Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin YAP-ın Gənclər Birliyi nümayəndələrinin ümumrespublika toplantısında nitqi - 21 fevral 1998-ci il


Əziz gənclər, qızlar, oğlanlar!

Hörmətli xanımlar, cənablar!

Sizi, Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının bu saraya toplaşmış nümayəndələrini, sizin simanızda yeni Azərbaycan Partiyasının bütün gənclərini, üzvlərini, müstəqil Azərbaycan Respublikasının bütün gənclərini ürəkdən salamlayıram, sizə hədsiz sevgimi, məhəbbətimi bildirirəm.

Bugünkü görüş mənim üçün, güman edirəm, sizin üçün də çox sevinc hissi gətirən bir görüşdür. Cəsarətlə demək olar ki, Azərbaycan Respublikasının son 10, bəlkə də 20 illik tarixində bu, ən mötəbər görüşlərdən biridir.

Mən bu salonda sizi yüksək əhval-ruhiyyədə görməkdən və bu toplantıda çox sevgi, məhəbbətlə iştirak etməyinizi duymaqdan məmnunam. Sizin hamınızı qucaqlayıram, bağrıma basıram, hamını öpürəm, sizə cansağlığı və səadət arzulayıram.

Siz burada, Yeni Azərbaycan Partiyasının gənclər təşkilatının, Azərbaycanın bu günü və gələcəyi haqqında fikirlərinizi söylədiniz. Azərbaycanın müstəqilliyi, dövlətçiliyi haqqında dəyərli sözlər dediniz, xoş arzularınızı bildirdiniz. Mənim fəaliyyətim haqqında xoş sözlər dediniz və müstəqil Azərbaycana, vətənimizə, ölkəmizə, dövlətçiliyimizə öz sədaqətinizi ifadə etdiniz. Bütün bunlara görə mən sizə təşəkkür edirəm və sizi əmin edirəm ki, bu sözləriniz, fikirləriniz Azərbaycanın daha da yüksəlməsi üçün böyük bir dayaqdır.

Gənclərlə görüşmək həmişə xoş əhval-ruhiyyə yaradır. Çünki cəmiyyətin ən gözəl hissəsi gənclərdir. Hər bir insan üçün uşaq, övlad, gənc insan həmişə sevinc, xoşbəxtlik gətirir. Bu, hər bir insana ilham verir. Təsadüfi deyil ki, böyüyüb ərsəyə çatmış insan ailə quraraq ata, ana olmaq, övlad sahibi olmaq istəyir. Hər bir ailə övladın doğulmasına sevinir, şadlanır və bunu öz həyatının xoşbəxtliyi hesab edir. Hər bir insanın, ailənin uşağa, övlada, gəncliyə göstərdiyi münasibətdən dövlətin, ölkənin gəncliyə göstərdiyi və göstərəcəyi münasibət doğulur, yaranır. Ona görə də gənclərlə görüş, danışıq hər bir dövlət adamı üçün həm əhəmiyyətlidir, həm də böyük sevinc gətirir. Mən bu gün burada sizinlə görüşməyə başladığım dəqiqədən sevinc içindəyəm. Sizi belə şən, xoşbəxt, gözəl əhval-ruhiyyədə görəndə, sizin sözlərinizin, ağlınızın, zəkanızın, iradənizin nə qədər güclü olduğunu görəndə mən bir dövlət başçısı kimi həddindən artıq sevinirəm. Sevinirəm ki, bizim bu cür gözəl gələcəyimiz var və bu gələcəyin qurucuları, yaradıcıları sizsiniz, əziz gənclər!

Bu əzəmətli saray - idman-konsert kompleksi Azərbaycanın ən möhtəşəm və ən böyük saraylarından biridir. Mən bu gün burada, belə bir şəraitdə olduğum dəqiqədən bu sarayın tarixi haqqında düşündüm. Xatirimdədir, 1970-ci ilin əvvəllərində onların idmana, mədəniyyətə olan həvəsini, istəyini daha yüksək səviyyədə, şəraitdə təmin etmək üçün belə bir idman-konsert sarayı tikmək arzusunda olduq. Ancaq yəqin təsəvvür edirsiniz ki, o zaman bunu etmək o qədər də asan deyildi. Çünki birincisi, bu, böyük vəsait tələb edirdi, ikincisi də biz Sovetlər İttifaqının tərkibində olduğumuza görə belə böyük işlərin görülməsi üçün mərkəzdən icazə və xüsusi vəsait almalı idik. Ancaq biz ölkəmizi - Azərbaycanı daha da inkişaf etdirmək, Bakını daha da gözəlləşdirmək və gənclər üçün yeni bir idman, mədəniyyət ocağı yaratmaq üçün belə bir saray tikməyə çalışdıq.

Mən çox səylər qoydum, dəfələrlə Moskvaya müraciət etdim. O vaxt Sovetlər İttifaqının bəzi böyük şəhərlərində belə saraylar artıq var idi. Ancaq eyni zamanda, o illər sovet hökuməti siyasətini belə qururdu ki, guya bu cür böyük sarayların tikilməsinə vəsait çatmır, ona görə də onlara ehtiyac yoxdur. Mən isə sübut edirdim ki, Azərbaycan üçün, Azərbaycanın paytaxtı üçün belə bir saray mütləq lazımdır. Nəhayət, bunun tikilməsi, yaranması üçün qərar qəbul edilməsinə nail olduq. Onun layihəsinin hazırlanması da yaxşı xatirimdədir. Biz həmin layihələrə bir neçə dəfə baxdıq, fikirlərimizi dedik, təkliflərimizi, mülahizələrimizi bildirdik.

Xatirimdədir, qocaman arxitektorlarımız Tahir Abdullayev, Yusif Qədimov və başqaları bu layihəni Azərbaycan Dövlət Layihə İnstitutunda bizim tapşırığımızla hazırlayırdılar. Nəhayət, layihə hazır olandan sonra işə başladıq, bu gün toplaşdığımız bu yeri seçdik. Bu da təsadüfi deyil. İndi mən görürəm ki, biz bu yeri düzgün seçmişik.

Mən xoşbəxtəm ki, bu sarayın tikilməsinin təşəbbüskarıyam. Xoşbəxtəm ki, bu sarayın təməl daşını qoymuşam, həmin təməl daşında mənim əsrlər boyu yaşayacaq imzam vardır. Nəhayət, xoşbəxtəm ki, bu gün ilk dəfə ağzınadək dolu olan bu saraya Azərbaycan gəncləri toplaşmışlar.

Amma eyni zamanda, təəssüf edirəm ki, bu sarayın tikilməsi bir çox maneələrlə rastlaşdı. Mən Azərbaycanda olduğum zaman da belə maneələr var idi. Mən bunların qarşısını alırdım.

