Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfərə yola düşməzdən əvvəl Binə beynəlxalq hava limanında jurnalistlərin suallarına cavabı - 23 yanvar 2001-ci il

Heydər Əliyev: Sizi maraqlandıran odur ki, haraya və nə üçün gedirəm. Bunların hamısı məlumdur. Bu gün Parisə gedirəm. Məni oraya prezident Jak Şirak dəvət edibdir. Sabah Yelisey sarayında onunla görüşümüz, danışığımız, ziyafət olacaqdır. Ondan sonra, axşamüstü Strasburqa gedəcəyəm. O biri günü - yanvarın 25-də Strasburqda Azərbaycanın Avropa Şurasına daxil olması mərasimi keçiriləcəkdir. Bu mərasimdə mən də iştirak edəcəyəm. Sonra, yanvarın 25-də Strasburqdan yenə də Parisə qayıdacağam. Yanvarın 26-da biz üç prezident - Jak Şirak, Ermənistan və Azərbaycan prezidentləri görüşəcəyik. Daha sonra, ola bilər, yəqin ki, iki prezident - Ermənistan və Azərbaycan prezidentləri görüşəcəkdir. Əsas budur.

Sual: Cənab Prezident, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasını necə qiymətləndirirsiniz? Parisdə keçirəcəyiniz görüşlərin mövzusu barədə nə deyərdiniz?

Cavab: Əlbəttə ki, ölkəmizin Avropa Şurasına qəbul olması Azərbaycanın böyük nailiyyətidir. Azərbaycan Avropa Şurasına, Avropa ailəsinə daxil olur. Dörd ildir ki, biz bu beynəlxalq təşkilatın üzvlüyünə namizədik. Müxtəlif ölkələrdən, elə ölkəmizin daxilindən bizə nə qədər maneçilik törədənlər vardı. Xüsusən seçkilərdən sonra müxalifət qüvvələrinin çoxu deyirdi ki, Azərbaycan Avropa Şurasına qəbul olunmayacaqdır, nə bilim, seçkilər legitim deyil, seçkilərin nəticələri ləğv ediləcək, yenidən seçkilər keçiriləcəkdir. Bunların hamısı ermənilərin, başqa ölkələrdə Azərbaycana mənfi münasibət göstərən insanların və ya qurumların, yaxud da dövlət orqanlarının istəyi ilə üst-üstə düşür. Ona görə də nə onlar bir şey edə bilərlər, nə də ki, Azərbaycanın daxilindəki bu qüvvələr, hansı ki, Azərbaycanın guya ümumi, milli mənafelərini qoruyurlar, ancaq öz mənafelərini qorumaq üçün, öz şəxsi ambisiyalarından ötrü buna əl atırlar. Burada olan bəzi radikal müxalifət qüvvələri Azərbaycana qarşı erməni diasporundan, ermənilərdən daha pis işlər aparırlar. Ona görə belə bir şəraitdə Azərbaycanın Avropa Şurasına qəbul olması tarixi bir hadisədir. Azərbaycan artıq Avropa Şurasına qəbul olunubdur. İndi biz, sadəcə, mərasim keçirəcəyik.

Sual: Cənab Prezident, ötən gün Rusiyanın Təhlükəsizlik Xidmətinin rəhbəri Sergey İvanov Ermənistandan Azərbaycana gəlmişdi. Yayılan məlumatlara görə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yeni təklifləri var. Belə təkliflər varmı və Robert Köçəryanla Sizin görüşünüzdə yeni təklif müzakirə oluna bilərmi?

Cavab: Bilirsinizmi, mən bu təkliflər barədə bir şey bilmirəm. Ancaq İvanov Azərbaycana gəlmişdi. O, Ermənistanda da olmuşdu. Ümumiyyətlə, Rusiya Minsk qrupunun həmsədrlərindən biridir, həm də ilk həmsədrlərdən biridir. Prezident Putin Azərbaycanda olanda mən bu barədə, yəni həmsədr kimi, Rusiyanın öz funksiyalarını yerinə yetirməsi ilə əlaqədar onunla ətraflı danışmışam. İvanov da Təhlükəsizlik Şurasının katibidir, yəqin ki, bu işlərlə müəyyən qədər məşğul olur.

