Naxçıvandakı "N" hərbi hissəsində keçirilən görüşdə Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin nitqi - 17 iyun 2002-ci il

Əziz əsgərlər, zabitlər, generallar, Azərbaycan Ordusunun qəhrəman övladları!

Mən sizi səmimi qəlbdən salamlayıram. Sizə ən xoş arzularımı bildirirəm. Sizə, Azərbaycan əsgərinə, müstəqil Azərbaycanın ordusuna olan daimi sevgimi, məhəbbətimi bəyan edirəm. Sizinlə burada, qısa bir zamanda yaranmış hərbi şəhərcikdə, Azərbaycanın gözəl guşələrindən biri olan Naxçıvanda, boz, eyni zamanda əzəmətli qayaların, dağların ortasında yerləşən, indi üstündə durduğumuz müqəddəs torpaqda görüşərkən sizə bir daha - bir daha qəlbimdə olan ən yüksək hisslərimi bildirirəm.

Azərbaycan Ordusu dövlət müstəqilliyimizin ən dəyərli töhfələrindən biridir. Biz keçən il Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümünü qeyd etdik. İndi artıq 11-ci ili yaşayırıq. Bu illərdə Azərbaycan böyük tarixi yol keçib, böyük sınaqlardan çıxıbdır. Ancaq öz dövlət müstəqilliyini, azadlığını, suverenliyini göz bəbəyi kimi qoruyub saxlayıbdır. Bu bizim bütün millətimizin, Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biridir. Bu illərdə Azərbaycanda öz milli dövlətimizi - hüquqi, demokratik, dünyəvi dövlət yaratdıq. Dövlətimizin bütün təsisatlarını yaratdıq. Dövlətimizin fəaliyyət göstərməsi, ölkəmizin idarə edilməsi üçün lazım olan qanunlar, qərarlar qəbul etdik, fərmanlar verdik. İndi Azərbaycanın müstəqil dövlət olaraq, dünyanın bütün qabaqcıl dövlətləri kimi özünün dövləti idarə etmək üçün lazım olan mexanizmi var, qanunları var.

Biz hüquqi dövlət yaratmışıq. Bu o deməkdir ki, dövlətimiz hüquq əsasında idarə olunur. Biz demokratik dövlət yaratmışıq. Bu o deməkdir ki, Azərbaycanın hər yerində demokratik prinsiplər bərqərar olubdur. Bu o deməkdir ki, insanlar tam sərbəstdir, azaddır. İnsanlara bütün azadlıqlar verilibdir. Söz azadlığı, vicdan azadlığı, fikir azadlığı hamısı təmin olunubdur.

Azərbaycan dünyəvi dövlətdir. Demək, tarixi, milli dəyərləri ilə bərabər, mənəvi dəyərləri ilə bərabər, Azərbaycan ümumbəşəri dəyərlərdən də bəhrələnir və onlarla zənginləşərək ölkəmizi dünyanın inkişaf etmiş dövlətlərinin səviyyəsinə qaldırmaq yolu ilə gedir.

Azərbaycan dövlətinin ən böyük dayağı, onun sütunu Azərbaycanın Silahlı Qüvvələridir. Azərbaycanın Silahlı Qüvvələrinə daxil olan bütün hərbi strukturlardır. Bunların içərisində birinci yerdə Azərbaycan Ordusudur. Azərbaycanın dövlət müstəqilliyinin ən dəyərli nəticələrindən biri Azərbaycanın milli ordusunun yaranması, təşkil olunması və onun müasir tələblərə uyğun hazırlanmasıdır. Hər bir dövlət öz dövlətçiliyini qüdrətli etmək istəyirsə, onun güclü ordusu olmalıdır. Biz bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, tarixi nöqteyi-nəzərdən çox qısa bir zamanda Azərbaycanda güclü milli ordu yaranıbdır. Bu ordunun bir hissəsi də burada, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda yerləşir. Naxçıvandakı hərbi hissələrin biri də sizsiniz və bu gün biz sizinlə görüşürük.

