Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Milli Mətbuat Gününə həsr olunmuş mərasimdə nitqi - 22 iyul 2002-ci il

Hörmətli jurnalistlər!

Hörmətli xanımlar və cənablar!

Sizi Azərbaycan Jurnalistika günü – siz bu günü belə adlandırmısınız, yəqin daha da dəqiq olardı ki, Mətbuat günü deyək – münasibətilə təbrik edirəm. Azərbaycan mətbuatına, Azərbaycan jurnalistikasına müstəqil Azərbaycanın gələcək inkişafı naminə və müstəqilliyimizin möhkəmlənməsi naminə yeni-yeni uğurlar arzulayıram.

Mən sizə bu münasibətlə təbrik məktubu göndərmişəm, mətbuatda dərc olunubdur, bilirsiniz. Sonra məndən xahiş etdilər ki, bu gün Bakı Mətbuat Klubunun nümayəndələri, yaxud da bir qrup Baş redaktorla görüşüm, onlarla söhbət edim. Doğrudur, mən ayın 20-də gecə Yaltadan gəlmişdim. Dünən, bazar günü bir az istirahət etdim. Bu gün həftənin birinci günüdür, mənim çox böyük başqa planlarım vardır. Ancaq mənim planlarımı pozdular. Dedilər ki, bu gün mütləq jurnalistlərlə görüşməlisiniz, sualları var, siz onlara cavab verməlisiniz. Sonra da jurnalistlərin bayramı münasibətilə mərasim olacaq, orada olarsınız. Dedim, ola bilərmi ki, mən bu təkliflərin birini və ya digərini qəbul edim, dedilər ki, yox, o da lazımdır, bu da lazımdır.

Nə etməli, mən razı oldum. Bir neçə başqa planlarımı kənara qoydum. Bu arada Türkiyənin Diyanət İşləri Vəqfinin, yəni Dini İdarənin rəhbəri və nümayəndə heyətinin üzvləri ilə görüşdüm, söhbət etdim. Onu demək istəyirəm ki, mən bu gün çox gərgin qrafiklə, həmişəki kimi işləyirəm. Amma qrafikim pozulubdur. Bunun da səbəbi Jurnalistika günüdür. Mən bundan incimirəm, yaxud sizə minnət qoymaq istəmirəm. Mən, sadəcə, bugünkü gün haqqında danışıram. Ancaq günün mənası bu deyildir. Bu, sadəcə, hər bir insanın həyatında işinin qurulmasıdır. Günün mənası budur ki, bu gün Azərbaycanda azad, müstəqil Mətbuat günüdür, ümumiyyətlə, mətbuat günüdür.

Həsən bəy Zərdabi vaxtilə Azərbaycanda azad, demokratik mətbuatın əsasını qoyubdur. O nəinki bu mətbuatın əsasını qoydu, həm də çox çalışdı, fəaliyyət göstərdi və öz missiyasını sona qədər yerinə yetirdi. Məhz ondan sonra, XX əsrin əvvəlində Azərbaycanda bizim çox böyük jurnalistlər dəstəsi yarandı. Amma onlar da peşəkar jurnalistlər deyildilər, müxtəlif sahələrdə xidmət edirdilər. Ancaq mətbuata, jurnalistikaya çox böyük qayğı göstərirdilər və Həsən bəy Zərdabi kimi,

Azərbaycanda sərbəst, azad, müstəqil mətbuatın inkişaf etməsində böyük işlər görmüşdülər.

Belə hallarda biz mütləq Cəlil Məmmədquluzadəni, Üzeyir Hacıbəyovu və digər belə şəxsiyyətləri yada salmalıyıq. Cəlil Məmmədquluzadənin jurnalist kimi, publisist kimi, \"Molla Nəsrəddin\"jurnalı vasitəsilə və ondan daha geniş dairədə Azərbaycan xalqına göstərdiyi xidmətlər əvəzsizdir.

