Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin baş komandanı Heydər Əliyevin nitqi - 25 iyun 2001-ci il

Əziz əsgərlər, zabitlər, generallar!

Hörmətli xanımlar və cənablar!

Sizi bütün Azərbaycan vətəndaşlarını Azərbaycanın Silahlı Qüvvələrinin 83-cü ildönümü bayramı münasibətilə ürəkdən təbrik edirəm və Azərbaycan Milli Ordusuna, Silahlı Qüvvələrinə gələcək uğurlar arzulayıram.

Hər bir dövlətin ordusu onun əsas sütunlarından biridir. Deyə bilərəm ki, bəlkə də, onurğa sütunudur. Ordu tarixən həmişə dövlət üçün, xalq, millət üçün ən əziz anlayış olmuşdur. Bu, indi müstəqil Azərbaycan dövlətində də belədir. 83 il bundan öncə Azərbaycanda dövlət müstəqilliyini elan etmiş ilk xalq cümhuriyyəti dərhal Azərbaycan Silahlı Qüvvələrinin yaranması haqqında qərar qəbul etmişdir. Bu, təbiidir.

Heç bir müstəqil dövlət, ölkə ordusuz yaşaya bilməz. Ordu hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Ona görə də Azərbaycanda dövlət müstəqilliyimizin bərpa olunmasının 10-cu ildönümünü keçirməyə hazırlaşaraq, biz bu gün böyük ruh yüksəkliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin bayramını, 83-cü ildönümünü böyük iftixar hissi ilə keçiririk və bununla bir daha həm vətəndaşlarımıza, həm də bütün dünyaya bəyan edirik ki, müstəqil Azərbaycan dövlətinin ona layiq, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordusu var.

Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ordunun, silahlı qüvvələrin yaranması və keçdiyi yol haqqında, xüsusən son 10 il ərzində ordu quruculuğu prosesi haqqında ətraflı məlumat verdi. Həqiqət bundan ibarətdir ki, Azərbaycanda ordu quruculuğu dərhal, milli ordu, silahlı qüvvələr yaradılması haqqında 1991-ci ilin oktyabr ayında qəbul olunmuş qərar əsasında yaranmağa başlasaydı, bəlkə də, Ermənistan-Azərbaycan münaqişəsində bizim indi belə ağır vəziyyətə düşməyimiz və çətinliklərlə rastlaşmağımız olmazdı. Təəssüflər olsun ki, o vaxt böyük səhvlərə, xəyanətlərə, cinayətlərə yol verilibdir. Ona görə Azərbaycan dövlət müstəqilliyini əldə edib dövlətini qurarkən və Ermənistanın ondan bir neçə il əvvəl Azərbaycana başladığı təcavüzün qarşısını almağa çalışarkən onun mütəşəkkil, peşəkar ordusu olmamışdır.

Təbiidir, peşəkar ordunun yaranması bir ayda, yaxud bir ildə başa çata bilməz. Ancaq zamanın tələbləri bəzən elə vəziyyət yaradır ki, bir ildə görülən işi bir ayda görmək lazımdır. Bu, mümkündür. Çünki Azərbaycan xalqının tarixi keçmişi, keçən əsrlərdə müxtəlif döyüşlərdə göstərdiyi rəşadət və qəhrəmanlıq nümunələri onun qəlbində daim yaşamışdır. Ona görə də bu hissiyyatları oyatmaq lazım idi, bunları hərəkətə gətirmək lazım idi. Ancaq bu, edilməyibdir. Bunlara baxmayaraq, son illərdə ordu quruculuğunda aparılan işlər Azərbaycanda mütəşəkkil, güclü, qüdrətli ordu, silahlı qüvvələr yaratmağa imkan veribdir. Biz bunu Azərbaycanın 10 illik müstəqillik dövründə ən əsas nailiyyətlərdən biri hesab edirik.

Azərbaycanın dövlət müstəqilliyi əldə olunandan sonra indiyə qədər keçdiyi tarix, yaşadığı günlər hamıya məlumdur. Ancaq Azərbaycan xalqı, onun yaratdığı dövlət, onun yaratdığı silahlı qüvvələr böyük sınaqlardan, çətinliklərdən keçərək, böyük itkilər verərək Azərbaycanın dövlət müstəqilliyini ilbəil yaşadıb, möhkəmləndirib, inkişaf etdirib və artıq indi dönməz vəziyyətə gətirib çıxarıbdır.

Biz bu gün ordumuzun vəziyyətindən məmnun ola bilərik. Ancaq hələ ordunu tam yüksək səviyyəyə qaldırmaq üçün, müasir tələblərə, beynəlxalq standartlara çatdırmaq üçün və silahlı qüvvələri həqiqətən məğlubolunmaz səviyyəyə çatdırmaq üçün bundan sonra çox iş görməliyik. Bunun üçün bizim indi imkanlarımız var. Bunun üçün ən böyük imkanımız bizim vətənpərvər, vətəninə, müstəqil dövlətinə sədaqətli əsgərlərimizdir, gənclərimizdir.

Biz burada cəbhə bölgəsindən gəlmiş, hərbi məktəblərdə oxuyan gənclərimizi dinlədik. Doğrusu, mən bu işin təşkilatçısı olmağıma baxmayaraq, ordu quruculuğu ilə hər gün məşğul olmağıma baxmayaraq, onların çıxışları, səmimi sözləri və onların verdiyi bəyanatlar məni heyran etdi, məndə çox böyük hisslər yaratdı. Budur Azərbaycan əsgəri, budur Azərbaycan ordusunun əsası! Biz artıq bu yolla gedirik. Bizim artıq belə vətənpərvər əsgərlərimiz, zabitlərimiz, gənclərimiz var.

Sevindirici hal ondan ibarətdir ki, indi özünü hərbi peşəyə həsr etmək istəyən gənclər ilbəil artır. Mən bunu xüsusi qeyd etmək istəyirəm ona görə ki, vaxtilə biz müstəqil olmadığımız zaman, sovet hakimiyyəti dövründə Azərbaycan gənclərinin içərisində özünü hərbi peşəyə həsr etmək istəyənlər az idi. Bəlkə də bunun obyektiv səbəbləri var idi. Çünki gənclər böyük sovet ordusunda xidməti, yaxud orada uzunmüddətli xidməti sevmirdilər, ya da başqa sənətləri bundan üstün tuturdular. Ancaq indi müstəqil Azərbaycanda və xüsusən biz orduda qanun-qayda yaradandan sonra, orduda sistemli olaraq kadr hazırlığına başlayandan sonra hərbi peşəni mənimsəmək və özünü hərbi peşəyə həsr etmək istəyən gənclərimiz çoxdur. Hesab edirəm ki,bu, bizim ordumuzun bu günü və gələcəyi üçün çox əhəmiyyətli bir hadisədir.

Burada 30 il bundan öncə yaranmış Cəmşid Naxçıvanski Orta Hərbi Məktəb haqqında, indiki hərbi Litsey haqqında sözlər deyildi. Mən bilirdim. Amma burada o litseyin gənc müdavimi çıxış edərkən, litseyin tarixi haqqında bir neçə söz deyərkən və həmin məktəbdən, litseydən gələcəyə yol alıb, torpaqlarımızın müdafiəsi zamanı şəhid olan insanların adlarını çəkərkən, milli qəhrəmanların adlarını çəkərkən, yüksək zabit rütbələrinə çatmış insanların adlarını çəkərkən görürsən ki, bizim Azərbaycan gənclərində hərbi peşəni mənimsəmək qabiliyyəti çox yüksəkdir. Sadəcə, bunu təşkil etmək lazımdır. Biz o vaxt, o şəraitdə belə bunu təşkil etmişdik. Amma bu gün, müstəqil dövlət şəraitində biz çox geniş, əhatəli hərbi təhsil məktəbləri yaratmışıq, hərbi təkmilləşdirmə məktəbləri yaratmışıq.

Bunlar artıq nəticələrini verir və bundan sonra daha da çox verəcəkdir.

Mən bu günlərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini ziyarət edərkən, onun işi ilə, vəziyyəti ilə tanış olarkən çox böyük razılıq hissi keçirdim. Demək, gördüyümüz işlər nəticəsini verir. Orada çox yaxşı şeylər var. Amma hamısından yaxşı o məktəbin kursantlarıdır. Mən orada ayrı-ayrı siniflərdə, laboratoriyalarda onlarla, yaxud onların gənc müəllimləri ilə danışarkən gördüm ki, bizim Azərbaycan ordusunun gələcəyi nə qədər böyükdür və güclüdür. Bir də əsas ondan ibarətdir ki, vaxtilə həmin o Naxçıvanski adına məktəbdə biz ali hərbi məktəblərə kadr hazırlamaq üçün onlara rus dili öyrədirdik. Çünki bütün SSRİ-nin ali hərbi məktəbləri, təbiidir ki, rus dilində təhsil verirdi. Bu məktəbin yaranmasının bir səbəbi də ondan ibarət idi, bizim uşaqlar, gənclər rus dilini öyrənsinlər ki, gedib SSRİ-nin ali hərbi məktəblərinə daxil ola bilsinlər. O zaman bu tələb var idi. Biz bunu da etdik. Amma indi bizim ordumuzda, məktəblərimizdə, həmin mən gördüyüm məktəbdə, yaxud o litseydə hərbi hissələrdə hər şey Azərbaycanın dövlət dilində, ana dilində - Azərbaycan dilində keçirilir. Bunun çox böyük əhəmiyyəti var.

Bilirsiniz ki, bir neçə gün bundan öncə mən Azərbaycanın dövlət dilinin, Azərbaycan dilinin tətbiq olunması ilə əlaqədar bəzi məsələlərin təşkil olunması üçün xüsusi fərman vermişəm. Orada çox konkret vəzifələr və maddələr qoymuşam. Bu, təkcə ordu üçün deyil, Azərbaycanın bütün hakimiyyət orqanları üçündür. Azərbaycanın bütün vətəndaşları üçündür. Azərbaycanın bütün informasiya orqanları üçündür. Bu, hamı üçündür. Mən o cümlədən latın əlifbasına keçmək haqqında konkret müddət qoymuşam. İndi artıq görürəm ki, qəzetlər əl-ayağa düşüblər. Hər qəzet latın əlifbası və kiril əlifbası ilə yazıları hər nömrədə verirlər. Bəs bunu indiyə qədər niyə vermirdiniz?

10 il bundan öncə, 1991-ci ilin gərək ki, oktyabr ayında qərar qəbul olunubdur ki, Azərbaycan latın əlifbasına keçsin. Zaman keçib, hakimiyyətdən biri düşüb, o birisi qalıb, o birisi düşüb, yenisi gəlib. Ancaq latın əlifbasına keçmək böyük bir problem olubdur. Bəziləri, hətta mən gördüm, belə fikir ortaya atıblar ki, Heydər Əliyev belə ciddi fərman verib ki, bizim qəzetlərimiz oxunmasın, ya çöksün. Məgər latın əlifbası bir qəzet üçünmü lazımdır? Qəzetlər bu işin balaca hissəsini təşkil edir. Bu, həyatın bütün sahələri üçün lazımdır.

Bəziləri belə fikir söyləyirdilər ki, bunun üçün zaman lazımdır, keçmək çətin olacaqdır. Mən keçmişi, tarixi xatırlayıram. 1923-cü ildə Azərbaycanda ərəb əlifbasından latın əlifbasına keçmək haqqında dekret verilibdir. İki-üç il içərisində Azərbaycanda latın əlifbası bütün hər yerdə tətbiq olunub. Mən 1929-cu ildə orta məktəbə daxil olmuşam. Mən orada ərəb əlifbasını görmədim. Mən təhsilimi birinci sinifdən latın əlifbası ilə başlamışam. Mən 1939-cu ildə orta məktəbi latın əlifbası ilə qurtarmışam. Ancaq o vaxt qərar qəbul olundu ki, kiril əlifbasına keçsinlər. Bir-iki il ərzində kiril əlifbasına keçdilər. Nə üçün o vaxt bunlar mümkün idi, indi mümkün deyil? Mən fürsətdən istifadə edib, bu barədə ona görə izahatlar verirəm ki, həqiqətən hər kəs Azərbaycanın müstəqilliyini sevirsə, həqiqətən azərbaycanlıdırsa, həqiqətən Azərbaycanda fəaliyyət göstərmək istəyirsə, o dildə yazıb-oxumalıdır və qəbul olunmuş latın əlifbasını mənimsəməlidir.

Ancaq bir tərəfdən, mənim bu fərmanıma, nə təhər deyərlər, cürbəcür rəng verənlər, o biri tərəfdən də bizim hərbi məktəbimiz. Orada hər şey latın əlifbasındadır. Hər şey Azərbaycan dilindədir. Bilirsiniz, bu, hər sahədə böyük inqilabdır. 70 illik sovet hakimiyyətinin süqutundan sonra yaranmış müstəqil dövlətdə, Azərbaycanda hər sahədə ana dilinin, Azərbaycan dilinin tətbiq olunmasını təmin etmək mümkün idi və bundan daha da yaxşı tətbiq etmək olardı. Amma başqalarına nisbətən orduda, silahlı qüvvələrdə çətin idi. Çünki əvvəlcədən bizim ordunun əsasını təşkil edən həmin o illər fədakarlığımızın nəticəsində SSRİ-nin ali məktəblərində təhsil almış komandirlər idi. Onlar hər şeyi rus dilində edirdilər. Ona görə də orduda ədəbiyyat, dərsliklər - hamısı rus dilində idi. Ona görə orduda bu proses başqa sahələrə nisbətən daha da çətin idi. Bu da real idi. Ancaq sevindirən odur ki, ordu, silahlı qüvvələr bu vəzifəni həyata keçirirlər və bütün hərbi məktəblərdə dərslər Azərbaycan dilində keçir. Güman edirəm ki, onlar başqa bütün sahələrdən də vaxtından qabaq - mən avqustun 1-dək vaxt qoymuşam - hər yerdə latın əlifbasını tətbiq edəcəklər.

Ordu yaratmaq, qurmaq asan bir şey deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu asan bir şey deyildir. Ona görə də ordunun, silahlı qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Azərbaycanın dövləti, Azərbaycanın prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir. Ancaq bu, təkcə məndən asılı deyildir. Hər bir hakimiyyət orqanının kiçik ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna gərək öz töhfəsini, öz qayğısını versin. Çünki ordu xalqındır. Ordu, silahlı qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini, müstəqilliyini qorumaq üçün lazımdır. Ona görə də bu, ayrı-ayrı təşkilatların işi deyildir. Təbiidir ki, birinci növbədə Müdafiə Nazirliyi, başqa birləşmələr, nazirliklər özləri qarşılarında qoyulan vəzifələri layiqincə yerinə yetirməlidirlər.

Ancaq eyni zamanda hər bir vətəndaşda, birincisi, gərək orduya məhəbbət, orduya hörmət olsun və ikincisi, orduya qayğı göstərsin. Ordu ilə, silahlı qüvvələrlə əlaqədar olan məsələlərdə başqa heç bir fikir ola bilməz. Bu, hamı üçün lazımdır. Hər bir Azərbaycan vətəndaşı üçün lazımdır. Mən bu gün bu sözləri deyərək ümidvar olduğumu bildirmək istəyirəm ki, biz bundan sonra hər tərəfdən belə bir qayğının şahidi olacağıq. Ancaq indiyə qədər görülən işlər və ordunun mövcud vəziyyəti Azərbaycan dövlətinin, hökumətinin orduya göstərdiyi qayğını nümayiş etdirir. Amma mən hesab etmirəm ki, biz bunun hamısını etmişik. Yox. Hər il, yaxud il yox, hər ay yeni-yeni problemlər çıxır. Onları həll etmək lazımdır, onlara qayğı göstərmək lazımdır. Bunu edirik və edəcəyik.

