"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə keçirilən şənliklərdə nitqi" sənədinə tarixi arayış

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il sentyabrın 27-də BMT-nin Uşaq hüquqları konvensiyasını imzalayıb. Həmin dövrdən başlayaraq dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycan Respublikasında da hər il uşaqların Beynəlxalq Televiziya və Radio günü bayram edilir. Hər il iyun ayının 1-i isə respublikada Uşaqları Beynəlxalq Müdafiə günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə ümumxalq referendumu yolu ilə qəbul edilmiş konstitusiyasında uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olduğu və bu borcun yerinə yetirilməsinə dövlətin nəzarət etməsi müddəaları öz əksini tapıb. 1998-ci il mayın 19-da Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir:

"Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir".

Uşaqlara göstərilən qayğının daha bir bariz nümunəsi 22 iyun 1999-cu il tarixdə qüvvəyə minmiş "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilk dəfə 15 dekabr 1996-cı ildə Uşaqların Beynəlxalq Televiziya və Radio günü, habelə YUNİSEF- in 50 illiyi münasibətilə "uşaqlar dünyanın sevincidir" şənlik mərasimində iştirak edib. Mərasimdə çıxış edən Heydər Əliyev bu gün münasibətilə Azərbaycan Respublikasının bütün uşaqlarını, müstəqil Azərbaycanın bütün övladlarını təbrik edib.

Azərbaycan Prezidenti Heydər Əliyev 14 dekabr 1997-ci il, 12 dekabr 1999-cu il, 8 dekabr 2002-ci il tarixdə keçirilən Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə Bakıdakı Teleteatrda "Uşaqlar dünyanın sevincidir" devizi altında şənliklərdə iştirak edib. Şənliklərdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev uşaqlara qayğı göstərməyin, uşaqların təhsili, tərbiyəsi üçün şərait yaratmağın, onlara həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-ənənələrini aşılamağın uşaqlarla aparılan işin əsas hissəsi olduğunu vurğulayıb.

Prezident İlham Əliyev də uşaq və gənclərə qayğı və diqqətin artırılması yolunda çoxlu işlər görüb. Bu məqsədlə bir çox məktəblərin tikilməsi və yenidən təmir olunması, idman komplekslərinin tikilməsi və s. göstərmək olar.

Son illərdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da bu yolda gördüyü işlər xüsusi qeyd olunmalıdır. Bir çox rayonlarda Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində yeni uşaq evləri və internat məktəbləri tikilib istifadəyə verilib.

2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın ən müxtəlif bölgələrində istifadəyə verilən məktəblərin sayı artaraq 237-yə çatıb. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində həyata keçirilən genişmiqyaslı inşaat və yenidənqurma işləri Lənkəran, Masallı, Göyçay, İmişli, Neftçala, Kürdəmir, Beyləqan rayonları və Bakının, Qaradağ, Səbail, Əzizbəyov, Yasamal rayon ərazilərində yeni məktəb binalarınınistifadəyə verilməsinə imkan yaradıb. 2005-ci ildən başlayaraq həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi uğurla davam edir. İndiyədək Azərbaycanın ən müxtəlif bölgələrində, ucqar dağ kəndlərində inşa olunan məktəblərin inşasına dəstək verməklə cəmiyyət həyatında fəal mövqe tutan Heydər Əliyev Fondu yeni nəsillərin, müasir gəncliyin savadlı yetişməsinə, Azərbaycanın sürətli inkişafına öz töhfəsini verməkdədir.

22 dekabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il Azərbaycan Respublikasında "Uşaq ili" elan edilməsi haqqında qərar qəbul edib.

Tarixi arayış 4 fevral 2009-cu ildə tərtib edilib.