Əziz bacılar, qardaşlar, həmvətənlər, dostlar, qonaqlar!
Paytaxtımız Bakı şəhərinin vətəndaşları!
Mən sizi, bütün Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarını bu əziz bayram - Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, səadət, xoş ovqat, bahar, Novruz əhval-ruhiyyəsi arzulayıram.
Novruz bayramı bizim xalqımızın qədim milli bayramıdır. Novruz bayramı hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, bizim müstəqil Azərbaycan torpağının, Azərbaycan Respublikasının bayramıdır.
Novruz dostluq, mehribanlıq, mənəviyyat, mədəniyyət bayramıdır, xalqımızın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz bayramı bizim xalqımızı bir-biri ilə həmişə daha da sıx birləşdirib, insanlarımız arasında dostluq, mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir.
Novruz bayramı bu gün müstəqil Azərbaycanın həyatında gedən ictimai-siyasi, sosial-iqtisadi proseslər dövründə xalqımızı həmrəy edən, birləşdirən, yetkin edən bayramdır. Təsadüfi deyildir ki, bu bayramı bu günlər Azərbaycanın hər bir guşəsində - hər bir şəhərində, qəsəbəsində, kəndində qeyd edərkən insanlar həmrəylik, dostluq, birlik nümayiş etdirirlər. Biz bu bayram şənliklərini son günlər televiziya vasitəsilə izləyirik və görürük ki, Azərbaycanın hər bir guşəsində insanlar bu bayramı sevinclə, məhəbbətlə, xoş əhval-ruhiyyə ilə qeyd edirlər, çalırlar, oynayırlar, oxuyurlar, öz istedadlarını və eyni zamanda Azərbaycanın milli adət-ənənələrini nümayiş etdirirlər. Bu bayram günlərində xalqımızın böyük və zəngin tarixi bizim müasir həyatımızda bir daha nəzərdən keçirilir. Bayram şənliklərində nümayiş etdirilən verilişlər, çıxışlar, ayrı-ayrı kompozisiyalar, xalqımızın qədim zamanlardan indiyə qədər yaşamış, onu həmişə sevindirmiş, nikbin etmiş mədəniyyət nümunələri insanlarımızın necə böyük istedada malik olduğunu göstərir. Bunlara baxarkən, yad edərkən bizim xalqımızın, Azərbaycanın nə qədər zəngin mədəniyyəti, mənəviyyatı, adət-ənənələri olduğunu bir daha iftixar hissi ilə duyuruq və bu bizi sevindirir. Bütün bu adət-ənənələrimizdə bu gün hamımızı sevindirən yüksək mənəviyyat nümunələridir. Bizim xalqımız mənəvi dəyərləri özündə çox geniş əks etdirən, mənəvi dəyərlərə əsrlər boyu sadiq olan və onları yaşadan xalqdır.
Bizim bu mənəvi dəyərlərimiz safdır, pakdır. Onlar insanlarda həmişə saflıq, paklıq, xeyirxahlıq, yüksək ülvi xüsusiyyətlər tərbiyə edibdir. Ona görə də biz öz xalqımızın milli mənəvi dəyərləri ilə fəxr edə bilərik. Bu gün biz xoşbəxtik ki, ulu babalarımızdan, sevimli əcdadlarımızdan bizə yadigar olan bu mənəvi dəyərlər yenidən canlanır, gənc nəslə çatdırılır və gənc nəslimiz də adət-ənənələrimizi, bu mənəvi dəyərlərimizi bu gün də yaşadır və gələcək nəsillərə də çatdıracaqdır.
Biz bu bayram şənliklərini müşahidə edərkən, televiziya vasitəsilə seyr edərkən son illər ölkəmizin, xalqımızın, Azərbaycanın hər bir vətəndaşının həyatında baş vermiş müsbət hadisələri, dəyişiklikləri də görürük. Bizim son illərdəki həyatımız kəşməkəşlidir, mürəkkəbdir, çətindir. Bizim ürəyimizdə ağır yara vardır. Bu yara torpaqlarımızın parçalanması, onun bir qisminin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması yarasıdır. Bu yara igid Azərbaycan övladlarının şəhid olması yarasıdır. Bu yara yerindən-yurdundan zorla çıxarılmış, didərgin düşmüş, iğşal edilən torpaqlardan köçmüş, indi köçkün şəraitində yaşayan soydaşlarımızın vəziyyəti ilə əlaqədar olan yaradır.
Ancaq bizim xalqımız qəhrəman, mərd xalqdır. Biz bu yaranı sağaldacağıq. Bizim xalqımız heç vaxt inildəməyibdir, sızıldamayıbdır. Bizim xalqımız bütün çətinliklərə, əzab-əziyyətlərə dözübdür, heç vaxt əyilməyibdir, sınmayıbdır, bu gün də sınmır. Mən əminəm ki, biz apardığımız siyasət, gördüyümüz işlər nəticəsində bütün bu ağrılı yaraları da sağaldacağıq, bu çətinlikləri aradan götürəcəyik. İşğal edilmiş torpaqlarımız azad olunacaq, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız evinə, obasına qayıdacaqlar.
Bu gün, bu bayram günü mən torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş, həlak olmuş şəhidlərimizi böyük minnətdarlıq hissi ilə xatırlayıram. Onların şəhidliyi, qəhrəmanlığı bizim xalqımızın qəhrəmanlığını nümayiş etdirir. Şəhidi olan xalq qəhrəman xalqdır. Biz şəhidlərimizin qəm-qüssəsini çəkirik, ancaq onların şəhidliyə getməsi ilə fəxr edirik. Çünki onlar vətən, ana torpaq, millət, Azərbaycan yolunda həlak olublar. Allah onlara rəhmət etsin.
