Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 27 noyabr 1996-cı il

Hörmətli xanımlar və cənablar!

Bildiyiniz kimi dünən mən Azərbaycan Respublikasının baş naziri vəzifəsinə Artur Rasizadəni təyin etmişəm. Artur Rasizadə sizə tanış adamdır. O, may ayından Nazirlər Kabinetində işləyir, iyuldan baş nazirin birinci müavini kimi baş nazir səlahiyyətlərini həyata keçirir. Dünən mən onu baş nazir təyin etmişəm.

Rasizadənin həyat yolu sizə məlumdur. O, daim Azərbaycan Respublikasında işləyir. Burada doğulub, təhsil alıb, bütün əmək fəaliyyətini Azərbaycanda keçiribdir. Elmi işdə, sənaye sahəsində işləyibdir. Vaxtilə Dövlət Plan Komitəsində sədrin birinci müavini olubdur. Sonra Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində sənaye şöbəsinin müdiri olubdur. 6 ildən çox Azərbaycan Nazirlər Soveti sədrinin müavini vəzifəsində işləyibdir. 1992-ci ildə bu vəzifədən azad olunubdur və 1996-cı ildə yenidən, artıq sizə məlum olan vəzifələrə təyin edilibdir.

Rasizadəni mən 1970-ci illərdən bir yerdə işlədiyimiz zamandan işgüzar, öz işini, sənətini bilən bir adam kimi tanıyıram. O, xüsusən sənaye, maşınqayırma sənayesində - həm maşınqayırmanın elmi, layihə məsələləri ilə, həm də istehsalla məşğul olubdur. Eyni zamanda respublikada yüksək vəzifələrdə işləyibdir. O, xüsusən 6 ildən yuxarı Azərbaycan Nazirlər Soveti sədrinin müavini vəzifəsində işləyərək, şübhəsiz ki, respublika iqtisadiyyatının işini yaxşı mənimsəyibdir, bilir. Hesab edirəm ki, bütün bu keyfiyyətlərinə görə o, bu vəzifəni, yəni müstəqil Azərbaycan Respublikasında indiki mərhələdə baş nazir vəzifəsini daşıya bilər. Bunları nəzərə alaraq mən Artur Rasizadəni bu vəzifəyə təyin etmişəm.

Şübhəsiz ki, son vaxtlar, iyulun 18-də baş nazir həmin vəzifədən azad olunandan sonra, Rasizadə baş nazirin birinci müavini kimi, baş nazirin səlahiyyətlərini icra etmək funksiyasını mən onun üzərinə qoyandan sonra da müəyyən müşahidələr aparmışam və belə qərara gəlmişəm ki, indiki zamanda bu vəzifəni o, apara bilər. Yenə də təkrar edirəm ki, ona görə də mən onu həmin vəzifəyə təyin etmişəm.

Güman edirəm ki, Rasizadə bu yüksək etimadı doğrultmağa çalışacaqdır və çox arzu edirəm ki, bu etimadı doğrultsun. O, həm öz şəxsiyyəti naminə, həm respublikamızın bügünkü gələcək işləri naminə, həm də ki, Azərbaycan prezidentinin bu qədər böyük etimadına layiq olmaq naminə çalışmalıdır və bu etimadı doğrultmalıdır. Mən əminəm ki, o, bu etimadı doğruldacaqdır.

Doğrudur, son illər bizim acı təcrübəmiz də vardır. Bu iki il müddətində bu salonda mən artıq üçüncü dəfədir ki, baş nazir vəzifəsinə təyin olunan şəxsləri təqdim edirəm. Vaxtilə, 1993-cü ildə mən Surət Hüseynovu bu vəzifəyə təyin etdim və burada sizə təqdim etdim. Sonra, 1995-ci ildə bu vəzifəyə Fuad Quliyevi təyin etdim. İndi bu, üçüncü dəfədir. Çox təəssüf edirəm ki, keçən təyinatlar mənim arzu etdiyim, istədiyim ümidləri və respublika ictimaiyyətinin, xalqının ümidlərini doğrultmadı.

Ola bilər ki, bu, bizim də günahımızdır, ancaq ən çox o şəxslərin özlərinin günahıdır. Mən bilirdim ki, Surət Hüseynov bu vəzifəyə layiq deyil. Lakin bu, yaranmış şəraitə görə idi. Eyni zamanda, bu gün yenə də açıq-aydın demək istəyirəm ki, mən çalışıram hər bir şəxsdə müsbət tərəfi, meylləri daha çox görüm. Mən müsbət arzulara fikir verirəm və o arzularla Surət Hüseynovu təyin etdim. Çox çalışdım ki, o, bu vəzifəyə müəyyən qədər layiq olmağını sübut etsin. Təəssüf ki, görünür, belə insanları tərbiyə etmək, yaxud dəyişdirmək mümkün deyil. Onlar bəzi vəhşi insanlarda olan xarakterə malikdirlər: nə qədər tərbiyə etməyə çalışırsansa, yenə də öz təbiətindən əl çəkə bilmirlər. Bu da onunla qurtardı ki, xalqımıza, ölkəmizə, dövlətimizə xəyanət etdi. Xəyanət etdiyinə görə də vəzifədən azad olundu. Düzdür, qaçdı, ancaq gördüyü işlərə görə o, xalqın lənətindən qurtara bilməyəcəkdir.

Fuad Quliyevi baş nazir təyin edərkən, şübhəsiz ki, mən bu təyinatı çox böyük ümidlərlə etdim. Çünki Fuad Quliyev vaxtilə, uzun müddət Bakı kondisionerlər zavodunda işləmişdir. Bu zavodun tikilməsi də, işləməsi də bilavasitə mənim rəhbərliyim altında olmuşdur. Fuad Quliyevi o zavodda mühəndis, baş mühəndis kimi tanıyırdım. Fuad Quliyev həmin zavodun direktorluğuna da mənim tərəfimdən təyin olunmuşdur. Ona görə də, keçmiş işlərindən tanıdığıma görə mən ona çox ümidlər bəslədim. Ancaq təəssüflər olsun ki, yəqin bir tərəfdən bu vəzifənin, etimadın nə qədər əhəmiyyətli olduğunu dərk edə bilmədi, ikinci tərəfdən də, görünür, şəxsi keyfiyyətləri buna imkan vermədi. Bəlkə bir zavodun direktoru vəzifəsini o, müvəffəqiyyətlə apara bilirdi, amma böyük həcmdə olan bu işin öhdəsindən gələ bilmədi. Bir ona görə yox ki, onun bacarığı yox idi, işi bilmirdi, - işi bilirdi. Amma, bilirsiniz, gərək işə can yandırasan, həyatını sərf edəsən. Tənbəllik, yaxud işlərin çoxuna biganəlik, öz şəxsi məsələləri ilə məşğul olub onlara üstünlük vermək insanların aqibətini həmişə bu cür tamamlayır, gətirib belə şəraitə çıxarır.

Bir də təəssüf ki, Fuad Quliyev bəzi mənfi təsirlər altına düşdü və bunların hamısı da gətirib ona çıxardı ki, həyatında ən böyük bir anı itirdi. Şübhəsiz ki, göstərilən etimadı doğrulda bilmədiyinə görə Fuad Quliyevi mən bu vəzifədən azad etdim.

Bu tarixi mən ona görə xatırlayıram ki, sözdə təəssürat olsun ki, bu proseslərin hamısını unutmamışam, bilirəm. Ancaq bütün bu proseslərdən, ola bilər, buraxılan səhvlərdən nəticə çıxararaq, hesab edirəm ki, bundan sonra gərək səhv olmasın. Ona görə də mən ümid edirəm ki, Artur Rasizadə baş nazir kimi onun tabeliyində olan şəxslərlə, nazirlərlə, komitə sədrləri ilə, iqtisadiyyat sahəsindəki idarələrlə birlikdə Nazirlər Kabinetinin işinin canlandırılmasına çalışacaq və ona göstərilən etimadı doğruldacaqdır. Mən buna inanıram və bu inamla da dünən bu fərmanı imzalamışam. Mən Rasizadəni təbrik edirəm və ona bu işlərində uğurlar arzulayıram.

