Respublikada torpaq islahatının həyata keçirilməsi vəziyyətinə həsr edilmiş müşavirədə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü və yekun nitqi - 16 yanvar 1998-ci il

Sizi bu görüşə dəvət etməkdə məqsədim odur ki, mən torpaq islahatının həyata keçirilməsi işləri ilə maraqlanıram. Ümumiyyətlə, torpaq islahatı həyata keçirilir, bu haqda vaxtaşırı məlumatlar verilir. Ancaq pambıqçılıqla məşğul olan rayonlarda torpaq islahatının həyata keçirilməsi və indiki vəziyyəti xüsusi maraq doğurur.

Hesab edirəm ki, pambıqçılıqla məşğul olan rayonlarda bizim çox məhsuldar böyük torpaq sahələrimiz vardır. Onların bölünməsi, paylanması, bunlardan səmərəli istifadə edilməsi mürəkkəb prosesdir. Bu proses necə həyata keçirilir? İşlər nə yerdədir, necədir? Mən bunu bilmək istəyirəm.

Mən istərdim ki, kənd təsərrüfatı naziri bu barədə məlumat versin. Sonra isə yerlərdən olan adamlar əgər bu barədə məlumat vermək istəsələr, onları dinləyəcəyəm.

Yekun nitqi

- Mən hesab edirəm ki, bu gün biz çox faydalı bir müşavirə keçirdik. Bu gün ümumiyyətlə, günümüz, çox mühüm məsələlərlə bağlı olubdur. Günün birinci yarısında keçirdiyimiz müşavirə də çox vacib və əhəmiyyətli olmuşdur. Ancaq son vaxtlar məni iqtisadi islahatların, xüsusən torpaq islahatının həyata keçirilməsinin vəziyyəti daha çox maraqlandırır. Doğrudur, mən aparatdan, Nazirlər Kabinetindən və nazirliklərdən lazımi məlumatlar alıram. Amma xasiyyətim belədir, mən hər şeyi özüm bilmək istəyirəm. Ona görə də bu gün bu fürsətdən istifadə edib pambıqçılıq rayonlarının icra hakimiyyəti başçılarını, pambıqtəmizləmə zavodlarını özəlləşdirib bu işlərlə məşğul olan adamları bu müşavirəyə dəvət etdim.

Doğrusunu deyim ki, bu gün verilən məlumatlar çox sevindiricidir. Mən belə də təsəvvür edirdim. Amma müəyyən narahatlığım da var idi. Sizin verdiyiniz məlumatlar məni müəyyən qədər rahat etdi. Ona görə ki, birincisi, islahatlar ardıcıl surətdə gedir, torpaqlar paylanıbdır, özəlləşdirilibdir və insanlar torpaqların üzərində işləyirlər, bundan razıdırlar. İslahatların həyata keçirilməsi nəticəsində insanların maddi vəziyyəti, rifah halı xeyli yaxşılaşıbdır.

Siz mal-qaranın nə qədər artması barədə indi burada məlumat verdiniz. Mal-qaranın artması təkcə onun sahiblərinin maddi vəziyyətinin yaxşılaşması demək deyil, ümumiyyətlə, Azərbaycanda heyvandarlıq məhsullarının artması deməkdir. Bu, bütün xalqımız, əhalimiz, vətəndaşlarımız üçündür. Yaxud əvvəlki illərə nisbətən torpaqdan nə qədər səmərəli istifadə olunması barədə burada məlumat verdiniz. Görürsünüz, pambıqtəmizləmə zavodları yenicə özəlləşdirilib. Özəlləşmədən sonra orada iş hələ istənilən səviyyədə həyata keçirilməyibdir. Ancaq buna baxmayaraq, burada məlumatlar verildi ki, 1997-ci ildə yığılmış pambıqdan, - biz bilirik ki, hava şəraiti ağır oldu, uzun müddət yağışlar yağdı, yağış da olanda pambığın keyfiyyəti aşağı düşür, - Azərbaycanda indiyədək görünməmiş göstərici əldə edilibdir: pambığın mahlıc çıxımı 35 faiz olubdur.

Bunlar hamısı aqrar islahatların həyata keçirilməsi sahəsində bizim gördüyümüz işlərin nəticəsidir və bütün bu işlərin Azərbaycanın iqtisadiyyatına, sosial vəziyyətinə və insanların maddi şəraitinin yaxşılaşmasına nə qədər xidmət göstərdiyini sübut edir. Bunlar çox sevindirici haldır.

Ancaq mən pambıq əkini ilə əlaqədar problemlər olduğunu da burada hiss etdim. Mən birinci növbədə rayon icra hakimiyyəti başçılarına tapşırıram - siz gərək bu məsələlərdən kənara çəkilməyəsiniz, həm torpaq sahiblərinə, həm də pambıqtəmizləmə zavodlarının sahiblərinə kömək edəsiniz ki, burada verilən vədlər yerinə yetirilsin, şum aparılsın, pambıq əkini vaxtında həyata keçirilsin, əkin üçün çiyid hazırlansın, aqrotexniki tədbirlər vaxtında görülsün.

