Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqarıstan Prezidenti Petr Stoyanovun Bakıya rəsmi səfərə gəlişindən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 2 dekabr 1999-cu il

Heydər Əliyev: Salaməleyküm. Necəsiniz, kefiniz necədir, nə yazırsınız? Müxalifət yalan-yalan şeylər, uydurmalar yazır. Siz niyə belə edirsiniz? Hər şeyi düz yazın. Çalışırsınız ordan-burdan yalan bir şey çıxarasınız.

Müxbir: Cənab prezident, Siz konkret nəyi deyirsiniz?

Heydər Əliyev: Elə sənin o yazdıqlarından yüz dənəsini çıxararam. Bilirsiniz, mətbuatın azadlığı çox gözəl şeydir. Ancaq mən bunu bir neçə dəfə demişəm, - bizim bu mətbuat verilən azadlıqdan xəstəlik dövrünü keçirir. Amma mən inanıram ki, bu xəstəlik keçəndən, sizin üçün keçid dövrü keçəndən sonra, hər şey daha yüksək səviyyəyə qalxandan sonra sizin yazılarınız daha yaxşı olacaqdır. Ona görə də mən sizin bu cür yazılarınıza o qədər də təəccüblənmirəm. İndi yalanlar, böhtanlar, uydurmalar yazırsınız, o cümlədən mənim haqqımda. Məni bunlar narahat etmir. Siz bilin ki, mənim əleyhimə nə qədər çalışıb yazsanız, mən narahat olmayacağam. Mən heç bundan incimirəm. Ona görə də ədalətli olun, düz yazın. Çünki gərək azad mətbuatın ədalətliliyinə öyrənəsiniz.

Sual: Cənab prezident, Bakı-Ceyhan neft kəməri barədə saziş imzalanmayana qədər Azərbaycan bildirirdi ki, o, balanslaşdırılmış siyasət yeridir. İndi Bakı-Ceyhan kəməri haqqında saziş imzalandı. Bundan sonra demək olarmı ki, Azərbaycan Qərb yönlü siyasət yeridəcəkdir?

Cavab: Elə bilirsən ki, balanslaşdırılmış siyasəti biz elə Bakı-Ceyhana görə həyata keçiririk? Bakı-Ceyhan bizim işimizin bir hissəsidir. Biz ümumi siyasət aparırıq. Siyasətin çox cəhətləri vardır. Bu, bizim işimizin bir hissəsidir. Amma bizim işimiz Bakı-Ceyhan ilə qurtarmır. Biz müstəqil dövlətik və müstəqil siyasət aparırıq. Onu da görürsünüz. Ancaq eyni zamanda, biz istəyirik ki, hər bir ölkə ilə əlaqələrimiz normal olsun. Biz heç bir ölkə ilə əlaqələrimizi pozmaq istəmirik. Hətta bizimlə əlaqələrini pozmaq istəyən ölkələrə də istəyirik başa salaq ki, onlar düz hərəkət etmirlər. Bu, nəyə lazımdır? Biz balaca bir ölkəyik, ağır bir şəraitdə yaşayan ölkəyik. Ərazimizin 20 faizi işğal olunubdur. Bir milyondan artıq qaçqınımız vardır. Bizim strateji vəziyyətimiz çox dəyərlidir. Yəni mən bunu Bakı-Ceyhanın yekunları haqqında danışanda nitqimdə dedim. Bu gün bizim təbii sərvətlərimiz ən qiymətli sərvətlərimizdir. Xüsusən yeraltı sərvətlərimiz. Bir də ölkə üçün, müstəqil dövlət üçün bizim ən qiymətli sərvətimiz geostrateji, geosiyasi vəziyyətimizdir. Bu, bizim üçün həm müsbətdir, yəni bizə xeyirlər gətirir. Amma eyni zamanda bu, müxtəlif ölkələrin bizə olan münasibətlərinin kəsişdiyi bir yerdir. Ona görə burada gərək həqiqətən balanslı siyasət aparaq. Ümumiyyətlə, balanslı siyasət həmişə düzgün siyasətdir. XX əsr sona çatır, XXI əsrə keçirik. İndi o böyük müharibələr də qurtardı, \"soyuq müharibə\" də qurtardı. İndi münasibətləri yenidən kəskinləşdirməyə ehtiyac yoxdur. Bu, təkcə bizim siyasətimiz deyildir. Bu, dünyada gedən proseslərdir. Biz də bu proseslərin axarında gedirik. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik.

