Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"Vnukovo-2\" hava limanında \"İnterfaks\" informasiya agentliyinə müsahibəsi - Moskva, 28 aprel 1998-ci il

Sual: Xahiş edirəm, deyəsiniz, Siz bu zirvə toplantısında nəyi Azərbaycan üçün ən mühüm hesab edərdiniz? Siz burada hansı problemləri həll etmək istərdiniz?

Heydər Əliyev: Burada məsələlər hamı üçün eynidir. Burada elə bir məsələ ola bilməz ki, Azərbaycan üçün mühüm olsun, başqaları üçün mühüm olmasın. Bizim üçün, birliyin üzvləri üçün vacib olan budur ki, Müstəqil Dövlətlər Birliyi öz funksiyalarını daha effektli və səmərəli şəkildə həyata keçirsin.

Sual: Siz MDB-nin həyat qabiliyyətinə inanırsınızmı?

Heydər Əliyev: Mən MDB-nin həyat qabiliyyətinə inanıram, amma bir şərtlə ki, Kişinyovda deyilmiş olanların hamısı və sabah nə deyiləcəksə, onların hamısı həyata keçirilsin.

Sual: Sizcə, bu zirvə toplantısı mübahisəli, kəskin və ciddi problemlərin həllinə kömək edə bilərmi?

Heydər Əliyev: Bilirsinizmi, mən həmişə bu fikirdə olmuşam ki, mübahisəli məsələləri, o cümlədən də MDB daxilində mövcud olan hərbi münaqişələri məhz Müstəqil Dövlətlər Birliyi nəinki həll edə bilər, həm də həll etməyə borcludur. Mən bunu dəfələrlə demişəm və bu gün fürsətdən istifadə edərək bir daha deyirəm: elə birlik ola bilməz ki, bu birliyin üzvləri öz aralarında hərbi münaqişə vəziyyətində olsunlar. Bu, birlik anlayışından xaricdir. Amma, təəssüflər olsun ki, bu məsələyə bizim birliyimizdə lazımi diqqət yetirilmir.

Sual: Biz ümid edə bilərikmi ki, burada Xəzərin problemləri də müzakirə olunacaqdır?

Heydər Əliyev: Zənnimcə, gündəlikdə Xəzərlə bağlı məsələ yoxdur, çünki Xəzər məsələsi MDB-yə aid məsələ deyildir, bu dövlətlərarası münasibətlərlə bağlı məsələdir. Bu məsələni şişirtmək lazım deyil, orada da hər şey həmçinin öz qaydasındadır.

Sual: Heydər Əliyev, Siz özünüz üçün hər hansı əlverişli bir vaxtda bizim agentliyimizə gəlmək barədə \"İnterfaks\"ın rəsmi məktubunu almısınızmı?

Heydər Əliyev: Almışam, mənim salamımı, Terexova, ən xoş arzularımı və ən dərin hörmətimi \"İnterfaks\"a çatdırm, ona görə ki, keçmişdə, mənim belə bir vəziyyətdə olmadığım dövrdə biz yaxşı əməkdaşlıq etmişik.

Müxbir: Sağ olun.