Nazirlər Kabinetinin qarşısında duran vəzifələr haqqında biz Nazirlər Kabinetinin bu il iyulun 18-19-da keçirilən iclasında çox ətraflı danışmışıq. İndi bu barədə geniş söhbət açmaq fikrim yoxdur. Hesab edirəm ki, Nazirlər Kabinetinin iki gün keçən həmin iclasında mənim tərəfimdən irəli sürülən vəzifələr, verilən göstərişlər öz qüvvəsindədir və siz onları birlikdə həyata keçirməyə çalışmalısınız. Qeyd etmək istəyirəm ki, bu sahədə ötən müddətdə müəyyən işlər görülübdür. Baxmayaraq ki, baş nazir olmayıbdır, Nazirlər Kabinetinin rəhbərliyində say bir qədər azalıbdır, amma müəyyən işlər görülübdür. Lakin bu vəzifələr hələ ki, həyata keçirilməyibdir. Buna görə də mən Nazirlər Kabinetindən tamamilə və xüsusən Nazirlər Kabinetinin rəhbərliyindən, baş nazirdən, onun müavinlərindən, Nazirlər Kabinetinin üzvlərindən bu gün bir daha tələb edirəm ki, işdə ciddi dönüş yaradılmalıdır. 18-19 iyul iclasında verilən göstərişlərin, irəli sürülən vəzifələrin həyata keçirilməsi ilə daha da ciddi məşğul olmaq lazımdır.

Hər halda, bu son üç ilin təcrübəsi onu göstərir ki, Nazirlər Kabinetinin işi yaxşı qurulsa, biz iqtisadiyyatda çox şeylər əldə edə bilərik. Əgər biz bütün obyektiv səbəblərlə yanaşı, iqtisadiyyatda bir çox məsələləri həll edə, vəzifələri yerinə yetirə bilməmişiksə və bəzi nöqsanları, gerilikləri aradan qaldıra bilməmişiksə bunun əsas səbəblərindən biri də Nazirlər Kabinetinin işində olan zəiflik, buraxılan qüsurlar və xüsusən Nazirlər Kabinetinin rəhbərliyinin işi indiyədək lazımi səviyyədə təşkil edə bilməməsidir. Ona görə də siz indi çalışmalısınız ki, Nazirlər Kabinetinin işi yaxşı təşkil edilsin, ahəngdar, operativ olsun. Nazirlər Kabinetinin işinin nəticəsi birinci növbədə onun operativliyindən asılı olacaqdır.

Mənim bu üç illik müşahidəmə görə, təəssüflər olsun ki, bütün başqa nöqsanlarla, qüsurlarla yanaşı, Nazirlər Kabinetinin işini geriyə salan və ümumiyyətlə, iqtisadiyyatımızda çox böyük çətinliklər yaradan cəhətlərdən biri Nazirlər Kabinetinin işində olan qeyri-operativlik, səhlənkarlıq, süründürməçilik, məsələlərin həllinin uzadılması, onların həllində qətiyyətsizlik, ümumiyyətlə, məsələləri həll etmək əvəzinə onları həll etməmək meyllərinin daha üstün olmasıdır.

Bu, dəfələrlə müşahidə olunub. Nazirlər Kabinetinin işi haqqında danışarkən Nazirlər Kabinetinin, xüsusən onun rəhbərliyinin, baş nazirin işində olan bu nöqsanları mən dəfələrlə qeyd etmişəm. Təəssüf ki, Nazirlər Kabineti, xüsusən onun rəhbərliyi bunları aradan qaldıra bilməyibdir. Ona görə də birinci növbədə Nazirlər Kabinetinin işinin təşkilində gərək ciddi dəyişikliklər əmələ gəlsin. Mən bu barədə Artur Rasizadə ilə ətraflı danışmışam, ona bir daha öz tövsiyyələrimi, göstərişlərimi vermişəm.

Bilirsiniz, son vaxtlara qədər mənə məlumat gəlirdi ki, nazir baş nazirlə iki aya, üç aya qədər telefon əlaqəsi yarada bilmir. Yaxud da ki, Nazirlər Kabinetinin aparatındakı ayrı-ayrı məmurlar məsələlərin həllində, verilən təkliflərə baxılmasında, sənədlərin keçməsində maneçiliklər, cürbəcür bürokratik əngəllər yaradırlar. Bunlar artıq bütün Azərbaycanda hamıya məlumdur. Bunlarla yanaşı, Nazirlər Kabineti aparatının işi haqqında da xoşa gəlməyən çox söhbətlər gedir. Burada bəziləri təmənnasız məsələ həll etmirlər, bəzi məsələləri həll etmək üçün kiməsə rüşvət vermək, kiməsə nəsə etmək lazımdır. Bu cür çirkin şeylər haqqında məlumatlar nəinki bizə, həm də ictimaiyyətə gəlib çatanda, əlbəttə ki, Nazirlər Kabinetinin rəhbərliyinin, aparatının nə hörməti ola bilər, nə də ki, burada iş lazımi səviyyədə gedə bilər.

