Gəncədəki \"N\" hərbi hissəsində keçirilən görüşdə Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin nitqi - 12 sentyabr 2002-ci il

Əziz əsgərlər, gizirlər, çavuşlar, zabitlər!

Mən sizi səmimi qəlbdən salamlayıram. Sizə, Azərbaycan Ordusunun hər bir əsgərinə, hər bir döyüşçüsünə möhkəm cansağlığı və hərbi xidməti yerinə yetirməkdə uğurlar arzulayıram.

Azərbaycan oktyabr ayının 18-də dövlət müstəqilliyinin 11-ci ildönümünü qeyd edəcəkdir. 11 il çətin və ağır yollardan keçən Azərbaycan xalqı dövlət müstəqilliyini möhkəmləndirib, əbədi, dönməz edibdir. Bu yolda xalqımız böyük fədakarlıq göstərib, çox işlər görülübdür. Onlardan ən mühümü Azərbaycanın Milli Ordusunun yaranması, ordu quruculuğunun həyata keçirilməsi, Azərbaycan dövlətinin güclü, qüdrətli orduya malik olmasıdır. Bu sahədə görülən işlər öz nəticəsini verir. Bu gün Azərbaycan həqiqətən güclü, qüdrətli orduya malikdir. Xalqımızın mətin övladları öz şərəfi borcunu yerinə yetirərək, vaxtı gələn kimi orduya çağırılır, xidmət edirlər. Artıq indi gənclərin bir çoxu ordu sıralarında xidmət edib, bu yoldan keçibdir. Azərbaycan Ordusunun qurulması ilbəil təkmilləşir. Azərbaycanda silahlı qüvvələrin zabit-komandan heyətinin hazırlanması yaxşı təşkil olunubdur. İndi biz ordumuzu ardıcıl olaraq zabit-komandan heyəti ilə təmin etməyə qadirik.

Azərbaycan Ordusunun zabit korpusu, komandan heyəti onun əsasını təşkil edir. Özlərinin hərbi biliyini daim artırmaq, hərbi peşə hazırlığının səviyyəsini yüksəltmək bizim komandan heyətinin qarşısında duran əsas vəzifədir. Biz bunu Azərbaycanın Müdafiə Nazirliyindən, hər bir hissənin komandanlığından qəti surətdə tələb edirik. Əgər zabit heyəti, ordunun daimi kadrları yüksək keyfiyyətə malik olsalar, fiziki, mənəvi cəhətdən güclü, möhkəm olsalar, yüksək biliyə, yüksək döyüş hazırlığına malik olsalar, biz ordumuzu daha da gücləndirə, müasir tələblərə daha da uyğunlaşdıra bilərik. Bu, bizim vəzifəmizdir, biz bunu etməliyik.

Müasir dünyadakı vəziyyət və Azərbaycanın indiki şəraiti bizdən ordunu daim gücləndirməyi tələb edir. Mən məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, bizim orduda həqiqətən çox dəyərli kadrlar var. İndi sizinlə görüşə gələrkən bir 45-50 dəqiqə mən sizin sərəncamınızda olan, ümumiyyətlə, bizim ordunun ixtiyarında olan bəzi hərbi texnikanın və silahların nümunələri ilə tanış oldum. Güclü hərbi texnikaya malikik, yaxşı silah-sursatımız var. Yəni, döyüş üçün lazım olan hər bir şey var. Ancaq ondan səmərəli istifadə etmək lazımdır.

