Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Baş nazirinin müavini, Dövlət Baxçalı ilə təkbətək görüşmüşdür - 7 may 2002-ci il

Mayın 7-də Prezident Sarayında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Türkiyə Respublikası baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı ilə təkbətək görüşmüşdür.

Hörmətli qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı Heydər Əliyev onun dəvətini qəbul edərək respublikamıza rəsmi səfərə gəldiyinə görə cənab Dövlət Baxçalıya təşəkkürünü bildirdi.

Cənab Dövlət Baxçalının respublikamıza səfərini Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının inkişaf etdirilməsində əlamətdar bir hadisə kimi dəyərləndirən prezident Heydər Əliyev ölkələrimizin bütün sahələrdə əməkdaşlığının hazırkı vəziyyətindən razılıqla söhbət açdı. Azərbaycana rəsmi dəvətə, göstərilən qonaqpərvərliyə və vaxt tapıb onları qəbul etdiyinə görə respublikamızın prezidenti Heydər Əliyevə dərin təşəkkürünü, hörmət və ehtiramını bildirən cənab Dövlət Baxçalı Bakıda keçirdiyi görüşlər, apardığı danışıqlar barədə məlumat verdi.

Prezident Heydər Əliyevin Türkiyə Respublikasına səfərlərinin qardaş ölkədə həmişə tarixi hadisə kimi dəyərləndirildiyi, bu səfərlərin Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdirilməsində mühüm rol oynadığını nəzərə çarpdıran cənab Dövlət Baxçalı qardaş ölkələrimizin münasibətlərinin dövlətimizin başçısının \"Biz bir millət iki dövlətik” anlayışı çərçivəsində gündən-günə möhkəmlənməsindən çox məmnun qaldığını söylədi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində aparılmış danışıqlardan bəhs edən respublikamızın rəhbəri Heydər Əliyev Azərbaycanın haqq işinin müdafiə edilməsində qardaş Türkiyənin göstərdiyi daimi dəstəkdən razılıqla söhbət açdı.

Prezident Heydər Əliyevin bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətindəki zəhmətinin Türkiyə Respublikasında həmişə yüksək dəyərləndirildiyini vurğulayan Dövlət Baxçalı bir daha bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə, işğal olunmuş Azərbaycan torpaqları azad edilməyincə Türkiyə Ermənistanla heç bir əlaqə qurmayacaqdır. Bu məsələnin həllində Türkiyə həmişə Azərbaycanın yanında olacaqdır.

Azərbaycanda prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılan demokratik islahatların gedişinin və əldə olunan uğurların qardaş Türkiyədə böyük maraqla izlənildiyini nəzərə çarpdıran cənab Dövlət Baxçalı ölkələrimizin qarşılıqlı surətdə faydalı əməkdaşlığının ildən-ilə daha da möhkəmlənəcəyinə əmir olduğunu bildirdi.

Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının perspektivləri, hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı.