Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavabı - 12 fevral 2000-ci il

Sual: Cənab Prezident, Amerika Birləşmiş Ştatlarına səfər zamanı əsasən hansı məsələləri müzakirə etmək niyyətindəsiniz?

Cavab: Sizə məlumdur, bizim mətbuat xidməti mənim səfərim haqqında məlumat veribdir. Elə həmin məsələləri də müzakirə edəcəyik. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı əlaqələr çox genişdir, ətraflıdır və biz Amerika Birləşmiş Ştatlarının dövlət başçısı, hökumət üzvləri ilə vaxtaşırı görüşlər keçiririk. Bir neçə məsələ bizim görüşlərin həmişə mərkəzində olur. Birinci, Ermənistan–Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması. Bu məsələ hələ ki, həll olunmayıbdır. Ancaq son bir il içərisində, hesab edirəm ki, müəyyən irəliləmələr vardır.

Xəzər dənizinin enerji ehtiyatlarından istifadə olunması, Bakı–Ceyhan, Xəzər qaz kəmərlərinin çəkilməsi və başqa bu kimi problemlər, ticarət əlaqələrimiz, Amerika Birləşmiş Ştatlarının başqa strukturları ilə də bizim əməkdaşlığımız – bunlar hamısı çox geniş əhəmiyyət kəsb edir.

Bilirsiniz ki, son vaxtlar mənim çox görüşlərim olubdur. Mənim Davosda görüşlərim sizə məlumdur. Prezident cənab Bill Klintonla və Xarici İşlər naziri xanım Olbraytla, başqa hökumət üzvləri ilə – orada Amerikanın çox hökumət üzvləri var idi – onlarla bu danışıqları davam etdirmək lazımdır. Doğrudur, Davosda biz yaxşı söhbət edə bildik, amma biz eyni fikrə gəldik ki, bunları daha da geniş təhlil etmək üçün görüşlər lazımdır. Ona görə də mən gedirəm.

Mənim bu səfərim işgüzar səfərdir və artıq bilirsiniz ki, çox görüşlər təyin olunubdur. Həm prezident Bill Klintonla, həm xarici işlər naziri xanım Olbraytla, enerji naziri ilə görüşəcəyəm. Başqa nazirlərin də mənimlə görüşmək arzuları vardır. Əgər vaxt olsa, orada bir neçə siyasi xadimlər, Amerikanın çox hörmətli mətbuat orqanlarının nümayəndələri mənimlə görüşmək istəyirlər. Xahiş ediblər ki, Con Hopkins Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda mən onları maraqlandıran məsələlər barəsində çıxış edim. Yəqin o da olacaqdır.

Hər halda, hər dəfə olduğu kimi, işim çoxdur. Bunların hamısı üçün Amerikaya gedirəm və bunlar da bizim dövlətimiz üçün bu gün çox vacib məsələlərdir.

Sual: Cənab Prezident, 907-ci düzəliş barədə nə demək olar?

Cavab: Bəli, bu məsələ mütləq bizim danışıqlarımızın mərkəzində olacaqdır. Çünki bu barədə mən Davosda çox kəskin danışmışam.

Sual: Bakı–Ceyhan neft kəməri ilə əlaqədar danışıqlar olacaqmı?

Cavab: Bakı–Ceyhan məsələsi həll olunubdur. Sadəcə, orada Gürcüstanın mövqeyində bir balaca məsələ var – onu həll etmək lazımdır. Güman edirəm ki, bu gün, yaxud ayın 14-də Azərbaycanda Türkiyə, Gürcüstan, Azərbaycan nümayəndə heyətləri görüşəcəklər və bunu həll edəcəklər.