\"Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunmuş Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi\" (Bakı, Hökumət Evinin iclas salonu, 16 oktyabr 1996-ci il) sənədinə tarixi arayış

Ermənistanın 1988 - 1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı öz doğma yurdlarından zorla qovularaq Azərbaycanda sığınacaq tapıb.

1988-ci ildən başlayaraq Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən azərbaycanlıların zorla çıxarılması planı həyata keçirilib. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-i - Dağlıq Qarabağın, eləcə də ona bitişik 7 rayonun ərazisi işğal edilib, 700 min nəfərə yaxın azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq məcburən köçkün düşüb və respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox obyektdə müvəqqəti məskunlaşıb. Hazırda Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün vardır ki, bu da respublika əhalisinin 15%-ni təşkil edir. (http://www.azerworld.info/)

Qaçqın və məcburi köçkünlər arasında 8 min şəhid ailəsi, 5 min müharibə əlili, 5400 valideyn himayəsindən məhrum olmuş uşaqlar var.(http://www.azerworld.info/)

Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan hüquqi baza yaradılıb. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 20-dən çox fərman və sərəncam imzalanıb. Prezidentin sərəncamı ilə \"Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı\" təsdiq olunub, \"Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu\" yaradılıb, bir sıra tədbirlər keçirilib. Həmçinin, \"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında\", \"Məcburi Köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında\" Azərbaycan Respublikasının Qanunları qəbul edilib. (http://www.refugees-idps-committee.gov.az/)

1996-cı il oktyabrın 16-da Bakıda Asiya Müsəlmanları Komitəsinin, Beynəlxalq İslam \"Nicat\" Təşkilatının təşəbbüsü ilə qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunmuş Beynəlxalq Konfrans keçirilib. Bir çox müsəlman ölkələrinin nümayəndələrinin iştirak etdiyi bu konfransda Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edib. Çıxışında o, qaçqın və məcburi köçkünlərin problemlərini ən mühüm, vacib və Dünya Birliyini, beynəlxalq təşkilatları, sülhsevər insanları maraqlandıran və narahat edən problemlərdən biri olduğunu vurğulayıb. Prezident konfrans iştirakçılarına Ermənistanın hərbi təcavüzü nəticəsində dəyən ziyandan da söz açıb: \"Azərbaycanın işğal olunmuş ərazilərində ölkəmizin, xalqımızın, millətimizin varidatı viran olunubdur. Şübhəsiz ki, bunlar hamısı insaniyyətdən kənar keyfiyyətlərdir, vəhşilikdir. Ancaq təəssüflər olsun ki, XX əsrin sonunda, dünya yüksək mədəni səviyyəyə çatdığı bir zamanda biz burada, Qafqazda, Azərbaycan ərazisində, müsəlman diyarında belə vəhşiliklə qarşılaşırıq\". 

1999-cu ilin mart-sentyabr aylarında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbər nümayəndələri Azərbaycana səfərlər ediblər. Onlar Ermənistanın təcavüzü nəticəsində torpaqlarından zorla çıxarılmış qaçqın və məcburi köçkünlərin yaşadıqları yerlərdə olub, vəziyyəti öyrəniblər. Prezident Heydər Əliyev nümayəndə heyətini qəbul edib. Dövlət başçısı yüksək səviyyəli heyətin Azərbaycana gələrək qaçqın, məcburi köçkünlərin problemlərini araşdırmasını yüksək qiymətləndirib. Həmin ilin sentyabrında BMT-nin qaçqınlar üzrə ali komissarı Sadako Oqata da Bakıya gəlib.

Qaçqın və məcburi köçkünlərə komissarlıqla yanaşı, bir sıra ölkələr , xüsusilə İran, Türkiyə, Səudiyyə Ərəbistanı və beynəlxalq təşkilatların xətti ilə Avropa dövlətləri də böyük yardım göstəriblər.

Qaçqınlar və məcburi köçkünlər problemi Azərbaycan Prezidenti İlham Əliyevin əsas siyasət istiqamətlərindən biri olub. Belə ki, 2004-cü ildə \"Qaçqın və Məcburi Köçkünlərin Həyat Şəraitinin Yaxşılaşdırılması və Məşğulluğunun Təmin Edilməsi üzrə Dövlət Proqramı\"nın təsdiq edilməsi barədə sərəncam imzalayıb (http://www.azerbaijan-news.az/)

2001-2007-ci illərdə Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün 47 yeni qəsəbə salınıb. Bu qəsəbələrdə 70 min insan məskunlaşıb. 2007-ci ldə sonuncu çadır şəhərciyi ləğv edilərək orada yaşayanlar yaxşı mənzillərlə təmin olunub.

Tarixi arayış 31 yanvar 2008-ci ildə tərtib edilib.