Bilirəm ki, burada qısa müddətdə hərbi şəhərcik yaratmaq, böyük bir hərbi hissənin Azərbaycanın sərhədlərinin keşiyində durmasını təmin etmək asan məsələ deyildir. Bu, çətin, ağır işdir. Ancaq biz bunun öhdəsindən gəlmişik. Azərbaycanın Müdafiə Nazirliyi və Azərbaycan Ordusunun Naxçıvanda yerləşən hərbi hissəsi, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi - hamısı birlikdə burada bu gözəl hərbi şəhərciyi yaradıblar.

Mən buraya gələrkən sizin sərəncamınızda olan hərbi texnikanın, silah-sursatın cüzi bir hissəsi ilə tanış oldum. Bu, məni sevindirdi. Sevindirən odur ki, hərbi hissənin lazım olan qədər hərbi texnikası, silah-sursatı var. Bir də ona görə sevindim ki, bu texnikadan, bu silah-sursatdan istifadə etmək və onların vasitəsilə düşmənə zərbələr vurmaq bacarığına malik olan zabitlərimiz, mütəxəssislərimiz, əsgərlərimiz var.

Ordu xidməti çox böyük fədakarlıq tələb edir, cəfakeşlik tələb edir. Ölkəmizin hər bir gənci, Azərbaycan xalqına, millətinə mənsub olan hər bir gənc öz şərəfli borcunu mütləq yerinə yetirməlidir, orduda xidmət etməlidir. Orduda xidmət edib, sonra tərxis olan gənc bizim cəmiyyətdə də, həyatımızın bütün sahələrində də ən dəyərli insan hesab olunur. Mən bəzən ayrı-ayrı vəzifələrə təqdim olunan namizədlərin işinə baxarkən, onların əvvəl harada təhsil aldıqlarını, işlədiyini öyrənərkən birinci növbədə fikir verirəm ki, hərbi xidmətini keçib, yoxsa yox.

Bunu siz də bilin, bütün gənclərimiz də bilsinlər. Hərbi xidmətini keçən, öz vətəndaşlıq borcunu yerinə yetirən gənc bizim dövlətdə, mənim başçılıq etdiyim dövlətdə ən hörmətlidir. Kadr nöqteyi-nəzərindən mənə 2-3 nəfər təqdim edəndə, mən hansına daha çox meyl göstərirəm - baxıram kim hərbi xidmətini keçmiş, vətəndaşlıq borcunu yerinə yetirmişdir. Bu, mənim üçün o birilərindən dəyəridir. Bu, mənim şəxsi xüsusiyyətimdir. Mən bunu sizə deyirəm. Amma bu, təkcə şəxsi xüsusiyyət deyil, bu, dövlətçilikdən irəliyə gələn bir xüsusiyyətdir.

Gənclər burada hərbi xidmət keçirlər. Burada günəş də var - çox hərarətli günəş - dağlar da var, bəzən günəşin şüaları onlardan geriyə qayıdıb daha da çox isti verir. Amma bu dağların başında qar da var, görürsünüz, o da buranı sərinləşdirir. Burada gözəl bir iqlim var. Bu gözəl yerdə xidmət etmək, təbiidir ki, heç bir insan üçün böyük çətinlik yarada bilməz.

Mən bu gün burada sizinlə görüşümdən istifadə edərək bu fikirləri təkcə sizin üçün yox, bütün Azərbaycan gəncləri üçün deyirəm. Azərbaycan əsgərləri üçün deyirəm, Azərbaycan Ordusu üçün deyirəm. Mən tanış oldum, burada qısa müddətdə gözəl yeməkxana hazırlanıb, kazarmalar hazırlanıb, tibb məntəqəsi var. Demək, burada hərbi xidməti yerinə yetirmək üçün bütün şərait təmin olunubdur. Bir də deyirəm, bu şəhərciyi qısa müddətdə yaratdıqlarına görə, mən hamıya, xüsusən Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə və Ali Məclisin sədri Vasif Talıbova minnətdarlığımı bildirirəm.

