Volfqanq Hoffman: Cənab Prezident, xoş gördük, Sizi səmimi-qəlbdən salamlayıram. Sizin ərazi hesab edilən BMT-nin Vyanadakı nümayəndəliyinə gəlməyinizdən böyük şərəf duyduqlarımızı bildiririk.
İndi Azərbaycan dilində sözlər eşidəndə bu, ürəyimə çox yaxın olan bir dili mənə xatırlatdı. Çünki mən uzun illər Almaniyanın Ankaradakı səfirliyində çalışmışam.
Heydər Əliyev: Xoş sözlərə minnətdarlığımı bildirirəm. Nüvə silahlarının hərtərəfli qadağan edilməsi üzrə bu təşkilat böyük əhəmiyyət daşıyır. Xatırladım ki, nüvə silahından 1945-ci ildə Yaponiyaya qarşı istifadə olunması çox böyük faciələr verdi. Kütləvi qırğın silahından istifadənin qarşısının alınması bəşəriyyətin əsas məqsədi olmalıdır. Üç il bundan əvvəl yaradılmış bu komissiyanın fəaliyyətini yüksək dəyərləndirirəm. Xatırladım ki, nüvə silahının yayılmaması haqqında beynəlxalq müqaviləyə Azərbaycan imza atmışdır. Bu sənəd respublikamızın Milli Məclisində təsdiq edilmişdir. Onu da bildirim ki, Azərbaycan nüvə silahının yaradılmasının və sınaqdan keçirilməsinin əleyhinədir. Rusiyada və bir sıra digər ölkələrdə nüvə silahları, Azərbaycanla münaqişədə olan Ermənistanda Atom Elektrik Stansiyası vardır. Bütün bunların bölgəmiz üçün təhlükə yaratdığını vurğulamaq istəyirəm.
* * *
Təşkilatın fəxri qonaqlar kitabına yazdığı ürək sözləri:
\"BMT-nin nüvə silahlarının hərtərəfli qadağan edilməsi üzrə təşkilatı ilə görüşümüz çox maraqlı və faydalı oldu. Azərbaycan bu məsələyə aid olan beynəlxalq müqaviləni imzalayıb və parlamentdə təsdiq edibdir. Bizə verilən məlumatlar çox maraqlıdır. Azərbaycan gələcəkdə öz mövqeyini davam etdirəcəkdir. Təşkilatın çox vacib fəaliyyətinə uğurlar arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
5 iyul 2000-ci il\"