Sizə bildirmək istəyirəm ki, mən bu gün Azərbaycan Silahlı Qüvvələrində, Müdafiə Nazirliyinin Silahlı Qüvvələrində bütün vəzifələri daşıyan bizim hərbçilərin, hətta mülki vətəndaşların aylıq maaşlarını və rütbəyə görə aldıqları əlavə pulun miqdarını 50 faiz artırmışam. Ancaq hesab edirəm ki, bizim silahlı qüvvələrin zabitləri və bütün şəxsi heyəti bu qayğıya öz işlərini daha da yaxşılaşdırmaqla cavab verəcəklər. Eyni zamanda, bəyan edirəm ki, hələ bu da son hədd deyildir. Nə qədər yaxşı xidmət etsəniz, dövlət sizə bir o qədər çox qayğı göstərəcəkdir.

Silahlı qüvvələrdə xidmət edən insanı başqa vətəndaşlardan ayıran onun hərbi geyimidir. İndiyə qədər Azərbaycanda silahlı qüvvələrdə hərbi geyim hələ ki, müstəqil Azərbaycanın xüsusiyyətlərini əks etdirən və dünya standartlarına yaxın olan səviyyəyə gəlib çatmayıbdır. Əksəriyyəti keçmiş sovet ordusundan qalan geyim formalarıdır. Bəziləri onu özləri bir balaca modernləşdiriblər. Məsələn, dünən müdafiə naziri Səfər Əbiyev yanımda olanda dedim, sənin kitelin - azərbaycanca bilmirəm nə deyirlər, - sovet generalının kitelinə oxşayır. Çünki mən də vaxtilə general olanda beləsini geyinirdim. Deyir yox, bu, elə deyildir. Deyirəm, nədir? Deyir ki, burada iki cib artırmışıq. Deyirəm, daha nələr? Deyir, burada da nəsə var. Ancaq bununla onu demək istəmirəm ki, Səfər Əbiyev mühafizəkardır. Əksinə, bizim bütün ordunun, Müdafiə Nazirliyində xidmət edənlərin hamısının Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hazırlanmış və təqdim olunmuş geyim formalarına mənim tərəfimdən baxıldı. Onlar mənə dedilər ki, iki ildir dünya təcrübəsini toplayıblar, müxtəlif mütəxəssisləri cəlb ediblər, formaları hazırlayıblar. Təbiidir, mən mütəxəssis deyiləm, sadəcə, həmin formalar nə şəkildədir, mənə nə verdilər, onu da təsdiq etdim. Bu gün sərəncam verdim. Bu da sizin bayramınıza yeni bir hədiyyədir.

Ordu qurmaq, silahlı qüvvələr yaratmaq böyük bir bina tikmək deyil. Məsələn, bu sarayı görürsünüz. 1970-ci ildə bunu başladıq. İki il müddətində bu sarayı tikdik. İndi artıq 30 ilə yaxındır ki, Azərbaycan xalqına xidmət edir. Təbiidir, burada bəzi təmir işləri görülüb, amma bu, tikilmiş bir binadır. Eləcə də başqaları. Amma ordu çanlı orqanizmdir. Bizim bütün silahlı qüvvələrimiz canlı orqanizmdir. Bu, bir tərəfdən, canlı orqanizm kimi yaşayır, ikinci tərəfdən isə, canlı orqanizm kimi daim inkişaf etməlidir. Ordunu birdəfəlik yaratdın, qurtardın və bununla da iş bitdi - bunu heç zaman demək olmaz.

Ona görə də bizim indiyə qədər gördüyümüz işləri və ordu hissələrində olan vəziyyəti müsbət qiymətləndirərək, mən bu gün sizə deməyi borc bilirəm ki, gərək birincisi, bu sahəyə cavab verən orqanlar ordu quruculuğu ilə hər gün məşğul olsunlar, ikincisi, bu sahəyə kömək edən və bütün başqa sahələrdən bu sahə üçün yardımçı olan təşkilatlar bu işlə məşğul olsunlar. Beləliklə, biz silahlı qüvvələrimizi ilbəil təkmilləşdirməliyik, onun gücünü artırmalıyıq, peşəkarlıq səviyyəsini yüksəltməliyik, təchizatını ilbəil yaxşılaşdırmalıyıq.

Elə etməliyik ki, orduda hər bir əsgərin, hər bir zabitin öz biliyini, bacarığını, gücünü, vətənpərvərliyini nümayiş etdirmək üçün həqiqətən imkanları olsun. Ona görə də biz bu sahədə olan nöqsanları da qeyd etməliyik. Onların aradan qaldırılması ilə də məşğul olmalıyıq.

Bu gün bayramdır. Bayram vaxtı daha çox xoş sözlər deyilir. Buna əsas var. Siz də dediniz, mən də dedim.

Ancaq hesab edirəm ki, görülən bu işlər hələ bizim müstəqil dövlətin, Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüynün təmin olunması üçün yetərli deyildir.

