Amerika Birləşmiş Ştatlarında sentyabrın 11-də baş vermiş terror hadisəsi ilə əlaqədar Amerika səfirliyində keçirilən mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 11 dekabr 2001-ci il

Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Üç ay öncə, sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında, Nyu-Yorkda və Vaşinqtonda baş vermiş dəhşətli terror hadisələri Amerika Birləşmiş Ştatlarının xalqını sarsıtdığı kimi, bütün dünyada sülhpərvər insanları, o cümlədən Azərbaycan xalqını da sarsıtmışdır. Bu hadisə bizi hiddətləndirmiş və beynəlxalq terrorizmin, ümumiyyətlə, terrorizmin bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu, insan cəmiyyəti üçün nə qədər təhlükəli olduğunu bir daha nümayiş etdirmişdir.

Biz bu dəhşətli terror hadisəsi ilə əlaqədar dərhal öz səsimizi qaldırmışıq, Amerika Birləşmiş Ştatlarının xalqı ilə, dövləti ilə bir yerdə olduğumuzu bəyan etmişik. Amerika Birləşmiş Ştatlarının beynəlxalq terrorizmə qarşı apardığı mübarizəyə qoşulmuşuq və Amerika Birləşmiş Ştatları ilə birlikdə bir alyansda, bir koalisiyada olduğumuzu bəyan etmişik.

Mən bu gün bir daha bəyan edirəm ki, uzun illər terrorizmdən zərərlər çəkmiş, zərbələr almış Azərbaycan xalqı həmişə terrorizmin əleyhinə olubdur və bu gün də, harada olursa olsun, dünyada bütün terrorizmin kökünün kəsilməsinin tərəfdarıdır və Amerika Birləşmiş Ştatlarının bu istiqamətdə apardığı bütün tədbirləri dəstəkləyir.

Məmnuniyyət hissi ilə demək olar ki, ötən üç ay ərzində Amerika Birləşmiş Ştatlarının beynəlxalq terrorizmə qarşı apardığı əməliyyatlar artıq öz müsbət nəticəsini göstərir, uğurla həyata keçirilir. Ümidvarıq ki, bu əməliyyatlar bundan sonra da davam edəcək və dünyada, hər yerdə terrorizmin kökü kəsiləcəkdir.

Biz Amerika Birləşmiş Ştatlarının xalqı ilə birlikdə olduğumuzu, onların dərdinə şərik olduğumuzu bu gün bir daha bəyan edirik və bu hadisələrdən indiyə qədər qəm-qüssə içərisində olduğumuzu bildiririk. Həlak olanlara Allahdan rəhmət diləyirik. Həlak olmuş insanların ailələrinə, yaxınlarına Allahdan səbir diləyirik.

Biz terrorizmə, beynəlxalq terrorizmə \"Yox!\" deyirik və həmişə bu istiqamətdə mübarizədə olduğumuzu bildiririk.

Sağ olun.

\"Azərbaycan\" qəzeti, 12 dekabr 2001-ci il.