Onlar da, şəhidlərin ailələri də, bütün xalqımız da bilməlidir ki, şəhidlərin tökülmüş qanı yerdə qalmayacaqdır. Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik, torpaqlarımızı azad edəcəyik və müstəqil Azərbaycanı daha da gücləndirəcəyik, yüksəldəcəyik.
Bu bayram günlərində, şənliklərində bütün bu çətinliklərə, həyatımızın ağrılı - acılı, əzablı cəhətlərinə baxmayaraq, insanlar xoş əhval-ruhiyyədədirlər. Ona görə ki, insanlar indi rahat yaşayırlar. Ona görə ki, Azərbaycan vətəndaşlarının həyat tərzi, yaşayışı günü-gündən yaxşılaşır. Ona görə ki, Azərbaycanda daxili siyasi sabitlik yaranıbdır, insanların həyatı ötən illərdəki təhlükələrdən, quldur dəstələrin, ayrı-ayrı cinayətkar qrupların təhlükələrindən xilas olubdur. Cəmiyyətimizdə rahatlıq, nikbinlik əhval-ruhiyyəsi yaranıbdır. Bu şənliklərdə insanların sevinci, dostluğu, birliyi məhz bu amillərlə əlaqədardır.
Mən bu bayram günü Azərbaycanın bütün vətəndaşlarına öz hörmət-ehtiramımı, təbrik salamımı çatdıraraq, eyni zamanda Azərbaycan dövlətinin xarici və daxili siyasətini dəstəklədiklərinə, bizim həyata keçirdiyimiz tədbirləri bəyəndiklərinə və dəstəklədiklərinə görə onlara təşəkkür edirəm.
Mən sizi, bütün Azərbaycan vətəndaşlarını əmin edirəm ki, xarici və daxili siyasətimizdə əldə etdiyimiz nailiyyətlər əsasında biz 1998-ci ildə də irəliyə gedəcəyik, Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirəcəyik, Azərbaycanda siyasi-iqtisadi islahatları daha da əzmlə həyata keçirəcəyik.
Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu daha da sürətlə inkişaf edəcəkdir.
Azərbaycan vətəndaşlarının həyat tərzi, rifah halı daha da yaxşılaşacaqdır. İnsanlarda olan sərbəstlik, təşəbbüskarlıq imkanları daha da artacaqdır. Biz bunların hamısını təmin edəcəyik. Buna arxayın ola bilərsiniz.
Azərbaycanın ilk Demokratik Konstitusiyasından irəliyə gələn vəzifələri biz hamımız birlikdə yerinə yetirməliyik. Mən sizi əmin edirəm ki, biz dövlətin, hökumətin üzərinə düşən vəzifələri ardıcıl surətdə yerinə yetirəcəyik. Eyni zamanda bilirsiniz ki, Konstitusiya hər bir vətəndaşın üzərinə böyük vəzifələr, məsuliyyət qoyubdur. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın hər bir vətəndaşı öz doğma Konstitusiyasını günü-gündən mənimsəyəcəkdir, ona riayət edəcəkdir və Konstitusiyanın hər bir vətəndaş qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Bu gün Azərbaycanın bu gözəl guşəsinə gələn Bakı sakinləri, vətəndaşlırımız buraya öz arzuları, istəklərilə toplaşıblar. Siz buraya gəlmisiniz ki, dostluğu, mehribanlığı, qardaşlığı nümayiş etdirəsiniz. Siz buraya gəlmisiniz ki, xalqın dövlətlə həmrəyliyini nümayiş etdirəsiniz. Siz buraya gəlmisiniz ki, xalqın birliyini nümayiş etdirəsiniz. Bunlar hamısı bu gün və gələcək üçün çox vacib və lazımlı amillərdir. Mən bunlara görə çox məmnun olduğumu bildirirəm.
Bu bayram günləri Azərbaycan xalqının nümayiş etdirdiyi xoş əhval-ruhiyyə, ruh yüksəkliyi, nikbinlik Azərbaycanın xaricdə və təəssüf ki, daxildə olan düşmənlərinə bir daha çox tutarlı cavabdır. Bütün bu şənliklər, bayram görüşləri onların gözünü çıxardır və gözünü də çıxardacaqdır. Bu təbiidir. Azərbaycan gənc müstəqil dövlətdir. Azərbaycan müstəqil demokratik dövlət, ölkə kimi günü-gündən irəliyə gedir, inkişaf edir. Bizə paxıllıq, düşmənçilik edənlər vardır. Bizim bu nailiyyətlərimizi əlimizdən almaq, xalqımızı yenə də əsarət altına almaq istəyənlər vardır. İçimizdə bu gözəl əhval-ruhiyyəni, ictimai-siyasi sabitliyi pozub öz mənfur, çirkin şəxsi məqsədlərinə nail olmaq istəyənlər vardır. Ancaq onlar bilsinlər ki, artıq Azərbaycanda hüquqi demokratik dövlət vardır və bu dövlət Azərbaycan xalqının, hər bir vətəndaşın mənafeyini, hüquqlarını, müstəqil Azərbaycanın müstəqilliyini qorumağa qadirdir. Siz bu günlər bunu öz həmrəyliyiniz, bayram əhval-ruhiyyənizlə nümayiş etdirirsiniz.
Əziz həmvətənlər, mən sizin hamınıza cansağlığı, səadət, yeni-yeni uğurlar arzu edirəm. Əmin ola bilərsiniz ki, müstəqil Azərbaycan Respublikası günü-gündən inkişaf edəcək, çiçəklənəcək və Azərbaycan xalqını çiçəklənən gələcək gözləyir.
Bayramınız mübarək olsun! Sağ olun.