Doğrudur, dərhal bildirmək istəyirəm ki, burada çıxış edənlər dedilər - Azərbaycan bu gün güclü orduya malikdir və Azərbaycan torpaqlarının qorunmasına qadir olan ordumuz var və Azərbaycan əsgəri bu gün canını verib, şəhid olub Azərbaycanın müstəqilliyini, torpaqlarını qorumağa hazırdır. Ancaq bununla yanaşı, Azərbaycan əsgərinin, silahlı qüvvələrin daha da yüksək səviyyəyə qalxması üçün işlər görmək lazımdır. Bunu Müdafiə Nazirliyi etməlidir. Bunu hərbi hissələrin komandanları etməlidir. Bu. yuxarıdan aşağıya, nazirdən tutmuş ən kiçik komandirə qədər hər birinin vəzifəsidir.

Mən bu gün prezident kimi, Ali Baş Komandan kimi tələb edirəm ki, bu vəzifələr istənilən səviyyədə, günün tələbatına uyğun olan səviyyədə yerinə yetirilsin. Bunu ona görə deyirəm ki, əldə olunan nailiyyətlərlə yanaşı, müxtəlif səviyyədə olan hərbi hissələrin işində, Müdafiə Nazirliyinin işində, başqa silahlı qüvvələrin işində nöqsanlar da var, çatışmazlıqlar da var. Bunlar bizi narahat edir. Şəxsən məni narahat edir.

Doğrudur, bəzi qüvvələr ayrı-ayrı nöqsanları şişirdərək Azərbaycan ordusu haqqında mənfi fikir yaratmağa çalışırlar. Amma bilmirəm, onlar kimə xidmət edirlər. Nə haqda mənfi fikir yaradırsan yarat - istəyirsən prezident haqqında, istəyirsən hökumət haqqında. Amma ordu haqqında mənfi fikir yaratmaq olmaz!

Bizim vəzifəmiz mənfi cəhətləri görmək, onları aradan qaldırmaq və silahlı qüvvələrin şəxsi heyətini daha da ruhlandırmaqdan ibarət olmalıdır.

Hər il bizim orduya yeni çağırış gedir. Orduda xidmət dövrü, yəni gənclərin məcburi hərbi xidməti bir il altı aydır. Ali təhsilli olanlar üçün bir ildir. Mən hesab edirəm ki, bir il altı ay da, bir il də azdır. Ancaq gənclərimizin hamısını ordu xidmətindən keçirmək üçün, hesab edirəm ki, bu cür sistem optimaldır. Ancaq burada nöqsanlar çoxdur. Bu. təkcə hərbi komissarlıqlarda yox, bütün Müdafiə Nazirliyində, başdan-başa sistemdə olan nöqsanlardır. İndi Azərbaycanda orduda xidmət etmək üçün, yəni orduda xidmət yaşına çatmış gənc, fiziki cəhətdən hazırlıqlı övladlarımız var. Hərbi komissarlıqlar hərbi mükələfiyyəti təmin edərkən, gərək onları düzgün seçsinlər. Amma təəssüf ki, hərbi komissarlıqlarda bəziləri vəzifələrindən sui-istifadə edib rüşvətxorluq edirlər. Hərbi xidmətə aparmağa çox adam çağırırlar, onun bir hissəsini yəqin ki, şəxsi mənfəət götürərək buraxırlar. Lazım olan hissəsini orduya göndərirlər. Ancaq belə olsaydı, dərd yarı idi. Fiziki cəhətdən sağlam və əsgərlik xidməti keçirə bilən adamı kənarda qoyub, - çünki hərbi komissarlıq tərəfindən azad olmaq üçün onun imkanı var, - fiziki cəhətdən zəif, müəyyən xəstəliyi olan gənci orduya göndərmək böyük cinayətdir. Bu faktlar var. Bu, yeni bir şey deyildir. Bu, sovet dövründə də belə olubdur.

Mənim yadımdadır, İkinci Dünya müharibəsi zamanı, yəni Böyük Vətən müharibəsi zamanı hərbi komissarlıqlar belə qüsurları edirdilər. O vaxt gənclər sovet ordusuna gedirdi. Amma indi biz öz vətənimizin, xalqımızın, millətimizin ordusuna gedirik. Burada iki məsələ ortaya çıxır. Birincisi, hər bir gənc orduda xidmət etməyi özünün ən böyük vətəndaşlıq və vətənpərvərlik borcu kimi qəbul etməlidir. Gərək biz cəmiyyətdə elə şərait yaradaq ki, orduda xidmət etməmiş gəncin nə qədər başqa keyfiyyətləri olsa da, orduda xidmət etmiş adam ondan üstün tutulmalıdır.

Bəzi valideynlər anlamırlar. Gənclər özləri də anlamırlar ki, bir il, il yarım ordunun sərt şəraitində yaşamaq, xidmət etmək, vətəni qorumağın nə olduğunu qəlbən hiss etmək, o insanların gələcəyi üçün nə qədər lazımdır. Təəssüf, bəzən də belə olur ki, ayrı-ayrı rəhbər işçilər, yaxud imkanlı adamlar öz oğullarını orduya göndərəndə deyirlər ki, bunu burada, aralarda, nə bilim, hansısa təsərrüfat hissəsində, yaxud da başqa yerdə istifadə edin ki, yazıqdır, çox əziyyət çəkməsin. Amma əksinə, hər bir valideyn - ata, ana anlamalıdır ki, əgər istəyirsə onun oğlu həqiqi vətəndaş olsun, istəyirsə onun oğlu gələcəkdə bütün çətinliklərdən keçə bilsin, uğurlu həyat yaşaya bilsin, o, özü oğlunu orduya göndərməlidir və məcbur etməlidir ki, orduya getsin, xidmət etsin.