Mən o vaxt bu tikinti meydanına dəfələrlə gəlmişəm, tikintinin aparılması işləri ilə məşğul olmuşam, maraqlanmışam, nəzarət etmişəm, eyni zamanda, qarşıya çıxan maneələri aradan götürmüşəm. O zaman işin qızğın bir vaxtında sarayın tikintisinə Moskvadan vəsait ayrılmasını kəsdilər. Mən Sovet İttifaqı Nazirlər Sovetinin sədrinə müraciət etməli oldum. Bu məsələ ilə əlaqədar xüsusi olaraq Moskvaya getdim, ondan xahiş etdim və vəsait ayrılmasının davam etdirilməsinə nail oldum.

Eyni zamanda, təəssüf edirəm ki, sonrakı illərdə bu sarayın tikilməsi çox ləngidilibdir. O, bizim nəzərdə tutduğumuz vaxtda tikilib qurtarmayıbdır. Bilirsiniz ki, 1982-ci ilin sonunda mən Azərbaycandan getdim. Bundan sonra bu sarayın tikintisinə diqqət azalmışdı. Mən Azərbaycana yenidən gələndə bu işlə maraqlandım. Bu sarayın tikilib qurtarması haqqında yalnız 1990-cı ildə arayış verilibdir. Təəssüflər olsun ki, ondan sonra da, indiyədək bu saraydan nəzərdə tutulmuş məqsədlər üçün istifadə olunmayıbdır.

Bu gün birinci dəfədir ki, bu saraya, onun tribunalarına gənclər toplaşıblar və belə bir mərasim keçirilir. Çox məmnunam ki, bu, sizə, mənə nəsib olubdur və Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatına nəsib olubdur.

Onu da demək istəyirəm ki, o illər, xüsusən 1998-ci ildən başlayaraq, öz nailiyyətlərimizi ləkələmək, dağıtmaq, pozmaq istəyən qüvvələr, Azərbaycanın başıbəlalı bəzi rəhbərləri Moskvada oturan bir sıra rəhbərlərlə birlikdə belə sarayların tikilməsini güya ziyankar bir iş kimi tənqid edirdilər. Hesab edirdilər ki, guya biz dövlətin vəsaitindən vaxtilə düzgün istifadə etməmişik. Ancaq kimin nədən düzgün istifadə edib-etmədiyini indi həyat göstərdi.

Biz saray tikmişik, yaratmışıq, xalqımızın istifadəsinə vermişik. Bu saray əsrlər boyu yaşayacaqdır və gələcək nəsillərə xidmət edəcəkdir. O bədxah adamlar isə məhv olublar və məhv olacaqlar. İnsanlar heç vaxt yalana inanmayacaqlar. Belə yalan sözlərin ömrü çox qısa olur. Təəssüf ki, bu yalanlar, bu böhtanlar oldu, biz belə günləri yaşadıq. Xüsusən mən belə hallara dözdüm. Amma bu gün bir daha görürəm ki, xalq böhtançılara, yalançılara heç vaxt inanmayıbdır.

Bu gün mən xüsusən xoşbəxtəm ki, vaxtilə, təxminən 20 il bundan əvvəl təməlini qoyduğum böyük binanın içindəyəm. Xoşbəxtəm ki, belə bir saray yarada bilmişəm və biz bu gün ondan birlikdə istifadə edirik. Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı bugünkü toplantıda özünün yüksək səviyyəsini Azərbaycanın vətəndaşlarına və bütün dünyaya nümayiş etdirir.

Yeni Azərbaycan Partiyası 1992-ci ildə çox ağır şəraitdə yaranıbdır. Bir müddət əvvəl biz Yeni Azərbaycan Partiyasının yaranmasının beşinci ildönümünü təntənəli qeyd etdik. Yeni Azərbaycan Partiyası yaranarkən, şübhəsiz ki, biz bu partiyanın gənclər tərəfindən dəstəklənməsinə ümid edirdik və buna görə də gənclər təşkilatının yaranması haqqında da qərarlar qəbul etmişik.

Yeni Azərbaycan Partiyasını yaradanlar respublikamızın tanınmış, hörmətli ziyalıları, 1992-ci ildə Azərbaycanın düşdüyü ağır vəziyyətdən narahatlıq keçirənlər, ölkəmizin aqibəti haqqında düşünənlər olmuşlar. Bu partiyanın yaradılması o vaxtkı iqtidar tərəfindən həqiqətən çox qısqanclıqla və böyük təzyiqlərlə qarşılanmışdı. Amma bu partiyanı yaradanlar bütün bunlara baxmayaraq öz iradələrindən dönməmişlər. Bu gün artıq bütün dünyada məlumdur ki, bu partiyanın yaranması Azərbaycanın həyatında, tarixində böyük bir hadisədir. Azərbaycanın bu günü və gələcəyi üçün bu təşkilatın böyük xidmətləri olubdur və bundan sonra da böyük xidmətləri olacaqdır.

Bu gün isə mən çox sevinirəm ki, partiyanı yaradan hörmətli ziyalılarla bərabər, Yeni Azərbaycan Partiyasının zəkalı, güclü, iradəli gənclər təşkilatı da vardır. Bu təşkilat öz ətrafında 30 min gənci birləşdirir. Bu saraya 8 min insan toplaşıbdır. Buraya Azərbaycanın hər yerindən gənclər təşkilatlarının nümayəndələri gəliblər. Yenə də deyirəm, bu, Azərbaycanın tarixində son dövrlərdə görünməmiş bir hadisədir.

Bu toplantının keçirilməsi, Azərbaycanın hər bir guşəsindən gənclər təşkilatının nümayəndələrinin buraya mütəşəkkil surətdə gəlməsi və burada mövcud olan ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə onu göstərir ki, Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı günü-gündən genişlənəcək, inkişaf edəcək, Azərbaycan gəncliyinin əsas özəyini təşkil edəcəkdir.

Mən Yeni Azərbaycan Partiyasına, onun gənclər təşkilatına bütün gələcək işlərində uğurlar arzulayıram.

Tam əminəm ki, Yeni Azərbaycan Partiyasının proqramı, nizamnaməsi Azərbaycan xalqının milli mənafelərini, Azərbaycanın müstəqilliyini təmin edən tarixi sənədlərdir. Həmin sənədlər Yeni Azərbaycan Partiyasının gələcəkdə də genişlənməsi və inkişaf etməsi üçün gözəl əsas yaradır. Mən əminəm ki, bizim partiyamız günü-gündən genişlənəcək və inkişaf edəcəkdir.

Biz Yeni Azərbaycan Partiyasını yaradarkən məramnamədə, proqramda onun məqsədlərini Azərbaycanın müstəqilliyi, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulması prinsipləri əsasında müəyyənləşdirmişik. Biz Yeni Azərbaycan Partiyasını yaradarkən Azərbaycanın ictimai-siyasi həyatında bu partiyanın fəal iştirak etməsi məqsədini daşıyırdıq. O zaman biz qarşımıza hakimiyyətə gəlmək, hakimiyyət əldə etmək məqsədi qoymamışdıq. Biz sadəcə, Azərbaycanın ictimai-siyasi həyatında iştirak etmək istəyən, ancaq o ildə, yəni 1992-ci ildə mövcud olan iqtidarda və partiyalarda özünü görə bilməyən minlərlə, on minlərlə insanın bir siyasi təşkilatda toplanmasını təşkil edib Azərbaycanın ictimai-siyasi həyatında onlarla birlikdə iştirak etmək istəyirdik. Görünür ki, Yeni Azərbaycan Partiyasının taleyi bizim düşündüyümüzdən də artıq imiş. Qısa bir zaman ərzində - 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi baş verdi. Mənim Bakıya dəvət edilməyim lazım oldu. Beləliklə də Yeni Azərbaycan Partiyası tədricən bir iqtidar partiyası kimi fəaliyyət göstərməyə başladı.

Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan prezidentinin partiyasıdır, müstəqil Azərbaycanın iqtidarının partiyasıdır. O, bu vəzifəni, bu adı şərəflə daşıyan partiyadır.

Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının qarşısında duran vəzifələr bütün Azərbaycan gənclərinin qarşısında duran vəzifələrdir. Bundan başqa vəzifə yoxdur. Hesab edirəm ki, bütün Azərbaycan gənclərinin qarşısında bir vəzifə - öz xalqına, dövlətinə, ölkəsinə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsi durur. Bu işlər artıq görülür.

Azərbaycanın dövləti, hökuməti ötən illərdə bu sahədə çox iş görmüş və biz böyük nailiyyətlər əldə etmişik. Bunların hamısı sizə məlumdur. Ancaq bir daha yada salmaq istəyirəm ki, ötən illər içərisində, yəni 1993-cü ilin iyun ayından indiyədək Azərbaycan Respublikası çox çətin, ağır bir tarixi dövr yaşayıbdır. Məmnuniyyət hissi ilə deyə bilərik ki, biz bu dövrü şərəflə, namusla yaşamışıq və xalqımızı, millətimizi, ölkəmizi böyük bəlalardan, xətalardan qurtarmışıq, bugünkü rahat vəziyyətə çıxarmışıq. Bu, bizim ən böyük nailiyyətimizdir.

Əgər bugünkü günü 1993-cü ilin iyun ayı ilə müqayisə etsək, hamı üçün hər şey aydın ola bilər. Ən böyük nailiyyətimiz ondan ibarətdir ki, biz Ermənistan- Azərbaycan münaqişəsində atəşi dayandırmışıq. İki aydan sonra dörd il tamam olacaqdır ki, artıq atəş yoxdur, biz sülh, atəşkəs şəraitində yaşayırıq. Ancaq bu illər ərzində biz ölkəmizin ərazi bütövlüyünün bərpası, - işğal edilmiş torpaqların azad olunması üçün ardıcıl iş, sülh siyasəti apararaq məsələnin sülh yolu ilə həll edilməsinə çalışırıq.

Demək, bizim qarşımızda duran ən ümdə vəzifə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqlarımızın azad edilməsinə nail olmaq, yerindən-yurdundan didərgin düşmüş bir milyondan çox Azərbaycan vətəndaşını öz elinə, obasına, evinə qaytarmaqdır. Bildirmək istəyirəm ki, bizim ardıcıl və prinsipial siyasətimiz nəticəsində buna nail oluruq və olacağıq.

Biz 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün uyğun prinsiplərin qəbul edilməsinə nail olduq. 1997-ci ildə bu prinsipləri həyata keçirmək üçün çox səylər qoyduq. Minsk qrupunun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa bu sahədə xeyli işlər gördülər, bizimlə və Ermənistanla sıx əməkdaşlıq etdilər. Onlar məsələni mərhələ-mərhələ həll etmək üçün keçən ilin sentyabr ayında konkret təkliflər verdilər. Biz bu təklifləri qəbul etdik. Baxmayaraq ki, bu təkliflər bizi tam qane etmir. Ancaq bu məsələni həll etmək üçün müəyyən kompromislərə getmək lazım idi. Biz buna getdik və bu təklifləri qəbul etdik. Ermənistan rəhbərliyi də bunu qəbul etdi. Ancaq Ermənistanın içində fikir müxtəlifliyi olduğuna görə biz bu işi sona çatdıra bilmədik.

Bilirsiniz ki, bu il fevral ayının əvvəlində Ermənistanda hakimiyyət dəyişikliyi baş veribdir. İndi orada yeni prezident seçkilərinin keçirilməsi elan olunubdur. Güman edirəm ki, Ermənistanda daxili vəziyyət sabitləşəcək, Ermənistanın vətəndaşları öz istədikləri şəxsi prezident seçəcəklər və biz sülh danışıqlarını davam etdirəcəyik.

Mən ümidvaram ki, Minsk qrupunun verdiyi təkliflər, yəni məsələnin iki mərhələdə həll olunması barədə təkliflər qəbul ediləcəkdir. Beləliklə, biz 1998-ci ildə məsələnin sülh yolu ilə həll olunmasında ciddi bir irəliləyiş əldə edəcəyik. Bununla yanaşı, biz ölkəmizin müdafiə qüdrətini daim gücləndirməliyik və gücləndiririk. Bizim Milli Ordumuz möhkəmdir, güclüdür, mütəşəkkildir.

Milli Ordunun böyük bir hissəsini təşkil edən gənclərdir. Hərbi xidmətdə olan əsgərlərimizin, zabitlərimizin əksəriyyəti gənclərdir. Gənclər Azərbaycan dövlətinə, doğma torpağımıza sadiqdirlər. Ona görə də mən Milli Ordumuzun dövlətçiliyimizə, vətənimizə sadiq olmasına inanıram.

Bizim sizinlə birlikdə vəzifəmiz Milli Ordumuzu daha da gücləndirməkdir. Milli Ordumuzda xidmət etmək hər bir Azərbaycan gəncinin şərəfli vətəndaşlıq borcudur. Hesab edirəm ki, gənclər təşkilatı öz işində hər bir gəncin orduda xidmət etməyə hazır olmasını təmin etməlidir. Hər bir gənc orduda sədaqətlə xidmət etməlidir. Orduda xidmət etməyən gənc cəmiyyətdə hörmət qazana bilməz. Artıq bunu dərk etmək lazımdır ki, Azərbaycanın Milli Ordusu bizim müstəqil dövlətimizin, xalqımızın ordusudur, müstəqil dövlətimizi daim qorumaq qüdrətinə malik olan ordudur.

Azərbaycan gənclərinin keçmiş illərdə Sovet Ordusunda xidmət etməsindən onların indi Azərbaycan ordusunda xidmət etməsi xeyli fərqlidir. Bizim ordumuz tamamilə yeni bir ordudur. O həm bu gün, həm də Azərbaycanın gələcəyi üçün müstəqilliyimizi təmin edən ordudur. Hər bir gəncin orduda xidmət etmək borcunu verməsi onun özünün vəzifəsidir, o gəncin valideynlərinin vəzifəsidir və bizim gənclər təşkilatımızın vəzifəsidir.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz, gənclər təşkilatı bu məsələni daim öz fəaliyyətinizin mərkəzində saxlayacaqsınız. Azərbaycan ordusunda sədaqətlə xidmət edən gənclər hazırlayacaqsınız və Azərbaycan ordusunda xidmət edən gənclərə daim diqqət və qayğı göstərəcəksiniz. Gənclər təşkilatı ordu ilə, ordu hissələri ilə daim bilavasitə əlaqədə olmalıdır.

