"Universitetlər və cəmiyyət, əsrlərin ayrıcında universitetlərin əməkdaşlığı" beynəlxalq konfransının iştirakçılarına - Bakı şəhəri, 21 mart 2000-ci il

Hörmətli konfrans iştirakçıları!

Əsrlərin və minilliklərin qovuşuğunda keçirdiyiniz beynəlxalq konfrans yeni tarixi şəraitdə Müstəqil Dövlətlər Birliyi və Baltika ölkələrinin vahid təhsil məkanının yaradılmasında çox böyük əhəmiyyətə malikdir. Hər bir ölkənin qarşıdakı əsrdə sabit inkişafı baxımından onun dünyagörüşü, mənəvi, sosial-iqtisadi problemlərinin geniş spektri təhsil ilə sıx bağlıdır. Bunun çox rəmzi mənası var ki, məhz Moskva Universiteti dünyanın aparıcı təhsil mərkəzlərindən biri olaraq, yeni konseptual mövqelərin yaradılması və ölkələrimizin intellektual potensialının sıx birləşdirilməsi sahəsində səyləri birləşdirir.

Taleyin hökmü ilə 70-80-ci illərdə mən Azərbaycan tələbələrinin Rusiya, Ukrayna, Özbəkistan və digər keçmiş sovet respublikalarının ali məktəblərində hazırlıq keçməsi təşəbbüsünü irəli sürməli olmuşam. Bu, yaxşı nəticələr verdi. İndi artıq müstəqil olan Azərbaycan Respublikası təhsil sahəsində maksimum mümkün əməkdaşlıq xəttini həyata keçirməyi davam etdirir.

Keçmiş SSRİ rəhbərliyinin tərkibində işlədiyim illərdə mən təhsil sisteminin islahatı və təkmilləşdirilməsi sahəsində böyük səylər göstərirdim. Lakin o dövrdə hökm sürən məhdudiyyətlər bu planların tamamilə həyata keçirilməsinə imkan vermədi. Bununla bərabər, keçmiş SSRİ-də mövcud olmuş təhsil sisteminin, xüsusən təbiiyyat elmlərinin tədrisi və inkişafı sahəsində, şübhəsiz, xeyli məziyyətləri və üstünlükləri vardı. Bu, bizim birgə sərvətimiz idi və son dərəcə mühümdür ki, biz onu əsas etibarilə saxlaya bildik.

Bütün postsovet məkanı üçün ümumi olan, əlbəttə ki, universitetlərin inkişafına heç də yaxşı təsir göstərməyən ciddi iqtisadi və sosial problemlərlə yanaşı, bu gün Azərbaycan uşaqların təhsili məsələlərini qaçqınların və məcburi köçkünlərin çadır düşərgələrində də həll edir. Bütün bunlara baxmayaraq, təhsil öncül strateji istiqamətlərimizdən biri olmuşdur və olaraq qalır. Biz əminik ki, kadrlar hazırlanmasının keyfiyyəti yenə də ən mühüm problem olaraq qalır. Dövlətlərimizin gələcəyi universitet məzunlarının peşəkarlığından və mənəvi-əxlaqi yönümündən asılıdır. Bazar iqtisadiyyatı və yeni informasiya texnologiyalarının labüd yürüşü şəraitində təhsilin böhranı universitetlərdə bir çox yeniliklərin tətbiqini tələb edir, lakin bu zaman mədəniyyət, mənəviyyat və ümumbəşəri dəyərlər, əlbəttə ki, bütün təhsil sisteminin sarsılmaz təməli statusunu saxlayır.

Əminəm ki, konfransınız Müstəqil Dövlətlər Birliyi və Baltika ölkələri universitetlərinin daha da inkişaf etməsi ilə bağlı aktual problemlərin həllinə layiqli töhfə verəcəkdir. Konfransın bütün iştirakçılarına uğurlar, xoşbəxtlik və cansağlığı arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 23 mart 2000-ci il.