İki il müddətində yaradılmış bu şəhərciyin nümunəsində indi təsəvvür etmək olar ki, Azərbaycan Ordusu qısa bir zamanda nə qədər inkişaf edib və hansı vəziyyətdədir. Azərbaycanda dövlətinə, millətinə, xalqına mənfi münasibət göstərən insanlar, yaxud bəzi qruplar var, hətta müxtəlif siyasi təşkilatlar da var, onlar iqtidarı tənqid edirlər. Tənqid etmək bizi narahat etmir. Çünki mən də tənqid edirəm. Hesab edirəm ki, bizi də tənqid etməlidirlər. Çünki hər şeyi nə biz tamam yerinə yetirə bilirik, nə də başqaları. Əgər sağlam tənqid olsa, bu, bizə, bir-birimizə köməkdir. Ancaq bəziləri tənqid etmir, sadəcə, yalanlar, şayiələr, uydurmalar, bəzən böhtanlar yayırlar. Ayrı-ayrı adama böhtan atmaq olar. Baxmayaraq ki, bu da mənəviyyatsızlıqdır. Şər də demək olar, yalan da demək olar, bunlar hamısı mənəviyyatsızlıqdır. Amma sən bu ölkədə yaşayırsan, bu dövlətin yaratdığı ictimai-siyasi sabitlik şəraitində rahat yaşayasan, nəinki yaşayasan, həyat tərzin də çox yüksək olsun, ancaq xəbərin olmadan durub deyəsən ki, Azərbaycan Ordusu zəifdir, orduda bu yoxdur, o yoxdur, bizə güclü Azərbaycan Ordusu lazımdır. Mən o adamlardan bu gün bir də soruşuram. Onların Azərbaycan Ordusundan, onun bugünkü vəziyyətindən heç olmasa, bir faiz də olsun, xəbərləri varmı? Yoxdur və xəbər də bilmək istəmirlər, öyrənmək istəmirlər. Çünki onda onlar üçün bu yalanları demək, bəlkə də, bir az çətin olar. Bəlkə də onda, əgər onların vicdanları varsa, o vicdan onları bu yalandan bir balaca kənara çəkər. Yox, onlar bilmək istəmirlər və bizim orduya böhtan atırlar. Yenə də deyirəm, kiməsə böhtan atmaq olar, amma müstəqil Azərbaycan dövlətinin müdafiə qüdrətini təmin edən, onun əsas sütunlarından biri olan orduya böhtan atmaq cinayətdir. Onlara cavab olaraq, mən bu gün deyirəm - Azərbaycanın müasir tələblərə uyğun güclü, qüdrətli ordusu var.

Ancaq bu da son hədd deyildir. Biz ordumuzu daha da gücləndirməliyik. Onu müasir silahlarla daha çox silahlandırmalıyıq. Ordumuzun zabit korpusu öz peşəkarlığını daha da artırmalıdır. Başqa işlər də görməlidir. Mən bu vəzifələri daim Azərbaycanın Müdafiə Nazirliyi qarşısında qoyuram, müdafiə naziri general-polkovnik Səfər Əbiyevin qarşısında qoyuram və ondan tələb edirəm. Bu gün də tələb edirəm ki, mənim qoyduğum bu vəzifələr ardıcıl surətdə yerinə yetirilsin. Ancaq bu gün mən bizim ordumuzu, onun səviyyəsini, onun döyüş qabiliyyətini yüksək qiymətləndirirəm və Azərbaycanın Müdafiə Nazirliyi rəhbərliyinin, şəxsən general-polkovnik Səfər Əbiyevin fəaliyyətini bəyənirəm.

Mənim dediyim bu sözlər Azərbaycan Ordusunun bütün hissələrinə aiddir, o cümlədən Naxçıvan Muxtar Respublikasında yerləşən böyük hərbi hissəyə və onun komandiri general Mustafayevə aiddir. Mən bu gün bu bəyanatları verərkən ordumuzu müdafiə edirəm, generallarımızı müdafiə edirəm, zabitlərimizi müdafiə edirəm. Amma eyni zamanda düşünürəm ki, onlar mənim bu sözlərimdən daha da çox ruhlanacaqlar, daha da inamla işləyəcəklər, işlərində olan qüsurları aradan qaldıracaqlar və daim mənim verdiyim, prezidentin, Ali Baş Komandanın verdiyi bu qiymətlərə layiq olacaqlar.