Mən bu nöqsanların üzərində geniş dayanmaq istəmirəm. Bilirsiniz, bunların haqqında danışmaq özü də insanda ikrah, həyəcan hissi, narahatlıq doğurur. Ancaq biz reallığı unutmamalıyıq. Bu, həqiqətdir. Həqiqəti heç vaxt gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz. Ona görə də vəzifə ondan ibarətdir ki, belə halları aradan qaldırmaq, Nazirlər Kabinetinin işində düzlük, təmizlik, dürüstlük, paklıq yaratmaq lazımdır.

Mən göstəriş vermişəm, hesab edirəm ki, Nazirlər Kabinetinin strukturu yaxın vaxtlarda təkmilləşdirilməlidir və bu cür işlərlə məşğul olan adamlar buradan kənarlaşdırılmalıdır. Nazirlər Kabinetinin aparatında sağlam, işi bilən, işə can yandıran və saf insanlar olmalıdır. Belə insanlar olmalıdır. Əgər belə olmasa, bugünkü mərhələdə iqtisadiyyatla bağlı böyük-böyük problemləri həll edə bilmərik.

Ancaq bu, təkcə Nazirlər Kabinetinin aparatına aid deyildir. Təəssüflər olsun ki, dövlət strukturlarının hamısına - nazirliklərin, komitələrin aparatlarına, dövlət orqanlarının, ayrı-ayrı digər orqanların aparatına və bir çox hallarda onların rəhbərlərinə aiddir. Ona görə də belə hallar aradan qaldırılmalıdır.

Təəssüflər olsun ki, rüşvətxorluq halları, korrupsiya əgər aşağı pillələrdə varsa və onlarla mübarizə etməliyiksə, yuxarı mərtəbələrdə bunların qarşısı alınmasa, bunlarla mübarizə kəskinləşməsə, belə şəxslər, insanlar öz cəzalarını almasalar, vəzifələrindən kənar olunmasalar biz ümumiyyətlə, cəmiyyətimizdə belə halların, bu bəlanın qarşısını ala bilmərik. Ona görə də mən bu barədə lap sözümün əvvəlində deyirəm, biləsiniz ki, bu məsələ bir prezident kimi məni narahat edir. Nazirlər Kabinetinin bu sahədə mövqeyi çox açıq-aydın və kəskin olmalıdır. Mən çox arzu edirəm ki, biz bundan sonra Nazirlər Kabinetinin, ümumiyyətlə dövlət orqanlarımızın işi haqqında danışarkən artıq bu mövzuya toxunmayaq.

Mən eyni zamanda qeyd edirəm ki, son vaxtlar ümumiyyətlə iqtisadiyyatımızda, nazirliklərin, komitələrin, maliyyə, iqtisadiyyat orqanlarının işində müəyyən müsbət meyllər hiss olunur. Bu da ondan irəli gəlir ki, ardıcıl surətdə həyata keçirdiyimiz tədbirlər, iqtisadiyyat sahəsində apardığımız siyasət xırda-xırda öz nəticəsini verir.

Şübhəsiz ki, iqtisadiyyatımızın vəziyyəti, yəni respublikanın sosial-iqtisadi vəziyyəti bu gün də gərgin olaraq qalır. Biz bu gün də böhran dövründəyik. Mən bunu bir daha qeyd edirəm. Biz keçid dövrünü yaşayırıq, keçid dövrü ilə əlaqədar bu çətinliklərdən keçib gedirik. Ancaq bununla yanaşı, yenə də deyirəm, həyata keçirilən tədbirlər, atılan addımlar və iqtisadiyyat sahəsində siyasətimiz özünün kiçik də olsa nəticələrini verir.