Hər halda verilən məlumatlar məndə çox böyük ümid yaradır. Ancaq mən hesab edirəm ki, rayon icra hakimiyyəti başçıları bu işləri axıra çatdırmaq üçün öz fəaliyyətlərini davam etdirməlidirlər. Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, Prezidentin İcra Aparatı müşavirədə qaldırılan məsələlərə baxmalı və lazımi kömək etməlidirlər. Kənd əhalisinin yanacaqla, elektrik enerjisi ilə təmin olunmasına və lazımi mallarla təchiz edilməsinə xüsusi fikir verilməlidir. Mən tam əminəm ki, 1998-ci ildə Azərbaycanda yüksək pambıq məhsulu götürüləcəkdir.

Biz bu gün eyni zamanda onun şahidi olduq ki, özəlləşdirmə, torpaq islahatı ardıcıl surətdə həyata keçirilir. Mən əminəm ki, biz 1998-ci ildə bunun daha da yüksək nəticələrinin şahidi olacağıq. Torpaq Komitəsi torpaq sahiblərini dövlət aktları ilə təmin etməlidir. Mən bilirəm ki, siz bununla məşğul olursunuz. Amma Torpaq Komitəsinin sədri sabah da olmasa, birisi gün mənim yanıma gəlsin, mənim bu barədə bəzi fikirlərim var, onları sizə bildirərəm. Hər halda bu işləri sürətləndirmək lazımdır. Bilirəm ki, sənədlərin hazırlanması, paylanması da böyük bir prosesdir. Amma bu iş də sürətləndirilməlidir.

Sizin rayonlarda, ümumiyyətlə, kənd təsərrüfatı rayonlarında əhalinin sosial vəziyyəti haqqında verdiyiniz məlumatlar da məni sevindirir. Yəni mənim heç şübhəm yoxdur ki, vəziyyət belədir. Mən Azərbaycanın hər yerində olan vəziyyətə hər gün nəzarət edirəm, məlumatlar alıram. Mən bilirəm ki, Azərbaycanda əhalinin sosial-iqtisadi vəziyyəti indi hansı səviyyədədir. Şübhəsiz ki, bu, bizim arzu etdiyimiz, istədiyimiz səviyyədə deyil.

Mən əminəm ki, iqtisadiyyat sahəsində bizim apardığımız işlər, o cümlədən iqtisadi islahatlar 1998-ci ildə təkcə kənd əhalisinin yox, respublikanın bütün vətəndaşlarının sosial-iqtisadi, maddi vəziyyətini xeyli yaxşılaşdıracaqdır.

Büdcədən maliyyələşdirilən təşkilatlarda çalışanlar əmək haqlarını alırlar. Amma biz bu il maaşları artıracağıq. Aparılan islahatlar, özəlləşdirmə nəticəsində insanlar özəl mülkiyyətlərindən istifadə edərək maddi vəziyyətlərini, şübhəsiz ki, yaxşılaşdıracaqlar. Bunlar hamısı olacaqdır. Ancaq şübhəsiz ki, bu gün mövcud vəziyyət də normaldır. Bəzi ifratçıların, Azərbaycanın vəziyyəti haqqında yalanlar, şayiələr yaymaq istəyən adamların cəhdləri əhəmiyyətsizdir, əbəsdir. Mən məsləhət görərdim ki, onlar reallığı dərk edə bilsinlər. Reallıq da bu gün burada verilən məlumatlardır. Bəli, reallıq yerlərdə olan vəziyyətdir. Kim istəyir, gedib baxsın. Amma hansısa otaqda oturub, isti yeməklər yeyib, xarici ölkələrdə oturub xalq haqqında belə yalanlar danışmaq xalqa zərər verməkdən başqa bir şey deyildir.

Şübhəsiz ki, bunlar boş sözlərdir. Mən bəlkə də buna heç fikir verməzdim. Amma bir halda ki, bunu deyirlər, müxalifət qəzetləri də ayrı-ayrı yazılar verirlər, mən bir daha sual verib, sizdən cavab almaq istədim. Hesab edirəm ki, siz mənə obyektiv cavab vermisiniz. Sizin verdiyiniz cavablar məndə olan məlumatlarla üst-üstə düşür.

Mən hesab edirəm ki, bu istiqamətdə görülən işləri davam etdirmək lazımdır. Təkcə pambıq əkininə yox, - mən bunu günün birinci yarısında keçirdiyimiz müzakirədə də dedim, - kənd təsərrüfatının bütün sahələrində işlərə xüsusi diqqət yetirmək lazımdır. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 17 yanvar 1998-ci il.