Əziz dostlar, bacılar və qardaşlar!
Bu gün səhərdən biz bir yerdəyik. Böyük Vətən müharibəsində qələbənin 51-ci ildönümünü sizinlə bir yerdə qeyd edirik. Qələbə haqqında bu gün səhərdən siz də, mən də çox sözlər demişik. Bu salona 1941-1945-ci illər Böyük Vətən müharibəsinin, arxa cəbhənin veteranları, Azərbaycanın ərazi bütövlüyünün qorunmasında qəhrəmanlıq göstərənlər və Milli Ordumuzun nümayəndələri toplaşmışlar. Bu, yoldaşlıq görüşüdür. Belə bir görüşün keçirilməsini təklif etdilər, mən bu dəvəti məmnuniyyətlə qəbul etdim. Mən bura ona görə gəldim ki, sərbəst, azad, asudə şəraitdə görüşək, bir-birimizlə danışaq, söhbət edək. Doğrudur, Ziya Blinyadov narazılıq edir ki, cəbhədə bizə yüz qram verirdilər, burada isə heç bir şey vermirlər. Mən də cavab verirəm ki, ora cəbhə idi, bura cəbhə deyil. Cəbhədə olsaydı, yəqin yüz qram verərdilər.
Güman edirəm, siz həmin yüz qramlardan istifadə etmisiniz. Bunu bu gün də etmək olar. Ancaq əsas о deyil. Əsas odur ki, biz bir yerə yığışmışıq, 50-55 il bundan əvvəl olan hadisələri yada salırıq, birbirimizi salamlayırıq, xoş sözlər deyirik, bir-birimizə hörmət və ehtiramımızı bildiririk.
Bəşəriyyət tarixi böyükdür, əsrlər, min illərlə ölçülür, amma bəşər tarixində elə mərhələlər, səhifələr var ki, ola bilər, onlar bir çox əsr ərzində bir dəfə olur. XX əsr bir çox səbəblərə görə əlamətdardır. Bu əsrin əvvəlki əsrlərdən fərqi bir də ondan ibarətdir ki, XX əsrdə iki dünya müharibəsi baş vermişdir. XX əcrə qədər bəşər tarixində heç vaxt bu qədər müharibələr olmamışdır.
Birinci dünya müharibəsi dəhşətli müharibə olmuşdur. Bundan cəmi 30 il keçməmiş İkinci dünya müharibəsi başlanmışdır. İki dünya müharibəsi arasında 25-30 il vaxt olmasına baxmayaraq, İkinci dünya müharibəsi çox dəhşətli bir müharibə, motorlar, tanklar, təyyarələr, böyük toplar, raketlər müharibəsi olubdur. Nə qədər insan tələf olubdur.
Bu müharibədə tələf olanların sayını indi dəqiqləşdirirlər. Keçmiş illərdə belə bir rəqəm məlum idi ki, bu müharibədə Sovet İttifaqından 20 milyon adam tələf olub. İndi isə məlumat verirlər ki, bu rəqəm 27 milyon olub. Amma bəzi tarixçilər, tədqiqatçılar deyirlər ki, tələf olanların sayı bundan da çoxdur. Hər halda 20 milyon da çoxdur, 27 milyon da dəhşətli bir rəqəmdir. Hələ bu, ancaq Sovetlər İttifaqına aid
bir rəqəmdir. Təsəvvür edin, Avropada nə qədər insan tələf olüb. İkinci dünya müharibəsi Afrikaya da keçmişdi, orada da müharibə gedirdi. Bu müharibədə ABŞ, Yaponiya, Çin də iştirak edirdi. Nə qədər dəhşətli müharibə idi! Hesab edirəm ki, bu müharibə həqiqətən, tarixdə bir tərəfdən öz miqyasına görə, dəhşətli nəticələrinə, bəşəriyyətə vurduğu zərbəyə, insan tələfatına görə qalacaqdır. Eyni zamanda bu müharibə insanların qəhrəmanlıq nümunələrinə görə xalqlarımızın tarixində əbədi olaraq qalacaqdır.
Keçmiş müharibələrdə də qəhrəmanlar, böyük sərkərdələr olubdur. Tarixdə əbədi yer tutmuş qəhrəmanlar var. Ancaq bu müharibənin qəhrəmanları buna qədər olmuş bütün müharibələrin qəhrəmanlarından xeyli yüksəklərə qalxıbdılar. Çünki bu, adi müharibə deyildi. Bu nə qılınc, nə at, yaxud adi tüfəng müharibəsi deyildi. Bu, dəhşətli bir müharibə idi.