Mən həmin texnikanı, silahları idarə edən zabitlərlə tanış oldum. Söhbət etdiyim zabitlər məndə yaxşı təəssürat yaratdılar. Birincisi, onların hamısının ali hərbi təhsili var. Uzun illərdir ki, çoxları Silahlı Qüvvələrdə xidmət edirlər. Bəziləri həmin bu hissədə, sizin hissədə xidmət ediblər. Onların məruzələri, onlarla apardığım danışıqlar məndə belə bir fikir yaratdı ki, bəli, bizim çox dəyərli zabit kadrlarımız var. Mən inanıram ki, onlar həmin çox mürəkkəb hərbi texnikadan, mürəkkəb silahlardan istifadə etməyə qadirdilər. Onların komandanlığı altında olan şəxsi heyətlə istənilən zaman həmin silahlardan istifadə edib, Azərbaycanın mənafelərini qorumağa hazırdırlar. Onlar mənim xoşuma gəldi. Mən çox sevinirəm ki, bizdə belə kadrlar var. Ancaq onlar bizim bütün ordumuzun kadrları deyil, başqa hissələrdə də belələri çoxdur. Demək, bizim yüksək komandan heyəti yaxşı təhsil almış, yaxşı xidmət edən, işini yaxşı bilən bu zabitlərdən səmərəli istifadə etməlidir. Onların daha da mükəmməlləşməsi üçün qayğı göstərməlidir. Bu yolla ordumuzda olan komandan heyətinin bilik səviyyəsini, döyüş qabiliyyətini daha da yüksəldə bilərik. Mən bunu bir vəzifə kimi sizin və Azərbaycan Silahlı Qüvvələrinin bütün komandan heyətinin qarşısında qoyuram. Tələb edirəm ki, yüksək rütbəli hər bir komandan onun tabeliyində olan zabitlərlə daha da sıx əlaqədə olsun. Bir də deyirəm, onlara qayğı göstərsin, onların hərbi mütəxəssis kimi, zabit kimi, döyüşçü kimi inkişaf etməsini təmin etsin.

Həyatını Azərbaycanın Silahlı Qüvvələrində müstəqil Azərbaycan dövlətinə, öz xalqına sədaqətlə xidmətə həsr etmək hər bir insan, hər bir əsgər üçün ən vacib xüsusiyyətdir. Əgər kimsə orduda xidməti başqa məqsədlər üçün istifadə etmək istəyirsə, bu, yolverilməzdir və buna heç vaxt yol verilməyəcəkdir. Mən bunları deyərək, eyni zamanda, tam əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin zabit-komandan heyətinin tam əksəriyyəti Azərbaycan xalqına, Azərbaycan dövlətinə, öz vətəninə, torpağına sədaqətlə xidmət edir.

Əmin olduğumu bildirmək istəyirəm ki, orduya səfərbər edilən hər bir gənc, bizim ordumuzun əsgəri hərbi xidmət müddətini xalqa, dövlətə sədaqətlə keçirəcəkdir. Bu sədaqəti ömrünün axırına qədər saxlayacaqdır.

İndi bizim ordumuzun səviyyəsi yüksəkdir. Ancaq eyni zamanda, bəzi hallarda biz ayrı-ayrı hissələrdə bir çox nöqsanlara, qanun pozuntularına və başqa mənfi hallara da rast gəlirik. O cümlədən, bəzi komandirlərin öz vəzifələrindən sui-istifadə etməsi hallarına da rast gəlirik. Hətta ordumuzda bəzilərinin tabeliyində olan adamlardan rüşvət alması hallarına da rast gəlirik. Nə qədər acı olsa da, mən bunu etiraf edirəm. Eyni zamanda bildirirəm ki, biz bu mənfi hallarla, nöqsanlarla mübarizə aparmışıq və bundan sonra da aparacağıq. Hər kəs bilməlidir ki, orduda xidmət ilə heç bir mənfi hal bir araya sığa bilməz. Bu, yolverilməzdir. Hər bir zabiti, - mən ordunun zabitini deyirəm, - bütün başqa peşə sahiblərindən fərqləndirən o olubdur, o olmalıdır ki, o, mənəviyyatca təmizdir, safdır. Saf mənəviyyatla xalqına, millətinə, dövlətinə xidmət edir və bütün başqa peşə sahiblərinə nümunə göstərir.

Biz belə zabitlər ordusu yaratmağa çalışırıq, lazım olan tədbirləri görürük və görəcəyik. Bizim bu tələblərimizə uyğun olmayanlar, keçmiş xidmətlərindən asılı olmayaraq, Azərbaycan ordusunda yüksək şərəfli zabit, komandir adını daşıya bilməzlər.

