və zənginləşdirmək imkanı yaradır. Biz bu imkanlardan səmərəli istifadə etməliyik.

Mən 1994-cu ildə Mərakeş Krallığına səfərimi, İslam Konfransı Təşkilatının zirvə görüşündə iştirakımı çox məmnuniyyətlə xatırlayıram. Bizə yaxşı məlumdur ki, İslam Konfransı Təşkilatının yaranmasında Mərakeş kralı əlahəzrət Həsənin böyük xidmətləri olmuşdur. 1994- cü ilin dekabrında Mərakeşdə keçirilən zirvə görüşündə biz eyni zamanda, İslam Konfransı Təşkilatının yaranmasının 25-ci ildönümünü qeyd etdik.

Mərakeşdə səfərdə olarkən mən dostum, qardaşım əlahəzrət Həsənlə ölkələrimiz üçün çox əhəmiyyətli danışıqlar apardım. Mən bu danışıqlardan çox məmnunam.

İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Kasablankada keçirilən zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması barədə çox dəyərli qətnamələr qəbul olundu. Bu qətnamələrdə Azərbaycan haqq işi İslam Konfransı təşkilatlarının zirvə görüşünün bütün iştirakçıları tərəfindən dəstəkləndi və Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz qətiyyətlə pislənildi. Mərakeş zirvə görüşündə dünya ölkələrinə, beynəlxalq təşkilatlara bəyanatlar qəbul olundu. Həmin zirvə görüşündə Azərbaycan haqq işinin müdafiə edilməsinə aid qətnamələrin qəbul olunmasında əlahəzrət kral Həsən böyük xidmətlər göstərdi. Ona görə də mən əlahəzrət krala bir daha minnətdarlığımı bildirirəm.

Cənab Məhəmməd Şerti, Sizə Azərbaycanda səfirlik fəaliyyətinizi həyata keçirmək üçün bütün imkanlar yaradılacaqdır. Ümid edirəm ki, Mərakeş Krallığının səfiri kimi siz ölkərimiz arasındakı əlaqələrin daha da inkişaf etməsi üçün böyük xidmətlər göstərəcəksiniz. Bu işinizdə Sizə uğurlar arzulayıram. Mərakeş xalqına, dövlətinə sülh, əmin-amanlıq və səadət arzulayıram.

Məhəmməd Şerti: Səmimi qəbul üçün Sizə minnətdarlığımı bildirirəm. Cənab Prezident, Mərakeş kralı İkinci Həsən Sizə dərin rəğbət bəsləyir. Sizin yanvar ayında müayinə və müalicə olunmağınız barədə xəbəri kral çox narahatlıqla qarşıladı və sarsıldı. Mənə tapşırıbdır ki, onun salamlarını və böyük hörmətinini Sizə çatdırım.

Heydər Əliyev: Səmimi sözlərə görə təşəkkür edirəm. Mən xəstələndiyim zaman dostum və qardaşım əlahəzrət kral Həsən mənə xüsusi məktub göndərdi və öz narahatlığını bildirdi. Mən ona minnətdarlıq məktubu göndərdim. Eyni zamanda sizdən rica edirəm ki, mənim təşəkkürümü əlahəzrət krala çatdırasınız.
Mənim səhhətim çox yaxşıdır. Siz də, dostum əlahəzrət kral da narahat olmasın. Elə böyük bir xəstəliyim olmamışdı. Ancaq nədənsə mən xəstələnən kimi dünyada böyük bir narahatçılıq meydana çıxdı.

Bilirsiniz ki, mən Türkiyədə, Ankarada Gülhanə Tibb Akademiyasında həm müayinə, həm də müalicə olundum. Ankaradan Bakıya dönən gündən işləyirəm, hər şey çox yaxşıdır. Güman edirəm, mənim də xəstələnməyə haqqım vardır. Bəziləri tez-tez xəstələnir, ancaq belə çıxır ki, mən bu hüquqdan məhrum olmuşam. Mən bir dəfə xəstələndim ki, bu hüququmdan istifadə edim. Mənim dostlarım bu hüquqdan tez-tez istifadə edirlər. Başqa ölkələrdə olan həmkarlarım da bu hüquqdan istifadə edirlər. Fikirləşib gördüm ki, mən bu məsələni əldən vermişəm. Ona görə də bu boşluğu doldurmaq istədim. Bir daha bildirirəm ki, səhhətim çox yaxşıdır.

Məhəmməd Şerti: Cənab Prezident, buna Sizin haqqınız vardır, ancaq dostlarınızın və həmkarlarınızın da sizin səhhətinizdən narahat olmağa haqları vardır.

Heydər Əliyev: Mən əlahəzrət kral Həsənə çox böyük hörmət və ehtiram bəsləyirəm. Çünki o öz xalqına, ölkəsinə uzun illərdir ki, çox dəyərli xidmət göstərir və ölkəsinin ilbəil inkişafını təmin edir. O, dünyada çox hörmətli, tanınmış və beynəlxalq aləmdə böyük xidmətləri olan bir dövlət başçısıdır. Onun islam aləmində çox böyük fəaliyyəti vardır. İslam Konfransı Təşkilatının yaradılmasında və təməlinin qoyulmasında əlahəzrət kral Həsənin böyük xidmətləri olmuşdur. Mənim ən dərin hisslərimi, xoş arzularımı kral Həsənə çatdırmağınızı rica edirəm.

"Azərbaycan" qəzeti, 20 fevral 1999-cu il