Bu, ondan ibarətdir ki, məsələn, keçən 10 ayın yekunlarına görə ümumi daxili məhsulun az da olsa artımını görürük. Doğrudur, bu, kiçik bir şeydir. Ancaq məhsul azalmayıbdır, az da olsa artıbdır. Məsələn, əgər keçmiş vaxtlarda sənaye istehsalı 20-25 faiz aşağı düşürdüsə, indi onun aşağı düşmə sürəti azalıb. Verilən məlumatlara əsasən sənaye istehsalı 10 ayın yekunlarına görə 8 faiz aşağı düşübdür. Əlbəttə, aşağı düşməni müsbət hal kimi qeyd etmək olmaz. Ancaq hər şey müqayisə ilə ölçülür. Təəssüf ki, müqayisəyə görə bu, belədir. Vaxt var idi, yadımdadır, 1970-ci illərdə, 1980-ci illərin birinci yarısında da respublikada iqtisadiyyatın artım sürəti 6, 7, 8, 9, 10 faiz olurdu. Əgər bir ayda, rübdə biz əvvəlkinə nisbətən 1 faiz geri qalmış olsaydıq bu, fövqəladə bir vəziyyət, faciə olurdu. Respublikamızda sənaye istehsalı hər il orta hesabla 7-8 faiz, kənd təsərrüfatı istehsalı da təxminən o qədər artırdı, milli gəlir də artırdı. Bunların hamısı tarixdən, statistikadan məlumdur.

İndi bir biz deyilik, keçmiş Sovetlər İttifaqına mənsub olan ölkələrin hamısında istehsal da, milli gəlir də, sənaye məhsulları da aşağı düşür. Ancaq indi aşağı düşmə sürətləri bu işin nə səviyyədə olduğunu müəyyən qədər göstərir. Ona görə də əgər əvvəlki vaxtlarda aşağı düşmə sürəti 20-25 faiz olurdusa, indi bu 10 ay müddətində 8 faizdir və bu, müəyyən qədər müsbət meyldir. Əlbəttə, bununla, necə deyərlər, fəxr etmək, toxluq hiss etmək olmaz. Ancaq bunu müsbət bir meyl kimi qeyd etmək olar. Yaxud da vergi müfəttişliyi, gömrük komitəsi üzrə vergilərin toplanması 10 ay müddətində 98 faiz olubdur. Amma başqa vergi mənbələrini də götürsək bu, ümumən 90 faiz olubdur. Şübhəsiz ki, bu da keçən ilə nisbətən xeyli irəlidədir. Ancaq mən bununla da razı deyiləm. Hesab edirəm ki, xüsusən vergi müfəttişliyi, gömrük komitəsi üzrə yığılan vergilər əsas vergilərdir. İlin yekunlarına görə vergilər üzrə plan 190 faizə çıxmalıdır.

Bu gün-sabah biz gələn ilin dövlət büdcəsinə baxacağıq. Büdcə təqdim olunub və mən bu gün elan edirəm ki, biz gələn il vergilərin yığılması üzrə planı, hesab edirəm, xeyli artırmalıyıq. Ancaq hər halda planın bu il bu səviyyədə yerinə yetməsi də müəyyən qədər müsbət hal kimi qeyd oluna bilər.

Respublikamızda inflyasiya demək olar ki, yox dərəcəsindədir: 10 ay müddətində onun 4 faiz olması yox dərəcəsi deməkdir. Manatın dəyəri sabitdir, dollara nisbətən normaldır, sabitdir. Hesab edirəm ki, bu da maliyyə sistemində, ümumiyyətlə, iqtisadiyyatımızda son dövrdə olan - yəni ilin əvvəlindən belədir, keçən ilin axırından da biz belə bir şəraitdə yaşayırıq - müsbət haldır. Bir neçə başqa göstəricini də misal gətirmək olar. Bunlar hamısı bizim həyata keçirdiyimiz iqtisadi siyasətin, yənu iqtisadi islahatların yerinə yetirilməsinin iqtisadiyyatda, idxal və ixracda liberallaşdırmanın həyata keçirilməsinin nəticəsidir.