Bu müharibəni unutmaq olmaz. Bu qələbəni heç vaxt unutmaq olmaz. Bu müharibəyə iki nöqteyi-nəzərdən - birincisi, sadə bir müharibə kimi, ikincisi isə onun nə üçün başlandığına görə və əgər qələbə olmasaydı, nələrə gətirib çıxaracağına görə yanaşmaq lazımdır. Faşizm Avropanı bürümüşdü, bütün dünyada hökm sürmək istəyirdi, dünyanın başqa ölkələrini, millətlərini qul səviyyəsinə salmaq istəyirdi. Faşizm insanlara, bəşəriyyətə, dünyaya dəhşət gətirirdi. Faşizmin qarşısını almaq, onun Şərqə doğru irəliləməsinə yol verməmək, faşizmi məhv etmək, ləğv etmək tarixi bir hadisədir. Bu müharibənin hər bir iştirakçısının qələbə əldə olunmasında xidməti var. Marşalın da, generalın da, zabitin də, əsgərin də hərənin öz yeri var. Heç kəs deyə bilməz ki, onlardan birinin işi о birisininkindən çətin və yaxud asan olub. Yox, hər kəsin öz yeri olub. Bunlara görə də, yenə deyirəm, bu müharibəyə iki nöqteyi-nəzərdən yanaşmaq lazımdır.
Bu müharibə ona görə başlayıb ki, faşizm dünyanı zəbt etmək, hər yerdə tətbiq etmək istəyirdi. Qələbə faşizmin qarşısını alıb, onu ləğv edibdir. Bu, təkcə Azərbaycan, keçmiş Sovet İttifaqı üçün yox, bütün bəşər, dünya üçün tarixi bir hadisədir. Təsadüfi deyildir ki, bu qələbənin 50 illiyi Avropada da qeyd edildi. Bu qələbəni biz Londonda, Parisdə, Moskvada qeyd etdik. Bunu bütün dünya qeyd edirdi.
Qələbənin 50 illiyi münasibətilə Moskvada keçirilən təntənəli mərasimlərdə dünyanın ən böyük dövlətlərinin başçılarının hamısı iştirak edirdi, oraya gəlmişdilər. ABŞ prezidenti də, Almaniyanın başçısı da, Fransanın prezidenti də, İngiltərənin başçısı da, Çin dövlətinin başçısı da, başqa dövlətlərin başçıları da orada idilər. İndi görün, bunun nə qədər böyük ümumdünya əhəmiyyəti var. Ona görə də belə bir hadisəni unutmaq, yaxud onun üstündən xətt çəkmək, ona siyasi qiymət vermək bunu kim edə bilər? Buna heç bir kəsin ixtiyarı yoxdur. О ki, qaldı 1990, 1991, 1992-ci illərdə Azərbaycanda mövcud olan adamlara, onların danışmağa heç bir haqqı yoxdur. Onların hansı mənəvi haqqı var? Azərbaycanın bu qədər tarixini silmək, pozmaq mümkün deyil. Mən bunları təkcə sizə görə demirəm. Bəs cəbhədən qayıtmayan 300 min insanın xatirəsi? 1945-ci ildən indiyədək dünyasını dəyişmiş müharibə iştirakçıları? О illərdə Azərbaycanın xalq təsərrüfatını, iqtisadiyyatını işlədən, yaradan, respublikamızın neft mədənlərində gecə-gündüz çalışan və bu məhsulu əzab-əziyyətlə cəbhəyə göndərən insanlar? Bu qələbənin bəşəri nöqteyi-nəzərdən siyasi mənası nə qədər böyükdür.
İndi burada deyirlər ki, ordenini, orden lentlərini taxmağa kimsə utanır. Nə üçün? Bilirsiniz, о ordenləriniz, həmin dövrdən qalmış əşyalarınız, müharibəni əks etdirən nişanlarınız on, on beş, iyirmi ildən sonra daha da qiymətli olacaqdır. Onlar əlli ildən sonra muzeylərdə ən qiymətli eksponatlar olacaqdır.