Yenə də deyirəm, biz müstəqil dövlətik və dövlət müstəqilliyimizi qoruyub saxlamağa hər an qadir olmalıyıq. Ona görə də hər bir Azərbaycan vətəndaşı öz vəzifəsini dərk etməlidir, hər bir Azərbaycan vətəndaşı özünü daim müsəlləh əsgər hesab etməlidir. Hər bir gənc düşünməlidir ki, onun bu gün də, gələcəkdə də yaşaması, millətinin, müstəqil dövlətinin dünya birliyində əbədi yaşaması üçün birinci vəzifəsi orduda xidmət etmək, ordunun qüdrətini artırmaq olmalıdır.

Biz ordumuzu qüdrətləndiririk - ona görə yox ki, müharibə etmək istəyirik. Biz sülh tərəfdarıyıq. Ermənistan - Azərbaycan münaqişəsini də sülh yolu ilə həll etmək istəyirik. Güman edirəm, bu münaqişəni sülh yolu il həll edəcəyik.

Bizimlə qonşu olan bütün ölkələrlə sülh və mehribanlıq şəraitində yaşamaq, qarşılıqlı əlaqələr qurmaq istəyirik. Ermənistanla da sülh yaradıb, qonşuluq əlaqələri qurub qonşu yaşamaq istəyirik. Ancaq bununla bərabər, bizim güclü ordumuz olmalıdır. Güclü ordumuz olmalıdır ki, mümkün olan hər bir təcavüzün qarşısını alaq. Güclü ordumuz olmalıdır ki, biz ölkəmizin müdafiəsini həmişə təmin edə bilək. Güclü ordumuz olmalıdır ki, işğal edilmiş torpaqlarımız əgər sülh yolu ilə azad oluna bilməsə, nəyin bahasına olursa-olsun, onları azad edək, Azərbaycanın ərazi bütövlüyünü təmin edək.

Ötən illərə nəzər salarkən, hesab edirəm, bizim ən böyük nailiyyətimiz ondan ibarətdir ki, ölkəmizdə artıq ictimai-siyasi sabitlik, əmin-amanlıq, insanlara rahat yaşamaq imkanı yarada bilmişik. Bu, bizim Azərbaycan üçün ən böyük nailiyyətdir. Təsəvvür edin, xatirinizə salın, 1988-ci ildən başlayaraq Azərbaycan daim çalxalanıbdır. Ona görə çalxalanıbdır ki, Ermənistan tərəfindən Azərbaycana təcavüz edilib. Təəssüf ki, bu təcavüzün qarşısını vaxtında almaq üçün respublikamızda mümkün olan imkanlardan istifadə edilməyibdir. Ona görə çalxalanıb ki, bu vəziyyətdən istifadə edən ayrı-ayrı qruplar, dəstələr, insanlar özlərinə silahlı dəstələr yaradaraq hakimiyyət uğrunda mübarizə ediblər, Azərbaycanı dağıtmağa başlayıblar.

Ondan əvvəlki illərdə Azərbaycan güclü bir iqtisadi potensiala malik olubdur. Azərbaycanda böyuk quruculuq işləri gedibdir. Ancaq 1988-ci ildən etibarən Azərbaycanın iqtisadiyyatını da dağıtmağa, insanların mənəviyyatını da pozmağa başlayıblar. Bunlar hamısı da Azərbaycanın daxilində ictimai-siyasi vəziyyəti həddindən artıq gərginləşdirmişdi.

1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi baş veribdir. Məgər 1993-cü ilə qədər insanlar rahat yaşayırdılarmı? Yox. O illərin əksəriyyətini Azərbaycan, xüsusən Bakı fövqəladə vəziyyət şəraitində, avtomatların, topların, ayrı-ayrı qanunsuz silahlı dəstələrin qorxusu altında yaşayıbdır. Biz bu vəziyyəti aradan qaldırdıq, biz bunları ləğv etdik, Azərbaycanda ictimai-siyasi sabitlik, əmin-amanlıq yaratdıq. Bu, bizim böyük nailiyyətimizdir. Ancaq bunu qoruyub saxlamaq lazımdır. Çünki 1993-cü ildən sonra da Azərbaycanda dövləti devirmək, ictimai-siyasi sabitliyi pozmaq, cürbəcür terror, təxribat aktları keçirmək cəhdləri olmuşdur.

Bizim qüdrətimiz, dövlətimiz möhkəm olduğuna və xalqla dövlət bir olduğuna görə biz bunların qarşısını ala bildik. Biz 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhdin qarşısını xalqın, sizin gücünüzlə, iradənizlə aldıq. 1995-ci ilin mart ayında Azərbaycanı böyük bir təhlükədən xilas etdik. \"Böyük təhlükə\" deyirəm, ona görə yox ki, azğınlaşmış silahlı dəstələr gəlib Azərbaycanda çevriliş edib prezidenti, yaxud kimisə məhv edəcəkdilər. O təhlükə ona görə idi ki, o qədər azğınlaşmış, pozulmuş dəstələr bir-biri ilə birləşib bir yerə yığışmışdılar. 1995-ci ilin mart ayında Azərbaycanı bəlkə də 1993-cü ildəkindən də böyük bir fəlakət gözləyirdi. Biz onun qarşısını aldıq. Ondan sonra da bir neçə terror aktlarının qarşısını aldıq.

Bunlar bizim nailiyyətlərimizdir. Bunlar hamısı xalqın, sizin Azərbaycan dövlətçiliyinə, Azərbaycan prezidentinin siyasətinə göstərdiyiniz etimad və dəstəyin nəticəsində olubdur. Ancaq eyni zamanda, biz bu gün də sayıqlığımızı itirə bilmərik. Biz bu gün də dövlətçiliyimizi qorumaq üçün bütün tədbirləri görməliyik

Sizə məlumdur ki, Azərbaycanda yenidən terror aktları həyata keçirmək cəhdləri ilə yaşayan insanlar, yaxud Azərbaycandan kənarda, xarici ölkələrdə oturub, burada terror aktları edib hakimiyyəti ələ keçirmək istəyən insanlar vardır. Bunlar mövcuddur. Ona görə də xalqımız da sayıq olmalıdır və dövlətimiz də bu barədə öz işlərini daha da etibarlı qurmalıdır.

Qonşu Gürcüstanda bir neçə gün bundan əvvəl Gürcüstan prezidenti, mənim yaxın dostum Eduard Şevardnadzeyə qarşı edilən terror cəhdi bir daha onu göstərdi ki, terrorçular öz bəd əməllərindən əl çəkməyiblər. Bunlar Azərbaycanda da, Gürcüstanda da və bir neçə başqa ölkələrdə də vardır.