Sual: Cənab prezident, Putinlə görüşünüz barədə məlumat verərdinizmi?

Cavab: Putinlə görüşüm çox yaxşı görüş oldu. Biz çox ətraflı danışdıq. Bizi müşayiət edənlər yazdılar - biz bir saat qırx dəqiqə danışdıq. Çox ətraflı danışdıq. Buna da ehtiyac var idi. Çünki, çoxdandı Rusiyanın rəhbərliyi ilə belə geniş söhbətimiz olmamışdı. Prezident Boris Yeltsin tez-tez xəstə olur. Bilirsiniz ki, mən onunla son vaxtlar bir dəfə telefonla danışmışam. Orada hökumət dəyişilir - birini təyin edirlər və bir neçə aydan sonra çıxarırlar. Ona görə də bu görüşə onların tərəfindən də, bizim tərəfimizdən də ehtiyac var idi və biz bu fürsətdən istifadə etdik. Demək olar ki, çox ətraflı söhbət etdik, bir çox məsələlərə aydınlıq gətirdik. O viza məsələsi sizi narahat etməsin və heç kəsi narahat etməsin. Bu, sadəcə, indi müəyyən bir şəraitdə ortaya atılmış bir sözdür. Bunu onlar deyəndə də mən narahat olmadım. Bildim ki, bunu müəyyən bir təsir üçün edirlər, yaxud nə üçünsə edirlər. Ancaq, hesab edirəm ki, bu, o qədər əhəmiyyətli bir şey deyildir. Biz o vəziyyətə gəlib çatmayacağıq ki, Rusiya ilə Azərbaycan arasında viza əlaqələri olsun. Amma eyni zamanda, orada Putin elə mətbuat nümayəndələri qarşısında dedi ki, bir neçə problem vardır. Məsələn, pensiyaların oradan buraya keçirilməsi, sonra onlar bu pulkeçirmə ilə əlaqədar orada müəyyən çətinliklər yaradıblar. Söz verdi ki, onları da həll etsinlər. Hər halda, görüşümüz çox əhəmiyyətli oldu. Mən bu görüşümdən çox razıyam.

Sual: Cənab prezident, yaxın vaxtlarda prezident Koçaryanla görüşümüz nəzərdə tutulurmu?

Cavab: Sən belə sualları mənə niyə verirsən? Mən sənə neçə dəfə demişəm.

Sual: Cənab prezident, ATƏT-in nümayəndələrinin yaxın vaxtlarda bölgəyə ziyarəti gözlənilirmi?

Cavab: Bilmirəm nə vaxt ziyarət edəcəklər, amma ziyarət edəcəklər.

Sual: Bu ziyarət çərçivəsində sülh sazişi ilə əlaqədar yeni təkliflər gözlənilirmi?

Cavab: Bunu onlar bilir.

Sual: Cənab prezident, Petr Stoyanov Sofiyadan yola düşməzdən əvvəl bəyan etmişdi ki, Bakıda iki məsələyə - neft nəqli və Qarabağ probleminin həllinə onların köməyi məsələlərinə baxılacaqdır. Onlar bu sahədə bizə necə kömək edə bilərlər?

Cavab: Qoy gəlsin, desin görək.

Sual: Cənab prezident, Bolqarıstanın keçmiş prezidenti Jelyu Jelev vaxtilə Bakıda olanda bildirmişdi ki, Bolqarıstanın GUÖAM-a daxil olması məsələsi müzakirə edib bilər. İndi Petr Stoyanovla görüşdə bu barədə danışılacaqmı?

Cavab: Axı Jelyu Jelev indi prezident deyildir. O, şəxsi adamdır və çox söz deyə bilər. Biz gərək öz münasibətlərimizi prezidentin sözləri ilə müəyyən edək.

Sual: Cənab prezident, son vaxtlar istefa verənlər deyirlər ki, guya onlar özləri istefa verib çıxıblar. Bununla da özlərini qəhrəman hesab edirlər. Ümumiyyətlə, vəziyyət necədir? Onlar özləri istefa veriblər?