Yenə də deyirəm, bu nailiyyətləri, yəni bu müsbət meylləri mən müəyyən qədər qiymətləndirərək, heç kəsi arxayın salmaq istəmirəm. Ancaq bəzi populist çıxışlar edənlər, proqnozlar verənlər - \"Azərbaycan dağıldı, fəlakətli vəziyyətdir, bu gün fəlakət gözlənilir, sabah xalq qalxacaq\" deyənlər, o arzularla yaşayanlar, həm müxalifətdə olanlar, həm də təəssüf ki, içimizdə də bəzi belələri var idi, bəlkə bu gün də var - onlar gördülər ki, boş danışıqlarla, populist sözlərlə iqtisadiyyatı irəli aparmaq olmaz. İqtisadiyyatı idarə etmək və bu ağır dövrdə təşkil etmək, yenidən qurmaq, iqtisadi islahatlar aparmaq üçün lazımi tədbirləri ağılla, təmkinlə, ardıcıllıqla həyata keçirmək lazımdır. Hay-küylə, populist çıxışlarla, bəyanatlarla heç vaxt heç kəs bir şey edə bilməz. Biz doğru yoldayıq. Bu, bizim yolumuzdur. Bu, Azərbaycan prezidentinin strategiyasıdır, iqtisadi siyasətidir. Biz bu yolla gedirik.

İndi bizim yolumuz iqtisadi islahatları ardıcıl surətdə həyata keçirməkdir, özəlləşdirməni sürətləndirmək və həyata keçirməkdir. Bilirsiniz, ilin əvvəlində bəziləri qışqırırdılar: özəlləşdirmə aparılmasa biz batacağıq. Şübhəsiz ki, özəlləşdirmə iqtisadi islahatların böyük bir hissəsidir. Ancaq bəzi adamlar belə hesab edirlər ki, biz elə özəlləşdirmə aparmaqla bütün iqtisadiyyat sahəsində hər şeyi əldə edəcəyik. Bu, yanlış bir fikirdir. Bu, bəzi adamlara özlərinə siyasi kapital toplamaq üçün, bəzi adamlara isə bu özəlləşdirmədən şəxsi məqsədlərindən ötrü istifadə etmək üçün lazım idi. Belələri deyirdilər ki, nə olur-olsun, Azərbaycanın əmlakı dağılsa da, batsa da heç bir şeyə baxmadan gəlin bu gün bu özəlləşdirməni keçirək. Onlar bu məqsədi daşıyırdılar. Belə adamlar bu gün də var və belə məqsəd daşıyırlar.

Özəlləşdirmə ağılla, kamalla, təmkinlə, ancaq gecikmədən, sürətlə həyata keçirilməlidir. Biz \"Torpaq islahatı haqqında\" qanun qəbul etmişik. Bu qanun bütün dünyada əks-səda veribdir. Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin çoxunda müsbət qiymətləndirilibdir, ictimaiyyətimiz tərəfindən yaxşı qəbul olunubdur. Onu ardıcıl surətdə həyata keçirmək lazımdır və həyata da keçiririk, keçirəcəyik. Sizin də borcunuz ondan ibarətdir ki, bu əməli işləri görəsiniz. Qanun qəbul etmək, strategiyanı təyin etmək, istiqamətləri müəyyənləşdirmək bizim işimizdir. Ancaq bunları əməli surətdə həyata keçirmək sizin işinizdir, Nazirlər Kabinetinin, nazirlərin, komitələrin, yerli icra hakimiyyəti orqanlarının işidir. Bunların hamısını ardıcıl surətdə həyata keçirmək lazımdır.

Beləliklə, hesab edirəm ki, biz bu ili keçən ilə nisbətən müəyyən qədər müsbət, fərqli nəticələrlə başa çatdıra biləcəyik. Ancaq 1997-ci ildə qarşımızda çox böyük vəzifələr durur. Bu günlərdə biz 1997-ci ilin büdcəsinə baxıb, Milli Məclisə təqdim edəcəyik. Milli Məclis qəbul edəndən sonra onun həyata keçirilməsi ilə məşğul olmaq lazımdır. Yenə də deyirəm, 1997-ci ildə qarşımızda çox böyük vəzifələr durur və bu vəzifələrin həyata keçirilməsində Nazirlər Kabineti və iqtisadiyyatla məşğul olan bütün orqanlarımız ciddi iş görməlidirlər.