Mən əminəm ki, biz Azərbaycanın dövlətçiliyini indiyə qədər qoruyub saxladığımız kimi, bundan sonra da qoruyub saxlayacağıq. Azərbaycanın dövlətçiliyinə qəsd edən hər bir kəs öz cəzasını alacaqdır. Heç bir terrorçu Azərbaycanda öz istəyinə nail ola bilməyəcəkdir. Ona görə ki, Azərbaycanın xalq tərəfindən seçilmiş prezidenti var və Azərbaycanın prezidenti Azərbaycan dövlətçiliyinin, xalqının keşiyində durubdur. Ona görə ki, Azərbaycan xalqı ilə Azərbaycan prezidentinin birliyi, həmrəyliyi vardır. Ona görə də heç kəs bizi çaşdıra bilməz.

Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi ardıcıl surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyası, Azərbaycanın gəncləri bu prosesin fəal iştirakçılarıdır. Bu gün böyük məmnuniyyət hissi ilə deyə bilərik ki, biz ilk demokratik konstitusiyamızı qəbul etmişik və bu konstitusiyanı ümumxalq referendumu, səsverməsi vasitəsilə qəbul etmişik. Azərbaycanın Konstitusiya demokratik bir dövlətin qurulmasını və yaşamasını təmin edən bir konstitusiyadır. Bunu biz bütün dünya demokratik dövlətlərinin ekspertizasından keçirmişik. Azərbaycanda demokratiyanın, dövlətçiliyin hüquqi əsaslarını təmin edən qanunlar qəbul etmişik və dövlət quruculuğu prosesi sürətlə inkişaf edibdir.

Azərbaycanda iqtisadi islahatlar həyata keçirilir, onlar öz gözəl nəticələrini verir. Mən bu sırada özəlləşdirmə proqramının həyata keçirilməsini xüsusi qeyd edirəm. 1998-ci il özəlləşdirmə proqramının həyata keçirilməsində çox həlledici bir ildir. Bu barədə yeni ciddi addımlar atılacaqdır, bunlar da öz müsbət nəticələrini verəcəkdir.

Torpaq islahatı haqqında qəbul etdiyimiz qanunlar ardıcıl surətdə həyata keçirilir və xalq tərəfindən, torpaqda işləyən insanlar tərəfindən çox böyük ruh yüksəkliyi ilə qəbul olunubdur. Bunlar da öz nəticələrini verir. Biz maliyyə sistemində, iqtisadiyyatın bütün sahələrində islahatlar həyata keçiririk. Bunların nəticəsində də Azərbaycanda ictimai-siyasi sabitliklə, atəşkəs rejimi ilə yanaşı, biz Azərbaycanın iqtisadiyyatında müsbət dəyişikliklərə nail olmuşuq. Müsbət dəyişikliklər də göz qabağındadır.

Azərbaycanın maliyyə sistemini götürək. Ölkəmizdə inflyasiya sıfıra endirilibdir, yoxdur. Azərbaycanın Milli valyutasının - manatın dəyəri möhkəmdir. Azərbaycanda xarici ticarət sərbəstləşdirilibdir, liberallaşdırılıbdır. Azərbaycanda iqtisadi islahatlar, makrostruktur dəyişikliklərinin hamısı vaxtında həyata keçirilir və bunlar öz nəticələrini verir. Demək, konstitusiyamızda həm siyasi sahədə, həm ictimai sahədə, həm də iqtisadi sahədə nəzərdə tutulmuş bütün prinsiplər əməli surətdə həyata keçirilir. Bunların müsbət nəticələrini təkcə biz yox, beynəlxalq təşkilatlar da müşahidə edirlər və qiymətləndirirlər.

Bilirsiniz, təəssüflər olsun ki, Azərbaycanda müxalifətdə olan qüvvələr sağlam fikirli deyillər. Mən onların əksəriyyətini deyirəm. Bir neçə dəfə demişəm, bu gün bir daha qeyd edirəm. Azərbaycan demokratik dövlətdir. Biz demokratiyanın inkişafı üçün bundan sonra da Azərbaycanın milli mənafelərinə uyğun olan bütün tədbirləri həyata keçirəcəyik. Demokratiyanı bizə heç kəs yuxarıdan tətbiq etməyibdir, verməyibdir. Demokratiya, demokratik quruluş bizim içimizdən gələn bir quruluşdur.

Şübhəsiz ki, biz dünya təcrübəsindən istifadə edirik. Ancaq bu, bizim özümüzün iradəmizdən meydana gəlmiş prinsiplərdir. İqtisadi islahatlar da həmçinin. Biz çox təhlil etmişik. Ölkəmiz üçün yalnız bu yolla getmək lazımdır. Başqa yol yoxdur. Mən çox məmnunam ki, cəmiyyətimizin əksəriyyəti bu yolu qəbul edir və bizə bu barədə müxalifət yoxdur.

Ancaq müxalifət nə istəyir? Müxalifət deyir ki, guya onlar demokratdırlar, amma iqtidarda olanlar demokrat deyil. Bu nədən görünür? İqtidar demokratiyanı əməli surətdə həyata keçirir. İqtidar bunların nəticəsində müsbət nəticələr əldə edir. İqtidar ölkədə ictimai-siyasi sabitliyi təmin edir. İqtidar insanların rifahını gündən-günə yaxşılaşdırır. İqtidar insanlara rahat yaşamaq şəraiti yaradıbdır.

Bəs müxalifət nə edibdir? Müxalifət hakimiyyətdə olan zaman nə edibdir? Heç bir şey edə bilməyibdir. İndi nə edibdir? İddia edirlər ki, guya onlar demokratdırlar və bəziləri başqa bir ölkəyə qaçıb orada bir il yaşayandan sonra bizə demokratiya haqqında dərs demək istəyir. Bu real, həqiqi demokratik prinsipləri həyata keçirən, demokratik dövlət quran, iqtisadi islahatlar həyata keçirən iqtidar isə onların sözünə görə andidemokratdır, antiislahatçıdır. Bilirsiniz, bu qədər insafsızlıq, həyasızlıq, vicdansızlıq ola bilməz!

Məni bunlar narahat etmir və sizi də narahat etməsin. Çünki o cür danışan adamlar azlıq təşkil edir. Onların qəzetlərindən və çox xırda təşkilatlarından başqa heç bir şeyləri yoxdur. Onların arxasında heç bir sosial baza, qrup yoxdur. Ancaq mən arzu edərdim ki, həmin müxalifətdə duran bu partiyalar, qruplar həqiqi müxalifət siması alsınlar, sivilizasiyalı müxalifət vəziyyətinə gəlib çatsınlar. Onlar o yırtıcı, həyasız, davakar müxalifətçilikdən normal müxalifətçilik səviyyəsinə gəlib çatsınlar. Çünki 1980-ci illərin axırında, 1990-cı illərin əvvəllərində o müxalifət var idi ki, silah, dava gücünə, yaxud insanları qorxutmaq gücünə müxalifətçilik edirdi - bunlar artıq Azərbaycanda keçməyəcəkdir. Yalanlar, böhranlar deməklə onlar heç bir şeyə nail ola bilməyəcəklər.