Cavab: Qoy qəhrəman olsunlar. Kim qəhrəman olmaq istəyir, qoy olsun. Azərbaycanda o qədər qəhrəman olmaq istəyənlər var, - niyə başqaları qəhrəman olurlar, amma onlar olmurlar? Qoy onlar da qəhrəman olsunlar.

Müxbir: Mən \"Turan\" agentliyindənəm.

Heydər Əliyev: \"Turan\" agentliyi həmişə çox yaxşı məlumatlar yayır, amma yalan məlumatlar da yayır. Operativliyinizə, əlaqələrinizə görə mən sizin agentliyi çox qiymətləndirirəm. Amma uydurma şeylər yazdığmıza görə sizin bu işlərinizi bəyənmirəm. Buyurun, nə demək istəyirsiniz?

Sual: Mənim sualım Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır. İstanbul sammiti ərəfəsində Amerika Birləşmiş Ştatları Ermənistanla Azərbaycan arasında çərçivə sazişinin imzalanmasını təklif edib?

Cavab: Elə bir şey yoxdur.

Sual: Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasından əvvəl münaqişənin həllolunma prinsipləri ilə bağlı çərçivə sazişi imzalanmasını tövsiyə etmişdilər. Yəni bu, məktubda da var idi. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Klintonun məktubunda elə bir şey var idi.

Sual: Biz də onu bilmək istəyirik. Onlar ATƏT-in İstanbul sammitinə kimi bunu gözləyirdilər. ATƏT-in İstanbul sammiti başa çatdı və heç nə olmadı. Hazırda vəziyyət nə yerdədir?

Cavab: Bilirsiniz, həyat belədir ki, bu gün bir şey istəyirsən - alınmır. Sabah bir şey meydana çıxır. Ona görə də belə şeyləri əvvəldən proqnozlaşdırmaq olmaz.

Sual: Cənab prezident,Türkiyəyə son ziyarətiniz zamanı bir çox tədbirlərdə iştirak etdiniz, o cümlədən Süleyman Dəmirəl adına Universitetdə oldunuz. Son zamanlar Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr genişlənir. Azərbaycanlı tələbələr Türkiyədə, türkiyəli tələbələr Bakıda təhsil alırlar. Bununla bağlı hər hansı bir görüşünüz oldumu?

Cavab: Sən öz sualına özün cavab verdin. Təhsil əlaqələri çox gözəldir. Azərbaycan tələbələri Türkiyədə təhsil alırlar, Türkiyənin tələbələri Azərbaycanda təhsil alırlar. Mənim İspartada Süleyman Dəmirəl adına Universitetdə olmağım da, orada görüşməyim də - bunlar hamısı onu göstərir ki, biz Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələri daim inkişaf etdiririk. O cümlədən təhsil sahəsində.

Sual: Cənab prezident, dekabr ayında Tbilisidə üç Cənubi Qafqaz ölkəsinin prezidentlərinin görüşü gözlənilirdi. Bu nə yerdə qaldı?

Cavab: Biz ondan imtina etdik.

Müxbir: Amerikanın 14 konqresmeni Azərbaycanda bələdiyyə seçkilərinin demokratik keçirilməsi barədə Sizə müraciət etmişdi.

Heydər Əliyev: Siz onu haradan götürmüsünüz?

Müxbir: Müraciət bizə ingilis dilində gəlmişdi.

Heydər Əliyev: Nə vaxt gəlmişdi?

Müxbir: Bir neçə gün əvvəl.

Heydər Əliyev: Onu siz məndən tez oxumusunuz. Amma hələ mən oxumamışam. Ancaq bunlar əbəs şeylərdir. Bilirsiniz, biz heç kəsin diktəsi ilə, heç kəsin arzusu ilə - yəni mən ayrı-ayrı fərdləri, qurumları və s. deyirəm - işimizi qurmuruq. Azərbaycanda bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcəkdir. Buna heç kəsin şübhəsi olmasın. İndi onların sayı yadımdan çıxıbdır, - deyirlər ki, 24 min namizəd vardır. Onların böyük bir hissəsi müxalifətdə olan partiyalardan namizədliklərini veriblər. Bu nə məsələdir ki, ona Amerika konqresmeni müraciət etsin? Bu, onun şəxsi işidir -müraciət edə bilər, edə bilməz. Amma biz işimizi onların heç birinin sözü ilə qurmuruq. Biz işimizi özümüz qururuq.