SSRİ vaxtı belə qərar vardı. Məsələn, orduya çağırılan gəncləri heç vaxt onların yaşadığı ərazidəki hərbi hissələrə göndərmirdilər. Xatirimdədir, Azərbaycandan orduya ildə 60-70 min gənc çağırılırdı. Onları Uzaq Şərqə, Sibirə, yaxud Şimala, başqa yerə göndərirdilər.

Doğrudur, onu da qeyd etmək istəyirəm ki, o vaxt bizə qarşı bir az ayrı-seçkilik var idi. Çünki bizim gənclərin bir hissəsini, bəlkə də çox hissəsini inşaat batalyonlarına göndərirdilər. Mən Moskvada bu barədə bir neçə dəfə etirazımı bildirmişdim. Orada mənə deyirdilər ki, müasir cihazlarla təmin olunmuş hissələrdə xidmət üçün rus dilini yaxşı bilmək lazımdır. Bilmirlər, ona görə də inşaat batalyonlarına göndərirlər.

O vaxtkı sistemdə belə idi ki, hərbi xidmətə gedən gənc əgər öz evinin xidmət etsə, o, həqiqi xidmət edə bilməyəcəkdir. Yadımdadır, hələ o vaxt mən Azərbaycanda rəhbər olanda eşidirdim ki, bəzi adamlar - axı, məcburdur ki, oğlu hərbi xidmətə getsin - hərbi komissarla danışırdı. Bir də gördün deyirdilər ki, filankəsin oğlu Lənkəranda xidmət edir, yaxud da Bakının ətrafında olan hərbi hissələrdə xidmət edir. Yəni o vaxt da belə xəstəlik var idi.

Amma indi belədir ki, bizim orduya çağırılan, səfərbər olunan gənclərimizin hamısı öz ölkəmizdə xidmət edirlər. Ölkəmizin ərazisi o qədər də böyük deyildir. Təbiət nöqteyi-nəzərindən çox gözəl bir ölkədir. Bizim ölkəmizin çox gözəl təbiəti var. Düzdür, qarlı dağları var, orada xidmət etmək çətindir. Başqa çətin yerlər var. Amma xidmət edilən yerlərin əksəriyyəti çox gözəl, səfalı yerlərdir. Gənc nə üçün gedib orada xidmət etməsin? Yenə də deyirəm, burada məsələnin iki tərəfi var. Birincisi, hərbi komissarlıqlarda mövcud olan nöqsanlar, vəzifələrindən sui-istifadə etməsi, ikincisi də, ayrı-ayrı imkanlı adamların öz oğlanlarını müxtəlif yollarla hərbi qulluqdan sapındırması. Bizim üçün ikisi də zərərlidir. Ona görə də mən Müdafiə Nazirliyindən, hərbi komissarlıqdan tələb edirəm ki, bu nöqsanlar aradan qaldırılsın. Vətəndaşlara isə müraciət edirəm ki, onlar anlasınlar - indi hər bir gənc başqa ölkəyə yox, başqa bir dövlətə yox, öz dövlətinə, öz azad ölkəsinə, müstəqil Azərbaycana xidmət edir. Ona görə də bu, onun şərəf işi olmalıdır. Bunu valideyn də anlamalıdır, hər bir gənc də anlamalıdır.

Təəssüflər olsun ki, hərbi hissələrdə də nöqsanlar var. Bunların hamısını bu bayram günü deməyə ehtiyac yoxdur. Mən Müdafiə nazirinə bu barədə dəfələrlə demişəm. Ancaq bəzi hərbi hissələrdə komandirlər əsgərlərlə yaxşı rəftar etmirlər, onları incidirlər, onlara qanunsuz göstərişlər verirlər. Bu, məsələnin bir tərəfidir. İkinci tərəfi isə, təəssüf ki, bəzi komandirlər ayrı-ayrı əsgərlərdən, hansılar ki, anasının, atasının yanına getmək istəyir, atasız, anasız üç gün də yaşamaq istəmir, onlardan rüşvət alırlar, buraxırlar, gedir bir ay evində qalır. Bunlar var. Heç kəs deyə bilməz ki, bunlar yoxdur.

Bayaq dedim ki, biz ordumuzun mənfi cəhətlərini o qədər açmamalıyıq. Amma bunları açmalıyıq və bunları bildirməliyik. Cəmiyyət də bunları bilməlidir. Hərbi hissələrdə olan komandirlər də bilməlidirlər ki, bu cür nöqsanlara yol verilməməlidir. Mən Müdafiə Nazirliyindən tələb edirəm ki, belə komandirlər vəzifələrindən kənarlaşdırılsınlar və orduda nizam-intizamın möhkəmlənməsini təmin etsinlər.

