Hörmətli ağsaqqallar, ağbirçəklər!
Dünyanın bütün mütərəqqi və sivilizasiyalı dövlətləri oktyabrın 1-ni \"Ahıllar günü\" kimi qeyd edirlər.
Respublikamızda vəziyyətin ağır olmasına baxmayaraq, demokratiya yolunda ilk addımlar atan dövlət kimi, biz də böyük qayğıya ehtiyacı olan ahıllarımıza diqqətlə yanaşırıq.
Bu həm də xalqımızın yüz illər boyu formalaşdırdığı adət və ənənələrdən irəli gəlir. Ağsaqqal və ağbirçəyə hörmət bizim mənəvi-əxlaqi keyfiyyətimizdir. Babalarımızın tarixin süzgəcindən keçən belə bir müdrik kəlamı var: \"Qibləsiz yerdə otur, böyüksüz yerdə oturma\".
Yaşadığımız çətin dövrdə hamımızın ağsaqqal-ağbirçək məsləhətinə və nəsihətinə ehtiyacımız var. Onlar öz nüfuzlarından ümummilli məqsədlərimiz üçün istifadə etməli, gənc nəslə əsl həqiqətləri deməkdən çəkinməməlidirlər. Nəsillər arasında sağlam varislik prinsipinin formalaşması və ona əməl olunması respublikamızda əmin-amanlığın, siyasi sabitliyin möhkəmlənməsini təmin edən vacib amillərdəndir.
İstəkli ağbirçəklər və ağsaqqallar, ömrünüzün kamillik vaxtında hamınıza xoş duyğularımı bildirir, öz səmimi arzularımı çatdırıram.
Sizi əmin edirəm ki, müstəqil və demokratik Azərbaycan dövləti öz qayğısını sizdən əsirgəməyəcəkdir.
\"Azərbaycan\" qəzeti, 2 oktyabr 1993-cü il.