Qəzetlərdə yazırlar ki, Azərbaycan əhalisi aclıq içərisindədir, nə bilim, iqtisadiyyat dağılıbdır, filandır və sairə. Bəlkə də bunu bu gün demək heç lazım deyil. Ancaq mən deyirəm ki, onlara yenə də başa salım ki, siz düz yola gəlin. Mən Azərbaycanın prezidentiyəm. Azərbaycanın hər bir vətəndaşının həyatı mənim üçün maraqlıdır. Mən ən qatı müxalifətdə duran adam haqqında da düşünürəm. Düşünürəm ki, qoy o, müxalifətdə olsun, başqa fikirdə olsun, ancaq sağlam olsun, cinayət etməsin, pis yola getməsin.

Belə sözlər yazırlar. Ancaq həqiqət nədən ibarətdir? Həqiqət siz gördüyünüz reallıqdır. Keçən il Azərbaycanın iqtisadiyyatında tənəzzül dayandırılıbdır. Daxili məhsul 5,8 faiz artıbdır. 1998-ci ilin ötən aylarında biz yeni artım müşahidə edirik.

Bəlkə siz bunu televiziyadan eşitdiniz, iki gün bundan əvvəl Beynəlxalq Valyuta Fondunun yüksək səviyyəli nümayəndəsi Azərbaycana gəlmişdi. O, burada bir neçə görüş keçirdi, mənimlə də söhbət etdi. Həmin adam Beynəlxalq Valyuta Fondunda Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrə nəzarət edir. Onun bəyanatıdır ki, iqtisadi vəziyyətinə, iqtisadi islahatların həyata keçirilməsinə görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələr arasında birinci yerdədir.

Dünya ölkələrində maliyyə sisteminə, iqtisadiyyata nəzarət edən təşkilatlar arasında Beynəlxalq Valyuta Fondundan yuxarı bir təşkilat yoxdur. Bu onların, Dünya Bankının verdiyi qiymət, bu da ayrı-ayrı qəzetlərin, yaxud xaricdə oturan bəzi adamların Azərbaycan haqqında yazdığı sözlər.

Şübhəsiz ki, bütün bu nailiyyətlər Azərbaycanla bizim apardığımız siyasətin nəticəsidir. Eyni zamanda, Azərbaycan Respublikası vətəndaşlarının tam əksəriyyətinin Azərbaycan dövlətinin apardığı siyasətdə fəal iştirak etməsinin nəticəsidir. Bu, sizin və bütün Azərbaycan vətəndaşlarının əməyinin, səylərinin nəticəsidir.

İqtisadi islahatlar Azərbaycanda bazar iqtisadiyyatını daimi bərqərar edibdir, sahibkarlıq yaradıbdır. Sahibkarlıq yaradılacaqdır, bazar iqtisadiyyatı inkişaf edəcəkdir, özəlləşdirmə həyata keçiriləcəkdir. Gənclər də bu işlərdə yaxından iştirak etməlidirlər.

Azərbaycanın həyatında bir çox başqa əlamətdar hadisələr də vardır. Onların hamısı sizə məlumdur. Ancaq bu gün mən sizə bir neçə fikirlərimi, mülahizələrimi, tövsiyələrimi bildirmək istəyirəm.

Şübhəsiz ki, gənclərin bugünkü səviyyəsi bizi sevindirir. Ancaq dünyada inkişaf çox sürətlə gedir. Gənclərimiz daim biliklənməlidirlər, təhsil almalıdırlar, inkişaf etməlidirlər. Ona görə də gənclər təşkilatının birinci vəzifəsi gənclərimizi sağlam əhval-ruhiyyədə tərbiyə etməkdən onları təhsilə, tərbiyəyə daim cəlb etməkdən və gənclərimizin təhsillənməsi ilə ciddi məşğul olmaqdan ibarətdir. Hər bir gənc gərək yaxşı təhsil alsın. Biz fəxr edə bilərik ki, ümumiyyətlə, respublikamızda savadsızlıq ləğv olunubdur. Ancaq heç də arxayın olmamalıyıq və bu məsələni heç də nəzərdən buraxmamalıyıq. Biz çalışmalıyıq ki, bizim gənclərimiz daim təhsillənsinlər. Orta, ali məktəblərdə təhsil-tərbiyə işinə ciddi fikir vermək lazımdır. Bu, bizim dövlətimizin, hökumətimizin, eyni zamanda siz gənclərin əsas vəzifəsidir.

Gənclər gərək sağlam əhval-ruhiyyədə tərbiyə olunsunlar. Bu gün siz buradakı çıxışlarınızda mənim bu son qərarlarımı dəstəklədiyinizi, bəyəndiyinizi bildirdiniz. Çox sağ olun, təşəkkür edirəm.

Bazar iqtisadiyyatına keçid dövründə cürbəcür mənfi hallar mövcuddur. Bunu inkar etmək lazım deyil. Ümumiyyətlə, cəmiyyətdə mənfi hallar həmişə olubdur, hər bir cəmiyyətdə olubdur. İqtisadi cəhətdən, demokratiya cəhətdən ən inkişaf etmiş dünya ölkələrində də mənfi hallar vardır. Heç bir ölkə deyə bilməz ki, onun ölkəsində hər şey yüksək mənəviyyat səviyyəsindədir. Yox. Ancaq bu keçid dövrünü yaşayan ölkələrdə, bizim kimi ölkələrdə və 3-4 il bundan əvvəl silahlı dəstələrin qorxusu altında yaşayan insanlarda, əlbəttə, belə mənfi hallar daha da çox olur. O cümlədən bizim Azərbaycanda.

Bir də ki, bu yeni - bazar iqtisadiyyatına keçilməsi, iqtisadiyyatın, xarici ticarətin sərbəstləşdirilməsi, insanların bazar iqtisadiyyatı, sahibkarlıqla məşğul olması - bunları öyrənmək, mənimsəmək, qavramaq lazımdır. Ancaq bəziləri bu iqtisadiyyat formalarından düzgün istifadə etməyərək cürbəcür yollarla qazanc əldə etməyə, cürbəcür mənfi yollarla getməyə düçar olurlar. Bunların hamısının qarşısı alınmalıdır.

Buna görə də cəmiyyətimizdə mənəviyyatımıza, əxlaqımıza zərər verən bütün ünsürlərlə ciddi mübarizə aparmaq lazımdır. Bu, birinci növbədə gənclər təşkilatının, sizin vəzifəniz olmalıdır. Biz çalışmalıyıq ki, birinci növbədə gənclər bu cür mənfi meyllərə uymasınlar, mənfi yollarla getməsinlər. Məsələn, kazinoların, gecə klublarının fəaliyyətinin dayandırılması, onların bağlanması bugünkü zərurətdən doğan bir məsələdir. Mən çoxdan bu fikirlərlə yaşayıram. Ancaq hiss edəndə ki, bunlar cəmiyyətimizə həddindən artıq ziyan vurur və ola bilər, bu ziyan gələcəkdə də artsın - mən belə sərt, ciddi qərarlar qəbul etmək məcburiyyətində oldum.