Mən qeyd etdim, hər bir dövlətin öz dövlətçiliyini təmin etmək üçün güclü ordusu olmalıdır. Bu, xüsusən bizim üçün lazımdır. Çünki bilirsiniz ki, Ermənistan silahlı qüvvələri vaxtilə Azərbaycanın torpaqlarının 20 faizini işğal ediblər və işğal etdikləri torpaqlardan bir milyondan artıq soydaşımız didərgin düşüb çadırlarda yaşayır.

Biz 1994-cü ilin may ayında atəşi dayandırdıq və məsələnin sülh yolu ilə həll olunması prosesinə qoşulduq. Biz o vaxtdan bu prosesdə fəal iştirak edirik. Yəni bu, birinci növbədə, bizim üçün lazımdır və bütün beynəlxalq təşkilatların, dünyanın böyük dövlətlərinin imkanlarından istifadə etməyə çalışırıq. ATƏT-in Minsk qrupu - Rusiyanın, Amerika Birləşmiş Ştatlarının, Fransanın başçılıq etdiyi Minsk qrupu ilə də sıx əməkdaşlıq edirik və bundan sonra da edəcəyik. Ümidvaram ki, biz Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edəcəyik. İşğal olunmuş torpaqlar azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz elinə-obasına qayıdacaqlar. Ancaq bu sülh danışıqlarını apararkən, biz daim öz hərbi potensialımızı, müdafiə potensialımızı gücləndirməliyik, ordumuzu gücləndirməliyik. Bizim ordumuz nə qədər güclü olsa, apardığımız danışıqlarda bir o qədər də uğurlar əldə edə bilərik. Mən inanıram ki, bizim ordumuz indiyə qədər gücləndiyi kimi, bundan sonra da günbəgün güclənəcəkdir.

Amma orduda hər bir əsgər, hər bir zabit, hər bir general bilməlidir ki, o, özünü hərbi peşəyə həsr edir. Hərbi peşə isə vətəni, torpağı qorumaqdır. Vətəni, torpağı qorumaq üçün isə gərək gücün olsun və əgər kimsə sənin torpağına, vətəninə qəsd edirsə, ona layiqli cavab verə, layiqli zərbələr endirə biləsən. Mən inanıram ki, Azərbaycan Ordusu güclənərək elə bir səviyyəyə çatacaqdır k, lazım olan anda o, Azərbaycana qəsd edən hər bir düşmənə zərbə vuracaq və zəfər qazanacaqdır. Siz hamınız, lazım olarsa, Ali Baş Komandanın belə bir əmrinə hazır olmalısınız və bu əmri şərəflə yerinə yetirməlisiniz.

Naxçıvanda yerləşən hərbi hissələrin vəzifələri başqalarından fərqlidir. Əgər Qarabağ bölgəsində Azərbaycan Ordusu atəşkəs elan olunandan sonra Ermənistan ordusu ilə üz-üzə durub torpaqlarımızı qoruyursa, erməni ordusu Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşirsə, burada, Naxçıvanda Azərbaycanın Ermənistanla 260 kilometr məsafədə sərhədi var. Bu sərhədi siz qoruyursunuz. Azərbaycan Ordusunun buradakı hissələri qoruyur.

Azərbaycanda sərhəd dəstəsi xüsusi vəzifə daşıyır. Qonşu, dost İran və Türkiyə ilə sərhədləri qoruyur, onlar da qorunmalıdır. Təbiidir ki, bunlar ikisi də bizə dost ölkədir. Biz onlarla əməkdaşlıq edirik. Ancaq beynəlxalq terrorizm narkotiklərin daşınması, silah alveri, qaçaqmalçılıq və bu kimi başqa hallar həm İran, Türkiyəni narahat edir, həm də bizi narahat edir. Ona görə də bizim Naxçıvan sərhəd dəstəsi bu işlərlə ciddi məşğul olmalıdır.