Şübhəsiz ki, bütün bu tədbirlərin son məqsədi əhalinin sosial vəziyyətini, yaşayış tərzini yaxşılaşdırmaqdan, insanları bu ağır vəziyyətdən çıxarmaqdan ibarətdir. Hesab edirəm ki, son vaxtlar bu sahədə atdığımız addımlar bu problemin müəyyən qədər həll olunmasına kömək edibdir.

Bildiyiniz kimi, bu ilin əvvəlindən indiyədək biz büdcədən maliyyələşdirilən sahələrdə kontingentin məvacibini bir dəfə 20 faiz, sonra isə 40 faiz artırmışıq. Demək, büdcədən maliyyələşdirilən idarələrdə maaş 60 faiz artırılıbdır. Mən bu gün sizə bildirmək istəyirəm ki, biz hazırlaşırıq, büdcəyə baxırıq və gələn ildən maaşların yenə də artırılmasına çalışacağıq. Bu, bizim planlarımızda var. Bunu nəzərdə tutmuşuq və biz bunu mütləq edəcəyik.

Siz Moskva televiziyasına baxırsınız, görürsünüz ki, maaşların 3 ay, 4 ay, 5 ay verilməməsi, pulun oradan götürülüb buraya, buradan götürülüb, oraya göndərilməsi haqqında hər gün danışırlar. Mən demək istəmirəm ki, bizdə hər şey yaxşıdır. Mən daim maraqlanıram, - bizdə maaşlarla, pensiyalarla əlaqədar borc bir aylıqdır. Yaxşı olardı ki, hər ayınkı vaxtında verilsin və buna da çalışmaq lazımdır. Biz başqa ölkələrin televiziyasını görmürük, təkcə Rusiya televiziyasına baxırıq. Başqalarını görsək bəlkə oradakı vəziyyəti də bilərdik. Hər halda Rusiya televiziyasından aldığımız məlumata baxanda, şübhəsiz ki, bizim bu sahədə də işlərimizi müsbət qiymətləndirmək lazımdır.

Ümumiyyətlə insanların yaşayışı az da olsa, yaxşı istiqamətdə gedir. Mən ümidvaram ki, özəlləşdirmə, iqtisadi islahatların, torpaq islahatının həyata keçirilməsi, xüsusən, kənd təsərrüfatı məhsullarının artırılmasına gətirib çıxaracaqdır və biz 1997-ci ildə bunların müsbət nəticələrini görəcəyik. Ancaq bu o demək deyildir ki, bunlar hamısı asanlıqla əldə olunacaqdır. Yox, qarşıda hələ görüləsi işlər olduqca çoxdur. Gərgin iş görülməlidir və bu sahədə Nazirlər Kabinetinin üzərinə çox böyük vəzifələr düşür.

Sizin diqqətinizi bir məsələyə cəlb etmək istəyirəm. Sənaye, nəqliyyat və digər müəssisələrimizin bir çoxu da zəif işləyir, yaxud gücünün az bir hissəsindən istifadə edir. Gələn siqnallar onu göstərir ki, orada onlar dağıntılara yol verirlər. Bilirsiniz ki, respublikamızın sənaye potensialı böyük olduğuna görə müəssisələrin özündə çoxlu metal avadanlıq, dəzgahlar və sairə vardır. Yəni dövlət əmlakı böyükdür. Borcumuz, vəzifəmiz və sizin vəzifəniz bu dövlət əmlakını qoruyub saxlamaqdan ibarətdir. Özəlləşdirmə vaxtı o dövlət əmlakının dağılmasına qətiyyən yol vermək olmaz. Ancaq belə siqnallar var və belə hallarla da rastlaşırıq.

Mən Nazirlər Kabinetinə və baş nazirə qəti göstəriş verirəm ki, bu məsələni xüsusi araşdırsınlar və bunların qarşısının alınması üçün tədbirlər görsünlər. Çünki bizə siqnallar gəlir ki, sənaye, nəqliyyat və başqa müəssisələrdə yararlı olan dəzgahlar, avadanlıq və başqa şeylər sökülür, dağıdılır. Bunları cürbəcür yollarla respublikadan çıxarırlar, xarici ölkələrə satırlar, ayrı-ayrı adamlar bundan şəxsi mənfəət götürürlər, amma dövlət əmlakı dağılır. Biz dövlət əmlakını əsasən özəlləşdirəcəyik. Amma özəlləşdirmə dövlətimizə mənfəət gətirməlidir. Şübhəsiz ki, özəl sektorda da mənfəət verməlidir. Bu dövrdə, bu zaman dövlət əmlakını dağıtmaq, quru-quru yerləri gətirib özəlləşdirməyə vermək qətiyyən yaramaz bir haldır.

