Avropa - Atlantika Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iclasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - Madrid, 9 iyul 1997-ci il

Hörmətli cənab sədr!

Xanımlar və cənablar!

Sizi ürəkdən salamlayıram və dünyanın bütün xalqlarının təhlükəsizliyi, azadlığı və tərəqqisi naminə birgə uğurlu iş arzulayıram.

Biz Varşava Müqaviləsi pozulduqdan sonra yaranmış yeni müstəqil dövlətlər ilə NATO arasındakı əməli dialoqa və əməkdaşlığa böyük əhəmiyyət veririk.

Soyuq müharibə, nüvə fəlakəti təhlükəsi, dünyanın iki düşmən cəbhəyə ayrılması dövrü başa çatdıqdan sonra bəşəriyyət silahlı münaqişələr, təcavüzkar separatçılıq, silahların, ağır hərbi texnikanın, nüvə və kimyəvi döyüş başlıqları daşıya bilən raket sistemlərinin nəzarətsiz yayılması kimi yeni təhlükələrlə qarşılaşmışdır.

Bu mənfi proseslər xalqlarımızın mənafelərinə çox böyük ziyan vurur, iqtisadiyyatı iflic vəziyyətinə salır, yeni müstəqil dövlətlərin Dünya Birliyi ilə tez bir zamanda inteqrasiyasına mane olur, milyonlarla dinc əhalinin insan hüquqlarını kobud surətdə pozur.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Ermənistan Respublikası tərəfindən təcavüzə məruz qalmışdır və bunun nəticəsində respublikamızın ərazisinin iyirmi faizi erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş, bir milyondan çox vətəndaşımız doğma yurd-yuvalarından qovulmuşdur və qaçqın olaraq çadır şəhərciklərində çox ağır şəraitdə yaşayır.

Azərbaycan tərəfi ədalətli və möhkəm sülhə nail olmaq üçün hər şeyi edir, ATƏT-in Minsk prosesi çərçivəsində ən konstruktiv mövqe tutur. Üç ildən çoxdur ki, atəşkəs rejimi saxlanılır və biz münaqişə tam aradan qaldırılanadək buna əməl etmək niyyətindəyik.

ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan istisna olmaqla bütün iştirakçı ölkələr Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasının əsas prinsiplərini müdafiə etdilər. Bu prinsiplər aşağıdakılardır: Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan dövləti tərkibində özünüidarə statusu verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat verilməsi.

Lakin Ermənistan Respublikasının qeyri-konstruktiv mövqeyi üzündən ATƏT-in Minsk qrupunun səyləri hələ də istənilən nəticəni verməmişdir. Biz ümid edirik ki, Minsk konfransının həmsədrliyi - Rusiya, ABŞ, Fransa Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanmasına və möhkəm sülhün bərqərar olmasına nail olacaqdır.

Bu baxımdan biz həmçinin NATO-nun və Avropa - Atlantika Əməkdaşlıq Şurasının fəal roluna ümid bəsləyirik. Onlar Qafqazdakı silahlı münaqişələri kənardan müşahidə etməməlidirlər. Nəzərə almaq lazımdır ki, bu münaqişələr Ümumavropa təhlükəsizliyi üçün də ciddi təhlükə yaradır.

Bugünkü görüşdən istifadə edərək bəyan etmək istəyirəm ki, Azərbaycan Respublikası Avropa - Atlantika Əməkdaşlıq Şurasının yaradılmasını alqışlayır və buna NATO ilə tərəfdaş ölkələr arasında siyasi məsləhətləşmələrin, fəal əməkdaşlığın mühüm mexanizmi kimi baxır.

Biz NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında fəal iştirak edir və ümid bəsləyirik ki, bu proqram silahlı qüvvələrimizin Avropada sülhün və sabitliyin təmin edilməsi məqsədlərinə və vəzifələrinə uyğunlaşdırılması üçün təkmilləşdirilməsinə kömək edəcəkdir.

Çıxışımın sonunda Polşanın, Macarıstanın və Çexiyanın prezidentlərini onların ölkələrinin NATO-ya üzv qəbul edilməsi münasibətilə təbrik edirəm.

Mən Rusiyanı NATO ilə əsas aktı imzalaması, Ukraynanın prezidentinin bu gün NATO ilə xüsusi saziş imzalaması münasibətilə təbrik edirəm.

Diqqətinizə görə təşəkkür edirəm.


"Azərbaycan" qəzeti, 11 iyul 1997-ci il.