Ordunun ordu olmasının əsas amili nizam-intizamdır. Hər bir sahədə nizam-intizam ordudakı kimi vacib, əhəmiyyətli deyildir. Ona görə də ciddi nizam-intizam, hərbi nizamnamənin tam yerinə yetirilməsi vacibdir. Ancaq hər bir hərbi hissədə ciddi nizam-intizam yaratmaq üçün gərək birinci növbədə, hərbi hissənin komandirinin özü intizamlı olsun. Gərək özü intizamlı olsun. Gərək özü nümunə olsun. Əgər özü nümunə olmasa, nizam-intizamı pozsa, deyirlər, bəzi hallarda spirtli içkilərlə, başqa çeylərlə özünü mə.ğul etsə, əlbəttə, onda əsgər deyəcək ki, komandir bunu edəndə mən nə üçün etməməliyəm. Ona görə mən bu bayram günü tələb edirəm ki, bütün hərbi hissələrdə nizam-intizamı möhkəmləndirək. Bu, birinci növbədə komandirlərdən asılıdır. Komandirlər nizam-intizamı özləri üçün təmin etməlidir, rəbərlik etdiyi hissədə bunu təmin etməlidir. Bir tərəfdən, əsgərə qayğı göstərməlidir, eyni zamanda ona qarşı tələbkar olmalıdır. Belə olan halda bizim əsgərimiz gedib bir il, il yarım hərbi xidmətini keçəndən sonra tamamilə yeni keyfiyyətlər əldə edəcək, gələcək həyatında bu keyfiyyətlər ona yaşamaq, işləmək üçün kömək edəcəkdir. Lazım olan zaman, onu yenidən orduya çağıran zaman o, həqiqətən dəyərli döyüşçü olacaqdır.

İndi bizim ordunun, silahlı qüvvələrimizin vəzifəsi bütün ölkələrdə olduğu kimi, öz ölkəsinin, Azərbaycanın müstəqilliyini qorumaq, suverenliyini qorumaqdır. Ancaq təəssüflər olsun ki, bizim ölkəmiz hələ müstəqillik əldə etmədən, ordu yaranmadan Ermənistanın təcavüzünə məruz qalmış və bu təcavüz də son olaraq Azərbaycan torpaqlarının bir hissəsinin, 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına gətirib çıxarıbdır. İşğal olunmuş torpaqlardan qovulmuş bir milyon vətəndaşımız köçkün, qaçqın vəziyyətində, çoxları çadırlarda ağır vəziyyətdə yaşayırlar. Bu. bizim bugünkü həyatımızın reallığıdır.

Mən bu gün qeyd etmək istəyirəm ki, o illərdə də, hələ bizim ordumuzun formalaşmadığı dövrdə də, hələ Ermənistanın təcavüzünün ilk illərində də Azərbaycanın ayrı-ayrı qüvvələri tərəfindən buraxılan səhvlərə, hakimiyyət mübarizəsinə baxmayaraq, Azərbaycanın qəhrəman, gənc övladları ancaq torpağı qorumaq üçün vuruşublar, döyüşüblər, həlak olublar. Şəhid olmaq hər bir insan üçün ən yüksək zirvəyə çatmaqdır. Ancaq istəməzdik ki, bizim gənclərimiz şəhid olsunlar. O qəhrəmanlar ki, o insanlar ki, vuruşlarda, döyüşlərdə şəhid olublar, canlarını qurban veriblər, onlar bizim ordumuz üçün, hər bir əsgər üçün örnək olmalıdır. Mən çox sevindim ki, onların bir qisminin adları burada çəkildi. Bütün hərbi hissələrdə onların fotoşəkilləri olmalıdır, tərcümeyi-halları göstərilməlidir. Gənc əsgər, gənc kursant görməlidir ki, bu insan vətəni, torpağı qorumaq üçün şəhid olubdur. Biz isə, bütün xalq şəhid olan övladlarımızın xatirəsini heç vaxt unutmayacağıq. Bu bayram günü onların şəhidliyə qalxmaq şücaətini, onların ruhunu bir dəqiqəlik sükutla yad etməyi xahiş edirəm.

Allah rəhmət eləsin!

Bizim qarşımızda duran bir vəzifə də var. O da şəhid ailələrinə qayğı göstərmək, döyüşlərdə xəsarət almış, əlil olmuş insanlara qayğı göstərməkdir. Bununla da həm onların ağır problemlərini həll etməli, həm də bu gün orduda xidmət edən gənclərimizə, gələcəkdə xidmət edəcək gənclərimizə nümayiş etdirməliyik ki, Azərbaycanın dövləti, Azərbaycan xalqı heç vaxt vətən yolunda, torpaq yolunda, müstəqillik yolunda şəhid olmuş vətəndaşımızı, insanı unutmayacaqdır. Bunun çox böyük əhəmiyyəti vardır.

İndi biz Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi ilə məşğul oluruq. Burada deyildi, yeddi il atəşkəs dövrü bizim hərbi quruculuqda böyük imkanlar yaratdı. Eyni zamanda, biz atəşkəsi qəbul etdik, ona görə ki, məsələni sülh yolu ilə həll edək və işğal olunmuş torpaqları sülh yolu ilə azad edək, insanlar həlak olmasın, qan tökülməsin. Azərbaycanın ərazi bütövlüyünü bərpa edək. Sizə bəyan edirəm ki, yeddi il bu iki sahədə çox gərgin iş gedibdir.

Ordu quruculuğunda görülən iş göz qabağındadır. Bunun nəticələri burada bəyan olundu. Məsələni sülh yolu ilə həll etmək üçün aparılan işi də bizim ictimaiyyət bilir. Əgər Azərbaycan vətəndaşı bizim apardığımız işə obyektiv, ədalətli münasibət göstərsə, o, bilər və təsdiq etməlidir ki, biz bu məsələ ilə hər gün məşğul oluruq. Nə qədər danışıqlar aparmışıq. Şəxsən mənim özüm, müvafiq təşkilatlarımız, müxtəlif beynəlxalq təşkilatlarda, Minsk qrupunun həmsədrləri ilə, Minsk qrupunun təmsilçiləri ilə nə qədər danışıqlar aparmışıq.