Orada böyük hərflərlə yaxşı sözlər yazılıbdır. Mən oxudum, axırda da gördüm ki, mənim sözlərimdir. Bəli, bu sözləri mən dəfələrlə demişəm. Çox şadam ki, siz onları böyük hərflərlə yazıb, orada, bu meydanda vurmusunuz. Demək, siz öz işinizi mənim bu sözlərimlə qurursunuz: \"Möhkəm, daimi sülh üçün müstəqil dövlətin güclü ordusu olmalıdır\". Bu, mənim sözlərimdir. Mən bu sözləri dəfələrlə demişəm, bu gün bir də deyirəm. Bizim üçün müstəqil dövlət ən böyük tarixi sərvətdir. Biz onu qoruyuruq və qoruyacağıq. Azərbaycan dövlətinin müstəqilliyi əbədidir. Hər birimiz çalışmalıyıq ki, gələcəkdə də bunu təmin edək. Ancaq bunun üçün bizim dövlətin bütün başqa təsisatları ilə bərabər, güclü ordusu da olmalıdır. Elə məhz buna görə də biz Azərbaycanda 1993-1994-cü illərdən sonra güclü ordu yaradılması ilə məşğuluq və indi artıq buna nail olmuşuq. Ancaq biz bununla qane olmamalıyıq. Biz ordumuzu daha da güclü etməliyik, müasir tələblərə uyğun etməliyik. Ordumuz Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi üçün daim hazır olmalıdır. Orduda gərək dəmir nizam-intizam olsun. Nizam-intizam hər yerdə lazımdır, amma ordu üçün bu, əsas şərtdir. Hər bir əsgər üçün, hər bir zabit üçün əsas şərtdir. Təəssüflər olsun ki, biz nizam-intizamın pozulması halları ilə də rastlaşırıq. Məhz bəzi hərbi hissələrdən bizə gələn məlumatlar mənə bu sözləri deməyə əsas verir.

Son vaxtlar bizim Ali Hərbi Məktəbdə nizam-intizamın pozulması halı baş vermişdir. Mən buna çox ciddi münasibət göstərmişəm. Müdafiə naziri Səfər Əbiyevdən məsələnin tam ətraflı, dəqiq araşdırmasını tələb etmişəm. Gözləyirəm ki, o, araşdırmaların nəticəsini mənə təqdim edəcəkdir. İlkin məlumatlardan belə görünür ki, orada bəzi sosial problemlər mövcud olubdur. Ancaq nədənsə, bunları vaxtında həll etməyiblər, lazımi ölçü götürməyiblər və Ali Baş Komandan da bundan xəbərsiz olubdur.

Məktəbin zabit heyətindən olan bəzilərinin də nöqsanları aşkar edilibdir. Ancaq bunların heç biri bizim gənc övladlarımıza, gələcəyin zabitlərinə nizam-intizamı pozmaq üçün, kursant üçün nə qədər çətin olsa da, onlar nizam-intizamın pozulmasına heç vaxt yol verməməlidirlər. Hərbi xidmətə gələn, əsgərliyə başlayan, yaxud hərbi məktəbdə təhsil almağa başlayan hər bir kəs verdiyi vədə və içdiyi anda sadiq olmalıdır. Ona görə də bəzi kursantların hərəkətlərinə heç də bəraət qazandırmaq olmaz. Ancaq bu hələ mənim ilkin fikrimdir. Qeyd etdim, müdafiə naziri araşdırma aparır. Araşdırmanın nəticəsinə baxacağam və əmin ola bilərsiniz ki, bu barədə ədalətli, düzgün, eyni zamanda ciddi tədbirlərin görülməsinin zəruri olduğunu yəqin ki, bildirəcəyəm.