Biz mənəviyyatımızı qorumalıyıq. Bilirsiniz ki, mən 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayan zamandan fəaliyyətimin əsas hissəsini mənəvi tərbiyə işinə yönəltmişəm, insanlarla olan mənfi cəhətlərin aradan götürülməsinə çalışmışam, o cümlədən, rüşvətxorluqla, korrupsiya ilə vəzifəli şəxslərin vəzifəsindən sui-istifadə etməsi halları ilə və cürbəcür başqa çirkin hərəkətlərlə mübarizəyə sərf etmişəm. Mən gördüyüm işlərlə fəxr edirəm. Baxmayaraq ki, apardığım həmin mübarizə mən 1987-ci ildə bütün vəzifələrdən kənarlaşdırılandan sonra mənə qarşı yönəldildi. Məni günahlandırdılar ki, guya mən burada qanunsuz işlər görmüşəm. Ancaq tarix göstərdik ki, mən o vaxt da düzgün mövqedə olmuşam, düz hərəkət etmişəm, bu gün də bu mövqedəyəm. Yəni mən o vaxt da rüşvətxorluqla, korrupsiya ilə mübarizə aparmışam, bu gün də aparıram və gələcəkdə də aparacağam. Belə hallarda günahkarlar bağışlana bilməzdi.

Bilirsiniz ki, iki gün bundan əvvəl fərman verdim, xarici işlər naziri Həsən Həsənov \"Avropa\" otelinin tikilməsində buraxdığı qanun pozuntularına və vəzifəsindən sui-istifadə etdiyinə görə mən onu vəzifədən azad etdim. Bilirsiniz, bu, mənim üçün asan bir iş deyildi. Çünki Həsən Həsənov 1971-ci ildən mənimlə bərabər işləyən bir adamdır və mənim rəhbərliyim altında işləmişdi. Mən onun işləməsi, böyüməsi üçün çox səylər qoymuşdum. 1993-cü ildə yenidən Azərbaycana rəhbərliyə gələndən dərhal sonra mən Həsən Həsənovu yenə də yüksək bir vəzifəyə təyin etdim. Çünki ona inanırdım, onun bacarığına, sədaqətinə inanırdım. Mən təsəvvür edə bilmirdim ki, Həsən Həsənov belə yollara düşə bilər. Ancaq Həsən Həsənov bu cür hərəkətlər etdiyinə, qanunları pozduğuna görə, demək olar ki, cinayət etdiyinə görə, mən Həsən Həsənovu bağışlaya bilməzdim. Baxmayaraq ki, o, bizim dövlət strukturuna ən yüksək vəzifələrdən birini tutan şəxs idi.

Əlbəttə, mən heyfslənirəm ki, xarici işlər naziri belə günahların sahibi oldu və işdən azad edildi. Ancaq eyni zamanda, mən hesab edirəm ki, hamı bilməlidir - biz prinsipial olmalıyıq. Günahı olan adamları bağışlamaq olmaz, onlar cəzalanmalıdır. Necə ki, Həsən Həsənov cəzalandı, başqaları da - əgər kimin belə günahı varsa - bundan sonra cəzalanacaq.

Bu qərarlardan lazımi nəticə çıxarmaq lazımdır. Bu, təkcə mənim işim deyil. Mən çox məmnunam ki, bizim dəyərli şahmat ustamız Aynur Sofiyeva da burada danışanda dedi ki, elə hər bir işi prezident etməməlidir, prezidentin göstərişi ilə etməməliyik, biz hər birimiz özümüz etməliyik. Bu sözlər mənə çox xoş gəldi. Həqiqətən də belədir. Əgər hərə öz sahəsində, öz işini namusla, qeyrətlə yerinə yetirirsə, vallah-billah, prezidentin də işi çox asan olacaqdır. Bütün bu işləri gətirib ancaq prezidentin üzərinə qoysanız, prezidentin çiyninə salsanız, prezident nə qədər təcrübəli adam olsa da, onun üçün çətin olacaqdır.

Bir daha qeyd edirəm, mənim son fərmanlarımdan, qərarlarımdan hər bir kəs, xüsusən gənclər özü üçün nəticə çıxarmalıdır. Gənclər bilməlidirlər ki, həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır. Cürbəcür mənfi hallara uymaq lazım deyil.

Məsələn, bizi narahat edən amillərdən biri də Azərbaycanda gənclər arasında narkomaniyanın yayılmasıdır. Onunla mübarizə aparmaq yalnız bizim polis orqanlarının, yaxud hüquq-mühafizə orqanlarının işi deyil. Baxmayaraq ki, onlar mübarizəni aparırlar - onlar bu mübarizəni narkotik maddələrin cinayət törətməsi ilə əlaqədar olaraq aparırlar. Ancaq insanların, gənclərin bu narkotik maddələrdən istifadə olunmasından qorunması cəmiyyətin, ictimai təşkilatların, gənclər təşkilatlarının, müvafiq orqanların, sizin işinizdir. Bu təhlükə var və təəssüflər olsun ki, narkotik maddələrin gənclər tərəfindən istifadə edilməsi statistika məlumatlarına görə artır, azalmır. Bu, bizi narahat edir və sizi də narahat etməlidir.

Bunu sübut etməyə ehtiyac yoxdur ki, narkotik maddədən istifadə edən adam öz sağlamlığını itirir. Nə üçün gənc hələ həyatı görməmiş sağlamlığını itirməlidir? Spirtli içkilərə meyl məsələsi barədə mən bir neçə dəfə demişəm, bu gün bunu bir daha deməyi zəruri hesab edirəm ki, Azərbaycanın mənəvi, milli adət-ənənələri və dini ənənələri spirtli içkilərin qəbul olunmasına heç vaxt yol vermir. Ancaq eyni zamanda, biz spirtli içkiləri qadağan da etmirik. Çünki biz hər sahədə müasirliyi, çağdaşlığı təmin etmək istəyirik. Ona görə də, əgər biz insanlara sərbəstlik veririksə, onları nədənsə zorla məhrum etmək, belə bir qadağan qoymaq olmaz. Ancaq insanları başa salmaq lazımdır. Gənclər bilməlidirlər ki, spirtli içkilərdən həddindən artıq, yaxud ümumiyyətlə, istifadə olunması insan üçün zərərdir. İnsan özü baxmalıdır, spirtli içki ona nə gətirir - xeyir, yoxsa zərər gətirir. Mən spirtli içkidən həddindən artıq istifadə edən adamların ondan xeyir aldığını hələ indiyə qədər görməmişəm. Ona görə də dövlət tərəfindən zəruri tədbirlər görülməsi lazımdır. İndi Azərbaycanda çox araq istehsalına başlayıblar. Azərbaycanda arağa o qədər tələbat yoxdur, amma bu qədər araq istehsal edirlər. Burada kim isə pul qazanmaq istəyir və bəlkə bəzi vəzifəli şəxslər bu işə qoşulublar.