İndi beynəlxalq terrorizm bütün dünya, bəşəriyyət üçün ən təhlükəli faktordur. Keçən il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında baş vermiş dəhşətli terror hadisəsi bizim hamımızı hiddətləndiribdir. Azərbaycan dövləti beynəlxalq terrorizmlə mübarizə işində Amerika Birləşmiş Ştatları ilə bir alyansda, bir koalisiyada olduğunu dərhal bəyan etdi. Biz o vaxtdan üzərimizə düşən vəzifələri yerinə yetiririk. Əfqanıstanda olan proseslərin qarşısını almaq məqsədilə NATO qüvvələrinin o bölgəyə getməsi və başqa işlərdə biz öz xidmətlərimizi göstəririk və bundan sonra da göstərəcəyik.

Amma beynəlxalq terrorizmlə mübarizə qurtarmayıbdır. Mübarizə davam edir və Ermənistan ərazisində vaxtilə müxtəlif terrorist qruplar mövcud olubdur. Bəzi məlumatlara görə, onlar işğal olunmuş torpaqlarda da öz fəaliyyətlərini davam etdirirlər, hər halda, narkotik maddələr daşımaq və cürbəcür belə qanunsuz işlər görməklə məşğuldurlar. Bu barədə məlumatlar var. Ona görə burada Azərbaycan Silahlı Qüvvələrinin bir hissəsi 260 kilometr uzunluğunda sərhədi qorumalıdır və sərhədin hansı nöqtəsində olursa-olsun bizim torpağımıza qəsd edənlərə hər an lazımi cavab verilməlidir.

İndi Minsk qrupu vasitəsilə Ermənistan ilə Azərbaycan arasında sülh əldə olunması üçün danışıqlar gedir. Prezidentlərin nümayəndələri bir ay bundan öncə Praqada görüşmüşlər. Ola bilər, yaxın vaxtlarda Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri də olsun. Bunlar hamısı məsələnin sülh yolu ilə həll olunması üçündür. Bu gün bir daha bəyan edirəm: Azərbaycanın Prezidenti kimi mən məsələnin sülh yolu ilə həll olunması üçün bundan sonra da bütün imkanlardan istifadə edəcəyəm. Mənim məqsədim sülh yaratmaq və Azərbaycanı bu vəziyyətdən çıxarmaqdan ibarətdir. Buna görə də Azərbaycan Ordusu günbəgün güclənməlidir, qüdrətlənməlidir.

Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən hərbi hissələr öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. Burada məni sevindirən odur ki, hərbi hissənin komandanlığı ilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyi arasında çox işgüzar əlaqələr yaranıbdır. Mənə dedilər ki, buradakı kazarmalar və bəzi başqa binalar yalnız Naxçıvan Muxtar Respublikasının daxili imkanları hesabına, yəni onun xərcləri ilə tikilibdir. Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasında olan bu işgüzar əlaqələr hakimiyyət orqanları tərəfindən, dövlət orqanları tərəfindən orduya göstərilən qayğı bir nümunə kimi başqa bölgələrdə də istifadə edilməlidir.

Əldə etdiyiniz nailiyyətlərə görə sizi bir daha təbrik edirəm. Yeni yaranmış bu şəhərciyə uğurlar arzulayıram. Güman edirəm ki, bir müddətdən sonra mən Naxçıvana yenidən gələrkən buranı daha da geniş görəcəyəm. Bunlar hamısı burada xidmət edən əsgərlər üçündür, döyüşçülərimiz üçündür, bizim övladlarımız üçündür. Bizim övladlarımız orduda xidməti şərəfli vəzifə kimi yerinə yetirməlidirlər. Ancaq bu vəzifəni yerinə yetirmək üçün biz hamımız birlikdə onlara müasir ordu səviyyəsində şərait yaratmalıyıq. Allaha şükürlər olsun ki, burada bu şərait yaranıbdır.

Sizi bir daha təbrik edirəm. Sizinlə görüşümdən çox şadam. Azərbaycan əsgərinə, Azərbaycan Ordusuna yeni-yeni uğurlar arzulayıram. Sağ olun.