Mən Üzeyir Hacıbəyovun adını çəkdim. Çünki Üzeyir Hacıbəyov bizim həyatımıza, tariximizə böyük bəstəkar kimi daxil olmuşdur. Amma indi artıq hamıya məlumdur ki, o, musiqiçi kimi, bəstəkar kimi, böyük zirvələrə çatması ilə yanaşı, eyni zamanda publisistika, jurnalistika ilə də məşğul olub və bu sahədə böyük iz qoyubdur. Amma onun bu sahədəki fəaliyyəti təkcə jurnallarda, qəzetlərdəki yazılarından ibarət deyildir.

Həm də əsərləri vasitəsilə bu sahədə Azərbaycan xalqına göstərdiyi xidmətlərdir. Onun əsərləri, elə \"Arşın mal alan\", \"O olmasın, bu olsun\" əsərlərinin mənası insanları milli oyanışa, sərbəstliyə, azadlığa dəvət edirdi. Mənim ən xoşuma gələn odur ki, Üzeyir Hacıbəyov \"O olmasın, bu olsun\" əsərində o dövrün jurnalistlərini də çox gözəl göstəribdir. Bir film var, onu televiziyada vaxtaşırı göstərirlər. Həmin film hər dəfə göstəriləndə mən ona böyük heyranlıqla baxıram. Məni heyran edən o deyil ki, məsələn, Məşədi İbad yaşlı olaraq gənc qız almaq istəyibdir, onu da aldadıblar. Bu, əsərin sujetinin bir tərəfidir.

Üzeyir Hacıbəyovun da böyüklüyü ondadır ki, o, insanları cəlb etmək üçün belə gülməli süjet qurubdur. Amma süjetin o biri tərəfi o dövrün cəmiyyəti, həmin cəmiyyətdəki insanlar – həm zəngin insanlar, həm kasıblar, həm də o dövrün ziyalılarıdır. Məsələn, orada jurnalist surətlərini Üzeyir Hacıbəyov çox gözəl göstəribdir. O filmi yaradan rejissor da onların nə cür jurnalistlik etdiklərini yaxşı nümayiş etdiribdir. Üzeyir Hacıbəyov bunu nə üçün edibdir? Çünki o vaxtın mətbuatında bu \"xəstəliklər\" var idi. Üzeyir Hacıbəyov onları göstərərək istəyirdi ki, cəmiyyət daha da sağlam olsun.

Bir sözlə, mən indi tarix haqqında çox danışmaq istəmirəm. Sadəcə, bu fikirlər mənim beynimdə həmişə fırlanır, bu fürsətdən istifadə edərək bunları sizə çatdırıram. Bununla onu demək istəyirəm ki, Azərbaycanda jurnalistika ölkəmizin həm keçmiş irsindən, keçmişdə əldə olunmuş nailiyyətlərdən istifadə etməlidir, həm də bu günün həyatını doğru-düzgün əks etdirməlidir. Azərbaycanda bu yaranıbdır. İndi mən deyə bilərəm ki, qəzetlərin sayına və jurnalist peşəsi ilə məşğul olan insanların, xüsusən gənclərin sayına görə Azərbaycan heç də geridə qalmır. Bu, sevindirici haldır. Jurnalist peşəsi çox ağır zəhmət tələb edir. Bu, çətin peşədir. Özlərini buna həsr edən adamlar gərək birinci növbədə istedadları olduğunu dərk etsinlər. Bizim mədəniyyətimizin müxtəlif sahələrində olan istedadlı insanlar kimi, jurnalistlər də istedadlı olmalıdırlar.

Çünki bu da bizim mədəniyyətimizin bir hissəsidir. İkincisi də, bizim jurnalistlərimiz gərək gördüklərini, eşitdiklərini olduğu kimi yazsınlar, ağa ağ, qaraya qara desinlər.