Xatirimdədir, müharibə qurtarandan sonra Ali Baş Komandanın fərmanı var idi ki, bütün müharibə iştirakçılarına 1941-1945-ci illər müharibəsində Qələbə medalı verilsin. Həmin medalı çoxları aldı. Mən də о medaldan almışam. О vaxt hamı müharibədə iştirak etdiyinə görə bu medalı alırdı. Bəziləri fikirləşirdilər ki, bu, eiə-belə medaldır, verirlər. İndi baxın görün, əlli ildən sonra о medaldan kimin var? О medallar indi nadir nişanlardır, medallardır. Yaxud, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində arxa cəbhədə rəşadətli əməyə görə, Böyük Vətən müharibəsində qələbəyə görə medallarından indi kimdə var? Nadir adamlarda. Ona görə də sizin ordenləriniz, medallarınız, nişanlarınız, müharibəni əks etdirən hər bir xırda əşya, xırda nişanə tarixə çevrilir, Azərbaycan xalqının tarixinə çevrilir. Bu gün bunların hamısından hörmətlə istifadə etmək lazımdır. Onları fəxrlə, qürurla döşünüzə taxın. Qoy hamı görsün ki, siz kimsiniz, necə qəhrəmanlıq etmisiniz. Eyni zamanda nəvələrinizə, nəticələrinizə tapşırın ki, bunlar daim yaşasın. Çünki bunlar Böyük Vətən müharibəsində Azərbaycan xalqının qəhrəmanlığını sübut edən nişanələrdir, sənətlərdir.
Bu barədə çox danışmaq olar, ürəyim doludur. Bunları ona görə deyirəm ki, mənim ürəyim sıxılırdı. Azərbaycanda 1990, 1991, 1992- ci illərdə, necə deyərlər, zatı məlum olmayan, - mən bu kəlməni işlədirəm, burada Ziya bildirir ki, belələrinə zatıqırıq deyirlər, - belə adamlar tariximizi təhrif etməyə başladılar. Küçədən gəlmiş adam durab deyir ki, biz 1920-ci ildən 1990-cı ilədək Azərbaycan tarixini tamamilə silirik. Sən kimsən, nəçisən, buna sənin nə haqqın var? Sənə bu ixtiyarı kim verib? Nəyə görə belə olmalıdır, sən küçədə, orada-burada bağırdığın üçünmü?
Bilirsiniz, həmin illərdə Böyük Vətən müharibəsinin iştirakçılarına - həm cəbhədə, həm arxada olmuş adamlara hörmətsizlik edildiyinə görə, onlara qarşı pis münasibət göstərildiyinə, qayğı azaldığına, yaxud onlar qayğıdan azad edildiyinə görə şəxsən mənim qəlbim ağrıyır, inciyirdi. Çox inciyirdi. Çünki bu qədər haqsızlıq, ədalətsizlik olmaz. Yenə də deyirəm, bu, ayrı-ayrı fərdlərin mənafeyinə aid olan bir şey deyil. Bu, xalqımızın tarixidir. Xalqımızın tarixini heç kəs dəyişə bilməz. Tarixdə nə olub, о da var. Onu heç kəs dəyişə bilməz. Heç kəsin də haqqı yoxdur ki, tarixdən kimisə silsin, çıxarsın, kimisə salsın. Bu gün onun xoşuna bu gəlir, sabah о gəlir - belə olmaz.
Mən tarix haqqında danışacağam. Ziya müəllim də akademiyanın vitse-prezidenti kimi bu barədə düşünməlidir. Biz bir dəfə yığışmalıyıq. Mən bir dəfə demişəm, bir daha deyirəm ki, biz heç olmasa xalqımızın XX əsr tarixini yazmalıyıq. Keçən əsrləri bəlkə sonra yazmalıyıq, amma indi biz bütün qüvvələrimizi cəmləyib, XX əsrin tarixini yazmalıyıq. Özü də hər şey yazılmalıdır. Necə olub, elə də yazılmalıdır. Çünki biz о illərdə də, Sovet hakimiyyəti illərində də, təəssüflər olsun ki, tarixin təhrif olunması halları ilə rastlaşdıq.
Çoxlarımız о vaxt tarixin təhrif edildiyini bilmirdik. Baxmayaraq ki, mən özüm uzun illər böyük siyasətdə, rəhbər işdə olmuşam, amma bu tarixin təhrif edilməsini, Azərbaycanın tarixinin, ümumiyyətlə, dünya tarixinin təhrif olunmasını о illərdə bilməmişəm. Mən bunu sizə açıq deyirəm, etiraf edirəm. О vaxt bir cür təhrif ediblər, indi götürüb başqa cür təhrif etsinlər? Belə çıxır ki, kim nə vaxt imkan tapdısa tarixi istədiyi kimi dəyişdirəcək? Buna yol vermək olmaz. Yenə də deyirəm, biz XX əsrin tarixini yazmalıyıq. XX əsrin tarixində də Böyük Vətən müharibəsi, 1941-1945-ci illərin müharibəsi və bu dövrdə Azərbaycan xalqının dünya miqyasında tutduğu yer göstərilməlidir.