Nəhayət, son iki il müddətində Ermənistan prezidenti ilə Azərbaycan prezidenti arasında bilavasitə görüşlər keçirilibdir. Aprel ayında Amerika Birləşmiş Ştatlarında, Ki Uestdə görüş keçirildi. Ondan öncə Parisdə görüş keçirildi. Bu ayın əvvəlində Minskdə görüş keçirildi. Hamı anlamalıdır ki, bu görüşlər adi söhbətlər deyildir. Hər bir görüşdə bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqların azad olunması və yerindən-yurdundan didərgin düşmüş insanların öz yerinə qayıtması məqsədi daşıyır. Biz bu barədə ciddi tədbirlər görmüşük. Mən yüksək səviyyələrdə çox kəskin danışıqlar aparmışam. Bu gün də aparıram.

Bu gün Minsk qrupunun həmsədrlərinin Maltada keçirdiyi görüşlər haqqında bəyanat verilibdir. O, mətbuatda dərc olunacaqdır, oxuyacaqsınız. Onlar orada vəziyyəti yenə müzakirə ediblər və məsələnin kompromislər vasitəsilə həll olunması yollarını araşdırıblar. Onlar bəyanatda qeyd edirlər ki, artıq indi üç həmsədr, yəni Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa əvvəlki illərə nisbətən səmimi əməkdaşlıq edir. Ola bilər ki, iyul ayında onlar yenə bölgəyə gəlsinlər. Demək, bu da onu göstərir ki, baxmayaraq, əvvəlki görüşlərdə biz kompromislər barəsində razılığa gələ bilmədik, böyük dövlətlər - Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa və Minsk qrupuna daxil olan başqa ölkələr bu məsələnin həll edilməsi üçün əlavə səylər qoyurlar.

Mən bu gün bir daha elan edirəm ki, əgər məsələni sülh yolu ilə həll etmək olarsa, başqa yola getmək lazım deyildir. Ona görə də biz bu istiqamətdə öz işimizi aparmışıq, bundan sonra da aparacağıq. Amma bilməlisiniz ki, bütün danışıqlarda, bütün görüşlərdə Azərbaycanın milli mənafeləri müdafiə edilir və müdafiə olunacaqdır.

Eyni zamanda mən bu gün burada həm müdafiə nazirinin, həm də ordu hissələrinin çıxış edən nümayəndələrinin bəyanatını da böyük məmnuniyyət hissi ilə qəbul edirəm ki, əgər bunlar nəticə verməsə, bizim güclü ordumuz, bundan sonra daha da güclənəcək ordumuz Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməyə, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadirdir.

Xalq, dövlət orduya ümid edir, orduya güvənir. Ordu isə xalqın, dövlətin dəstəyinə güvənir. Ona görə də xalqın, ordunun birliyi və Azərbaycan dövlətinin ölkənin müstəqilliyini bundan sonra da möhkəmləndirmək, inkişaf etdirmək siyasətini əzmlə aparması, iqtisadiyyatın inkişafı üçün lazımi tədbirlərin görülməsi, Azərbaycanda hərbi quruculuq sahəsində indiyə qədər görülən işlərdən sonra daha da dəyərli işlər görülməsi ona əsas verir ki, həm dövlət, həm xalq, həm də ordu bir istiqamətdə gedir. Bir istiqamətdə də gedəcəkdir.

Dövlət xalqındır, xalq üçündür, millət üçündür. Ordu xalqındır və ordu xalq üçündür, dövlət üçündür, millət üçündür. Güman edirəm ki, bu anlayışlar heç vaxt unudulmayacaqdır.

Biz bu gün silahlı qüvvələrin bayramını qeyd edərək, hamımız ümidlə yaşamalıyıq ki, Azərbaycanın dövlət müstəqilliyi bundan sonra da möhkəmlənəcək və əbədi olacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Azərbaycanın ordusu bundan sonra daha da güclü, daha da qüdrətli ordu olacaqdır.

Hərbi vətənpərvərlik ruhu hər bir insanın qəlbində yaşamalıdır. Əgər vətənpərvərlik hissiyatı olmasa, o, ölkəsinin vətəndaşı ola bilməz. Hərbi vətənpərvərlik hissiyatı olmasa, bizim xalqımız bu ağır vəziyyətdən çıxa bilməz. Ona görə də ordu gününü bayram edərək, bizim əsas vəzifələrimizdən biri də Azərbaycanda vətənpərvərlik ruhunu yüksəltmək, orduda vətənpərvərlik ruhunu yüksəltmək, və hər bir vətəndaşda hərbi vətənpərvərlik ruhunu yüksəltməkdir. Bütün bunların nəticəsində bizim ordumuz güclənəcək, müstəqil dövlətimiz daha da yüksəklərə qalxacaq, Azərbaycan müstəqil dövlət kimi daim yaşayacaqdır.

Yaşasın qüdrətli, güclü Azərbaycan əsgəri, Azərbaycan ordusu!

\"Azərbaycan\" qəzeti, 26 iyun 2001-ci il.