Jurnalistikanın əsas vəzifələrindən biri cəmiyyətdə, onun bütün sahələrində olan mənfi halları aşkara çıxarmaq, göstərmək və millətimizi, xalqımızı, cəmiyyətimizi bundan xilas etmək olmalıdır. Bizim jurnalistika bunu edibdir. Amma mən arzu edərdim ki, bu məqsədi daha da uğurla həyata keçirsin. Bu gün mən jurnalistlərin bir qrupu ilə iki saat yarım söhbət etdim, suallarına cavab verdim, çox açıq danışdım. Bəzi məsələlər barədə bəlkə də mən indiyə qədər belə açıq fikirlər deməmişdim. Amma bu gün mən bunu etdim. Bu da mətbuatda dərc olunacaqdır, siz biləcəksiniz. Mən burada bunu təkrar etmək istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, mənim fikirlərim həmin o görüşdə mənə verilən suallardan istifadə edərək söylədiyim fikirlərdir, mənim düşüncələrimdir, bugünkü problemlərimizə – hamısına yox, bir hissəsinə – olan münasibətimdir. 

Mən jurnalistlərin dostu elan olunmuşam. Keçən dəfə dedim, mən bunu qiymətləndirirəm. Azərbaycanda belə vəziyyət yaranıbdır ki, - indi Hacı Hacıyev dedi ki, Azərbaycan jurnalistləri SSRİ Jurnalistlər İttifaqından çıxıb bir təşkilat yaratdılar və 5 Maydan imtina etdilər. Təbii, bu düzdür. 5 May mətbuat günü idi. Karl Marks da həmin gün anadan olmuşdu. İndi yeni tarix başlanmışdır. Yeni tarix Azərbaycanın müstəqilliyi ilə əlaqədar olan tarixdir. Yeni jurnalistlər nəsli gəldi. Bu da çox gözəldir. Ancaq həm keçmişdən qalanlar, həm də yeni gələnlər – hamısı çalışmalıdır ki, bizim informasiya orqanlarını, mətbuatı, qəzetlərimizi cazibədar etsinlər. Sensasiyalı materiallar verməklə yox, həqiqəti açıq-aydın aşkara çıxarmaqla.

Mən iqtidarın nümayəndəsi kimi - mən prezidentəm - hər bir jurnalistə çox minnətdar olacağam ki, iqtidara, prezident kimi, mənə bəlli olmayan hansısa səhvi, yəni hardasa pis görülən işi, bizə zərər verən halları siz üzə çıxardasınız və biz də bundan istifadə edib o nöqsanların, səhvlərin aradan qaldırılması ilə məşğul olaq. Qısası, mən istəyirəm ki, siz iqtidara kömək edəsiniz. Mən istəyirəm ki, iqtidarda kimin olub-olmamasından asılı olmayaraq, müstəqil Azərbaycanın inkişafına kömək edəsiniz. Köməyiniz də birinci növbədə öz jurnalist qələminizlə nöqsanları, qüsurları, çatışmazlıqları obyektiv, ədalətli şəkildə aşkara çıxarmağınız və xeyirxah niyyətlərlə bu sahədə Azərbaycan iqtidarı ilə əməkdaşlıq etməyiniz olardı.

Mən sizinlə dostluğumuza sadiqəm. Çalışacağam ki, bunu pozmayım. Siz də çalışın ki, dostluğumuz pozulmasın. Əmin ola bilərsiniz ki, jurnalistlərin dostu kimi, bu adı daşımaq üçün mənim tərəfimdən bundan sonra nə mümkündürsə, ediləcəkdir. Mən sizinlə bu dostluğumu davam etdirmək istəyirəm.

Sizin hamınıza cansağlığı arzu edirəm. Hər birinizə uğurlar arzulayıram. Hər bir mətbuat orqanına arzu edirəm ki, o daha da uğurla fəaliyyət göstərsin. Çox sağ olun.