Hesab edirəm, biz Allaha dua etməliyik ki, dövlət müstəqilliyimizi nəhayət, əldə etdik, Dünya Birliyində müstəqil dövlət kimi öz yerimizi tutduq. Artıq bizim Azərbaycanın nəyə qadir olduğunu sübut etməyə imkanımız var. Biz keçmişdə Sovetlər İttifaqının tərkibində olanda bu imkanımız yox idi. Məsələn, təsəvvür edin. Londonda Böyük Britaniyanın kraliçası Qələbənin əlli illik yubileyi münasibətilə böyük, təntənəli mərasimlər düzəldib, bu mərasimlərdə müstəqil dövlət kimi Azərbaycanın dövlət nümayəndəsi, prezidenti iştirak edib, Ziya Bünyadov, Məzahir Abbasov, Məlik Məhərrəmov, Baloğlan Rüstəmov, Vidadi Nərimanbəyov iştirak ediblər. Bu mərasimdə Azərbaycan nümayəndələri başqa dövlətlərdən gələnlərlə eyni səviyyədə iştirak edirdilər. Paris kimi bir yerdə yenə də Azərbaycanın nümayəndə heyəti başqa dövlətlərlə bərabərhüquqlu iştirak edib. Azərbaycan Böyük Vətən müharibəsində, İkinci dünya müharibəsində bir dövlət, millət kimi iştirak edib, qələbəyə öz xidmətlərini göstəribdir. Ona görə də indi bu mərasimlərdə iştirak edirdik. Keçmişdə biz Moskvada keçirilən tədbirlərə müttəfiq respublikanın nümayəndələri kimi gedirdik. Ancaq indi, keçən il mayın 9-da Moskvada, böyük Rusiya dövlətinin paytaxtında, bayaq dedim, dünyanın ən böyük dövlətlərinin başçıları ilə bir yerdə Azərbaycan dövlətinin başçısı da iştirak edirdi. Böyük dövlətlərin nümayəndələrinin olduğu yerdə Azərbaycanın Böyük Vətən müharibəsi veteranları da var ili, onlar oradakı mərasimlərin hamısında - Qızıl meydanda da, Poklonnı Qorada da, böyük ziyafətdə də iştirak edirdilər. Bilirsiniz, bunlar hamısı ədalətin zəfər çalmasıdır.
1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qələbənin əldə edilməsində biz böyük xidmətlər göstərmişik. Bundan əlli il keçəndən sonra gedib Dünya Birliyinin başçılarının olduqları təntənəli mərasimdə müstəqil bir dövlətin nümayəndəsi kimi iştirak etmişik. Bunlar hamısı bu günlərimizin reallığı, gerçəkliyi, həqiqətidir. Eyni zamanda bunlar hamısı bizim böyük tariximizi sübut edən faktlardır. Bunların hamısını yaradan, Azərbaycanı bu səviyyəyə qaldıran, ona bu şöhrəti gətirən, İkinci dünya, Böyük Vətən müharibəsində respublikamızın fəal iştirak etdiyini bütün dövlətlərə göstərən sizsiniz, siz veteranlarsınız, Böyük Vətən müharibəsinin iştirakçıları, qəhrəmanlarısınız. Ona görə də Azərbaycanda sizə daim hörmət, ehtiram olacaqdır. Siz Azərbaycanda daim həm cəmiyyətin, həm ictimaiyyətin, həm dövlətin qayğısı altında olmusunuz və bu gündən sonra da olacaqsınız. Buna tamamilə arxayın ola bilərsiniz. Bilirsiniz, о keçmiş illərdə də burada işləyəndə, indi də - yenidən Azərbaycanın başçısı kimi mən Böyük Vətən müharibəsində Azərbaycanın iştirakı, yaxud ayrı-ayrı şəxslərin qəhrəmanlığı ilə əlaqədar olan abidələri həmişə müqəddəs yerlər kimi qəbul etmişəm.Bu gün də ziyarət etdiyimiz yerlər mənim üçün həmişə müqəddəs yerlər olub.