Sual: Cənab Prezident, Jak Şirakla söhbətiniz zamanı Fransa Milli Məclisinin \"erməni soyqırımı\"nı tanıması barədə qərarı ilə bağlı öz etirazınızı bildirəcəksinizmi?

Cavab: Mən \"erməni soyqırımı\" ilə əlaqədar etirazımı dəfələrlə bildirmişəm. İndi hər addımbaşı bildirməyəcəyəmki? Amma mən bilirəm ki, prezident Jak Şirak bu qərarla razı deyildir.

Sual: Cənab Prezident, Sizcə həmin qərar Minsk qrupunun həmsədri kimi, Fransanın mövqeyinə necə təsir edə bilər?

Cavab: Bilirsinizmi, Fransanın parlamenti həmsədr deyildir. Həmsədr Fransanın prezidentidir. Mən də sizə dedim ki, prezident Jak Şirak bu qərarı bəyənmir. Ola bilər, öz tərəfindən lazımi tədbirlər görəcəkdir.

Sual: Cənab Prezident, Corc Buşun ABŞ Prezidenti seçilməsi ilə əlaqədar 907-ci düzəlişin ləğvi mümkündürmü?

Cavab: Corc Buşun indi o qədər işləri var. Əvvəl öz daxili işlərini görməlidir, sonra isə bu işlərlə məşğul olmalıdır.

Sual: Cənab Prezident, Türkiyə hökuməti artıq dünən bəyan etdi ki, Fransaya qarşı cürbəcür sanksiyalar irəli sürüləcəkdir. Bizim Türkiyə ilə əlaqələrimizi nəzərə alsaq, Azərbaycan Fransa ilə münasibətlərində hansısa təshihlər edəcəkmi?

Cavab: Türkiyə kimi böyük, qüdrətli dövlət, Avropa Şurasının, NATO-nun üzvü əgər bir neçə sanksiya həyata keçirmək istəyirsə - o sanksiyalardan biri də ticarətin azaldılması, oradan silahların alınmasına məhdudiyyət qoyulmasıdır, başqa böyük işlərdir - Azərbaycan onun yanında nə edə bilər? İndi düşmüsünüz ortaya - mən sizi demirəm, bəzilərini nəzərdə tuturam. İstəyirlər... Ruslarda bir söz var: bıt bolşe katolikom, çem Rimskiy Papa, yəni Roma Papasından da artıq katolik olmaq. Elə sən o gün veriliş aparırdın, bayrağın ayaq altına salınıb tapdalanmasını göstərirdiniz. Bayrağın tapdalanması ilə, süni göz yaşı axıtmaqla nəyi sübut etmək istəyirsiniz? Biz Türkiyənin bir vilayəti boyda dövlətik. Əlbəttə, biz Türkiyəni dəstəkləmişik, dəstəkləyirik və axıra qədər də dəstəkləyəcəyik. Fransanın və başqa ölkələrin parlamentlərinin qəbul etdikləri qanunlara biz etiraz edirik. Bu günlərdə Türkiyə Xarici İşlər nazirinin birinci müavini Bakıya gəlmişdi və mən onun da yanında açıq bəyanat verdim - bunu Türkiyədə televiziyalar da, radiolar da, qəzetlər də verirlər. İndi burada kimsə deyir ki, gedək Fransa səfirliyinin qabağında hay-küy salaq. Sal, bununla neyləyəcəksən? Ona görə də bir az ağıllı olun.

Sual: Cənab Prezident, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Rusiyanın mövqeyi fəallaşır. Sizin Jak Şirakla və Robert Köçəryanla görüşünüz gözlənilir. Bu danışıqlardan ciddi irəliləyiş gözləmək olarmı?

Cavab: Bilirsənmi, mən hər dəfə irəliləyiş gözləyirəm. Sağ olun.