Ona görə də mən bütün inzibati orqanlara, Gömrük Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına bu tapşırığı verirəm. Nazirlər Kabineti bu işlə ciddi məşğul olmalıdır. Çünki belə siqnallar bizi çox narahat edir.

Aydındır ki, respublikamızın böyük iqtisadi, sənaye, aqrar potensialı var. Elə aqrar sektordakı heyvandarlıq komplekslərini, cürbəcür kənd təsərrüfatı müəssisələrini götürək. Onların bəziləri indi lazım deyil. Amma bu o demək deyildir ki, indi onları söküb, dağıdıb, kəsib harasa atmaq lazımdır. Bu yaxınlarda mənə məlumat gəlmişdir ki, Füzuli, İsmayıllı rayonlarında şərab zavodlarının çənlərini, avadanlığını kəsirlər, götürürlər, yığırlar, aparıb xaricdə satırlar. Mən göstəriş vermişəm ki, bunları yoxlasınlar. Bu adamlar cəzalanacaqlar, özü də ən şiddətli cəza alacaqlar, siz onu bilməlisiniz. Ancaq bu işlə təkcə prezident məşğul olmamalıdır. Axı bu iynə deyil, əgər şərab zavodlarının çənlərini kəsib doğrayırlarsa, bu, insanların gözü qabağında olur. Verilən məlumatdan belə görünür ki, orada həm dövlət orqanları, həm də inzibati orqanlar iştirak edirlər. Mənə yazılan o məktubdan görünür ki, hətta hərbi hissədən olan adamlar da iştirak edirlər. Demək, yığışırlar, ümumi, şəxsi mənafelərini bir yerə qoyurlar, dövlətin əmlakını dağıdırlar. Beləliklə, iqtisadiyyatımıza nə qədər zərbələr vururlar.

Bilirsiniz, burada bəzi adamlar özlərinə şirkətlər, firmalar yaradırlar. Firmanın məqsədi nədir? Guya onların məqsədi Azərbaycanda metal qırıntısı yığıb satmaqdır. Bu şirkətlərin də bəziləri bizim rəhbər vəzifəli şəxslərin himayəsi altındadır. Metal qırıntısı həmişə yığılıb, yığılmalıdır. Ancaq bu metal qırıntısı yığılıb dövlətə verilməlidir. Əgər gedib küçəyə, harayasa atılmış metalı yığırsa, bu başqa məsələ. Ancaq gedib dövlətin zavodunu, fabrikini, digər istehsal, sənaye, nəqliyyat müəssisəsini söküb-dağıdırsa, bu, biabırçılıqdır, cinayətdir. Bunun qarşısı alınmalıdır.

Nazirlər Kabineti bax, bu işlərlə ciddi məşğul olmalıdır. Tək bu işlə deyil, Nazirlər Kabinetinin qarşısında çox vəzifələr durur. Yenə də deyirəm, bu gün mənim məqsədim bu barədə geniş danışmaqdan ibarət deyil. Biz bu barədə artıq danışmışıq və təkrar etməyin əhəmiyyəti yoxdur. Mən sadəcə bir neçə məqamı yada salıram ki, Nazirlər Kabinetinin məsuliyyətini bir daha xatırladım, Nazirlər Kabineti, onun rəhbərliyi - baş nazir, onun müavinləri, Nazirlər Kabinetinin aparatı üzərlərinə düşən məsuliyyəti daha da ciddi dərk etsinlər.

Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, qəbul olunan bu qərar və xüsusən iyulun 18-19-da keçirilmiş iclasdan çıxarılan nəticələr Nazirlər Kabinetinin işinin köklü surətdə yaxşılaşmasına, dəyişdirilməsinə kömək edəcəkdir və onu təmin edəcəkdir. Əminəm ki, Nazirlər Kabineti baş nazir Artur Rasizadənin rəhbərliyi altında işini bundan sonra da ciddi surətdə yaxşılaşdıracaqdır. Sizin hamınıza işinizdə müvəffəqiyyətlər arzulayıram. Sağ olun.