Xatirinizdədir, bu da tarixdir, onu yaddan çıxarmayın, - 416-cı Taqanroq diviziyası Azərbaycanda təşkil olunmuşdu. О diviziya Taqanroqda Sambek yüksəkliklərindəki döyüşlərdə böyük qələbə qazandı, qvardiya diviziyası adı, Taqanroq diviziyası adı aldı, sonar isə Berlinə qədər getdi.
Həmin diviziyanın qəhrəmanlığını tarixə salmaq, 416-cı Taqanroq diviziyasının xidmətlərini, qəhrəmanlığını əbədiləşdirmək üçün mənim yaxından iştirakımla о vaxt Rostov vilayətində Azərbaycanın vəsaiti hesabına böyük bir kompleks tikdik. Azərbaycanın gözəl heykəltəraşı Elcan Şamilovun, Rostov vilayətindən memarlar ata-oğul Qrekovların layihələri əsasında tikilən bir abidə üçün vəsaitin, tikinti materiallarının hamısını biz Azərbaycandan göndərdik, təşkil etdik. Böyük bir memorial düzəltdik. Xatirinizdədir, sizin bir çoxlarınızla biz birlikdə gedib həmin memorialı açdıq.
Mən iftixar hissi keçirirdim ki, Rusiyanın mərkəzi nöqtələrindən birində Azərbaycan əsgərinin, diviziyasının qəhrəmanlığını sübut edən böyük bir kompleks - o, adi bir heykəl deyil, böyük bir kompleksdir, Stalinqrad kompleksinə bərabərdir - yaratdıq. Krımda, Sapun dağında 77-ci Azərbaycan diviziyasının şərəfinə Ukrayna ilə birlikdə böyük bir abidə düzəltdik. Ora gedənlər görüblər. Orada döyüş əks etdirən böyük bir panoram düzəldilibdir, üzərində azərbaycanlıların adları var. Stalinqraddakı memorialda da, oraya siz də, mən də getmişik, azərbaycanlı qəhrəmanların adları var. Həzi Aslanovun da, başqalarının da adı oraya qızıl hərflərlə yazılıb. Bunlar hamısı xalqımızın keçdiyi yolu tarixdə əks etdirmək, həkk etmək üçün görülən işlərdir. Biz bu işləri bundan sonra da görəcəyik. Yenə də deyirəm, biz tariximizi qiymətləndirməliyik, ona hörmət etməliyik. Tariximizi yaradan adamları, о cümlədən 1941-1945-ci illər müharibəsi iştirakçılarını qəlbimizdə daim saxlamalıyıq, onların xatirəsini heç vaxt unutmamalıyıq. Ona göfə də biz bu gün sizinlə bütün günü bir yerdəyik. Mən sizinlə bir yerdə olduğum bu günü özüm üçün çox xoşbəxt bir gün hesab edirəm. Sizin kimi adamlarla, qəhrəmanlarla, böyük həyat yolu keçmiş insanlarla bir yerdə olmaq, danışmaq, söhbət etmək mənim üçün böyük bir iftixardır. Mən buna çox məmnunam.
Bugünkü görüşə görə hamınıza minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, müstəqil Azərbaycan dövləti xalqımızın ümumi birliyi ilə yaşayacaq, böyüyəcək, biz öz müstəqilliyimizi daim qoruyub saxlayacağıq. Müstəqilliyimizi heç vaxt əldən verməyəcəyik. Müstəqil Azərbaycan dövlətinin çox böyük gələcəyi var.
Başımıza gələn bu bəlanı - Ermənistanın Azərbaycana təcavüzünü biz sülh yolu ilə aradan qaldırmağa çalışacağıq. Bunu dəfələrlə demişik, bu gün də deyildi, - əgər bu, mümkün olmasa, Azərbaycan torpaqlarını azad etməyə hamımız hazır olmalıyıq.
1941-1945-ci illərin Böyük Vətən müharıbəsində 300 min azərbaycanlı Vətəni qorumaq üçün həlak olub, evinə qayıtmayıbdır. Mən istəmirəm ki, insanlarımız həlak olsunlar. İki ildir ki, müharibədə atəşkəsdir, insanlar həlak olmur, qan tökülmür. Ancaq Vətən Vətəndir. Vətəndən ötrü hər bir kəs, о cümlədən mən də həlak olmağa hazıram. Sağ olun. Sizin hamınıza cansağlığı, xoşbəxtlik arzu edirəm. Gələn görüşlərədək.