Beləliklə, nizam-intizam hərbi xidmətin əsasıdır. Bunsuz nə kiçik, nə böyük hərbi xidmət ola bilməz. Bunu bilmək lazımdır. Kim bunu edə bilmirsə, o sadəcə hərbi xidmətdən istefa verməlidir. Heç kəs heç kəsi məcbur etmir ki, gəlib öz həyatını hərbi xidmətə həsr etsin. Heç kəs bizim gənc övladlarımızı məcbur etmir ki, gəlib hərbi məktəbdə oxusun. Ancaq əgər o, gəlib imtahan verib, müsabiqədən keçib, əziyyət çəkib, hərbi məktəbdə təhsil almağa başlayıbsa, demək, hərbi qulluğun tələblərini unutmamalıdır.

Əgər belə olmasa, təbiidir ki, həmin gənc, təəssüflər olsun ki, hərbi təhsil alanların sırasında ola bilməz. Bu, təkcə hərbi təhsil alanlara deyil, həm də hər bir əsgərə, komandirə, zabitə aiddir. Əsgərlər bizim Konstitusiyada nəzərdə tutulmuş hərbi xidmət keçirlər. Bu hərbi xidmət məcburidir. Hərbi xidməti keçməyən gənc Azərbaycanda, bizim cəmiyyətdə heç vaxt hörmət qazana bilməz. Əksinə, hərbi xidmət keçən gənc bununla sübut edir ki, o, vətəninə xidmət edib və gələcəkdə də xidmət etməyə hazırdır, öz əsgərlik borcunu şərəflə yerinə yetiribdir.

Ancaq bütün başqa hərbi vəzifələr, o cümlədən təhsil müəssisələrində xidmət, yaxud da ki, təhsil almaq - bunlar heç kəs üçün məcburi deyildir. Kiminsə xoşuna gəlmirsə, o, bu işə başlamamalıdır. Hər kim bu şərtləri qəbul edə bilmirsə, bu işə başlamamalıdır. Bunu hamı bilməlidir.

Bütün bu tənqidi sözlərimlə yanaşı, mən bir daha bildirmək istəyirəm ki, bizim Milli Ordumuz ən yüksək səviyyədədir. Bir daha demək istəyirəm ki, hərbi texnika ilə tanış olduğum zaman gənc zabitlərin mənə verdikləri məlumatlar onların bilik səviyyəsinin yüksək olduğunu göstərdi. Amma mən birinci dəfə deyildir ki, bu halla rastlaşıram. Bilirsiniz ki, son vaxtlar mən ordu hissələrində görüşlər keçirirəm və bundan sonra da keçirəcəyəm. Həm ordu hissələrini özüm şəxsən görmək, tanış olmaq istəyirəm, həm də ki, təbiidir, bizim ordumuzun zabitləri, komandanları, əsgərləri Ali Baş Komandanla da şəxsən görüşməlidirlər. Ona görə mən bundan sonra da bu görüşləri keçirəcəyəm. Amma hər bir görüş məndə bizim ordumuzun yüksək səviyyədə olması haqqında təsəvvür yaradır. Bu da mənim üçün əsas nəticədir.

Mən bu tənqidi sözləri ona görə dedim ki, biz əldə etdiklərimizlə kifayətlənə bilmərik. Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün ordumuz daha da güclü olmalıdır. Bu vəzifələrin yerinə yetirilməsinə daim hazır olmalıdır. Özü də təkcə buna görə yox. Hər bir müstəqil dövlətin, - heç bir ölkə ilə müharibə aparmasa belə, - gərək güclü ordusu olsun. Bəli, güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır.

Mən ümidvaram ki, biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü mütləq təmin edəcəyik!

Əziz əsgərlər!

Əziz zabitlər!

Siz gəncsiniz. Azərbaycanın gələcəyi gənclərə, sizə məxsusdur. Sizin hərbi peşəniz Azərbaycanın bu günü və gələcəyi üçün çox vacibdir. Mən ümidvaram ki, Azərbaycan Ordusunun zabit heyəti, komandan heyəti, bütün şəxsi heyəti xalqımızın, dövlətimizin bu tələbləri səviyyəsində olacaqdır.

Mən sizə bir daha cansağlığı arzu edirəm. Bu şərəfli və çətin peşənizdə sizə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.