Şübhəsiz ki, biz bunun qarşısını alırıq, alacağıq. Amma eyni zamanda, hər bir gənc bilməlidir ki, əgər o, spirtli içkiyə qoşulmağa başlayırsa, spirtli içkidən istifadə etməkdə ifratçılığa yol verirsə, beləliklə, o, öz gəncliyini pozur. Bunun qarşısı alınmalıdır.

Mən bu sözləri deyərkən, ümumi fikri ifadə etmək istəyirəm ki, bizim gənclərimiz gərək mənəviyyatca, fiziki, şüuri cəhətdən tam sağlam olsunlar. Biz gərək bu gün və gələcək üçün sağlam cəmiyyət yaradaq. Bu da sizin vəzifəniz və borcunuzdur. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı bu vəzifələrin həyata keçirilməsində irəlidə getməlidir, avanqard olmalıdır, müsbət təcrübə göstərməlidir və öz təcrübəsini bütün başqa gənclər təşkilatlarına yaymalıdır. Mən bu tələbləri bizim Gənclər və İdman Nazirliyinin qarşısında bir neçə dəfə qoymuşam və bu gün yenə də qoyuram ki, bunlar əsas məsələlərdir, vəzifələrdir.

Azərbaycanın bugünkü gəncləri XXI əsrin qurucularıdır. Bizim apardığımız işlər, böyük layihələrimiz, neft müqavilələrimiz və həyata keçirdiyimiz iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatını qısa bir zamanda gücləndirəcək və insanların rifah halı günü-gündən yaxşılaşacaqdır. Buna əmin ola bilərsiniz. Ancaq lazımdır ki, bizim gənclər bu müasir iqtisadiyyat, həyat prosesində və bu dəyişən proseslərdə fəal iştirak edə bilsinlər.

Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır. Mən əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən də yaxşı təmin edəcəklər. Mən ona inanıram. Çünki bizim çox zəkalı, çox bacarıqlı, istedadlı gənclərimiz vardır. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnə biləcəklər və Azərbaycanın gələcəyini təmin edəcəklər.

Siz 1998-ci ildə Azərbaycanda prezident seçkiləri haqqında fikirlərinizi burada söylədiniz. Bununla əlaqədar mən də bir neçə kəlmə demək istəyirəm. 1998-ci ilin oktyabr ayında Azərbaycan prezidentinin 5 illik səlahiyyəti başa çatır. Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir və tam demokratik şəraitdə keçiriləcəkdir.

Müxalifətdə olan bəzi qüvvələr yenə də öz qəzetlərində cürbəcür şayiələr yayırlar. Bilirsiniz, onların daha sözləri yoxdur, istəyirlər ki, insanları cürbəcür uydurmalarla çaşdırsınlar. Nə bilim, guya ki, Heydər Əliyev prezident seçkiləri keçirməyəcək, prezident vaxtını uzadacaqdır. Kimsə deyir ki, guya Heydər Əliyevi ömürlük prezident edəcəklər. Mən bu adamlara bildirmək istəyirəm ki, işinizlə məşğul olun. Bu, sizin işiniz deyil və sizin xörəyiniz deyil.

1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alan, Azərbaycanın müstəqilliyini indiyədək qoruyub saxlayan, Azərbaycanda demokratiyanı daim tətbiq edən, Azərbaycanda iqtisadi islahatları həyata keçirən Azərbaycan prezidenti demokratiyadan bir metr də kənara çəkilə bilməz. Bunu hamı bilməlidir.

Mən bir daha bəyan edirəm - demokratiya bizim üçün söz deyil, əməli işdir. Biz əməli işimizlə demokratiya yaratmışıq və bu demokratiyanı yaradırıq. Ona görə də mən bəyan edirəm ki, prezident seçkiləri keçirilməsi haqqında qanun layihəsi bu yaxınlarda Milli Məclisə təqdim olunacaqdır və güman edirəm, Milli Məclis onu müzakirə edib qəbul edəcəkdir. 1998-ci ilin oktyabr ayında, yəni prezidentin səlahiyyətləri qurtaran zaman o günə prezident seçkiləri təyin olunacaqdır. Bəyan edirəm ki, Azərbaycanda prezident seçkiləri tam demokratik şəraitdə keçiriləcəkdir.

Kim prezident olmaq arzusundadırsa, o, irəliyə çıxsın, qanun çərçivəsində namizədliyini irəli sürsün və seçkilərdə iştirak etsin. Hamı üçün yol açıqdır. Ancaq onu da bilmək lazımdır ki, dövləti idarə etmək, prezident olmaq üçün sadəcə bir istək və arzudan savayı bilik də, təcrübə də, idarəçilik təcrübəsi də, siyasi təcrübə də, şəxsi hörmət də, xalqın ehtiramı və etimadı da lazımdır. Kim hesab edir ki, onlar bu keyfiyyətlərə cavab verir - irəliyə çıxsın, gəlsin.

Siz buradakı çıxışlarınızda bəyan etdiniz ki, mənim prezident görmək istəyirsiniz. Bilmirsiniz ki, 1993-cü ildə mən Naxçıvandan Bakıya gəlmək istəmirdim. Yalnız və yalnız Azərbaycanın hörmətli adamlarının, ziyalılarının və xalqın hədsiz istəyini hiss edəndən sonra Bakıya gəldim. Azərbaycanda çətin vəziyyəti normallaşdırmağa nail oldum. Mən prezidentlik səlahiyyətim dövründə də əlimdən gələni etmişəm.

Şübhəsiz ki, mən gördüyüm işi davam etdirmək, axıra çatdırmaq istəyirəm. Ancaq mən heç vaxt hakimiyyət uğrunda mübarizə aparmamışam. 1993-cü ildə də aparmamışam. 1992-ci ildə də aparmamışam, bu gün də hakimiyyət uğrunda mübarizə aparmıram. Əgər xalq, Azərbaycanın vətəndaşları səlahiyyətim qurtarandan sonra məni yenidən prezident görmək istəsələr və bunu hiss etsəm, mən buna etiraz etməyəcəyəm.

Sağ olun. İstəklərinizə, arzularınıza görə sizə təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, mən bütün həyatımı Azərbaycan xalqının səadətinə həsr etdiyim kimi, bundan sonra da həyatımı əsirgəməyəcəyəm.

Bizim sizinlə ən əsas vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və gələcək nəsillərə qüdrətli, müstəqil, inkişaf etmiş Azərbaycan tövsiyə etməkdir!

Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir. Mən sizin hamınızı bu yolda fəaliyyətə dəvət edirəm. Azərbaycanın xoşbəxt gələcəyi naminə, Azərbaycanın müstəqilliyinin əbədi olması naminə sizin hamınıza uğurlar arzulayıram.

Yaşasın Yeni Azərbaycan Partiyası və onun gənclər təşkilatı!

Yaşasın doğma Azərbaycan vətənimiz, bizim doğma Azərbaycan dili!

Yaşasın müstəqil Azərbaycan Respublikası, müstəqil Azərbaycan dövləti!

Sağ olun.

\"Azərbaycan\" qəzeti, 22 fevral 1999-cu il.